Moskva-Vaşinqton münasibətlərində sifarişli qətllər isteriyası davam edir

Moskva-Vaşinqton münasibətlərində sifarişli qətllər isteriyası davam edir

11 İyul 10:25
7 630
Bəyəndim (0) Bəyənmədim (4)

İki həftədən artıqdır ki, ABŞ-Rusiya münasibətlərində yeni gərginlik hiss olunmaqdadır. Buna da səbəb Vaşinqton tərəfindən gündəmə gətirilən Rusiya tərəfindən Əfqanıstandakı ABŞ hərbçilərinin öldürülməsi ilə bağlı mükafat təyin edilməsi iddiasıdır. Bu iddia isə hər iki ölkədə güclü əks-səda verərək beynəlxalq aləmdə belə gec partlayan bomba təsiri bağışlayıb. İş orasındadır ki, ABŞ-da qarşıdan gələn prezident seçkilərində ortaya çıxan istənilən xoşagəlməz fakt Trampın yenidən bu posta seçilməsinə mane ola bilər. Hər halda istər Rusiyaya münasibətdə, istərsə də beynəlxalq səviyyədə ortaya çıxa bilən hər hansı xoşgəlməz fakta münasibətdə Tramp administrasiyası ehtiyatlı hərəkət edərək bundan rəqiblərinin onun əleyhinə istifadə edə bilməməsinə çalışır. Bu baxımdan Rusiyanın Əfqanıstanda talibanlara silah və maliyyə yardımları edərək onlara daha çox Amerika əsgərinin öldürülməsi ilə bağlı sifariş verdikləri barədə yayılan məlumatlar Tramp administrasiyası üçün baş ağrısına çevrilib.

Xatırladaq ki, Rusiyanın əfqanıstanlı ekstremistlərlə sövdələşmədə ittiham edilməsinə səbəb bu yaxınlarda "The New York Times" nəşrində dərc edilən yazı olub. Amerika kəşfiyyat orqanlarındakı mənbəsinə istinadən nəşr Rusiya tərəfinin Əfqanıstanda Amerika hərbçilərinin həlak olması hallarında əli olduğunu və bununla bağlı terrorçu qruplaşmalarla razılıq əldə etdiyini bəyan edib.

Nyu York Times qəzetinin yazdığına görə, Rusiya guya ABŞ hərbçilərinə və Əfqanıstanda fəaliyyət göstərən koalisiyaya hücum etdiyinə görə taliblərə mükafat verib. Nəşrin iddiasına görə, bu cür məlumatlar ABŞ xüsusi xidmət orqanları tərəfindən ələ keçirilən talibançıların dindirilməsi zamanı əldə edilib. Nəşrin yazdığından belə məlum olur ki, bununla bağlı müvafiq məlumatlar kəşfiyyat orqanları rəhbərləri tərəfindən prezident Donald Trampa verilib.

Nyu York Times-ın materialı da ABŞ-ın özündə gurultulu siyasi ittihamlar üçün bəhanə oldu. Donald Trampın qarşıdan gələn prezident seçkilərində mümkün rəqibi Co Bayden opponentini Amerika hərbçilərinə "xəyanət" etməkdə ittiham etməyə tələsdi.

"Onun, Trampın bütün prezidentlik dövrü Putin üçün bütöv bir hədiyyə oldu Tramp bununla Əfqanıstana göndərilən ABŞ hərbçilərinə xəyanət etdi.

Bu, Əfqanıstanda və ya başqa yerdə, xaricdə xidmət edən hər bir Amerika ailəsinə xəyanətidir", - deyə Bayden bildirib. Bayden eyni zamanda bütün bunları bilə-bilə Trampın Rusiyanı G7-yə dəvət etməsini sərt şəkildə tənqid edib. Rusiya isə hələlik yayılan məlumatları təkzib edir.

Ekspertin sözlərinə görə, məqalə ABŞ-da seçkiqabağı kampaniya kontekstində qondarma və sifarişli, açıq-aşkar siyasi məqsəd güdən təsir bağışlayır.

Rusiyal; politoloqlaın fikrincə isə taliblərə silah və maliyyə yardımları göstərilməsi barədə real sübutların olmaması Moskvanın ünvanına ittihamların absurdluğunu göstərir.

Rusiyalı ekspertlər belə hesab edirlər ki,"The Nevv York Times” qəzetinin nəşrində göstərilən ittihamlar əsassızdır. Çünki buna sübut kimi fakt göstərilməyib. Məsələn, Moskva bu proqramı necə həyata keçirir, hansı məqsədlər nəzərdə tutulur və s.? Ümumiyyətlə, bu nəşrdə geosiyasi məntiq tamamilə yoxdur: Rusiyanın bu cür hərəkətlərə nə üçün ehtiyac duyduğu tamamilə aydın deyil",- deyə Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun elmi işçisi Vladimir Vasilyev RT ilə söhbətində bildirib

REA-nın təhlükəsizlik problemlərinin tədqiqi Mərkəzinin elmi işçisi Konstantin Bloxin də eyni fikirdədir.

"İddia edirlər ki, Moskva talibləri amerikalılara hücum etməyə həvəsləndirib. O, yalnız "Rusiya təhlükəsi" mifini dəstəkləmək üçün lazımdır", - deyə ekspert RT-yə şərhində bildirib.

Belə bir fikir vurğulanır ki, taliblərə ruslar tərəfindən silah və maliyyə yardımları göstərilməsi barədə ortaya atılan iddialar qarşıdan gələn prezident seçkilərində Donlad Trampın qələbə çalma imkanlarının azaldılmasına xidmət edir.

Məsələyə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib ki, Rusiya heç vaxt radikal “Taliban” hərəkatına silah verməyib. O, ölkəsinin yalnız qanuni Əfqanıstan hökumətinə silah verdiyini açıqlayıb.

“Rusiya ancaq Əfqanıstanın qanuni hökumətinə silah verib. Bu, yaxşı məlumdur. ABŞ Dövlət katibinin rusiyalı həmkarı ilə təmasları haqqında da demək istəyirəm ki, cənab Pompeo Lavrovla görüşü zamanı bir dəfə də olsun “Taliban”a silah tədarükü məsələsinə son qoyulması məsələsini qaldırmayıb”, - deyə Rusiya XİN-in rəsmisi vurğulayıb. Bu arada isə məlum olub ki, Rusiya ilə Taliban arasında vasitəçiliyi edən narkotik qaçaqmalçısı Rəhmat Əzizidir. “Nyu York Tayms” qəzetinin yazdığına görə, bir neçə il ərzində Əzizi taliblərə Rusiya hərbi kəşfiyyatının pullarını çatdırıb.

Pentaqonun məsələ ilə bağlı hazırladığı hesabatında isə bildirilir ki, Moskva Əfqanıstandan ABŞ qoşunlarının çıxarılmasının sürətləndirilməsi üçün Taliban və digər radikal qruplarla aktiv çalışır: “Rusiyanın bu addımı ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının sürətləndirilməsi və bundan sonra yaranacaq təhlükəsizlik problemlərinin qarşısını almağa xidmət edir”

Hesabatda Moskvanın Əfqanıstanda təsirini artırmaq üçün taliblər və mərkəzi hakimiyyətlə çalışdığı bildirilir.

"The Nevv York Times" ın məqaləsi artıq Rusiyanın ABŞ-dakı səfirliyinə mənfi təsir göstərib və onun əməkdaşlarını potensial təhlükəli vəziyyətə salıb: rusiyalı diplomatlar öz ünvanına təhdidlər almağa başlayıblar.

Onu da deyək ki, Amerikanın siyasətçiləri və KİV- ləri tərəfindən Rusiyanın "Taliban" la əlaqələrdə ittiham edilməsi ilk cəhd deyil. Belə ki, 2019 - cu ilin dekabrında ABŞ Senatının Xarici İşlər Komitəsi Dövlət katibinin Rusiyanın terrorizmə sponsorluq edən ölkələrə aid olub-olmadığını müəyyənləşdirməli olduğu qanun layihəsini təsdiqləyib.

Bununla yanaşı, 2019 - cu ilin dekabr ayının əvvəlində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heyl bildirib ki, Dövlət Departamenti bu mərhələdə Rusiyanı terrorizmə sponsorluq edən ölkələrə aid etmir.

Belə bir fikir vurğulanır ki, Rusiyanın yaraqlılarla əlaqələri nəzərdə tutan bu kampaniyanın məqsədlərindən biri terrorizmlə mübarizə sahəsində Rusiya-Amerika əməkdaşlığına mane olmaqdır. Yenə də Moskvada belə hesab edirlər ki, "The Nevv York Times" ın bu məqaləsi kimi nəşrlər beynəlxalq münasibətlər üçün təhlükəli və təxribat xarakteri daşıyır. Lakin, ilk növbədə, səslənən ittihamlar seçicilərin Trampa olan inamını pozmağa və onun kəşfiyyat icması ilə əlaqələrinə uyğunsuzluq yaratmağa yönəlib. Bütün bunlarla yanaşı talibançılara Moskva tərəfindən silah və maliyyə yardımları göstərilməsi, hər öldürülən ABŞ əsgərinə görə əlavə mükafat ayrılması barədə ABŞ mətbuatında yayılan məlumatların Rusiyanı qıcıqlandırmasını da təsadüfi hesab etmək olmaz. Yəni daha dəqiq ifadə etsək yanmayan ocaqdan tüstü çıxmaz. Rusiyanın, . eləcə də İranın Əfqanıstanda ABŞ-a qarşı vuruşan taliblərə maliyyə və silah yardımları göstərməsi barədə son illərdə mətbuatda kifayət qədər yazılar gedib. Lakin məsələyə ABŞ və Rusiyada indiki kimi ciddi reaksiya verilməyib. Bu onu göstərir ki, adıçəkilən məsələyə münasibətdə hər iki tərəfin maraqlarına toxunan amillər var.

ABŞ-ın özündə belə Nyu-York Tayms-ın məsələ ilə bağlı ittihamlarına münasibət birmənalı deyil. Belə ki, Ağ Evin mətbuat katibi Keyli Makineni deyib ki, Rusiyanın taliblərə amerikalılara hücuma görə mükafat təyin etməsi barədə mediada yayılan xəbərlər Moskvannın maraqlarına xidmət edir.

“Bu məqalənin 2 pis nəticəsi var. Birinci, bu məqalə sözügedən məsələ ilə bağlı konsensus əldə edilməsini və kəşfiyyat məlumatlarının yoxlanmasını çətinləşdirəcək. İkincisi, bu cür ziddiyətlər və fikir ayrılıqları təəssüf ki, Rusiyanın “əlinə oynayır” və onun maraqlarına xidmət edir”, - deyə o bildirib.

Makineni qeyd edib ki, ABŞ kəşfiyyatından belə informasiyanın sızmasından sonra heç kim qiymətli məlumatını ABŞ-la bölüşmək və əməkdaşlıq etmək istəməyəcək.

Digər tərəfdən də ABŞ Milli kəşfiyyatının rəhbəri Con Radkliff Donald Trampın Amerika KİV-i ilə bağlı irəli sürdüyü ittihamları rədd edib. Siyasətçinin fikrincə, jurnalistlərin istinad etdiyi anonim mənbə sadəcə mövcud deyil. Bununla yanaşı, artıq etdiyimiz kimi Trampın siyasi rəqibi Co Bayden artıq prezidenti ABŞ hərbçilərini "satqınlıqda" günahlandırmağa macal tapıb. Ekspertlərin fikrincə, bu kampaniya çərçivəsində Rusiyanın feyki adına yazılır, təxribat xarakteri daşıyır və açıq-aşkar siyasi məqamlara malikdir. Donald Tramp The Nevv York Times nəşrini bilə-bilə yalanda ittiham edərək, Tvitter-də yazır ki, guya Rusiyanın əfqan taliblərinin Amerika hərbçilərinə hücumlarına aid olması barədə material müəllifləri, çətin ki, nəşrin doğruluğuna dair hansısa sübutlar təqdim edə bilərlər. Lakin istənilən halda Rusiyanın Talibanlara silah və maliyyə yardımı göstərməsi məntiqi baxımdan ağlabatan görünür və zənnimizcə bu faktın sübut edilməsinə belə ehtiyac yoxdur...

Emin Axund

Oxumənı.az