SENSASİYA: C.Kennedinin ölümü barədə yeni mülahizə

SENSASİYA: C.Kennedinin ölümü barədə yeni mülahizə

7 May 2012 14:59
Bəyəndim (0) Bəyənmədim (0)
ARAŞDIRMA: 1963-cü ildə ABŞ-da insan beyni qədər şüurlu olan xüsusi qurğu var imiş

İNSANI ƏVƏZ EDƏCƏK ROBOT AXTARIŞINDA

1962-ci ilin 6 mart tarixində ABŞ dövlətinin sifarişi ilə Livermor-Fors adlı şəhərciyin kibernetika laboratoriyasında qeyri-adi bir təcrübəyə start verildi. Dünya tarixində ilk dəfə olaraq insan şüurunu əvəz edə biləcək kompüter proqramının hazırlanmasına başlandı. Bunun üçün "Harsvild" şirkətindən ən son model Elektron Hesablama Maşını alındı. Müqayisə üçün onu deyək ki, bu EHM (Elektron Hesablama Maşını) o dövrün ən mütərəqqi kompüteri sayılırdı.

UĞURSUZ BAŞLANĞIC

Layihənin rəhbərləri texniki elmlər doktorları Vlastimil Yerniçek və Leonard Zarkov idilər. Hər iki alim əmin idi ki, tezliklə insanı əvəz edə biləcək robotu yaratmaq olar. Bunun üçün ilk növbədə şüurlu cihazı əldə etmək tələb olunurdu. Alimlər xeyli araşdırmalardan sonra "Velzi" adlı xüsusi proqram yazdılar. Bu proqrama əsasən, insan EHM-lə sual-cavab apararkən onların dialoqu son dərəcə məntiqli olmalı idi. Başqa sözlə desək, yazılı söhbət zamanı kimin canlı insan kimin cansız texnika olması bilinməyəcəkdi. İlk təcrübələr o qədər də ürəkaçan olmadı. Belə ki, EHM-in yazı yazmaq qabiliyyəti normal insanınkı qədər mükəmməl olsa da, düşünmək qabiliyyəti dəlininkini xatırladırdı. Texnika verilən sualları gah klassiklərin əsərlərindən sitat gətirməklə cavablandırır, gah da körpə uşaq kimi qırıq-qırıq cümlələr qurmaqla kifayətlənirdi. İstənilən halda cavablar sualların mövzusuna qətiyyən uyğun gəlmirdi.

13 YAŞLI YENİYETMƏNİN ŞÜURU QƏDƏR

1962-ci ilin 18 dekabr günü təcrübənin tarixində dönüş mərhələsi oldu. Həmin gündən etibarən EHM özünü "mən" adlandırmağa başladı. Bu, o demək idi ki, artıq texnika da hər bir insan kimi mənliyə malik olduğunu anlayırdı. EHM cavablarında bu cümlələri dönə-dönə təkrarlayırdı: "Mən gərək daha böyük olam", "Mən gərək daha çox biləm". Layihənin rəhbərləri əmin idilər ki, EHM malik olduğu biliklərdən narazıdır və bir az da artıq informasiya əldə etmək istəyir. Odur ki, alimlər ABŞ dövlətinə rəsmən müraciət etdilər. Layihəyə əlavə bir neçə milyon dollar vəsait ayrıldı. Bu vəsaitin hesabına EHM-ə yeni yaddaş blokları quraşdırıldı. Nəticədə, cansız texnika 13 yaşlı yeniyetmənin şüuruna malik oldu.

ONUN FAYDALI MƏSLƏHƏTİ

Təcrübənin növbəti mərhələsində texnikaya "elektron məsləhətçi" rolunu oynamaq həvalə olunmuşdu. Daha doğrusu, o, istənilən informasiyanı təhlil edib, düzgün nəticə çıxarmalı və bu nəticəni səlist insan dilində ifadə etməli idi. Bunun üçün EHM-in yaddaşına idman xarakterli məlumatlar yükləndi. Texnikadan keçiriləcək boks yarışmalarının nəticəsini əvvəlcədən bilmək tələb olunurdu. Lakin verilən proqnozların heç biri həqiqətə uyğun gəlmədi. Buraxılan səhvləri təhlil edərkən EHM-in özü belə bir nəticəyə gəldi ki, onda olan statistik məlumatlar yetərincə deyil. Yəni düzgün proqnozlar vermək üçün idmançıların fiziki və psixoloji durumlarını bilmək çox azdır. Bunun üçün onların şəxsi həyatlarına da nüfuz etmək vacibdir. Daha doğrusu, idmançıların ailə üzvləri və menecerləri ilə söhbətlərini EHM-in yaddaşına köçürmək mütləq lazımdır. Belə çıxırdı ki, artıq texnika da şüurlu bir insan kimi hadisələrin nədən asılı olub-olmadığını dərk edirdi. 1963-cü ilin əvvəllərində bəzi idmançıların gizli telefon danışıqları əldə edilərək, yaddaşa ötürüldü. Məhz bundan sonra EHM-in verdiyi proqnozlar reallığa çevrildi. Təsəvvür edin ki, texnika keçirilən 12 görüşdən 11-nin nəticəsini düz tapmışdı. Əldə olunmuş uğur layihənin inkişaf edəcəyindən xəbər verirdi. Elə də oldu. Nailiyyətlərdən həvəsə gəlmiş ABŞ dövləti bu dəfə büdcədən 4 milyon dollar vəsait ayırdı. EHM özü çatışmayan cəhətləri barədə məlumat verirdi. Odur ki, alınmış vəsaitlərin böyük hissəsi bu mənfiliklərin aradan qaldırılmasına sərf olundu.

FİDEL KASTRONU SİÇAN ÖLDÜRMƏLİ İMİŞ

Mərkəzi Kəşfiyyat İdarəsi bu dəfə EHM-ə konkret tapşırıqla müraciət etdi. "Tam Məxfi" qrifti olan sifarişdə Kuba rəhbəri Fidel Kastronun fiziki cəhətdən məhvi barədə məsləhət istənilirdi. Bunun üçün onun bütün çıxışlarının stenoqrammı və sui-qəsdlərin tarixi mənzərəsi barədə geniş məlumat EHM-in yaddaşına köçürüldü. Texnika bu məlumatların az olduğunu bildirib, adi insan danışığının ritmini və intonasiyasını tələb etdi. Görünür, bununla EHM əsəbi, sevincək, kədərli və digər vəziyyətdə olan insanları bir-birindən ayırd etməyə çalışırdı. Çox güman ki, belə bir imkana malik olmaqla o, insanların səmimi olub-olmadıqlarını, yalan danışıb-danışmadıqlarını ayırd edəcəkdi. 1963-cü ilin may ayında EHM Kuba liderinin psixoloji vəziyyəti haqda geniş məlumat açıqladı. Həmin məlumatda Fidel Kastro ən ağıllı, cəsarətli, özünə inanan, qorxmaz, inadkar və digər güclü keyfiyyətlərə xas bir insan kimi səciyyələndirilirdi. Çox güman ki, bu, EHM-in müqayisə üçün götürdüyü adi vətəndaşlara nisbətən belə idi. Hər halda fakt faktlığında qalırdı. Kubanın rəhbəri elə-belə adam deyildi. Deməli, onu aradan götürmək də asan olmayacaqdı. EHM bu yolda bütün mümkün variantları təhlil etdi. Yuli Sezar dövründən bəri baş vermiş sui-qəsdləri, Kubanın mövcud coğrafi, siyasi-iqtisadi və digər sferalardakı vəziyyətini araşdıraraq, qəribə bir nəticəyə gəldi. EHM sui-qəsd cəhdinin uğurla həyata keçmə ehtimalını 15 faiz qədər qiymətləndirdi. ABŞ-ın ifşa olunacağını isə 100 faiz əmin etdi. Bununla belə, konkret 3 variant təklif etməyi də unutmadı:

I) Fidel Kastronu zəhərli maddələrlə doldurulmuş siqara qonaq etmək,

II) Ona quduzluq xəstəliyinə tutulmuş pişik bağışlamaq,

III) Kənardan radiodalğalarla idarə olunun siçan düzəltmək. Bu siçanın köməyi ilə onun damarına zəhərli iynə vurmaq.

Olduqca absurd görünən bu təkliflər Mərkəzi Kəşfiyyat İdarəsini hiddətləndirdi. Onlar layihəni maliyyə təminatından məhrum etmək məqsədilə hökumət qarşısında məsələ qaldırdılar. Buna baxmayaraq, təcrübənin davam etdirilməsi haqda qərar qəbul edildi.

DEYİLƏNƏ GÖRƏ...

Bəzi analitiklərin fikrincə, Mərkəzi Kəşfiyyat İdarəsi dəqiq bilirdi ki, ABŞ rəhbərliyində olan bəzi şəxslər ölkə prezidenti Con Kennedinin həyatına sui-qəsd etməyə hazırlaşırlar. Kəşfiyyatçılar bu sui-qəsddə EHM-in məsləhətindən istifadə oluna biləcəyini istisna etmirdilər. Ona görə də onlar layihənin yarımçıq bitməsinə can atırdılar. Sözsüz ki, bu halda sui-qəsdə hazırlıq görən dövlət rəsmiləri layihənin davam etdirilməsində maraqlı olmalı idilər. Heç təsadüfi deyil ki, 1968-ci ilin 20 mart günü SSRİ-nin nüfuzlu "Известия (Məlumatlar)" qəzeti belə yazırdı: "Amerika bizə kosmik tədqiqatlarda uduzduğu üçün bütün gücü kibernetikaya həsr edib. Lakin qonşularımız bilməli idilər ki, bəzən elmi inkişaf onu dünyaya gətirmiş cəmiyyətin öz əksinə çalışır. Prezident Kennedinin ölümünü bu qəbildən hesab etmək olar". O vaxtlar SSRİ ilə ABŞ-ın soyuq müharibə şəraitində yaşadığını nəzərə alsaq, deyilənlərin atmaca xarakterli olduğunu söyləyə bilərik. Bununla belə, məlumatda kifayət qədər şübhəli məqamlar var. Belə ki, prezident Kennedini öldürən Li Harvi Osvald adlı şəxs bir neçə dəfə "Harsvild" EHM-i qarşısında əyləşmişdi. O EHM ki, insan şüurunu əvəz edəcəkdi. Li Harvi Osvaldı qətlə yetirmiş Cek Rubi adlı şəxs də dəfələrlə həmin EHM-in həmsöhbəti olmuşdu. Bunu o dövrə aid olan rəsmi sənədlər də sübut edir. Məsələnin mahiyyətini anlamaq üçün yenidən geriyə nəzər salaq.

YENİ MƏXFİ TAPŞIRIQ

Layihənin rəhbərləri texniki elmlər doktorları Vlastimil Yerniçek və Leonard Zarkov Mərkəzi Kəşfiyyat İdarəsinin sərt mövqeyinə görə ruhdan düşmədilər. Əksinə, günün 10-12 saatını, həftənin 7 gününü işdə keçirməyə başladılar. Digər əməkdaşlar da onlara baxaraq ruhlandılar. Yeni vəzifə kimi ABŞ vətəndaşlarının psixoloji durumunu araşdırmaq məsələsi qoyuldu. Bu məqsədlə ölkənin müxtəlif yerlərindən Livermor-Fors şəhərciyinə onlarla adam dəvət olundu. Maraqlıdır ki, bütün xərclər layihənin məhdud büdcəsindən maliyyələşirdi. Mehmanxana, yemək, gəzinti məsrəfləri bir yana, hətta gələn adamlara müəyyən miqdarda pul mükafatları da verilirdi. Onların arasında EHM-lə 5 gün təlim keçmiş Li Harvi Osvald adlı şəxs də yer alırdı. O, 1963-cü ilin 16 noyabr günü təcrübə laboratoriyasını birdəfəlik tərk etdi. 22 noyabr tarixində isə ABŞ-ın prezidenti Con Kennedini və Texas ştatının qubernatoru Con Konnalini güllə ilə yaraladı. Qatil heç nə olmayıbmış kimi tüfəngini gizlədərək, evinə qayıtdı. Paltarlarını dəyişib, yenidən küçəyə çıxdı. Bu dəfə onun əlində tapança tutması təsadüfən yoldan ötən polisi şübhəyə saldı. Halbuki, Li Harvi Osvaldın həmin an tapançası yanında olmasaydı, cinayətin izi birdəfəlik itəcəkdi. O, 4 atəş açaraq həmin polisi qətlə yetirdi və yaxınlıqdakı kinoteatrda sığınacaq tapmağa çalışdı. Lakin elə buradaca yaxalandı. Bu hadisədən cəmi iki gün sonra Li Harvi Osvald milyonlarla tamaşaçının gözü qarşısında başqa bir şəxs tərəfindən öldürüldü. Cek Rubi adlı bu adam gecə klublarının birinin sahibi idi. İstintaq sübuta yetirdi ki, hər iki şəxs dəfələrlə ölkənin ucqarında yerləşən Livermor-Fors şəhərciyində olmuşlar, burada gizli kibernetika laboratoriyasına baş çəkmişlər.

KENNEDİNİ QƏTLƏ YETİRMƏYİ İNSANLARA CANSIZ TEXNİKA ƏMR EDİBMİŞ

Cinayət işini aparan müstəntiq laboratoriyaya səfər etdikdən sonra faktı inkar etdi. O, hər iki cinayətkarın Livermor-Fors şəhərciyinə gəlişini sırf təsadüf adlandırdı. Əməkdaşının verdiyi hesabatdan narazı qalan istintaq rəhbəri Rey Bredli özü şəxsən hadisə yerinə yollandı və ilk əvvəl laboratoriya işçilərini EHM-dən uzaqlaşdırmağa cəhd göstərdi. Onlar hökumət nümayəndələrinə silahlı müqavimət göstərdilər. Nəticədə, 2 nəfər hüquq mühafizə əməkdaşı qətlə yetirildi. Hadisənin səhəri günü layihənin rəhbərləri Vlastimil Yerniçek, Leonard Zarkov və digər əməkdaşlar müəmmalı şəraitdə intihar etdilər. Onlar öz ölümləri ilə bir neçə sualı cavabsız qoydular. Buna baxmayaraq, istintaq rəhbəri Rey Bredli gəldiyi qənaəti geniş ictimaiyyətə təqdim etdi. O, hamıya bəyan etdi ki, ABŞ prezidentinin ölüm planını "Velzi" proqramlı EHM hazırlayıbmış. Bu işdə cinayətkarlara dövlət strukturlarında çalışan bəzi nəhəng simalar maliyyə dəstəyi veriblərmiş. Rey Bredlinin açıqlaması həm də ona görə maraqlı idi ki, o, bir neçə suallara cavab verirdi. İstintaq rəhbərinin fikrincə, Con Kennedinin guya ölkəyə yararsız rəhbər olmasını da, onun fiziki cəhətdən məhv edilməsi planını da EHM hesablamışdı. Bundan başqa, EHM insanları neyrolinqvistik proqramla öz təsiri altına alırdı. Bu o demək idi ki, layihənin rəhbərləri, sıravi işçiləri və iştirakçıları EHM-in yürütdüyü istənilən fikri ən düzgün və optimal seçim kimi qiymətləndirirdilər. Ona görə də hər kəs onun dediklərini qeyri şərtsiz yerinə yetirirdi. Doğrudur, istintaq qrupu sonda öz qərarını dəyişdi və sui-qəsdlə EHM-in birbaşa əlaqəsi olmadığını söylədi. Komissiya üzvləri laboratoriya əməkdaşlarının kütləvi intiharını da sırf təsadüf adlandırdı və bu hadisənin prezidentin qətli ilə bağlı olmadığını söylədi. Bununla belə, bəzi məsələlər bizi düşünməyə vadar edir. Əvvəla, məlum terror hadisəsindən sonra "insanı əvəz edə biləcək EHM-in yaranması" layihəsi tamamilə dayandırıldı. İkincisi, "Harsvild" şirkəti müflis edildi. Üçüncüsü, sənədlər "tam məxfi" qrifti ilə arxivə göndərildi.

Ümumiyyətlə, Con Kennedinin ölümü ilə əlaqədar bir neçə mülahizə mövcuddur. Hər bir mülahizənin də özünə görə əsası vardır. Odur ki, mövcud cinayətdə EHM-in rolunu inkar etmək, bu rolu yeganə fakt kimi qələmə vermək qədər əsassız olardı.

DÜŞÜNMƏK ÜÇÜN FAKT

1969-cu ildə SSRİ rəhbəri L.İ.Brejnevə də sui-qəsd cəhdi edilmişdi. Məhz həmin hadisədən sonra çoxfunksiyalı "Elbrus" EHM-ləri və "BESM-6" qurğusu istehsalatdan yığışdırıldı. Eyni zamanda ölkədəki bütün EHM layihələri ciddi nəzarət altına alındı. Bunun adi bir təsadüf olduğunu da demək olardı, lakin ABŞ-dakı analoji hadisə problemin son dərəcə ciddi olduğuna işarədir.

Mayıl İsmayılov

O.M.