İran Rusiya  və Çinlə birlikdə yeni siyasi və iqtisadi blok yaradır

İran Rusiya və Çinlə birlikdə yeni siyasi və iqtisadi blok yaradır

25 Avqust 14:52
10 564
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ tərəfindən beynəlxalq aləmdə düşmən hesab edilən ölkələrə münasibətdə iqtisadi və siyasi sanksiyaların tətbiq edilməsi onun ən yaxın müttəfiqləri tərəfindən belə ciddi narazılıqlarla qarşılanmaqdadır. Bu baxımdan sanksiyaya məruz qalan ölkələrin vəziyyətdən çıxış yolu tapmaq üçün ABŞ-a qarşı yeni cəbhədə birləşməsi prosesi davam etməkdədir.
Buna misal olaraq Rusiya, Çin və İran arasında iqtisadi və siyasi sahədə əməkdaşlığın ildən-ilə genişləndirilməsini göstərmək olar. Faktiki olaraq sanksiyalardan ən çox əziyyət çəkən ölkələrdən biri olan İranın son illərdə Moskva və Pekinlə iqtisadi və siyasi əlaqələrində xüsusi canlanma hiss olunmaqdadır.
Tehranda belə hesab edirlər ki, Rusiya, Çin və İran arasında iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi mövcud reallıqdan irəli gəlir. Bu ölkələri yaxınlaşdıran qüvvə İran, Rusiya və Çinin əziyyət çəkdiyi ABŞ-ın sanksiya təzyiqidir. Artıq Tehran, Moskva və Pekin qarşılıqlı ticarətdə ABŞ dolları deyil, milli valyutalardan istifadə edirlər. ABŞ sanksiyalarından yan keçmək üçün onlar xüsusi mexanizmlər yaradırlar. Üstəlik, İran Çin və Rusiya ilə uzunmüddətli əməkdaşlığa dair yeni sazişlər hazırlayır. İranlı diplomatlar Tehran Times qəzetinə müsahibələrində 3 ölkə arasında Yeni Asiya blokunun yaradılması haqqında məlumat veriblər. Qeyd edək ki, gələn ilin mart ayında İran-Rusiya əməkdaşlıq müqaviləsinin müddəti başa çatır. "Biz Putinlə müqaviləni yenidən nəzərdən keçirmək barədə razılığa gəlmişik", – deyə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvada danışıqlardan sonra bildirib. "Biz hesab edirik ki, müqaviləni modernləşdirməli və ona yeni müddəalar əlavə etməliyik. Müqavilənin bütün şərtləri günümüzün tələblərinə uyğun olmalı və iki ölkə arasında ticari, siyasi və hərbi əlaqələrin ən yüksək səviyyədə inkişaf etdirilməsinə təkan verməlidir. Eyni zamanda bu müqavilə uzunmüddətli olmalı və tərəflər üçün strateji əhəmiyyət daşımalıdır ", -deyə Zərif bildirib.
Eyni zamanda, İran Çinlə 25 illik tərəfdaşlığı nəzərdə tutan iqtisadi, siyasi və hərbi sahədə əməkdaşlıq barədə danışıqları davam etdirir. Tərəflər arasında imzalanacaq anlaşmanı bəzi İran rəsmiləri indidən Tehran-Pekin münasibətlərində "dönüş anı" adlandırıblar. Pekinlə Tehran arasında müvafiq anlaşma imzalanacağı təqdirdə Çin İrana iqtisadiyyatına, o cümlədən adı çəkilən ölkənin neft və qaz sektoruna 400 milyard dollar sərmayə yatıra bilər. İran isə öz növbəsində 25 il ərzində Çinə sabit enerji tədarükünü təmin edəcək.
“İran, Rusiya və Çin uzunmüddətli strateji razılaşmalara dair danışıqlar aparanda Şərqdə yeni dünya nizamının formalaşdığı təəssüratı yaranır”,-deyə Tehran Times-a müsahibəsində İran XİN-in sabiq nümayəndəsi Ramin Mehmanparast bildirib. "Biz gələcəkdə yeni dünya nizamının formalaşmasının şahidi olacağıq", – deyə İranın keçmiş diplomatı bildirir. O deyib ki, ABŞ-ın sanksiya siyasəti onun özünə qarşı çevrilərək Rusiya, Çin və İranın bütün sahələr üzrə yaxınlaşmasına gətirib çıxarıb.
Bununla belə hələlik Rusiya və İran arasında ticarət dövriyyəsi arzuedilən səviyyədə deyil. Rusiya-İran ticarətinin cari həcmi 2 milyard ABŞ dollarıdır ki, bu da az hesab edilə bilər. Halbuki iki ölkə arasında ticarət dövriyyəsinin 25 milyard ABŞ dollarına qədər artırılması barədə razılıq əldə edilmişdi. Rusiyanın İrana ixracının strukturunda tədarükün əsas hissəsi ərzaq malları və kənd təsərrüfatı xammalı, ağac və sellüloz-kağız məmulatları, maşınlar, avadanlıq və nəqliyyat vasitələri təşkil edir.
Rusiya idxalının əsasını ərzaq malları və kənd təsərrüfatı xammalı, metallar və onlardan hazırlanan məmulatlar, kimya sənayesinin məhsulları təşkil edir. Ötən il İran və Rusiya banklararası Svift sistemindən istifadə etmədən ödənişlər (Rusiya maliyyə mesajlarının ötürülməsi sistemi və İran SEPAMI) barədə maliyyə məlumatlarının ötürülməsi üçün öz milli sistemləri arasında əlaqə qurublar. Rusiya İranda "Buşer-2" Atom Elektrik Stansiyasının tikintisini davam etdirir və o, 2026-cı ilin əvvəlində istifadəyə verilməlidir. İran eyni zamanda Rusiyadan C-300 HHM sistemi alır. Həmçinin Tehran Moskva ilə birlikdə "Şimal–Cənub"beynəlxalq nəqliyyat dəhlizi layihəsini də həyata keçirir. İyulun sonunda Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında nəqliyyat sahəsində əməkdaşlıq üzrə İşçi Qrupun növbəti iclası keçirilib. Rusiya nümayəndə heyətinə nəqliyyat nazirinin müavini Vladimir Tokarev, İran nümayəndə heyətinə isə İranın yol və şəhərsalma nazirinin müavini Şahram Adamnejad rəhbərlik edib. Tərəflər Xəzər dəniz yolu, "Şimal–Cənub" MTK-nın qərb və Şərq şaxələrinə Rusiya və İran istiqamətində, həmçinin üçüncü ölkələr vasitəsilə daşımaları artırmaq barədə razılığa gəliblər. Bununla belə Rusiya ekspertləri Rusiya-İran iqtisadi əməkdaşlığının inkişafı üçün hələlik o qədər də yüksək qiymətləndirmirlər. "ABŞ-ın təzyiqinə tabe olmaq istəməyən dövlətlər buna qarşı birləşməyə. vahid cəbhədən çıxış etməyə çalışırlar. Buna misal kimi ŞƏT və BRİKS- qurumlarını göstərmək olar. İndiki vəziyyət davam edəcəyi təqdirdə və birqütblü dünyanın transformasiyası şəraitində bu və ya digər şəkildə birgə fəaliyyət göstərəcək digər birliklərin də yaranmasını gözləmək olar", – deyə Maliyyə idarəçiliyi Ali məktəbinin analitik tədqiqatlar şöbəsinin rəhbəri Mixail Koqan bildirir. Lakin onun sözlərinə görə, İran diplomatlarının hazırkı gözləntiləri daha çox xarici siyasi əlaqələrə aiddir. Tehranla Moskva Yaxın Şərqdəki siyasəti fəal şəkildə əlaqələndirir və "neft müqabilində ərzaq" proqramı ilə əməkdaşlıq edirlər. Koqan hesab edir ki, neftin qiymətinin ucuzlaşması şəraitində Moskva və Tehran ilk növbədə Çinə, onun iqtisadiyyatına dəstək verə biləcək investisiyalarına və yeni iş yerlərinin yaradılmasına arxalanmalı olur. Beləliklə hadisələrin gedişi göstərir ki, tarixdə canksiyalar prezidenti kimi qalacaq ABŞ-ı hazırda idarə edən Donald Trampın hətta ən yaxın müttəfiqlərini belə ölkəsinə düşmən edəcək siyasəti gələcəkdə dünyanın hər yerində yeni anti Amerika bloklarının yaranmasına yol açacaq. Bütün bunlar isə ABŞ-a yaxşı heç nə vəd etmir.
Əziz Mustafa
Oxuməni.az