Aİ ölkələri Belarusa qarşı sanksiyaları razılaşdıra bilmədilər

Aİ ölkələri Belarusa qarşı sanksiyaları razılaşdıra bilmədilər

24 Sentyabr 09:09
2 320
Bəyəndim (2) Bəyənmədim (0)

Sentyabrın 23-də Belarus prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib və bununla da onun rəsmi şəkildə ölkəni növbəti 5 il üçün idarəetmə hüququ təsdiqlənmiş olub. Təbii ki, Belarusda Lukaşenkonun prezident seçilməsinə qarşı etiraz aksiyalarının səngidiyi bir vaxtda Qərb dövlətlərinin məsələyə münasibətində də ciddi fikir ayrılıqları nəzərə çarpmaqdadır. Bunu Avropa İttifaqı ölkələri Xariçi İşlər nazirlərinin son toplantısında Belarusdakı seçkilər ilə bağlı fikir ayrılıqlarının özünü göstərməsi də bir daha sübut etməkdədir. Bu baxımdan diqqəti cəlb edən ən önəmli hadisələrdən biri Avropa İttifaqı ölkələrinin XİN başçılarının Belarusla bağlı sanksiya siyahısını razılaşdıra bilməmələri olub. Məsələ ilə bağlı mətbuata açıqlama verən Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin bildirdiyinə görə, Aİ üzvü olan ölkələrin əksəriyyəti Belarusda keçirilən seçkilərə münasibətdə fərqli mövqelərdən çıxış edirlər. Onun sözlərinə görə, Avropa liderləri sentyabrın 24-25-də keçiriləcək sammit zamanı bu məsələyə yenidən baxacaqlar.
"Bu məsələ üçün bizə yekdil qərar lazımdır, indi isə zalda yekdil fikir yox idi", — deyə Borrel Minskə qarşı sanksiyaların müzakirəsinin yekununu şərh edib.
Bununla yanaşı, Avropa diplomatiyasının rəhbəri sonradan bəyan edib ki, Belarusa qarşı sanksiyalar məsələsi "yekdil fikir olmadığından" gündəmdə qalmayıb. O, Avropa dövlətlərinin bir sıra nümayəndələrinin Minskə qarşı daha sərt sanksiyaları müzakirə etməyə hazır olmadıqlarını bildirib.
Borrel Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı tətbiq oluna biləcək sanksiyalara görə Avropa diplomatlarının da vahid mövqeyinin olmadığını söyləyib.
"Bu, hələ müzakirə olunur. Bu, taktika məsələsidir, sanksiyalar məsələsində mərhələli yanaşma var. Bəziləri hesab edirlər ki, Lukaşenkonu sanksiya siyahısına salmaq lazımdır, digərləri isə bununla razılaşmırlar. Hazırda bu məsələdə Aİ ölkələri arasında vahid razılıq yoxdur", - deyə Borrel bildirib.
Avropalı diplomat "Belarusda vəziyyət pisləşməkdə davam edir" fikrini də ifadə edib. O qeyd edib ki, Aİ ölkələrinin XİN liderləri Lukaşenkonu ölkənin legitim lideri kimi tanımayıb və onu prezident seçkilərini yenidən keçirilməyə çağırıb. Borrel bildirib ki, Avropada olan məlumatlara görə, seçkilər saxtalaşdırılıb.
"Biz Belarus xalqını, onların demokratiyaya can atmasını, eləcə də ATƏT-in himayəsi altında yeni ədalətli seçkilərin keçirilməsini dəstəklədik. Aİ - nin məqsədi Belarusda azad seçkilərdir. Bizim heç bir gizli maraqlarımız, ölkənin daxili işlərinə qarışmaq arzumuz yoxdur, Biz, sadəcə, azad seçkilərə can atan Belarus xalqını dəstəkləmək istəyirik", — deyə Borrel bildirib.
Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Dövlət başçısı Aleksandr Lukaşenko seçkidə 80,1% səs toplayıb. Seçkinin ilkin nəticələrinin açıqlanmasından sonra Belarusda genişmiqyaslı etiraz aksiyaları başlayıb. Mitinq iştirakçıları Lukaşenkonun dövlət başçısı vəzifəsindən getməsini və yeni seçkilərin keçirilməsini tələb ediblər.
Bununla yanaşı, Avropa diplomatiyasının rəhbəri bəyan edib ki, Avropa İttifaqı Belarusun daxili işinə müdaxilə etmək niyyətində deyil. Daha əvvəl Rusiya XİN-də Aİ ölkələri Belarusla əməkdaşlığın hazırkı kursuna yenidən baxmağa çağırıblar, çünki Avropa İttifaqının hazırkı yanaşması ölkədə vəziyyətin normallaşmasına mane olur.
Bütün hallarda hadisələrin gedişi bir daha göstərir ki, Qərb ölkələri Belarusda keçirilən seçkilərə münasibətdə Lukaşenkonun legitimliyini şübhə altına almaqla Rusiyanın adıçəkilən ölkəni hər vasitə ilə işğal etmək niyyətini reallaşdırması cəhdinə yardım etmiş olublar. Çünki Belarusda Lukaşenkoya qarşı etiraz nümayişləri də Rusiya tərəfindən müxtəlif yollarla ələ alınan və saxta müxalifət rolunu oynayan siyasi güclər tərəfindən təşkil edilmişdi. Soçidə Lukaşenko ilə Putin arasında keçirilən görüşdə əldə edilən hansısa gizli razılıqdan sonra etiraz nümayişləri dalğasının yatması da bu ehtimalı bir daha təsdiqləyir. Vəziyyət belə davam edəcəyi təqdirdə yaxın illərdə Belarus adlı dövlət dünyanın siyasi xəritəsindən silinərək Rusiyanın adi quberniyalarından birinə çevriləcək...
Emin Axund

Oxuməni.az