Afrikaya kim və niyə kömək edir?

Afrikaya kim və niyə kömək edir?

12 İyul 2020 10:34
Bəyəndim (0) Bəyənmədim (5)

Beynəlxalq aləmdə baş verən hadisələr və müxtəlif ətrazilərdə yaşayan insanların inkişaf səviyyələrinin fərqli olması, onlar arasında elmi-texniki, mədəni,siyasi, iqtisadi, hərbi sahələrdə bərabərsizliyin kəskin şəkildə nəzərə çarpması vəziyyətdən çıxış yolunun tapılmasını qarşısı alınmaz zərurətlərdən biri kimi ortaya çıxarıb. Bu baxımdan hələlik yeganə çıxış yolu kimi dünyanın ən kasıb ölkələrinə müxtəlif səviyələrdə yardımlar göstərilməsi hesab edilir. Yəni inkişaf səviyyəsinə görə geridə qalan və acından ölməmək uğrunda mübarizə aparan ölkələrə müxtəlif səviyyəli yardımlar göstərilməsi üçün beynəlxalq səviyyədə donor təşkilatlar və inkişaf etmiş ölkələr üçün prioritet məsələlərdən biri hesab edilir. Lakin hadisələrin gedişi göstərir ki, əksər hallarda belə yardımlar kasıb ölkələrdə yaşayan əhalinin maddi, sosial vəziyyətlərinin yaxşılaşdırılmasında hər hansı bir dəyişikliyə gətirib çıxara bilmir. Məsələn, 1979-cu ildən sonra dəfələrlə xarici müdaxilələrə məruz qalan Əfqanıstanda vəziyyət açınaqlı olaraq qalmaqda davam edir.

2001-ci ildə saxta, heç bir əsası olmayan bəhanələrlə Əfqanıstana hücum edərək oranı işğal edən ABŞ-ın təkidi ilə adı çəkilən ölkəyə 7 trilyon ABŞ dolları məbləğində müxtəlif səviyyəli yardımlar göstərilib. Amma illərdir davam edən vətəndaş müharibəsi, narkotiklərin istehsalının artımına gətirib çıxarıb. Əfqanıstana ayrılan vəsait isə yerli hökumətin saxlanılmasına xərclənib və bütün bunlar problemin həllinə yardım etməyib.

Əfqanıstandan sonra işğallara və dağıntılara məruz qalan Liviya və Suriyaya "kömək" növbəsi gəldi. Liviyada ona xaricdən nə qədər çox yardım göstərilsə, xaos bir o qədər daha ağır şəkildə özünü göstərir. Suriyanı da əvvəlcə dağıdıblar, indi isə onun bərpasına gah BMT, gah da humanitar və hökumət təşkilatları yardımlar edirlər. Özü də çox güman ki, bu yardımlardan heç nə çıxmayacaq. Belə ki, yardımlar təyinatı üzrə deyil, müxtəlif klanların ələ alınmasına xərclənir. Nəticədə da bu yardım həm Suriya özü, həm də qonşuları üçün daha böyük problemlərə gətirib çıxarmaqdadır.

Eyni zamanda dünyanın ən kasıb qitələrindən biri olan Afrikada ağır sosial durumun olması hər il oraya böyük həcmdə yardımların göstərilməsi ilə müşahidə olunmaqdadır.

Amma Afrika ölkələrinə nə qədər çox maliyyə yardımları göstərilirsə, o qədər də qitənin iqtisadi vəziyyəti pisləşməkdə davam edir.

Qeyd etdiyimiz kimi "beynəlxalq yardım" kimi hallarla həm Afrikanın özündə, həm də başqa kasıb ölkələrdə çox rast gəlinir. Adətən bu yardımlar prosesi çoxsaylı beynəlxalq və qeyri-hökumət strukturlarından keçərək təyinati üzrə məsləhət bilinən ölkələrə verilir. Lakin bu məsələdə də kasıb ölkələrə yardımlar göstərən ölkələrin və ya onların nəzarəti altında olan beynəlxalq maliyyə təşkilatlarının maraqlarının təmin edilməsi önə çıxarılır. Necə deyərlər faktiki olaraq yardımlar əksər hallarda hansısa dövlətin maraqlarını təmin edən ölkələrə daha çox göstərilib. Faktiki olaraq Afrikaya qayğı göstərənlər həmişə özlərinə yardım ediblər və məşhur Marşall planından sonra belə yardımların göstərilməsi kommersiya maraqlarının əsasını təşkil edib.

Dünyada başqalarına "yardım edənlər" arasında heç vaxt Afrikada müstəmləkəyə malik olmayan ölkələr (ABŞ, Rusiya, Çin, Hindistan) var . Yalnız ABŞ-da Afrikaya kömək ilə məşğul olan minlərlə müxtəlif təyinatlı maliyyə qurumları və humanitar təşkilatlar mövcuddur. Üstəlik, hər il sponsorlar qarşısında qara qitə xalqlarına konkret kömək göstərməklə hesabat verən USAİD tipli dövlət strukturları da var. İndi Afrikada Birləşmiş Ştatlar tərəfindən ən çox maliyyə yardımı Efiopiyaya, Avropa ölkələrindən isə Mərakeşə göstərilir.. Eyni zamanda, BMT-nin məlumatına görə, Afrikanın xarici yardımdan ən çox asılı olan ölkəsi – Burundidir. Ümumilikdə götürdükdə bütün Afrika dövlətlərinə bir ildə 150-155 milyard ABŞ dollar yardım göstərilir. Amma bu vəsait sanki buxarlanaraq yoxa çıxır. Nəticədə Afrika ölkələrinin borcu hər zaman artır. Növbəti dünya böhranı (indiki koronavirus tipinin) başlayan kimi, Afrika ölkələrinin prezidentləri dünyanın aparıcı dövlətlərindən, o cümlədən Çindən və Rusiyadan əvvəl götürdükləri borclarını silməyi tələb edirlər. Sonuncu belə çağırış bu yaxınlarda Seneqal prezidenti tərəfindən səsləndirilib.

Təbii ki, bu cür yardım Afrika hakim elitaları tərəfindən alqışlanır və onlar əmindirlər ki, ABŞ və Avropa ölkələri onlara kömək etməyə borcludurlar. Guya bu yardım hər il on minlərlə kilometr yol qət edərək dənizlər aşaraq Avropaya və Amerikaya köç edən yüz minlərlə miqrantların sayını azaldacaq. Ancaq Afrikaya yardım məsələsində heç vaxt ora ilə əlaqəsi olmayan ölkələr də kənarda qalmırlar. Belə ki, Yaponiya qitə ölkələrinə yerli məmurlara Tokiodan ayrılan maliyyə vəsaitlərinə toxunmağa imkan verməyən konkret istək və layihələr üzrə kömək edir. Buna görə də, Afrika liderləri şəxsən onlara heç bir mənfəət gətirməyən yardımı xüsusilə alqışlamırlar. Belə layihələrin həyata keçirilməsindən həmin ölkələrin liderlərinə pay çatmır.

Çinin Afrikaya geniş səviyyədə özü də siyasi məqsədləri önə çıxarmadan, ölkələrin daxili işlərinə müdaxilə etmədən maliyyə yardımları göstərməsi də diqqəti cəlb edir. Əslində Pekin bununla da qara qitədə ilk növbədə özünə kömək edir. Bununla yanaşı, dünyada heç kim Çinlə müqayisə edilə biləcək infrastruktur obyektlərinin tikintisini həyata keçirmək iqtidarında deyil. Çinlilər hər şeyə yaradıcı yanaşırlar, qazırlar, çıxarırlar və öz hesabına infrastrukturu qururlar, sonra da onu afrikalılara buraxırlar. Lakin bir çox obyektlərə onlar özləri sahibdirlər və Afrika ölkələrinin Çinə borc əvəzi ödəməli olduğu faydalı qazıntıların hasilatından xeyli gəlir əldə edirlər.

Təəccüblü deyil ki, ABŞ və digər Qərb ölkələri Çini Afrikadakı tərəfdaşlarını borc tələsinə salmağa məcbur etməkdə günahlandırırlar. Onlar borcun əvəzində Çinə faydalı qazıntılar mədənlərini, liman və digər aktivlərini girov vermək məcburiyyətində qalırlar. Bütün bunların fonunda Rusiyanın sovet dövründə olduğu kimi, əsasən, təmənnasız olan Afrikaya hazırkı yardım forması bir qədər qəribə görünür. Buraya Afrika ölkələrin.ə kreditlər hesabına satılan silahlar, həmçinin ərzaq yardımları da daxildir. Bu kreditləri ödəmək üçün Afrika ölkələri yenidən borca girməlirolurlar. Sonra da kreditləri ödəyə bilmədiklərini əsas gətirərək onun silinməsini tələb edirlər.

Buna adi bir misal kimi ötən il Soçidə keçirilən Rusiya–Afrika sammitini göstərmək olar Sammit zamanı Rusiya tərəfindən qitə ölkələrinin 20 milyard ABŞ dolları məbləğində Moskvaya olan borcları silindi. Bu da Afrika ölkələri tərəfindən məmnunluqla qarşılandı. Bununla bağlı borcların Rusiya tərəfindən silinməsinə də haqq qazandırıldı. Qeyd edildi ki, onsuz da Afrika ölkələri bu borcları verə bilməyəcəkdilər. Borcların silinməsinin əvəzində isə borclu Afrika ölkələri Rusiyanın şirkətlərinə ölkənin faydalı qazıntılarının istismarında güzəştli şərtlərlə iştirak etmək hüququ verildi. Bununla belə Rusiya bu ilin aprel ayında çəyirtgə və aclıqla mübarizə məqsədilə Keniya, Sudan Uqanda, Efiopiyaya 10 milyon dollar borc verib. Bu vəsait isə Beynəlxalq Qida Təşkilatının hesabına köçürülüb. Adı çəkilən qurumun isə bu vəsaiti hansı məqsədlər üçün xərcləyəcəyi və ya xərcləməyəcəyi hələlik məlum deyi.

Afrikanın köməyinə davam edən modanı nəzərə alaraq, onu təcəssüm etdirən üç prinsipial nöqtəni qeyd etmək yerinə düşər: Birincisi, qara qitəyə maliyyə yardımları göstərən ölkələr tərəfindən Afrika dövlətlərinin təbii sərvətlərinin çapıb- talanılmasına son qoymalıdırlar. Bu, Afrika dövlətlərinə göstərilən ən yaxşı yardım olardı. Bunun üçünsə Afrika dövlətləri ilə imzalanan qeyri-bərabər ticarət müqavilələri ləğv edilməlidir. Yalnız Afrikadan idxal edilən qəhvə və çayın dəyəri həqiqi dəyərindən 4 dəfə ucuzdur. Qərb ölkələri və Çin Afrikadan aldıqları ucuz məhsullar hesabına kifayət qədər qazanc əldə edirlər. Sonra da onlar bu qazancı uzunmüddət istifadə edilən məhsullarla adı çəkilən ölkəyə göndərərək ondan daha əlavə gəlir götürürlər.

Qara qitənin talan edilməsi üçün ikinci effektiv alət-Rusiya-Afrika sammitində qeyd edildiyi və hər Afrika liderinin dediyi sərmayələrdir. Ancaq Çin istisna olmaqla, bütün bu illər ərzində heç bir ölkə Afrikaya sərmayə qoymayıb. Vaxtı ilə SSRİ Acakutda (Nigeriya) metallurgiya kombinatı, Asuan bəndi (Misir) və daha bir neçə sənaye obyekti inşa etmişlər. Lakin SSRİ çoxdan yoxdur və bu müddət ərzində Rusiyanın yardımı ilə Afrikada heç bir iri sənaye obyekti tikilməmişdir. Aparıcı Qərb ölkələrinə gəlincə, yardımlara onlara Afrikanı nəzarət altında saxlamaq üçün lazımdır.

Yardımın ən vacib komponenti isə Afrika liderlərinin Avropaya satdıqları xammal və kənd təsərrüfatı məhsullarından qazandıqları milyardlarla dolları ölkə xaricinə çıxarılmasına imkan verməməkdir. (Amerikada və Kanadada onlar bunu edə bilmirlər. Axı, yalnız Parisdə 54 Afrika ölkəsindən 18-nin rəhbəri şəxsi mülkiyyətə malikdir. Onlar dəbdəbəli əsl saraylar və malikanələridir. Bu malikanə və mülklər isə Afrika xalqlarından faktiki olaraq oğurlanmış vəsaitlər hesabına əldə edilib. Bütün bunlar dondurulsa və ya müsadirə olunsa, on il bundan sonra Afrikaya heç bir yardım lazım olmayacaq.

Əziz Mustafa

Oxuməni.az