Brejnevin qızı illüzionist İqor Kio ilə 9 gün nikahda olub

Brejnevin qızı illüzionist İqor Kio ilə 9 gün nikahda olub

11 May 2012 16:00
2 256
Bəyəndim (0) Bəyənmədim (0)
ARAŞDIRMA:Bəzi dövlət rəhbərləri dövlət orqanlarını öz şəxsi məqsədləri üçün istifadə edirlər

ŞƏXSİ TƏHLÜKƏSİZLİK İDARƏSİ

Heç kimə sirr deyil ki, bir çox ölkələrin başçıları təhlükəsizlik orqanlarının rəhbəri vəzifəsinə özlərinə sadiq insanları götürürlər. Buna səbəb təkcə ölkə maraqlarının ciddi qorunması deyil, ilk növbədə vəzifənin əldə saxlanılmasını təmin etmək istəyidir. Başqa sözlə desək, təhlükəsizlik orqanları əsasən ölkə başçısının və onun ailə üzvlərinin şəxsi maraqlarını güdməklə məşğuldurlar. Bu, hətta dəmir qanun-qaydası ilə məşhur olan SSRİ dövlətində də belə olmuşdur.

PLEYBOY "KÜRƏKƏN"İN AQİBƏTİ

Deyilənə görə, günlərin bir günü Stalinlə Beriya arasında qəribə bir söhbət yaşanıb.

Stalin:

- Məni Svetlananın romanı heç cür açmır. Yaman pərtəm. Təcili nə isə etmək lazımdır. Məncə, həbsə almaq düzgün olardı.

"Dahi rəhbər"in sözləri yaltaq Beriyanı təəccübləndirsə də, o özünü ağıllı aparmağa çalışdı.

Beriya:

- İosif Vissarionoviç, düz deyirsiniz. Svetlana İosifovnanı həbsə almağı doğru fikirləşirsiniz.

Stalin əsəbi halda:

- Dəlisən, nəsən?! Mən Kapleri nəzərdə tuturam!

Söhbət yaşlı kinorejissor, tanınmış arvadbaz Aleksey Kaplerdən gedirdi. O Kaplerdən ki, cürət edib Stalinin yeniyetmə qızı Svetlana ilə əlaqə qurmuşdu. Sözsüz ki, Beriya bu adamı dərhal həbsə alıb, sürgünə göndərdi. Aleksey Kapler uzun sürən sürgünlük həyatından yalnız 50-ci illərin ortalarında, daha dəqiq desək, Stalinin vəfatından sonra azad edildi.

QANUNİ QANUNSUZLUQ

Stalinin oğlu, SSRİ Hərbi Hava Qüvvələrinin ən gənc qeneralı Vasili üçün də xüsusi şərait yaradılmışdı. Moskva sahilyanı istirahət-yaşayış kompleksində onun xüsusi mənzili var idi. Bu binada yalnız yüksək rütbəli şəxslər və onların ailə üzvləri qala bilərdilər. Vasili də yaşadığı 181 saylı mənzildə kef çəkirdi. Gecə-gündüz caz musiqisi çalmaqdan və ya dinləməkdən zövq alırdı. Onun səs-küy yaratmaq kaprizi qonşuları təngə gətirmişdi. Belə ki, o, mahnıları maksimum dərəcədə səsləndirməyi sevirdi. Nəzərinizə çatdıraq ki, həmin dövrdə caza Qərb dəyərlərini təbliğ edən bir vasitə kimi qadağa qoyulmuşdu. Bundan əlavə, musiqiyə yüksək səslə qulaq asmaq da Qərb həyat tərzinin göstəricilərindən sayılırdı. Bu isə haqlı olaraq qonşuları qıcıqlandırırdı. Axı Vasili də hər kəs kimi nümunəvi sovet vətəndaşı tək yaşamağa borclu idi. Digər tərəfdən, "dahi rəhbər"in övladı olmaq onun bu məsuliyyətini daha da artırırdı. O isə sosial statusundan sui-istifadə edərək heç kimə və heç nəyə məhəl qoymurdu. Günlərin bir günü qonşuluqda yaşayan akademik Petrov dözməyib Stalinin ünvanına şikayət məktubu yazdı. Bu məktub təhlükəsizlik xidmətinin rəisi general Vlasikə çatdı. Səhəri gün akademik yaşadığı mənzildən köçürülərək, qonşu blokdakı beşotaqlı evə yerləşdirildi.

ADI MƏNİM, DADI MƏNİM

Stalindən sonra ölkə rəhbərliyinə keçən Nikita Xruşov sözdə diktatoru pisləsə də, əməldə onun yolunu gedirdi. Daha doğrusu, o da Dövlət Təhlükəsizlik Orqanlarından (KQB-dən) öz məqsədləri üçün istifadə edirdi. Belə ki, bir gün KQB-nin o vaxtkı şefi Aleksandr Şelepin öz əməkdaşı general Bobkovu yanına çağırır. Ona xüsusi bir tapşırıq verir.

Şelepin:

- Bir nəfər fizik var, Nikita Xruşovun oğlu Serqeyin hüquqlarını tapdalamaqla məşğuldur. Onu başa salmaq lazımdır ki, belə olmaz. Kəşfin müəllifi o deyil, Serqey Xruşovdur.

Bobkov:

- Axı bizim elmi işlərə qarışmağımız düzgün deyil?

Şelepin:

- Sizin fikrinizi soruşan olmadı. Yaxşısı budur, tapşırığı yerinə yetirin.

Səhəri gün Bobkov fizikin mənzilinə yollanır. Geniş söhbət zamanı aydın olur ki, kəşfin müəllifi həmin fizikdir. Sadəcə kitabların və elmi broşürlərin asanlıqla çap edilməsi üçün Serqey Xruşovun da adını tədqiqatçılar siyahısına salıb. Bütün bunlara baxmayaraq, alim təhlükənin ciddi olduğunu anlayıb, söhbətin sonunda sözünü dəyişir. Müəlliflik hüququnun tamlıqla Serqeyə aid olduğunu dönə-dönə vurğulayaraq, özünün layihədə adi bir iştirakçı olduğunu söyləyir. Bununla da təhlükə hər kəs üçün sovuşmuş olur. Belə ki, Bobkov rəisinə tapşırığın icra olunduğunu hesabat verərkən Şelepin dərindən köks ötürür. Sanki ağır bir yükdən azad olubmuş kimi ona dönə-dönə təşəkkürünü bildirir.

SƏN DEMƏ, RƏHBƏRİN QIZINI SEVMƏK CİNAYƏT İMİŞ

1962-ci ilin payızında Brejnev ailəsinin üzvləri həqiqətən dəhşətli günlər yaşadılar. Buna səbəb 18 yaşlı Qalina Brejnevanın 32 yaşlı sirk artisti İqor Kioya ərə getməsi oldu. Ölkə başçısının qızı nikahını Moskva şəhərinin Səadət Sarayında rəsmiləşdirmişdi. Bu mərasimdən üç gün sonra gənclər Soçi şəhərinə yollandılar. İqor Kio buraya həm də qastrol səfərinə gəlmişdi. Cütlük cəmi 9 gün rəsmi nikahda qala bildi. Onuncu gün Soçi şəhərinə hökumət zərfində iki ədəd teleqram göndərildi. Gənclərə ünvanlanmış birinci teleqramda bildirilirdi ki, onların nikahı rəsmən ləğv olunub. SSRİ Baş Prokurorunun imzası ilə möhürlənən ikinci teleqram isə İqor Kionun müdiri Fradkisə göndərilmişdi. O Fradkisə ki, İqorla Qalinanın toy məclisini şəxsi vəsaiti hesabına təşkil etmişdi. Ondan səhər saat doqquzda yerli prokurorluq orqanına getmək tələb olunurdu. İqor Kio həmin dövrləri yada salarkən deyirdi:

"Biz mehmanxanaya qayıtmışdıq. Qapının ağzında iki nəfər vəzifəli şəxs həyəcanla qarşımıza çıxdı. Onlardan biri Soçi şəhəri Daxili İşlər İdarəsinin rəisi, digəri isə Pasport İdarəsinin rəisi idi. Onlar nəzakətlə bizdən pasportlarımızı istədilər. Həmin andan biz eyni nömrədə yaşamaq hüququnu birdəfəlik itirdik. Səhəri gündən etibarən KQB əməkdaşları bizi güdməyə başladılar. Mehmanxana nömrələrimizə kameralar tuşladılar. Vəziyyət o yerə çatdı ki, daimi nəzarət ucbatından Qalina özünü pis hiss etməyə başladı. Mən onu öz xahişi ilə Adler şəhərinə yola saldım. O, təyyarənin trapına qalxdıqda, mənim yanımda 8 nəfər KQB əməkdaşı var idi. Elə düşünürdüm ki, məni izsiz-tozsuz harasa aparacaqlar. Xoşbəxtlikdən Qalina gedən kimi onlar da yaxamdan əl çəkdilər. O vaxtdan bir müddət onunla əlaqəm kəsildi. Ancaq bu, çox çəkmədi. Nə mən, nə də Qalina ayrılığa döz bilmədik. Belə qərara gəldik ki, tutulsaq da, hərdən görüşək. Mən cəsarətimi toplayıb, qəti addım atmağa söz verdim. Elə də oldu. İstirahət günlərimdə mən bilet alıb, Moskvaya uçurdum. Bu gizli görüşlər təxminən üç il davam etdi. Bir dəfə Qalina özü Odessaya gəldi. Həmin dövrdə o, atasının yanında qalırdı. Ona görə də evdə gecələməyə bilmirdi. Hətta başqa yerdə qalanda da valideynlərinə yalan satmalı olurdu. Qalina Odessaya gələndə də atasını aldatmışdı. Ona rəfiqələri ilə birlikdə bağ evində yığışacaqlarını və sabah mütləq evə qayıdacağını söyləmişdi. Lakin tərslikdən Odessada havalar qəflətən korlandı. Bütün avia-uçuşlar təxirə salındı. Qalina həftənin əvvəlindən sonunadək mənim yanımda qalmalı oldu. Bir tərəfdən qorxurdum, digər tərəfdənsə sevgilimlə qaldığım üçün sevinirdim. Sözün düzü, qorxu hissi xeyli üstünlük təşkil edirdi. Amma mən aciz görünməmək üçün bunu büruzə vermirdim. Bəs necə? Məni istənilən vaxt yoxa çıxara bilərdilər. Digər tərəfdən Qalinanın etimadını itirməkdən ehtiyat edirdim. Axı o, mənim nə kimi hisslər keçirdiyimi bilmirdi. Nəhayət, beşinci gün onun anası Viktoriya Petrovna zəng vuraraq, Qalinaya hədə-qorxu gəldi. Ölkə başçısının, yəni onun atasının hər şeydən xəbərdar olduğunu bildirib, məni cəzalandıracağını söylədi. Qalina anasına yalvardı. Bir daha görüşməyəcəyimizə söz verib, mənim günahsız olduğumu sübut etməyə çalışdı. Söhbətin sonunda anası Qalinaya təcili surətdə Moskvaya dönməyi tapşırdı. Altıncı gün mən onu təyyarə ilə yola salıb, sirkin mehmanxanasına qayıtdım. Orada qardaşım Emillə qalırdıq. İçəri girən kimi telefon zəng çaldı. Sirkin direktoru mənə təcili surətdə idarəyə gəlməyimi əmr etdi. Səbəbini anlamasam da, getdim. Müdirin otağına bir nəfər əyləşmişdi. Biz onunla otaqda tək qaldıq. Məni xeyli sorğu-suala tutduqdan sonra Dövlət Təhlükəsizlik Komitəsinin (KQB-nin) Odessa şəhəri üzrə idarə rəisi ilə görüşdürəcəyini bəyan etdi. Deyilən ünvana aparılıb, xüsusi otağa salındım. Məndən izahat tələb olundu. Etiraf edim ki, çəkindiyim üçün hər şeyi olduğu kimi yazdım. Təxminən altı saatdan sonra məni generalla görüşdürdülər. O, mənə öyüd-nəsihət verməyə çalışdı. "Sən atanın qayğısına qaldığın kimi biz də ölkə rəhbərinin qayğısına qalırıq. Onu qətiyyən hirsləndirmək olmaz. Bunun axırı pis ola bilər," - deyə mənə atmacalar atdı. Problemin ciddi olduğunu anladığımdan onunla söz güləşdirmədim. Sağollaşarkən general mənə Moskvanı ömürlük unutmağı tapşırdı. O gündən başlayaraq hər həftənin sonları iki nəfər KQB əməkdaşı sirkin qabağına gələrək, məni ciddi nəzarətə alırdı. Eyni zamanda aerokassalara da tapşırılmışdı ki, mənə bilet satılmasın. Əslində, heç özüm də getməyə cürət etməzdim. Hökumətlə siçan-pişik oynamaq mənə lazım deyildi. O ki qaldı sirkin müdiri Fradkisə, o yazığı da möhkəm incitdilər. Yeddi gün dalbadal KQB-də sorğu-suala tutub, hər dəfə hönkür-hönkür ağlatdılar. Onun nə kimi işgəncələrə məruz qaldığını bilməsəm də, məsələnin qəliz olduğunu təxmin edirdim. Bununla belə, söhbətə müdaxilə edə bilməzdim. Xoşbəxtlikdən sonda Qalina şəxsən problemə aydınlıq gətirdi. Atasından bizi rahat buraxmasını xahiş etdi. Beləcə, bu söz-söhbətə birdəfəlik nöqtə qoyuldu."

SON SÖZ ƏVƏZİ:

Bəli, siyasi təcrübədə belə hallara çox rast gəlinir. Ən yeni tarixi götürsək, görərik ki, köhnə adət-ənənə hələ də bir çox dövlətlərdə unudulmayıb, əsasən də postsovet məkanında, yəni MDB ölkələrində. Məsələn, Ukraynanın sabiq prezidenti Yuşenko yenicə vəzifəyə keçərkən onun yeniyetmə oğlu barədə qalmaqallı xəbər yayıldı. Məlum oldu ki, oğlanın sürücülük vəsiqəsi olmadığı halda, o, 200 min dollarlıq maşın sürür. Bundan başqa, 40 min dollarlıq mobil telefon gəzdirir. Hələ bu azmış kimi, yol hərəkəti qaydalarını da kobud surətdə pozaraq qəza vəziyyəti yaradır. Bu məlumatı ilk yayan mətbu orqanının rəhbəri hadisədən bir neçə gün sonra yerli Polis İdarəsinin iqtisadi cinayətlər üzrə şöbəsinə çağırıldı. Xeyli çək-çevirə salındıqdan sonra ondan izahat alındı. Sonda həmin mətbu orqanı guya külli miqdarda vergidən yayındığı üçün bağlandı və bu barədə cinayət işi açıldı. Və ya bir başqa misala nəzər salaq. Heç kimə sirr deyil ki, Gürcüstanın eks prezidenti Eduard Şevardnadzenin kürənəni çevrilişdən dərhal sonra tutulmuşdu. Yeni prezident Saakaşvilinin maraqlarını güdən polislər bu şəxsdən kapitalının 50 faizini dövlət büdcəsinə köçürməyi tələb etdilər. Sözsüz ki, 50 faizin nə qədər pul olduğunu heç kim dəqiq deyə bilməzdi. Odur ki, həmin adam büdcəyə simvolik bir məbləğ ödəməklə məsuliyyətdən yaxa qurtardı. Siyasi şoudan qalib çıxan Saakaşvili isə daha çox öz şəxsi büdcəsini doldurmaqla məşğul oldu. Göründüyü kimi, təhlükəsizlik orqanları bu dəfə də işbaz prezidentin maraqlarına işlədi...

Könül Aypara

O.M.