ABŞ Çinin fövqəldövlət olmasına imkan vermək istəmir

ABŞ Çinin fövqəldövlət olmasına imkan vermək istəmir

1 Sentyabr 14:28
7 052
Bəyəndim (4) Bəyənmədim (0)

Cənubi Çin dənizi (CQD) Vaşinqtonla Pekinin birbaşa qarşıdurma meydanına çevrilir. Çin təlim zamanı dəniz akvatoriyası boyu təyyarə daşıyıcılarının qatili adlandırılan ballistik raketləri sınaqdan çıxarıb. Buna cavab olaraq ABŞ ilk dəfə 26 Çin məmurunu və mübahisəli adalarda hərbi bazaların tikintisinə aid olan şirkətləri qara siyahıya salıb. Üstəlik Vaşinqton rəsmi şəkildə Çinin bölgədə güclənməsinə müqavimət göstərəcəklərini bildirib. Pentaqon şefi Mark Esperin dediklərindən belə çıxıb ki, Amerika yalnız Pekinə deyil, həm də Moskvaya meydan oxuyur.

Vaxtı ilə eks Prezident Cimmi Karterin milli təhlükəsizlik üzrə köməkçisi Zbiqnev Bjezinski ABŞ-ın xarici siyasətinin əsas məqsədini belə ifadə edib: Amerikanın maraqlarına, qlobal dominantlığına təhlükə törədə biləcək rəqabətli fövqəldövlətin yaranmasına imkan vermək olmaz.

Karterdən sonra Vaşinqtonda 6 prezident dəyişib, lakin Bjezinskinin formalaşdırdığı postulat əvvəlkitək ABŞ-ın dünya arenasındakı fəaliyyət kursunu müəyyən edir.

O dövrdə Sovet İttifaqının əsas rəqib kimi aradan qaldırılması məsələsi həll olundu, lakin Bjezinskinin və onun həmfikirlərinin gözləntilərinə baxmayaraq, SSRİ-nin yerini Çin tutmaqdadır. İndi prezident Donald Tramp Karter dövrünün strategiyasına istinad etməsə də, əslində, eyni məqsədi ortaya qoyur: yeni nəhəng rəqibin dünya lideri rolunu oynamasına imkan verməmək. Həmin aspektdə Cənubi Çin dənizinə nəzarət probleminin sırf lokal xarakter daşıdığını iddia etmək olmaz. Analitiklərin fikrincə, Cənubi Çin dənizi akvatoriyasından dünya dəniz ticarətinin təxminən beşdə biri keçir. Bölgədə ağalığı təmin etmək məqsədi ilə Vaşinqton görünməmiş bir addım atdı. Belə ki, ABŞ Çin şirkətlərini qara siyahıya salaraq hərbi obyektlərin və infrastruktur tikintisində iştirak edən şirkətləri və iki vəzifəli şəxsə qarşı sanksiya tətbiq edib.

ABŞ Ticarət Nazirliyinin bəyanatında göstərildiyi kimi, ticarət və viza sanksiyaları Yeni İpək Yolunun təşəbbüsündə böyük rol oynayan "China Communications Construction Co" Dövlət Şirkətinin bölmələri ilə bağlıdır. ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib: "ÇXR-in bu şirkətdən ekspansionist niyyətlərin həyata keçirilməsi aləti kimi istifadə etməsinə imkan vermək olmaz. ABŞ Pekinin Cənubi Çin dənizində öz zorakı əməliyyatlarından imtina etdiyini görənə qədər onlara qarşı sərt fəaliyyətini dayandırmayacaq".
Çinin raketlərinin işə salınmasına gəlincə, bu, Xalq Azadlıq Ordusunun təlimlərinin bir hissəsi idi. Həmin dövrdə Amerika hərbi gəmilərinə zərbə imitasiya olunurdu. Yaponiyanın “Japan Times” qəzetinin yazdığına görə, bununla ABŞ-a xəbərdarlıq edilib. Sanksiyaların tətbiqi və raketlərin buraxılması bir müddət üst-üstə düşdü, Bu bir təsadüfdür. Sinqapur Strateji Araşdırmalar Beynəlxalq İnstitutunun baş elmi işçisi Iain Graham deyir ki, Çin raketlər vasitəsi ilə ABŞ-a “salam” göndərdi.


“Global Times” isə Çin raketlərinin təyyarə daşıyıcıları üçün xüsusilə təhlükəli olduğunu yazır. DF-26B 4 min km məsafəyə zərbə endirmək imkanına malikdir və həm Konvensiya, həm də nüvə döyüş başlığı ilə təchiz oluna bilər. DF-21D raketi isə 1,8 min km məsafəyə malikdir.
Cənibi Çin dənizində Amerika-Çin münasibətlərinin reallıqları bundan ibarətdir. Amma ABŞ müdafiə naziri Mark Esper Havay adalarındakı çıxışında bu məsələni daha geniş qlobal kontekstə çıxardı. O bildirib ki, ABŞ Hindistan-Sakit Okean Regionunda qüvvələrini həm Çinə, həm də Rusiyaya qarşı duruş gətirə biləcək şəkildə yaymaq niyyətindədir. ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəisi admiral Filipp Devidsonla söhbətə istinad edən Esper regionun fövqəldövlətlərin rəqabətinin episentrində olduğunu açıqlayıb.

Üstəlik, ABŞ hərbi İdarəsinin şefi Amerikanın qatı düşmənləri sırasına Rusiyanı da adını əlavə edib.
Amerikanın mənəvi üstünlüyü Esperə görə ondan ibarətdir ki, o, demokratik dəyərləri, insan hüquqlarını müdafiə edir. Təəssüf ki, bu sahədə Moskva və Pekin öyünə bilməz. Rusiya müxalifətçiləri məhv etməkdə günahlandırılır, Çin isə Honkonqda demokratiyanın boğulmasına və milli azlıqlara qarşı repressiyaya görə tənqid olunur.
Belə bir sual ortaya çıxır: ABŞ Çin və Rusiyanı eyni mövqedən çıxış etdiyini deməklə bunda haqlıdırmı? Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun direktoru vəzifəsini icra edən Aleksey Maslov "Ng" ilə söhbətində deyib: "Oyun olduqca incə gedir. ABŞ məsələni elə təsəvvür etmək istəyir ki, dünyada antiamerika koalisiyası var. Bu koalisiya Çin və Rusiyadan ibarətdir. Bu baxımdan düşmən güclü və çox təhlükəlidir. Əslində, ABŞ-la bağlı Çin və Rusiyanın mövqeləri fərqlidir. Çinin raketlərinin işə salınması ABŞ-a müqavimət göstərməyə hazır olduğunu göstərir. Rusiya isə ABŞ-a qarşı hərbi aspektdə aqressiv davranmır. İkincisi, Rusiya və Çinin məhz ABŞ-a qarşı hərbi-siyasi birliyi yoxdur. Amerika mövcud olmayan bir birlikdən danışır. Bu da seçkilər ərəfəsində Trampın əsas şüarlarından biri olacaq: "ABŞ Çinin simasında dünya kommunizminə, Çin və Rusiyanın potensial təcavüzünə qarşı durmalıdır".
Beləliklə ABŞ Çin və Rusiyanın simasında təhlükəli bir düşmən gördüyünü bəyan etməklə Qərbdəki müttəfiqlərinin də onlara qarşı eyni münasibət bəsləməsini və Vaşinqtonu adı çəkilən məsələdə dəstəkləməsini istəyir. Buna isə Vaşinqtonun nail ola bilib-bilməyəcəyini gələcək göstərəcək.
Emin Axund

Oxuməni.az