Ukrayna və Qərb Belarus uğrunda mübarizədə Rusiyaya uduzub

Ukrayna və Qərb Belarus uğrunda mübarizədə Rusiyaya uduzub

17 Sentyabr 2020 11:20
Bəyəndim (5) Bəyənmədim (0)

Moskvanı Minskə yaxınlaşdıran Belarus böhranı Kiyevin getdikcə ziddiyyətli reaksiyasına səbəb olur. Ukrayna Ali Radası Belarusda prezident seçkilərini pisləsə də, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İspaniyanın Mundo qəzetinə müsahibəsində gözlənilmədən Aleksandr Lukaşenkonu müdafiə edib. Ukrayna diplomatiyası rəhbərinin sözlərinə görə, əgər Belarusun daimi lideri zəifləyərsə, Rusiya ölkə ərazisindən Ukraynaya hücum üçün plasdarm kimi istifadə edə bilər.
Rusiya prezidenti Vladimir Putinlə Soçidə görüşən Aleksandr Lukaşenkoya gəlincə, o, ölkədə vəziyyəti öz əlində saxlamalı olacaq. Çərşənbə axşamı "Rossiya" telekanalında yayımlanan "60 dəqiqə" adlı siyasi tok-şounun efirində Rusiya güc strukturlarının Belarus sərhədindən dislokasiyasının görüntüləri bunun təsdiqi oldu. Söhbət əvvəllər Vladimir Putinin sərəncamı ilə belaruslu həmkarının xahişinə cavab olaraq yaradılmış "Hüquq-mühafizə orqanları əməkdaşlarının ehtiyatı" ndan gedir.
Beləliklə, Aleksandr Lukaşenkonun altıncı müddətə prezident seçilməsini saxta sayan etirazçılara qarşı Moskva tərəfindən dəstəklənməsi müxalifətin yeni seçkilərə olan ümidlərini boşa çıxarıb. Artıq Rusiya Belarusun maliyyə problemləri ilə məşğul olacaq. Xatırladaq ki,Aleksandr Lukaşenkonun Vladimir Putin ilə görüşünün yekunlarına əsasən, Rusiya Belarusa 1,5 milyard dollar kredit verəcəyini bəyan edib
Bütün bunların fonunda belaruslu hərbçilər də xarici təhdidlərə cavab olaraq özlərinin də döyüşə hazır olduqlarını nümayiş etdirməyə çalışırlar. Belarusun müdafiə nazirinin köməkçisi Oleq Voinovun sözlərinə görə, bu təhdidlər Litva və Polşadan gəlir. "Ölkədə sabitliyin pozulmasına, informasiya məkanında vəziyyətin gərginləşməsinə, kütləvi iğtişaşların yaranmasına yönəlmiş tədbirlər dövlətlərarası münasibətlərdə də ciddi gərginliyin artmasına gətirib çıxardı",- deyə Oleq Voinov qeyd edib. Onun sözlərinə görə, xarici təhdidlərə cavab olaraq Belarus qonşularla hərbi əməkdaşlıqdan imtina edə bilər.
Öz növbəsində, Minsk ilə Moskvanın hərbi əməkdaşlığı həmişəkindən daha fəaldır. Bazar ertəsi Belarus qoşunları "Qafqaz-2020" komanda-qərargah təlimlərinə qatılıblar. Onlar Brest hərbi poliqonunda keçirilən " Slavyan qardaşlığı -2020 " adlı hərbi təlimlərdə iştirak edirlər. Artıq oktyabrın 12 - də Belarusda "Sarsılmaz qardaşlıq" hərbi təlimləri keçiriləcək. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) himayəsi altında keçiriləcək hərbi təlimlərdə Rusiya və əlavə Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan da iştirak edəcəklər.


Əgər Moskvanın Belarusdakı vəziyyətə münasibəti artıq formalaşıbsa, Kiyev hələ də bu məsələdə ardıcıl mövqe nümayiş etdirməyib. Bir tərəfdən, Ukrayna Ali Radası Brüsselin ritorikasını demək olar ki, təkrarlayan qərar qəbul edib. Ali Rada tərəfindən qəbul edilən sənəddə deyilir ki, avqustun 9-da Belarusda keçirilmiş prezident seçkisi "nə azad, nə də ədalətli olub".
Amma Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın İspaniyanın Mundo qəzetinə verdiyi müsahibədə başqa bir fikir səsləndi ki, sən demə, Ukraynanı Rusiyanın mümkün müdaxiləsindən məhz cənab Lukaşenko müdafiə edir.
Kuleba : ”Belarusun ərazisindən Rusiyanın Ukraynaya qarşı istifadə etməyəcəyinə dair çox zəmanətimiz var idi. Əgər Lukaşenko zəifləyərsə, bu təminatlar mövcud olmayacaq",-deyib.
Bununla yanaşı, Kiyev Aleksandr Lukaşenkonu hakimiyyət uğrunda mübarizədə dəstəkləmək niyyətində də deyil. "Azadlıq və demokratiya uğrunda mübarizədə cəmiyyəti dəstəkləmək hamısından yaxşıdır”,-- deyə Dmitri Kuleba Aİ tərəfindən Minskdə ayrı-ayrı vəzifəli şəxslərə qarşı fərdi sanksiyaların tətbiqini "məntiqi reaksiya" adlandırıb. Bununla yanaşı, o, Belarusun müxalifətin qələbə qazanacağı təqdirdə belə, rusiyapərəst qalacağı fikrini də söyləyib.
Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin sözlərinə görə, Belarusa qarşı Avropa İttifaqında sanksiyalara dair konsensusa gəlmək üçün sentyabrın 24-25-də keçiriləcək Avropa Şurasının iclasına ümid edilir. Cənab Borrel də Brüsselin mövqeyini xatırlatmağı lazım bildi ki, Aleksandr Lukaşenko Belarusun qanuni prezidenti deyil.
Belarus siyasi analitiki Artem Şreybman isə deyib ki, istənlən halda Kiyev və Brüssel Belarusdakı vəziyyətə təsir etmək üçün kifayət qədər rçaqlara malik deyil.
Hazırda Polşada olan Belarus Müxalifət Koordinasiya Şurasının Rəyasət Heyətinin üzvlərindən biri Pavel Latuşko isə deyib ki, kütləvi etiraz aksiyalarının ay ərzində, daha yarım il və ya bir il ərzində baş verəcəyini təsəvvür etmək çətindir:
“Ancaq eyni zamanda, biz görürük ki, ictimai etirazlar həm Minskdə, həm də digər bölgələrdə böyük həcmdə davam edir. Mən əminəm ki, etiraz potensialı hələ tükənməyib".
Beləliklə Ukrayna Belarus uğrunda mübarizədə səhv mövqe tutaraq Rusiyaya uduzub. Eyni sözləri Avropa İttifaqı haqqında da demək olar.
Bütün bunların fonunda isə ortada acı bir həqiqət var: Bu da ondan ibarətdir ki, Qərb ölkələri Ukraynaya münasibətdə olduğu kimi, Belarusla bağlı da eyni səhvləri buraxdılar. Onlar istənilən halda Rusiya tərəfindən Lukaşenkoya qarşı Belarusda təşkil edilən etiraz aksiyalarını və onların Moskva tərəfindən idarə edilən yalançı, ələ alınmış müxalifət liderlərini deyil, hər vasitə ilə ölkənin müstəqilliyini qoruyub saxlamağa çalışan Lukaşenkonu müdafiə etməli idilər. Amma onlar bunu etmədilər və nəticədə Rusiya vəziyyətdən istifadə edərək Lukaşenkonu Belarusun gələcəyinin Qərbdən deyi, Rusiyadan asılı olduğuna inandıra bildi. Bütün bunlar da öz növbəsində Belarusun müstəqilliyini itirməsinə, Rusiya tərəfindən adıçəkilən ölkənin yaxın illərdə işğal edilməsinə aparır. Vəziyyət belə davam edəcəyi təqdirdə Aleksandr Lukaşenko müstəqil Belarusun sonuncu prezidenti olacaq...
Əziz Mustafa
Oxuməni.az