Sən demə, İsa peyğəmbərin arvadı və uşağı var imiş

Sən demə, İsa peyğəmbərin arvadı və uşağı var imiş

10 May 2012 12:39
7 755
Bəyəndim (0) Bəyənmədim (0)
Araşdırma: "Davinçi Kodu " filmi xristian dəyərlərinə sarsıdıcı zərbə vurdu

BAŞ TUTMAYAN PREMYERA

Bir neçə il bundan əvvəl xəbərlər proqramlarının birində belə bir məlumat yayılmışdı: "Qafqaz müsəlmanları idarəsi" Davinçi kodu" adlı kinofilmin qadağan edilməsi üçün Mədəniyyət Nazirliyinə rəsmi müraciət göndərib. Müraciətdə filmin ssenarisinə irad tutulur, İsa peyğəmbərin təhqir olunduğu bildirilirdi. Onu da qeyd edək ki, buna qədər filmin nümayişinə Hindistanda, Rusiyada və bir çox Avropa ölkələrində qadağa qoyulub. Hətta məşhur Kann kinofestivalında "Davinçi kodu" kinosu çoxsaylı tənqidlərə məruz qalıb. Bəs görəsən, bu qədər səs-küyə səbəb olan film nədən bəhs edir? Nə üçün ona bütün xristian aləmi, o cümlədən, Roma papası kəskin etirazını bildirib? Mövzuya keçməzdən əvvəl onu demək istərdik ki, son illərin araşdırmaları xristian dəyərlərinin kəskin təhrif olunduğunu sübuta yetirib. Başqa sözlə, İsa peyğəmbərin Mariya Maqdalina adlı qadınla evli olduğu, bu nikahdan bir qız uşağının dünyaya gəldiyi sübuta yetirilib. Halbuki, onun evli olduğu xristian dindarları tərəfindən inkar edilir. Məhz "Davinçi kodu" romanında və kinofilmində də bu barədə ətraflı söhbət açılır.

KİNONUN SÜJETİ HAQDA

"Davinçi kodu" filmi dahi rəssamın "Gizli şam yeməyi" adlı əsərinin nümayişi ilə başlayır. Belə ki, həmin rəsmdə İsa peyğəmbərin silahdaşları ilə birlikdə şam yeməyi mərasimi təsvir olunur. İlk baxışdan burada qeyri-adi heç nə yoxdur. Lakin son dövrün araşdırmaları sübut etmişdir ki, mövcud rəsm əsərində Leonardo da Vinçi bəzi gizli mətləblərə aydınlıq gətirməyə çalışmışdır. Daha dəqiq desək, o, İsa peyğəmbərin yanındakı adamın Mariya Maqdalina olduğunu göstərmək istəyibmiş. Deyilənə görə, bu qadın peyğəmbərin arvadı olmuşdur və onların nikahından bir qız uşağı dünyaya gəlmişdir. Filmdə Leonardo da Vinçinin başqa əsərləri və əlyazmalarındakı məxfi kodlardan (işarələrdən) da sitat gətirilmişdir. Ümumiyyətlə, "Davinçi kodu" filmində İsa peyğəmbərin Mariya Maqdalina ilə nikahından törəmiş nəslin aqibətindən danışılır. "San Qral" (ingiliscədən tərcüməsi "müqəddəs qan" deməkdir) adlı bu nəslin nümayəndələri gizli təşkilatda birləşirlər. Onlar ən müqəddəs insanlar olduqlarını iddia etdikləri halda, Roma papası və Fransız şahı tərəfindən təqib olunurlar. Hətta bu məxfi təşkilatın üzvlərinin məhv edilməsi barədə rəsmi sərəncam da verilir. Beləcə, təqibə məruz qalan təşkilat üzvləri müqəddəs olduqlarını sübuta yetirən sənədi gizlətməyə çalışırlar. Onların bir qismi öldürülsə də, bəziləri sənədi xilas edərək İngiltərəyə apara bilirlər.

Hal-hazırda London şəhərində qeyri-adi memarlıq üslubunda tikilmiş kilsə vardır. Bu kilsənin beşulduzlu formada olması, şüşələrin qızılgül fiqurları ilə bəzədilməsi "San Qral" sektasının sağ qalmış üzvləri tərəfindən inşa edildiyindən xəbər verir. Məlumat üçün qeyd edək ki, "San Qral" təşkilatının rəsmi gerbində və möhüründə beşulduz və qızılgül nişanələri olmuşdur. Bundan əlavə, dünyanın heç bir kilsəsində bu cür nişanələr yoxdur.

BEŞULDUZ VƏ QIZILGÜL NƏDƏN XƏBƏR VERİR?

Ta qədimdən məlumdur ki, beşulduz və qızılgül fiqurları qadınların hökmranlığının rəmzidir. "San Qral" təşkilatının bu simvollardan istifadə etməsi onların qadınlara böyük önəm vermələrindən xəbər verir. Daha dəqiq desək, onlar nənələri saydıqları Mariya Maqdalinanı İsa peyğəmbərdən üstün tuturlar və ailədə, cəmiyyətdə qadının daha nüfuzlu olduğunu iddia edirlər. Onlar öz ideyalarını "cənnət anaların ayaqları altındadır" fikri ilə izah etməyə çalışırlar. Bütün dövrlərdə təqiblərə və hücumlara məruz qalan "San Qral" təşkilatı bu gün də yaşamaqdadır. Onlar hər zaman ölüm təhlükəsi ilə üz-üzə qaldıqları üçün fəaliyyətlərini gizli şəraitdə davam etdirməli olmuşlar. "Davinçi kodu" filmində Leonardo da Vinçinin XIV əsrin sonlarında "San Qral" təşkilatına rəhbərlik etdiyi bildirilir və onun çəkdiyi əsərlərdə gizli işarələrin olduğu göstərilir. "Gizli şam yeməyi" rəsmi də belə əsərlərdən biridir.

"GİZLİ ŞAM YEMƏYİ" ŞƏKLİNƏ BAXDIQDA...

Şəklin mərkəzində İsa peyğəmbər təsvir olunmuşdur. Onun sağ tərəfində apostol İohan əyləşmişdir. Diqqətlə baxdıqda, görmək olar ki, apostol İohan obrazı əslində qadındır. Alimlərin fikrincə, rəssam burada Mariya Maqdalinanı təsvir edibmiş. Məhz o qadını ki, İsa peyğəmbərin qızının anası olmuşdu. Mariya Maqdalinanın yanında əyləşmiş apostol Petr əlində bıçaq tutur. O, İsa peyğəmbərdən sol tərəfdə oturmuş adamları vurmağa hazırlaşır. Göründüyü kimi, onlar da təşviş içərisindədirlər. Alimlərin fikrincə, peyğəmbərin sağında əyləşmiş adamlar "San Qral" təşkilatının yaradıcılarıdır. Soldakılar isə bu fikrə müxalif olanlardır. Məhz bu səbəbdən onların arasında mübahisə düşür.

DAHİ ŞƏXSİYYƏT VƏ YA FIRILDAQÇI

Ümumiyyətlə, Leonardo da Vinçi fenomeni sirli olduğu qədər də mürəkkəbdir. Bildiyiniz kimi, İntibah dövrünün dahilərindən sayılan bu insan zamanı yüz illərlə qabaqlaya bilmişdi. Onun bir çox ixtiraları, layihələri, sxemləri, düsturları hələ də elm aləmini təəccübləndirir. Belə ki, Leonardo da Vinçi hələ XIV-XV əsrlərdə tankın, velosipedin, sualtı gəminin, avtomobilin, təyyarənin çertyojlarını çəkmişdi. Onun bu ixtiraları öz dövründə qiymətləndirilməsə də, əsrlər sonra həyata keçdi. Leonardo da Vinçi istedadlı alim və rəssam olmaqla yanaşı, həm də avantürist fırıldaqçı olmuşdu. Yadınızdadırsa, "Turin örtüyü" barədə məqalə yazmışdıq. Həmin məqalədə Leonardo da Vinçinin növbəti fırıldağından bəhs olunurdu. Belə ki, uzun illər İsa peyğəmbərin kəfəni olduğu zənn edilən parça əslində rəssamın yaratdığı saxtakarlıq nümunəsi imiş. Daha dəqiq desək, ötən əsrin 80-ci illərində Roma papası II İohan Pavelin xahişi ilə ABŞ alimləri İsa peyğəmbərin kəfənindən bir hissə götürüb, laboratoriyada araşdırdılar. Məlum oldu ki, bu kəfən İsa peyğəmbərin dövrünə deyil, XIV əsrə aiddir. Orada əks olunan qara kölgələr isə başqa şəxslərə məxsusdur. Bir müddət morqda çalışan Leonardo da Vinçi hansısa bir ölünün bədənini, bir başqasının isə başını parçaya həkk edərək, qanlı kölgələr ala bilmişdi. Sonralar o, bu parçanın İsa peyğəmbərə məxsus olduğunu bildirərək, "Turin örtüyü" adı ilə Vatikana (xristianların mərkəzi dövlətinə) sırımışdı. Guya peyğəmbər məhz həmin kəfəni yırtaraq, zühur etmişdi. O dövrdən etibarən bütün dünya mələfənin İsa peyğəmbərə aid olduğunu zənn edirdi. Lakin ötən əsrin 80-ci illərində fırıldağın üstü açıldı. Məlum oldu ki, insanlar bir neçə əsrdir aldadılıblar və parça Leonardo da Vinçinin növbəti fırıldaqlarından biridir.

HƏYAT ELMİ

Leonardo da Vinçi notariat kontorunun rəisinin nikahdankənar övladıdır. Bu səbəbdən onun uşaqlığı çətin keçmişdir. Balaca Leonardo dəqiq elmlərə maraq göstərsə də, doğru-dürüst təhsil ala bilməmişdi. Onun pasifist (sülhsevər) baxışlara malik olması da ağır keçən uşaqlıq və gənclik illərindən xəbər verir. Demək olar ki, Leonardo taleyin ümidinə böyümüşdü və həyatın çətin sınaqları onun şəxsiyyət kimi yetişməsində müstəsna rol oynamışdı. Heç təsadüfi deyil ki, Leonardo da Vinçinin 7 mindən artıq əsərində və əlyazmalarında onun uşaqlıq dövründən bəhs olunmur. Bununla belə, o, şedevrləri ilə hər kəsi heyran edə bilmişdi. Məsələn, "Cokonda" əsərində Mona Lizanın təbəssümü zərgər dəqiqliyi ilə çəkilmişdi. Qəhrəmanın mimikasının dəqiq verilməsini möcüzə adlandırmaq olar. Belə ki, "Cokonda"nı təkrarən çəkənlər onun təbəssümünü təsvir edə bilmirlər. Hətta foto şəkildə də bu mimika görünmür. Alimlərin fikrincə, Leonardo da Vinçi bu nəticəni dəqiq riyazi hesablamaların köməyi ilə ala bilmişdi. Onun güclü riyaziyyatçı olması bütün əsərlərindən bəlli olur. Rəssam çəkdiyi şəkillərdə və çertyojlarda "qızıl bölgü" prinsipindən istifadə etmişdi. Bu prinsip Misir piramidalarının inşası zamanı da istifadə olunmuşdu. "Qızıl bölgü" nədir? O, müəyyən fiqurun qeyri-bərabər bölünməsidir. Daha dəqiq desək, balaca fiqurun böyüyə nisbəti böyüyün ümumi fiqura olan nisbətinə bərabərdir. Bu dəqiqliyi əldə etmək çətin olsa da, mümkündür. Məhz buna görə də Leonardo da Vinçinin əsərləri vasitəsilə riyazi rəqəmləri nümayiş etdirmək istədiyini düşünmək olar. Rəssam həmin rəqəmlərin altında gizli fikirlərini çatdırmağa çalışıb. Belə ki, "Gizli şam yeməyi" şəklində təsvir olunan insan fiqurlarının riyazi hesablanması ilə "San Qral" təşkilatının yaranma tarixini, üzvlərinin sayını və bir çox başqa mətləbləri müəyyən etmək mümkün olub.

SON SÖZ ƏVƏZİ:

Bir neçə il bundan əvvəl xristianlar müsəlman dəyərlərini təhqir etməyə cəhd göstərmişdilər. O zaman onlar bizlərə qarşı birləşə bildilər. Bu günün reallığı isə "Davinçi Kodu" romanı və kinofilmidir. Həmin əsərlərdə xristian dəyərləri şübhə altına alınır. Yəni İsa peyğəmbərin Mariya Maqdalina ilə nikaha girməsindən və onların dünyaya qız uşağı gətirmələrindən bəhs olunur. Əgər bu fikir öz təsdiqini taparsa, onda xristian dəyərləri bir daha sarsılmış olacaq. Axı onlar İsa Məsihin ailə qurmadığını və övlad sahibi olmadığını bəyan edirlər! Biz müsəlmanlar da bu məsələ ətrafında birləşmişik. Lakin xristianlar kimi düşmən mövqedə dayanmaq üçün yox, onlara dəstək vermək üçün "Davinçi kodu"na "yox" deyirik. Çünki İsa peyğəmbər bizim də peyğəmbərimizdir. Bu baxımdan "Qafqaz müsəlmanları idarəsi"nin bəyanatını alqışlamaq olar!

Natiq Qocaman

O.M.