Görəsən, kim haqlıdır – mən, yoxsa başqaları?!

Görəsən, kim haqlıdır – mən, yoxsa başqaları?!

15 May 2012 16:03
Bəyəndim (0) Bəyənmədim (0)
Nədənsə dünyada bir həqiqət olduğu halda fərqli fikirlər var

Bu dünyada kimin haqlı, kimin haqsız olduğu həmişə hamını düşündürüb. Nədənsə hər kəsə elə gəlib ki, haqlı yalnız o özüdür. Heç təsadüfi deyil ki, bir nəfərdən eşitdiyimiz söhbət bizdə onun haqlı olduğu haqda rəy formalaşdırır. Eyni məsələ barədə qarşı tərəfin mövqeyini öyrəndikdə isə, fikrimiz tamamilə dəyişir. Belə olan halda kimə inanmalı? Görəsən, kim düz danışır? Həqiqət məlumdursa, niyə hamı eyni cür fikirləşmir? Hansı adamın hərəkətindən örnək götürmək lazımdır? Bu kimi suallar çoxdur. Cavab isə birmənalı deyil. Odur ki, insanlar həqiqət axtarışında müxtəlif dinlərə, partiyalara, cəmiyyətlərə bölünüblər. Öz ideologiyalarını digərlərindən üstün bilənlər təbii ki, başqalarının fikirlərində olan həqiqətləri qəbul etmək istəmirlər. Halbuki, hər fikirdə müəyyən qədər həqiqət var. Əgər bir ideologiya başdan-ayağa kimi həqiqəti əks etdirsəydi, dünyada cəmi bir din, bir partiya, bir konstitusiya və vahid cəmiyyət olardı. Hamı qoyulan qayda-qanunlara canla-başla riayət edərdi.

Təəssüf ki, Haqqı tərənnüm etməli olan dinlər də bir-birini inkar edirlər. Hətta bu mübahisə zaman-zaman dinlərarası münaqişəyə də çevrilir. Nə qədər qəribə səslənsə də, dinlər öz daxilində mübarizə aparan qollara da bölünürlər. Yaxşı, əgər həqiqət məlumdursa, bəs onda nə üçün bu qədər fikir ayrılığı mövcuddur? Niyə hamı eyni din vasitəsi ilə bir olan Tanrıya sitayiş eləmir? Nəyə görə xristianlar müsəlmanları terrorçu qələminə verdikləri kimi, müsəlmanlar da onları kafir gözündə görürlər? Hansı məntiqə uyğun olaraq xristianlar müsəlmanların müqəddəs bildikləri "Qurbanlıq bayramını" canlıların kütləvi məhvi kontekstində qiymətləndirirlər? Və ya nə səbəbə biz müsəlmanlar və xristianlar bütpərəstlərin sitayiş etdikləri bütlərin məhv edilməsini özümüz üçün müqəddəs bir addım hesab edirik və çalışırıq ki, onlar da bizim dinə gəlsinlər? Axı o dinə sitayiş edən adamlar öz aləmlərində haqlıdırlar və həyatlarından son dərəcə razıdırlar. Bəs onda ən kamil din hansıdır? Bu suala görə məni qınamağa və dərhal İslam dinidir deməyə tələsməyin. Yaxşı, əgər elədirsə, bəs onda nə üçün bütün dünya müsəlmanlaşmır? Bu mövzunun aktual olduğunu nəzərə alaraq, gələcəkdə bir daha ona qayıdacağam. Hələlik isə təkcə onu deyə bilərəm ki, bütün dinlərin ayrı-ayrılıqda müsbət keyfiyyətləri çoxdur. Lakin çatışmayan cəhətləri də yox deyil. Bir sözlə, Tək və Böyük olan yalnız Rəbbimizdir.

Götürək siyasi partiyaları. Hər bir ölkənin daxilində fəaliyyət göstərən siyasi partiyalar dövlətin, cəmiyyətin inkişafına xidmət etdiklərini söyləyirlər. Buna baxmayaraq, bir-birini tənqid edir, nizamnamə və məramnamələrini pisləyirlər. Qəribə təzaddır, elə deyilmi? Göründüyü kimi, dünyada yaxşı insanlarla bərabər pis adamlar da mövcuddur. Əslində, yaxşı və ya pis məfhumu nisbidir. Birinin gözünə yaxşı görünənlər, o birində ikrah hissi oyada bilərlər. Atalar əbəs yerə deməyiblər, heç kim öz ayranına turş deməz. Göründüyü kimi, əməlisaleh olanlar da, günahkarlar da özlərini yaxşı adam adlandırırlar. Çünki haqlı olduqlarına tam əmindirlər. Məsələn: "Oğrudan soruşsan ki, niyə oğurluq edirsən? Deyəcək, məni oğurluğa vadar edən cəmiyyətdir. Mən də başqaları kimi imkanlı olsaydım, heç vaxt oğurluq etməzdim." Bir başqa misal: "arvadını öldürən kişidən törətdiyi cinayətin səbəbini soruşsan, özünə bəraət qazandıracaq ki, namusuma ləkə gətirirdi, məni dostlarımın yanında başıaşağı edirdi, uşaqlarıma əxlaqsızlığı aşılayırdı və sair..." İnanın ki, hal-hazırda geniş yayılmış əxlaqsızlıq peşəsinə də haqq verənlər tapılır. İstənilən "küçə" qadınını dindirsən, deyəcək ki, həyat adama bircə dəfə verildiyi üçün başqaları kimi mənim də yaxşı yaşamağa haqqım var. Heç kimin cibinə girmirəm, heç kimi məcbur etmirəm. Namuslu kişi onsuz da mənimlə görüşmür, binamusun isə pulunu almaq günah deyil. Mənimlə gəzməyən başqası ilə gəzəcək də.

Bir ölkə başqa ölkənin torpaqlarını işğal edir. Tarixi faktlara əsaslanaraq, bu addımını haqlı sayır. İşğal olunmuş ölkə isə eyni tarixə istinad edərək, işğalçının haqsız olduğunu sübuta yetirməyə çalışır. Tarix isə heç kimə məlum deyil.

Misalları sonsuzadək uzatmaq olar. Rüşvətxorlar, zəhmətkeş insanlar, partizanlar, hərbçilər, əyyaşlar, idmançılar və sair insanların hər birinin haqlı olduğunu söyləmək mümkündür. Bu, ilk növbədə yanaşma tərzindən asılıdır. Yuxarıda sadaladığım misallardakı qəhrəmanların hər hansı birinə haqq qazandırmaq fikrində deyiləm. Sadəcə, bir anlıq onların düşüncə tərzini öyrənmək istədim. Deməli, hər kəs özünə görə haqlıdır. Əgər həqiqət hamı üçün birdirsə, bəs onda bu necə olur? Fərqli fikirlərə səbəb nədir və haqlı olan kimdir? Məncə bu dünyada haqlı olan o kəsdir ki, başqalarına öz həqiqətini sübut edə bilsin, hamının onun kimi düşünməsinə nail olsun. Məsələyə qlobal yanaşdıqda, aydın olur ki, əslində, haqqın yeganə elçisi Tanrımızdır. Ancaq Onun, yəni Haqqın dərgahında həqiqət üzə çıxacaq. Mən isə öz növbəmdə onu deyə bilərəm ki, bugünkü məqaləni təsadüfən qələmə almamışam. 31 mart Azərbaycanlılarının soyqırımı günündən sonra öz düşüncələrimi sizinlə bölüşmək istədim. Bu söhbətdə mənimlə həmrəy olub-olmamaq isə hər kəsin öz seçimidir.

Natiq Qocaman

O.M.