ABŞ-da hələ də ağdərililər qaradərililəri öldürürlər

ABŞ-da hələ də ağdərililər qaradərililəri öldürürlər

17 May 2012 15:18
Bəyəndim (0) Bəyənmədim (0)
ARAŞDIRMA-Onlar "KKK" adlı dəstədə birləşiblər

Bu gün ABŞ-da Ku-kluks-klan (qısaca KKK) adlı rəsmi cəmiyyət fəaliyyət göstərir. Onların əsas məqsədləri zəncilərin və gəlmələrin gözünün odunu almaqdır. Bu cəmiyyətin üzvləri rəqiblərini düşmən kimi qəbul edir, onları öldürməkdən belə çəkinmirlər. Məqsəd ABŞ-da ağdərili insanların hökmranlığını saxlamaqdır. Nə qədər qəribə səslənsə də, Ku-kluks-klan rəsmən dövlət qeydiyyatından keçib və onlar büdcəyə vergilər ödəməklə öz çirkin əməllərini ört-basdır etməyə çalışırlar. Halbuki, həmin cəmiyyət yaranandan bəri minlərlə günahsız insan qətlə yetirilib. Bu qurbanlar əsasən qaradərili amerikalılar olublar. Onlar xüsusi "qurban" mərasimlərində öldürülüb və ya əlil olana qədər döyülüblər. Ku-kluks-klanın üzvlərinin xüsusi geyimləri də var. Ağ rəngli dik papaq, ağ xalat və ağ çəkmə həmin təşkilatın üzvlərinin vacib uniformasıdır. Cəmiyyətin əsas şüarlarından biri belədir: "Amerika yalnız ağdərililər üçün!" Göründüyü kimi, dövlətin rəsmi himayəsi altında ölkədə ayrı-seçkilik mühiti hökm sürür. Əgər elə olmasaydı, bu təşkilatın üzvləri arasında polislər, dövlət xadimləri və qubernatorlar yer almazdılar. Doğrudur, onlar çox vaxt öz fəaliyyətlərini gizlətməyə müvəffəq olurlar. Bununla belə, Ku-kluks-klana hərtərəfli maliyyə və təşkilati dəstək verirlər. Bəzənsə gecə vaxtı libaslarını dəyişib, "həmkarlarına" qoşulurlar. Səhərsə yenidən gündəlik həyatlarına qayıdaraq, zəncilərə qarşı nifrətlərini sivil formalarda nümayiş etdirirlər. Heç təsadüfi deyil ki, bu gün ABŞ-ın hər yerində Ku-kluks-klanın özəkləri fəaliyyət göstərir. Gecələr insanlar ağ libaslarını geyinib, yanan xaçlar ətrafında xüsusi mərasimlər keçirir, növbəti şikarlarını qurbana çevirirlər. Tarixə nəzər salsaq, görərik ki, ABŞ cəmiyyətində başqalarına qarşı nifrət şəraiti hər zaman hökm sürüb. Bu ölkəni fəth edən avropalılar əvvəlcə yerli hinduları məhv ediblər. Sonra isə Afrikadan gətirdikləri qulları istismar etməyə başlayıblar. Məhz vətəndaş müharibəsi də buna görə baş verib.

Yəqin bilirsiniz ki, şimal ştatları cənub ştatları ilə dörd il müharibə aparıb. Nəticədə, qaraların çoxluq təşkil etdiyi cənub təslim olub. Yerli tarixçilər bunu zəncilərə azadlıq bəxş etmək istəyi ilə bağlasalar da, həqiqət belə deyil. Əslində, cənubdakı qaradərililər öz ağdərili ağalarına qarşı çıxmağa başlamışdılar. Şimal ştatları bu vəziyyətlə barışa bilmədikləri üçün cənubu nəzarətə almağa çalışdılar. Beləcə, 600 min qurban bahasına ABŞ dövləti vahid şəkildə birləşdi və ölkə konstitusiyasına 13-cü maddə əlavə olundu. Bu maddəyə əsasən, bütün ABŞ ərazisində quldarlıq ləğv olunmalı idi. Sözsüz ki, bu, qul zənciləri sakitləşdirmək və arxayın salmaqdan başqa bir şey deyildi. Belə ki, müasir dövrdə də onların cəmiyyətdə ikinci dərəcəli adamlar olması açıq-aydın görünür. Əgər belə olmasaydı, bu gün bəzi restoranların, məktəblərin, idarələrin və digər müəssisələrin girişində "zəncilərə yox!" şüarı yazılmazdı. Göründüyü kimi, bu, ABŞ cəmiyyətinin reallığıdır.

Uzaq 1895-ci ildə Tennessi ştatının Pyulaski şəhərciyində bir neçə veteran bir yerə toplaşmışdı. Onlar "Qızıl çənbər qardaşlığı" adlı təşkilat yaratdılar. Təşkilatın məqsədi azadlığa çıxmış zənciləri yenidən ram etmək idi. Lakin tezliklə birliyin adı dəyişdirilib, Ku-kluks-klan (qısaca KKK) qoyuldu. "Kuklos" yunanca dairə, "klan"sa şotlandca nəsil-nəcabət demək idi. Göründüyü kimi, təşkilat üzvləri təmiz ABŞ-lı adını daşımaq iddiasında idilər. Onlar zənci kəndlərini hədəfə alaraq, gecə ikən yandırmaqla məşğul olurdular. Bu yolla ABŞ cəmiyyətini "keyfiyyətsiz" adamlardan "təmizləməyə" çalışırdılar. Təşkilata general Natan Forrestin gəlişi Ku-kluks-klana yeni nəfəs verdi. O, qısa zamanda rəhbərliyi öz əlinə alaraq, birliyin fəaliyyətini genişləndirdi. Məhz onun vaxtında belə bir tezis irəli sürüldü: "Zəncilərlə ailə qurmaq və ya onları sahibkar kimi tanımaq qəti qadağandır!" Bu şüar tezliklə populyarlaşdı. Qısa müddətdə çoxları kütləvi surətdə həmin təşkilata yazıldı. Hətta yüksək vəzifə sahibləri və milyonçular da Ku-kluks-klançı olmaqdan çəkinmədilər. 1869-cu ildə Natan Forrest gözlənilmədən təşkilatın fəaliyyətini dayandırdı. Lakin tezliklə hər şey bərpa olundu. 1915-ci ildə təşkilat yəhudiləri də hədəfə almağa başladı. Uilyams Simonsun rəhbərliyi ələ alması ilə Ku-kluks-klan yenidən dirçəldi. Artıq təşkilatın sıralarında 5 milyondan artıq üzv toplanmışdı. Hətta tanınmış qubernatorlar da oranın üzvü olmaqdan qürur duyurdular. Ancaq ölkədə baş qaldırmış iqtisadi böhran tezliklə öz sözünü dedi. Üzvlük haqqı vaxtı-vaxtında toplana bilmədiyindən vergilərin ödənişi də mümkün olmadı. Beləcə, Ku-kluks-klan ikinci dəfə öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.

1964-cü ilin iyunu idi. İki nəfər yəhudi ziyalı və bir nəfər zənci cənub ştatlarında mitinqlər təşkil edirdilər. Onlar zəncilərə qarşı yürüdülən irqçi siyasətə etirazlarını bildirirdilər. Həmin gün Missisipi ştatının qubernatoru onları həbsə almağı əmr etdi. Hər üç qonaq polis idarəsinə gətirildi. Onları kilsəni yandırmaqda ittiham etdilər. Heç bir sübut olmadığından şübhəli şəxslər axşama yaxın azadlığa buraxıldılar. Ancaq Şerif (polis rəisi) bu barədə artıq Ku-kluks-klanın yerli şöbəsinə məlumat vermişdi. Odur ki, "qonaqlar"ı aparan maşın yolda saxlanıldı. Şerif və onun müavini onlardan aşağı düşməyi əmr etdi. Beləcə, polislərlə Ku-kluks-klançılar əlbir olaraq, "qonaqlar"ı naməlum istiqamətə apardılar. Təşkilatın gənc üzvlərindən biri olan kilsə rahibi Edqar Killen də orada idi. Məhz o, yəhudiləri və zəncini öldürüb, basdırmaqda fəal iştirak etdi.

Aradan xeyli müddət keçmişdi. Cinayətin izi tamamilə itirilmişdi. Bununla belə, Ku-kluks-klan öz işinə davam edirdi.

1994-cü ildə xoş bir təsadüf nəticəsində mərhumların yeri müəyyən edildi. Fakt barəsində istintaq başlandı. Tezliklə cinayətkarlar məlum oldular. Lakin Şeriflə müavini dünyalarını dəyişdikləri üçün sorğu-suala yalnız kilsə rahibi Edqar Killen cəlb olundu. 2005-ci ilə qədər davam edən məhkəmənin son hökmü ilə keşiş 60 illik həbs cəzası aldı. Qəribəsi odur ki, o, hökm oxunan zaman vicdan əzabı çəkmirdi. Əksinə, gülə-gülə bu sözləri deyirdi: "Mən sevinirəm ki, məhkəmə bundan sonra 60 il də yaşayacağıma şübhə etmir!" Bu, 80 yaşlı caninin azadlıqda işlətdiyi son kəlmələri idi.

YERİ GƏLMİŞKƏN

ABŞ-ın hazırkı prezidentinin zənci olması heç də sadalanan həqiqətlərə kölgə salmır. Belə ki, dünyaya insan hüquqları və demokratiyanın təntənəsi kimi təqdim olunan Barak Obama fenomeni, əslində, ABŞ-ın tarixi reallığına xidmət edir. Başqa sözlə desək, Ku-kluks-klan təşkilatının fəaliyyətini davam etdirməsi bütün suallara cavabdır.

SON SÖZ ƏVƏZİ:

Şəxsən özüm ABŞ-da olmasam da, yaxın dostum oradan təzəlikcə gəlib. Sizə təqdim etdiyim məqaləni yazmamışdan əvvəl onunla görüşüb, ətraflı söhbət etdim. Və düşüncələrimin yanlış olmadığına bir daha əmin oldum. Bəli, bütün dünyaya mədəniyyət və demokratiya "yaymağa" çalışan cəmiyyətin özü bu şeylərdən məhrumdur. Daha dəqiq desək, hələ də insanlar birincilərə və ikincilərə bölünüblər. Məhz buna görədir ki, zəncilər bir yerə toplaşaraq, həqiqi dəyərlərə, İslama doğru yaxınlaşırlar. Cahillərsə hələ də onları ləkələməklə məşğuldurlar...

Natiq Qocaman

O.M.