ARAŞDIRMA: Daşdan pul çıxaran saxtakarlar

ARAŞDIRMA: Daşdan pul çıxaran saxtakarlar

18 May 2012 13:12
Bəyəndim (0) Bəyənmədim (0)
Dövriyyədə olan ABŞ dollarlarının təxminən 20 faizi saxtadır

Unutmayın, pul bizi qazanmır, biz pulu qazanırıq!

ƏN QİYMƏTLİ ÇİRK - PUL

Deyirlər, pul əl çirkidir. Nə qədər qəribə səslənsə də, bu çirkin özündən də pul qazananlar olur. Başqa sözlə desək, boğaza qədər çirkaba batan saxtakarlar bütün dövrlərdə fəaliyyət göstəriblər. Heç təsadüfi deyil ki, bu yaxınlarda gördüyüm 100 ABŞ dolları əsginasının saxtası məni olduqca təəccübləndirmişdi. Belə ki, əsginasın üzərində əsas qoruyucu nişanlar var idi. Hətta işıqda görünən nazik xəttin üzərində də USA kəlmələri yazılmışdı. Bundan əlavə, əsginasın üzərindəki yazılar barmaqla hiss olunur, hərflərin yaşıl və qara rəngləri bir-birini əvəz edirdi. Təsəvvür edin ki, saxta əsginasın kağızı da həqiqidən heç nə ilə fərqlənmirdi, əzərkən onun kimi səs verirdi. Doğrusu, bu pulun saxta olduğuna ilk əvvəl şübhə etdim. Lakin bank işçisi tanışım olduğundan mənə bəzi şeyləri anlada bildi. Sən demə, həmin əsginas İraqda istehsal olunmuşdur. Onun dediyinə görə, saxta dollarlar əsasən bu ölkədə, Əfqanıstanda, Pakistanda və Çeçenistanda qeyri-qanuni yollarla istehsal edilir. Həmin pulların arasında ən yüksək keyfiyyətlisi də məhz İraqda çap olunmuşlardır. Təsəvvür edin ki, bu əsginasları həqiqidən ayırmaq üçün ən son texnologiyalı bank cihazlarından istifadə etmək lazım gəlir. Deməli, adi bir valyutadəyişmə məntəqəsində saxta əsginasların dövriyyəsi istisna edilmir. Odur ki, bu günə olan statistikaya görə, dövriyyədə dolaşan dollarların təxminən 20 faizi saxtadır. Ortaya haqlı bir sual çıxır. Sadə vətəndaş aldanmamaq üçün nə etməlidir?

Əvvəla, pulu işığa tutub, orada əks olunmuş portretin köynəyinə nəzər yetirməlidir. Çünki köynəyin üzərində, yəni pulun içində nazik saplar olur. Müasir dövrə kimi hələ heç bir saxtakar həmin sapı pulun içərisində yerləşdirə bilməyib. Bundan əlavə, alıcı puldakı rənglərin aydın olmasına fikir verməlidir. Belə ki, pulun saxta olmasını ört-basdır etməyə çalışan işbazlar onun rəngini az vururlar. Üçüncüsü, dollarlar əsasən böyük banklardan alınmalıdır. Ən azı ona görə ki, orada saxtaları üzə çıxaran müasir cihazlar vardır. Doğrudur, 10 və 20 dolları "istehsal" etmək iqtisadi cəhətdən səmərəsiz olduğu üçün həmin əsginasların saxtaları demək olar ki, yoxdur. Başqa sözlə desək, bir əsginas işbaza 6 dollara başa gəldiyindən əsasən 50 və 100 dollarlıq pullar "istehsal" olunur. Buna baxmayaraq, yenə də diqqəti əldən vermək olmaz. Çünki pul icad olunduğu dövrdən indiyədək saxtakarlar dayanmadan fəaliyyət göstərirlər. Gəlin bunun tarixçəsinə nəzər salaq.

DEŞİK QƏPİKLƏR

İlk əvvəl onu qeyd edək ki, saxta pulların çapı əsasən müharibə, inqilab, aclıq, keçid dövrü və bu kimi qeyri-normal şəraitlərdə daha da böyük sürət götürür. Belə ki, dövlətin cəmiyyət üzərindəki nəzarəti zəifləmiş olur. Hələ çar Rusiyası dövründə bu problem geniş vüsət almışdı. XIX əsrin sonları və XX əsrin əvvəllərinin mətbuatına nəzər salsaq, görərik ki, o zamanlar cinayətlər əsasən pulların qeyri-qanuni istehsalı ilə bağlı olurdu. 1913-1914-cü ildə istər yerli, istərsə də mərkəzi mətbuat saxta gümüş pulların kütləvi dövriyyəsi barədə açıq-aydın yazırdı. O vaxtkı qanuna görə, gümüş pullar hətta deşik olduğu halda belə həqiqi sayılırdı. Məhz qanundakı bu boşluq işbazların diqqətini dərhal özünə cəlb etdi. Pullar müxtəlif ölçülərdə deşilməyə başladılar. Onların içərisindən götürülmüş gümüş hissəciklər isə zərgərlərə satılırdı. Qısa zamanda iş o yerə çatdı ki, Maliyyə Nazirliyi bu pulları dövriyyədən çıxarmaq məcburiyyətində qaldı. Lakin problem həll olunmaq əvəzinə daha da böyüdü. Belə ki, işbazlar əhalidən gümüş pulları ucuz qiymətə toplayıb, deşikləri qurğuşunla "yamamağa" başladılar. Nəticədə, yeni saxta pullar dövriyyəyə buraxıldı. Yalnız bundan sonra köhnə deşik qəpiklər yenidən qanuni sayıldılar. Hökumətin sonuncu addımı işbazlar üçün gözlənilməz olsa da, onlar dərhal yeni bir fırıldağa əl atdılar. Cəmiyyətdə belə bir söz-söhbət yaydılar ki, guya deşik qəpiklər tezliklə dövriyyədən çıxarılacaqlar. Doğrudur, "Peterburq vərəqəsi" adlı qəzetin iyun saylarının birində Maliyyə nazirinin rəsmi mövqeyi nəşr edilmişdi. Orada açıq aydın bildirilirdi, indiyədək işləyən qəpiklərin hamısı xarici vəziyyətindən asılı olmadan dəyərli sayılacaqlar. Bununla belə, hər dövrdə olduğu kimi o vaxtlar da əhali hökumətə inanmırdı. Məhz ona görə də hər kəs əlində olduğu qəpikləri satmağa çalışırdı. Buna səbəb həm də o idi ki, bəzi qubernatorlar öz ərazilərində deşik qəpikləri dəyərsiz elan etmişdilər.

YONULMUŞ QIZIL PULLAR

Bildiyiniz kimi, Çar Rusiyasında 5 və 10 rubl dəyərində olan qızıl manatlar dövr edilirdi. 10 rublun tərkibində qızılın miqdarı 7,742 qram təmiz qızıl təşkil edirdi. Daha doğrusu, etməli idi. Çünki işbazlar həmin manatları yonur, çəkisini azaldırdılar. Əldə etdikləri yüksək əyarlı qızıl tozlarını isə zərgərlərə satırdılar. Vəziyyət o yerə çatmışdı ki, saxtakarlar pulları ortadan kəsib, bir qədər yonduqdan sonra yenidən yapışdırırdılar. Bunu isə adi gözlə görmək mümkün deyildi. Artıq XIX əsrin sonlarında dövriyyədə olan 10 rublların böyük qismi öz çəkisindən az qala 2 dəfə az idi.

SAXTA MANATLAR

Müasir dövrdə də işbazlar yeni-yeni saxtakarlıqlara əl atırlar. Bildiyiniz kimi, 20, 50 və 100 manatlıq əsginasların bir neçə saxta növü mövcuddur. Onlar əsasən 3 qrupa bölünürlər. Birincisi, rəngli printerlərdə çap olunmuş əsginaslar. Onları kağızın aşağı keyfiyyətindən və qalınlıq dərəcəsindən müəyyən etmək olar. İkinci növ saxtalar yapışdırılmış əsginaslardır. Bu pulların birinci hissəsi köhnəlmiş həqiqi puldan, digəri isə skoçla yapışdırılmış saxta kağızdan ibarət olur. Onları müəyyən etmək olduqca çətindir. Çünki işığa tutduqda, birinci hissədəki şəklin kölgəsi açıq-aydın görünür. Digər tərəfdən, köhnə pulun və saxta kağızın qalınlığı və keyfiyyəti eyni olur. Onların saxta olduğunu bilmək üçün yalnız rənglərin uyğunluğuna fikir vermək lazımdır. Belə ki, işbazlar həqiqi və saxta hissələrin rənglərini tam uyğunlaşdıra bilmirlər. Üçüncü növ yalançı pullar ən primitiv saxtalardır. Onlar da skoçla yapışdırılmış olurlar. Lakin həmin saxtaların hər iki tərəfində olan nömrələr bir-birinə uyğun gəlmir. Bunu müəyyən etmək üçünsə bir qədər diqqətli olmaq kifayətdir.

1000 MANATA - 5000 MANAT

Bütün dövrlərin işbazları təkcə saxta əsginaslar çap etməklə məşğul olmamışlar. Onların arasında mürəkkəb maliyyə əməliyyatları təşkil etməklə varlananlar da tapılmışdır. Bu yerdə köhnə 1000 manatlıqla (indiki 20 qəpik) bağlı hadisəni xatırlatmaq istərdim. Yadınızdadırsa, 2000-ci illərin əvvəllərində üzərində M.Ə.Rəsulzadənin şəkli əks olunan 1000 manatlıq (ekvivalenti 20 qəpik) əsginası 5000 manata (ekvivalenti 1 manat) alırdılar. Hətta bir çox valyutadəyişmə məntəqələri də yığım işində xüsusi canfəşanlıq göstərmişdi. "Piramida" adlı bu mexanizminin mahiyyəti isə sox sadə idi. Gəncə şəhərinə gəlmiş bir nəfər Türkiyə vətəndaşı üzərində M.Ə.Rəsulzadənin şəkli əks olunan əsginasları 1500-2000 manata (ekvivalenti 30-40 qəpik) toplamağa başladı. Sözsüz ki, bu əməliyyatı onun yerli havadarları həyata keçirirdilər. Qısa zamanda qiymətlər sürətlə yüksəlməyə başladı. Çünki tələb təklifi kəskin surətdə üstələyirdi. Hətta paytaxtda da bu işə qoşulanlar tapılmışdılar. Nəticədə, 700-800 min dollar həcmində əsginaslar bir yerə yığıldı. Əməliyyatın birinci hissəsi uğurlu başa çatmışdı. Artıq qiymətlər 4000-5000 manata (indiki 80 qəpik -1 manat) qədər yüksəlmişdi. Məhz bu anda işbaz əlində olan əsginasları yenidən satışa buraxdı və bu əməliyyatdan təxminən 500 min dollar "mənfəət" götürdü. Maliyyə fırıldağında cinayət tərkibi olmadığı üçün heç kim məsuliyyətə cəlb olunmadı. Ən azı ona görə ki, bu əsginaslar kimdənsə məcburi surətdə alınmamış, kiməsə məcburən satılmamışdı. Sadəcə, bir nəfər işbaz minlərlə adamı aldada bilmişdi. Üzərində M.Ə.Rəsulzadənin şəkli əks olunan əsginaslarla bağlı maliyyə fırıldaqları bununla bitmir. Yadınızdadırsa, həmin pullar AZN qüvvəyə minənə qədər rəsmən dövriyyədən çıxarılmışdı. Maliyyə planına görə, onlar banklara daxil olduqca məhv edilməli və yeniləri ilə (neft buruqları ilə) əvəz olunmalı idilər. Hər bir əsginasın bir il ərzində mütləq banka düşdüyünü nəzərə alsaq, prosesin cəmi bir ilə başa çatacağını düşünə bilərdik. Halbuki, proses süni surətdə bir neçə il uzadıldı. Deməli, bəzi səlahiyyətli məmurlar köhnə pulları məhv etməli olduqları halda yenidən dövriyyəyə buraxırdılar. Bununla da ölkə iqtisadiyyatına ziyan vurur, yalnız öz ciblərini doldurmaqla məşğul olurdular.

REPLİKA

2007-ci ilin əvvəlindən köhnə pullar tamlıqla yeni AZN-lə əvəz olundu. Təbii ki, köhnə AZM-lər banka daxil olduqca məhv edilməli idilər. Ancaq köhnə pulların uzun müddət azalmadığını, əksinə, təzə pullardan çoxluq təşkil etdiyini nəzərə alsaq, görərik ki, bu proses kimlər tərəfindənsə süni surətdə ləngidildi. Başqa sözlə desək, banka daxil olan köhnə pulların məhv edildiyi barədə rəsmi sənədlər tərtib edilsə də, onlar dönə-dönə dövriyyəyə buraxıldılar. Bu isə əllərdə olan pulların çoxalmasına və nəticədə, qiymətlərin qalxmasına gətirib çıxardı.

YERİ GƏLMİŞKƏN

Bildiyiniz kimi, hal-hazırda qara qəpiklərin (1,3,5 qəpiklər) qıtlığı hiss olunmaqdadır. İlkin versiyaya görə, bu qıtlıq inflyasiya ilə bağlıdır, yəni qəpiklərin dəyərdən düşməsi ilə. Lakin dərindən düşündükdə görürük ki, kimlərsə həmin əsginasları qəsdən dövriyyədən çıxararaq, süni qiymət artımına şərait yaradır. Ən azı ona görə ki, alıcıların çoxu pulun qalığı qismində qara qəpikləri götürmədikləri üçün qiymət artımın xeyrinə yuvarlaqlaşdırılır.

SON SÖZ ƏVƏZİ

Məqalənin girişində təqdim etdiyimiz "pul əl çirkidir" deyiminə yenidən qayıtmaq istərdik. Bəli, kimlər üçünsə bu belədir. Daha dəqiq desək, işbazlar və saxtakarlar boğaza qədər çirkin içindədirlər. Lakin düşünmürlər ki, bir gün onlar özlərinin yaratdıqları bu çirkabda boğula bilərlər. Gəlin bir anlıq fikirləşək, axı insanlar bu dünyaya saf gəlirlər, gedəndə isə yuyulub kəfənlənirlər. Əgər reallıq budursa, qalıcı dünya malına görə çirkaba batmağa dəyərmi? Axı balaca bir mədəni pendir-çörəklə də doldurmaq olar, kababla da. Təki, yediyin tikə halal olsun! Onda hər bir təam sənə nuş olar, istər bu dünyada, istərsə də əbədiyyətdə! Amin!

Mayıl İsmayılov

O.M.