ARAŞDIRMA: Köhnə peşəyə yeni baxış

ARAŞDIRMA: Köhnə peşəyə yeni baxış

16 May 2012 15:15
Bəyəndim (0) Bəyənmədim (0)
Və ya gördüklərim, bildiklərim, eşitdiklərim...

PARLAQ KEÇMİŞ

Sovet dövründə belə bir deyim var idi: "SSRİ-də seks yoxdur!" Doğrudur, bu misal o qədər də düzgün səslənməsə də, söhbətin nədən getdiyini yəqin ki, anladınız. Bəli, həmin misalda ölkədə əxlaqsızlıq yuvalarının olmaması nəzərdə tutulur. Ümumiyyətlə, sosializm quruluşunun mənfi cəhətləri olduğu kimi müsbət cəhətləri də var idi. Onların sırasına vətəndaşın mənəvi normalarını aid etmək olar. O dövrdə yaşamış insanlar etiraf edərlər ki, əxlaqsızlıq dövlət tərəfindən rəsmən qınanırdı. Hətta buna görə cinayət məcəlləsində xüsusi maddələr də öz əksini tapırdı. Məsələn, əxlaqsızlıq yuvalarının təşkilatçıları "Oğraşlıq və aradüzəltmə" adlı maddə ilə 5 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilərdilər. Əxlaqsızların özləri isə məcburi qaydada müalicə-reabilitasiya kurslarını keçdikdən sonra icbari işə cəlb olunurdular. Başqa sözlə desək, onlar müxtəlif idarələrdə işə düzəlməklə əxlaqsızlıq əməllərindən uzaqlaşdırılırdılar. Təbii ki, çoxları öz fəaliyyətini gizli şəkildə davam etdirirdi. Belələrini psixi cəhətdən anormal adlandırmaq olar. Bununla belə, bəzi aldadılmış "xanımlar" yenidən cəmiyyətə qaytarılır, sonradan ailə həyatı quraraq öz qaranlıq keçmişlərini unutmağa çalışırdılar. Fakt barəsində on minlərlə misal çəkmək olar.

DAĞINTILAR ALTINDA

Tarixin zəruri tələbi ilə SSRİ dağıldı və onun yerində müstəqil dövlətlər fəaliyyət göstərməyə başladılar. Onlardan biri də Azərbaycandır. Nə qədər ağır olsa da, etiraf etməliyik ki, müstəqilliyin ilk dövrlərində maddi cəhətdən təminatsızlıq xeyli insanın pis yola düşməsinə münbit şərait yaratdı. Buna sərhədsiz söz azadlığı və müharibə şəraiti də təkan vermiş oldu. Bakıdan bir çox ölkələrə xüsusi "turist" reysləri təşkil edilməyə başladı. Şəxsən mən bunu siçan tələsinə bənzədərdim. Daha dəqiq desək, imkanlı əcnəbilər "gözəl yaşamaq eşqi" ilə çırpınan qızlar üçün çoxsaylı tələlər qururdular. Bir parça çörək göstərməklə onları öz cənglərinə alırdılar. Uzun zamandır Youtube-da yayılan çeşidli "Dubay" klipləri də günümüzün reallığını əks etdirir. O iyrənc mənzərələri görməyənlərə təkcə onu demək istərdim ki, qadınlar ərəb musiqisinin sədaları altında çəkinmədən özlərini nümayiş etdirirlər. Çoxları bunu konkret şəxslərin və ailələrin faciəsi kimi qəbul edir və "məndən keçsin, qonşuma dəysin" prinsipi ilə özlərinə təsəlli verməyə çalışır. Lakin məsələnin dərinliyinə vardıqda, açıq-aydın görürük ki, problem cəmiyyətin hər bir üzvünü narahat etməlidir. Ən azı ona görə ki, bu qadınlar xaricdə azərbaycanlı kimi təmsil olunurlar. Zənnimcə, bizim də azərbaycanlı olduğumuzu xatırlamaq üçün şəxsiyyət vəsiqələrimizə baxmağa ehtiyac yoxdur.

ATALAR ÜÇDƏN DEYİB

Ümumiyyətlə, əxlaqsız qadınları 3 qrupa bölmək olar - maddi cəhətdən səfalət çəkən, psixi cəhətdən anormal olan və aldadılmış qadınlar. Birincilərin arqumentinin bəhanə olduğunu anlamaq elə də çətin deyil. Başqa sözlə desək, maddi səfalətini bəhanə gətirən əxlaqsızlar öz iyrənc hərəkətlərinə bəraət qazandırmağa çalışırlar. Axı cəmiyyətdə namuslu həyat tərzi sürən, bununla belə, maddi cəhətdən az təmin olunmuş qadınlarımız az deyil. Məgər onlar da özlərini sata bilməzdilərmi? Əlbəttə, yox. Çünki belələri üçün namus quruca kəlmə deyil - bütün ailənin, nəslin, millətin təmiz adıdır. Əxlaqsızların ikinci qrupuna psixi cəhətdən anormal olanları aid etsəm, zənnimcə, yanılmaram. Bu cür qadınlar maddi cəhətdən tam təmin olunsalar da, fiziki cəhətdən təmin olunmamışlar. Ona görə də azğın ehtiraslarını təsadüfi görüşlərlə ödəməyə çalışırlar. Belələri əsasən imkanlı ailənin uşaqları olurlar. Üçüncü qrupa aid olanlarsa aldadılaraq uçuruma sövq edilənlərdir. Məhz sonradan düzgün yola qayıdanların çoxu da bu tip qadınlardır. Onlar gec də olsa, aldadıldıqlarını dərk edərək, öz çirkin əməllərindən əl çəkirlər.

DÜNYA FIRLANIR VƏ FIRLADIR

Bir çox ölkələrdə əxlaqsızlıq yuvaları dövlət tərəfindən təşkil olunur. Onların iddialarına görə, bu, cəmiyyətdə sosial gərginliyin azalmasına xidmət edir. Fikrimcə, bu mövqe kökündən yanlışdır. Çünki cəmiyyətdə sosial gərginliyi yaradan amil ehtiras hissi deyil, maddi təminatdır. Bunu dərk etmək üçün kiçik bir misalı sizlərə təqdim edirəm. Təsəvvür edin ki, bir ölkədə maddi sıxıntı baş alıb gedir, lakin hər addımbaşı əxlaqsızlıq yuvaları var. Təbii ki, kasıb kişi öz dərdlərini yataqda unuda bilməz. Hətta bu fikri qəbul etsək belə, görəcəyik ki, əxlaqsızların yanına getmək üçün müəyyən məbləğdə pul ödəmək lazımdır. Axı həmin müəssisələr dövlət hesabına maliyyələşdirilmir. Digər tərəfdən, söhbət ailəli kişilərdən gedirsə, onların fiziki tələbatını ödəməyə ehtiyac yoxdur. Daha yaxşı olardı ki, həmin adamlar maddi cəhətdən təmin olunsunlar, yəni özlərinə iş tapıb, pul qazansınlar. Göründüyü kimi, əxlaqsızlıq yuvalarının təşkil olunması heç də cəmiyyətin maraqlarına xidmət etmir, əksinə, ailələrin dağılmasına, xəstəliklərin yayılmasına şərait yaradır. Bu isə son nəticədə millətin genofonduna mənfi təsir göstərir. Məsələyə başqa yöndən yanaşsaq, görərik ki, əxlaqsızlıq yuvalarının qurulması əsasən kriminal əməllərlə müşayiət olunur. Axı heç bir qız öz xoşu ilə satışa çıxarılmaq istəməz. Ən azı ona görə ki, müştərilərin arasında onun öz qohumları və tanışları da ola bilər. Deməli, bu cür müəssisələr ayrı-ayrı şəxslərə xidmət edir. Biz onları mafiya da adlandıra bilərik. Bəli, yanılmadınız, məhz kriminal fəaliyyət göstərən mafiya. Heç təsadüfi deyil ki, bu cür yuvaları tərk etməyə cəhd göstərən qadınlar sutinyorlar tərəfindən öldürülür və ya başqa bir formada cəzalandırılırlar. Onlar əvvəlcədən narkotikə alışdırılır, müdiriyyətdən asılı vəziyyətə düşürlər.

GÖRDÜKLƏRİMİZ, BİLDİKLƏRİMİZ, EŞİTDİKLƏRİMİZ...

Nə qədər ağır olsa da, deməliyik ki, qardaş Türkiyə respublikasında da belə yuvalar mövcuddur. Bu barədə 2000-ci ildə silsilə məqalələr dərc etmişdik. Hətta o dövrdə Türkiyə səfirliyinin narazılığına da səbəb olmuşduq. Lakin həqiqəti demək bizim peşəmiz olduğundan mövzuya yenidən qayıdırıq. İstanbulun "Kara köy" adlanan məkanında, Zürafə küçəsində, Surp Pirgiç adlı erməni kilsəsinin yaxınlığında zooparkı xatırladan üzdəniraq yarmarka təşkil olunub. Bu yarmarkada şüşəli mağazalar müştərilərin üzünə sutka boyu açıq olur. Uzun növbəyə dayanmış kişilər polislər tərəfindən yoxlanıldıqdan və şəxsiyyət vəsiqələrini təhvil verdikdən sonra xüsusi keçiddən yarmarkanın ərazisinə daxil olurlar. Sözsüz ki, içəri silahlar, kəsici alətlər və kameralar buraxılmır. Hər mağazanın qarşısında bir bığıburma kişi əyləşərək, müştəriləri içəri dəvət edir. Eyni zamanda şüşə mağazada olan çılpaq qadınlar da diqqəti cəlb etməyə çalışırlar. Onlar müxtəlif hərəkətlərlə kişiləri ehtirasa gətirməyə can atırlar. Bütün bunlar isə qanun keşikçilərinin gözü qarşısında və onların birbaşa himayədarlığı ilə baş verir. Kiçik bir faktı nəzərinizə çatdırmaq istərdik. Yarmarkaya girişdə polislərin xüsusi otağı vardır. Divarda Türkiyə Respublikasının bayrağı və ulu öndər Atatürkün şəkli asılmışdır. Zənnimcə, bu üzdəniraq ticarət müəssisələri onun parlaq ideyaları ilə daban dabana ziddir. Ulu öndər sağ olsaydı, bu işlərin qarşısını qətiyyətlə alardı. Digər bir faktı nəzərinizə çatdıraq. Dəqiq mənbələrdən o da məlumdur ki, bu müəssisələrin əsas səhmləri erməni millətindən olan Türkiyə vətəndaşına aiddir. Bu yaşlı qadın ən böyük vergi ödəyicisi kimi bir neçə dəfə dövlət tərəfindən xüsusi mükafata layiq görülmüşdür. Roza (familiyası müxtəlif mənbələrdə fərqli yazıldığı üçün qeyd etmirik) adlı qarı hal-hazırda Fransada yaşayır. Deyirlər, təsadüf zərurətdən yaranır. Bəlkə elə buna görədir ki, fahişəlik biznesinin təşkilatçılarına el arasında "Mama Roza" deyilir.

HƏMİŞƏ TƏMİZLİKDƏ

Məqaləni oxuyanlar elə düşünməsinlər ki, biz başqasını tənqid etməklə öz səhvlərimizi görmürük. Bəli, bu gün ölkəmizdə də bəzi üzdəniraq müəssisələr fəaliyyət göstərir. Onların bir qismi qanunsuz sayıldığı üçün qapadılıb. Lakin bəziləri yenə də öz işini davam etdirir. Əsasən masaj salonları və fin hamamları (saunalar) adı altında işləyən bu müəssisələr müştərilərin başqa ehtiyaclarını da ödəməklə məşğuldurlar. Qəribə də olsa, müştəri əvvəlcə masajçı qadınlar arasından bəyəndiyini seçir. Sonra ona müəyyən məbləğ ödəməklə, faktiki olaraq, həmin salonu pritona çevirmiş olur. Təbii ki, bu, nüfuzlu adamların himayəsi altında baş verə bilər. Əgər elə olmasaydı, bu gün ölkənin bir neçə hamamı və masaj salonu qapadılardı. İnsafən onu da qeyd etməliyəm ki, dediklərimi bütün istirahət müəssisələrinə aid etmək olmaz. Həqiqətən insanların sağlamlığının keşiyində dayanan idman-sağlamlıq kompleksləri az deyil. Lakin eybəcərliklərə şərait yaradanlar onların da adına kölgə salmış olurlar.

ALINIR VƏ SATILIR

Bu gün istənilən elan qəzetində hamam və masaj salonunun elanını görmək olar. Qeyd edək ki, həm kişilərə, həm də qadınlara müxtəlif xidmət növləri təklif olunur. Təbii ki, təkliflər əsasən sətiraltı sözlərlə nəzərə çatdırılır. Axı heç kim özünü açıq-aydın ifşa etmək və şübhə yaratmaq istəməz. Ona görə də elanların mətnləri xüsusi peşəkarlıqla tərtib olunur. Burada sözlər əsasən ikibaşlı məna daşıyır. Şəxsən mən bunda qəzetin redaksiya heyətini qınamıram. Çünki elanlar ödənişlə qəbul olunur. Deməli, hər hansı mətnə görə redaksiya məsuliyyət daşıya bilməz. Bununla belə, heç kim günahı öz boynundan atmamalıdır. Çünki həmin elanları oxuyan olmasaydı, dərc edən də olmazdı. Daha dəqiq desək, bu, cəmiyyətin sosial sifarişidir.

Məqaləni yazmamışdan mən faktları bir daha araşdırmaq qərarına gəldim. Təklif olunan elanın biri üzrə telefon nömrəsinə zəng vurub, bəzi faktlarla maraqlandım. Qəribə də olsa, mənə müsbət cavab verdilər. Üz tutdum həmin məkana. Gözlədiyim kimi, mənə seçim təklif olundu. Birinin üzərində dayandım. Nəticədə, bu məqalə araya-ərsəyə gəldi. Ayka (müəyyən səbəblərdən adı dəyişdirilmişdir) mənim kim olduğumu bilməsə də, pul ödədiyim üçün bütün suallarıma ətraflı cavab vermək məcburiyyətində qaldı. Məlum oldu ki, 18 yaşlı bu qız iki aydır həmin salonda çalışır, bundan əvvəl isə o, müstəqil fəaliyyət göstərirmiş. Bura gəlişinə səbəb özünü təhlükəsiz hiss etmək istəyi olubmuş. "Sənin nə işlə məşğul olduğunu evdəkilər bilirlərmi" sualıma o, qeyri-adi tərzdə cavab verdi:

- Evdəkilər elə bilirlər ki, mən alverlə məşğul oluram və hal-hazırda Türkiyədəyəm. Gecə saat 3-də buradan çıxırıq. Mən rəfiqələrimin birinin evində gecələyirəm. Günorta saat beşdə birlikdə işə gəlirik.

- Ayka, bəs sən əliboş qayıdanda ailənə nə deyirsən?

- Guya malların hamısını bir yerdən vermişəm. Onları maraqlandıran mənim pulumdur, onu da artıqlaması ilə gətirirəm.

- Bəs qorxmursan ki, qohumlarından biri sənin müştərin ola bilər?

- Yox, mənim bircə qardaşım var, o da hələ balacadır, məktəbdə oxuyur. Atam yoxdur, mənim beş yaşım olanda bizi atıb. Anamsa belə şeylərdən çox uzaqdır. O əmindir ki, mən heç vaxt pis yola düşmərəm.

SON SÖZ ƏVƏZİ

Həmsöhbətimin səmimiyyətinə tam inanmasam da, onun sonuncu cümləsi məni tutdu. Belə çıxır ki, insanlara inanmaq olmaz?! Məncə, inanmaq olar. Çünki həyatımızda şeytanla bərabər mələklər də var. Qəlbini bu mələklərə vermiş insanlar halal-haramın nə olduğunu dərk edirlər. Atalar demişkən, pis ona görə var ki, yaxşıların qədri bilinsin. Şükür məsləhətinə!

Natiq Qocaman

O.M.