Qərb  Arktika uğrunda mübarizədə Rusiyaya uduzur

Qərb Arktika uğrunda mübarizədə Rusiyaya uduzur

27 İyul 12:19
13 515
Bəyəndim (1) Bəyənmədim (0)

Yer kürəsində isti iqlim şəraitinin üstünlük təşkil etməyə başlaması və nəticədə buzlaqların əriməsi prosesi getməsi bir vaxtlar ölü zona hesab edilən Arktikaya da öz təsirini göstərməkdədir. İqlim dəyişikliyi nəticəsində buzlaqların əriməsi prosesinin sürətlə getməsi Arktikanın yaxın illərdə insan yaşaması üçün əlverişli imkan olan bölgəyə çevrilə biləcəyini göstərir. Bütün bunlar isə bölgəyə qonşu olan ölkələri Arktikadan pay almaq uğrunda mübarizəyə şirnikləndirməkdədir. Digər tərəfdən də Arktika zəngin neft və qaz yataqlarına malikdur və bu amil nəinki bölgəyə qonşu, həm də ondan uzaqda olan ölkələrin ora uğrunda mübarizəyə cəlb olunmasına gətirib çıxarıb. Əlbəttə günümüzdə Arktika hələ də sərt iqlim şəraitinə malikdir və oraya yol Şimal Buzlu okeanının sərt buz qatlarından keçir. Yəni Arktikanın zəngin təbii ehtiyatlarından pay almaq istəyən ölkələr öncə bu amili nəzərə almağa məcburdurlar. Arktikaya ilin bütün fəsillərində gediş-gəlişi isə yalnız güclü atom buzqıran gəmiləri təmin edə bilər. Belə gəmilərə malik ölkələr isə Arktika uğrunda mübarizəni öz xeyirlərinə həll etmiş olacaqlar. Məhz bu amili nəzərə alan və Arktikanın gələcək sahibinin məhz atom buzqıran gəmilərə sahib ölkədən asılı olacağını anlayan Rusiya müasir atom buzqıran gəmiləri inşa edilməsini önə çıxarıb. Düzdür, Rusiya Arktika uğrunda mübarizə aparan ölkələrlə müqayisədə hələ SSRİ dövründə inşa edilən atom buzqıran gəmilərinə malikdir. Lakin bunlar kifayət etmir və Rusiya adı çəkilən sahədə tam ağalığı ələ almaq üçün müasir super atom buzqıran gəmisinin inşasına başlayıb. Yeni atom buzqıran gəmisi güclü nüvə enerjisi qurğusuna malik olacaq və 4 metr qalınlığında buzu yarıb gedə biləcək. Primoryenin Bolşoy Kamen (Böyük Daş) şəhərinin Ulduz gəmiqayırma zavodunda “Lider” layihəsi üzrə inşa edilən gəminin Rusiyanın Arktikadakı mövqelərini gücləndirəcəyi ehtimal edilir. Plana əsasən 2020-2033-cü illərdə üç belə atom buzqıran gəmisi inşa edilməlidir. Birinci gəmi 2027-ci ilədək istifadəyə veriləcək. Ümumi xərclər isə 130 milyard rubl qiymətləndirilir. İstehsalçıların sözlərinə görə, yeni atom buzqıran gəmisinin dünyada analoqu yoxdur. Bu gəmi istifadəyə veriləndən sonra Arktikanın buzları vasitəsilə yük və sərnişin daşıyan gəmi karvanlarını il boyu oradan keçirmək mümkün olacaq.

“Lider” Atom buzqıran gəmisi 315 meqavat gücə malik iki nüvə reaktoru ilə təchiz ediləcək. Bu da, əvvəlki nəsil buzqıran reaktorlarının gücündən iki dəfə çoxdur. Vintlərdə atomodun gücü 120 meqavatdır. Gəmi müasir rabitə, naviqasiya və buz mühitinin kəşfiyyatı sistemləri ilə təchiz olunacaq. Su tutumu 70 min ton olan ikiyüz metrlik "Lider" iki metr qalınlığında buzu yararaq saatda 15 uzl sürətlə gedə biləcək. Buzqıran gəmi gəmi karvanlarına yol açdığı zaman isə 4,5 metr qalınlığında buzü yara-yaraq maksimal sürətlə hərəkət etmək imkanına malik olacaq. Elmi texniki tərəqqinin son nailiyyətləri əsasında inşa edilən atom buzqıran gəmisi gəmi karvanının hərəkət etməsi üçün 50 metr enində kanal açmağa qadirdir. Bundan əvvəl inşa edilən atom buzqıran gəmisi isə yük və sərnişin gəmilərinin hərəkətini təmin etmək üçün 36 metr enində kanal aça bilirdi.

"Lider" in ekipajı 130 nəfərdir. Onlara 8 ay müddətində gəmidə yaşayaraq işləmək üçün bütün şərait yaradılıb və bu müddətdə onların bütün tələbatları ödəniləcək. Bundan əlavə atom buzqıran gəmisi ilə sərnişin daşımaq da mümkün olacaq

"”Lider" atom buzqıran gəmisi həqiqətən də dünyada unikal gəmilərdən biri olacaq”,-deyə RİA Novosti agentliyinə Rusiya Donanmasına dəstək Hərəkatının sədri I dərəcəli kapitan Mixail Nenashev bildirib. Onun sözlərinə görə, istifadəyə veriləndən sonra “Lider” atom buzqıran gəmisi vasitəsi ilə Şimal dəniz yolu ilə hərəkət iki dəfə qısaldılmış olacaq. "Lider" in işə düşməsi ilə Arktik kommunikasiyanın təkcə Rusiya şirkətləri üçün deyil, həm də xarici şirkətlər üçün cəlbediciliyi kəskin şəkildə artacaq. Yeri gəlmişkən, onu da deyək ki,pandemiya şəraitində dünya yük daşımalarının 90 faizi dəniz donanması vasitəsi ilə həyata keçirilir.

Bütün hallarda yeni atom buzqıran gəmisinin inşasına başlamaqla Rusiya həm iqtisadi, həm də hərbi maraqlar güdür. Yəni istənilən halda bütün belə gəmilərin ikiqat təyinatı var. Zəruri hallarda buzqıranlar mülki gəmilərə xas olmayan vəzifələri də yerinə yetirə, o cümlədən ərazi sularını qorumaq və ölkənin təhlükəsizliyini təmin etmək funksiyasını həyata keçirə bilərlər. Buna görə də "Lider"in konstruksiyası onda müxtəlif növ silahların yerləşdirilməsinə imkan verir.

“Lider” atom buzqıran gəmisi bütün hava şəraitində hərəkət edə, işləyə bilir və bu da onun istər iqtisadi, istərsə də hərbi baxımdan əhəmiyətini artıracaq. Belə ki, lazım gələcəyi təqdirdə buzqıran gəmi üzərində artilleriya kompleksləri, hava hücumundan müdafiə sistemləri quraşdırılacaq. Əlbəttə, mülki və hərbi dənizçilərin vəzifələri fərqlidir. Çünki mülki dənizçilər sırf iqtizadi maraqların təmini ilə məşğul olurlar. Gəminin hərbi baxımından istifadəsi zərurəti yaranarsa, onda onun bu sahə üzrə təcrübəsi olan hərbiçilərlə komplektləşdirilməsi təmin ediləcək.

Yeri gəlmişkən onu da deyək ki, Böyük Vətən müharibəsi illərində buzqıran gəmilər tez-tez döyüş əməliyyatları üçün cəlb ediliblər.

Şimal donanmasının sabiq komandanı admiral Vyaçeslav Popovun sözlərinə görə, yeni nəsil atom buzqıran gəmilərinin istifadəyə verilməsi Arktika regionunda Rusiyaya üstünlüyü tam şəkildə ələ almağa imkan verəcək.

"Atom buzqıran gəmiləri olmadan, Arktikanın təbii sərvətlərindən tam şəkildə istifadə etmək mümkün olmayacaq", - deyə o vurğulayıb.

Admiral qeyd edib ki, bu gəmilər ölkənin müdafiə qabiliyyətini də artırır. Arktika-zərbələrin vurulması baxımından ən təhlükəli istiqamətdir.

Strateji region

Bu gün Arktikaya dünyanın aparıcı dövlətlərinin ciddi diqqəti cəlb olunub və hər bir qüvvə ilə orada öz mövqelərini gücləndirməyə çalışır. Belə ki, may ayında, son 25 il ərzində ilk dəfə Barents dənizinə ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı donanmasının döyüş gəmiləri qrupu daxil olub. Pentaqonun rəsmi məlumatına görə, gəmilərin bölgəyə daxil olması mürəkkəb təbii şəraitdə təhlükəsizliyin təmin edilməsi və müttəfiqlər arasında naviqasiya azadlığının və fasiləsiz qarşılıqlı əlaqənin təmin edilməsi üçün nəzərdə tutulub.

"Arli berk" tipli 3 raket esminesi və Böyük Britaniyanın "Kent" freqatı Rusiyanın sərhədləri yaxınlığında bir neçə gün qalıblar. Hərbi ekspertlərin fikrincə, bu, Şimali Atlantika Alyansının regionda hərbi mövcudluğunu artırması ilə birbaşa bağlıdır. Arktika bir sıra dövlətlərin ərazi, resurs və hərbi-strateji maraqlarının obyektidir.

Burada vaxtaşırı Cənubi Koreya, İsveç, Almaniya, ABŞ və Çinin buzqıran gəmiləri fəaliyyət göstərir. Arktikanın və Şimal dəniz yolunun əsas sahibinin hələ də Rusiya olması çoxlarına rahatlıq vermir. Qərb Moskvanı bu istiqamətdə də sıxışdırmağa çalışır. Buna görə də, Rusiya yalnız buzlaqları qurmaq üçün deyil, həm də Hərbi Dəniz Donanmasını yeni nəsil hərbi gəmilərlə gücləndirmək məcburiyyətindədir. Beləliklə, bir neçə ildən sonra Şimal donanması 23550 layihəsi çərçivəsində "Ivan Papanin" gəmisini alacaq. Onun vəzifələrinə Arktika su ehtiyatlarının mühafizəsi, saxlanılmış gəmilərin yedəyə alınması, gəmilərin müşayiəti olunmasını təmin etmək olacaq. Hərbi gəminin SAK-176MA avtomatik artilleriya qurğusu və zenit-raket kompleksi ilə təchiz edilməsi nəzərdə tutulub. Lazım gələrsə, "Papanin " hücum silahı olan yaxın və uzaqmənzilli raketlərlə təchiz ediləcək.

“Papanin”in patrul gəmilərindən üstünlüyü onun təxminən iki metr qalınlığında buzları yara bilərək hərəkət edə bilməsində olacaq.

Arktika uğrunda savaşa hazırlaşan digə ölkələrin də Rusiya kimi müasir tipli buzqıran gəmilərinin inşa etməyə hazırlaşdıqlarını nəzərə alanda belə başa düşmək olar ki, yaxın 30-40 ildə Arktika iri dövlətlərin savaş meydanına çevrilməsi təhlükəsi ilə üzləşəcək.

Əziz Mustafa

Oxuməni.az