Konqres Avropanın təhlükəsizliyinin təmini üçün 3,8 milyard dollar ayıracaq

Konqres Avropanın təhlükəsizliyinin təmini üçün 3,8 milyard dollar ayıracaq

4 İyul 2020 10:35
Bəyəndim (1) Bəyənmədim (8)

Rusiyadan Avropa üçün gözlənilən təhlükənin artmaqda davam etməsi ilə əlaqədar ABŞ Konqresi müvafiq addımlar atmağa hazırlaşır. Bu müstəvidə də ABŞ Konqresinin Aşağı Palatasının Silahlı Qüvvələri Komitəsinin rəhbəri, Demokratlar Partiyasının nümayəndəsi Adam Smit büdcədən Avropaya Rusiyadan gələn təhlükənin qarşısının alınması üçün əlavə 3,789 milyard dollar ayrılması təklifi ilə çıxış edib. Bu bənd 2021-ci il üçün ABŞ-ın müdafiə büdcəsi layihəsinə edilən dəyişikliklər siyahısına daxil edilib. Parlamentin təklifi Donald Trampın Almaniyada Amerika kontingentini əhəmiyyətli dərəcədə azaltmaq niyyətilə bağlı bu yaxınlarda səsləndirdiyi fikirlərin fonunda səsləndirilib. Ekspertlərin fikrincə, bu yolla Demokratlar Partiyası Trampın hərəkətlərini kompensasiya etmək və Avropa İttifaqını Vaşinqtonun hərbi təsir dairəsində saxlamaq istəyirlər.

Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsinə rəhbərlik edən amerikalı konqresmen Adam Smit 2021-ci il üçün ölkənin hərbi büdcəsi layihəsinə düzəlişlər təqdim edib. Bu günlərdə baxılacaq müvafiq sənəd Silahlə Qüvvələr Komitəsinin portalında dərc olunub.

Sənəddə deyilir: “Avropaya gələ biləcək təhlükələrin qarşısının alınması təşəbbüsünün tam maliyyələşdirilməsi (EDI) və strateji dəniz nəqliyyatı, peyk rabitəsi, yanacaqdoldurma işlərinin təmin edilməsi üçün əlavə $3 milyard 789 milyon ayrılması vacibdir. Bu vəsaitin ayrılması Avropanın öz sualtı qayıqlarının döyüş qabiliyyətini artıracaq və Rusiyadan gələn təhlükənin qarşısının alınması üçün onların hərbi potensialını gücləndirəcək”.

Qeyd edək ki, Avropaya Rusiyadan gələn təhlükənin qarşısının alınması təşəbbüsü Avropada Amerikanın hərbi mövcudluğunu gücləndirmək üçün hazırlanan proqramı özündə əks etdirir. Bu proqram Barak Obama administrasiyası tərəfindən 2014-cü ildə Krımın Rusiya təreəfindənm işğal edilməsindən və Ukraynanın şərqində silahlı münaqişəyə başlayandan sonra işə salınıb.

Proqram çərçivəsində hərbi təlimlərin keçirilməsi və Avropanın müdafiəsini təmin etmək üçün onların müasir silahlarla silahlandırılması, ABŞ Silahlı Qüvvələrinin Avropada rotasiya əsasında daimi iştirakını nəzərdə tutur.

Bu proqramın həcmi daim artır: 2016-cı ildə bu məqsədlərə 789 mln, 2017- ci ildə 3,4 mlrd., 2018-ci ildə 4,8 mlrd., 2019 - cu ildə isə 6,3 mlrd dollardan çox vəsait ayrılıb. Rusiyalı hərbi ekspert ABŞ və Kanada Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Vladimir Batyukun sözlərinə görə, Konqres adı çəkilən məsələdə Barak Obamanın siyasətini davam etdirir.

"Bu təkliflər ABŞ hakimiyyətinin 2014 - cü ildən həyata keçirməyə başladığı və NATO müttəfiqləri ilə birlikdə Avropada, xüsusilə də Rusiyanın dövlət sərhədlərinə bitişik Şərq rayonlarında hərbi infrastrukturların inkişaf etdirilməsi kursuna uyğundur", - deyə politoloq bildirib.

Onun sözlərinə görə, hərbi büdcəyə təklif olunan bənd təsdiqlənərsə, onda bu böyük məbləğ Avropanın Şərqində infrastruktur layihələrinin gerçəkləşdirilməsinə yönəldiləcək.

Bununla da Amerikanın və NATO hərbi kontingentlərinin Rusiyanın dövlət sərhədlərinə bitişik rayona köçürülməsi üçün şərait yaradılacaq. Bu, beynəlxalq vəziyyətin kəskin şəkildə gərginləşməsinə gətirib çıxara bilər.

Donald Trampın bu yaxınlarda Almaniyada ABŞ-ın hərbi mövcudluğunu kəskin şəkildə azaltması haqda bəyanatlarının fonunda Rusiyadan gələn təhlükənin qarşısının alınmasının gücləndirilməsi də daxil olmaqla, yeni büdcə düzəlişləri layihəsinin müzakirəyə çıxarılması Ağ Evin indiki rəhbərinə verilən müvafiq cavabdır.

Xatırladaq ki, iyunun 15-də ABŞ prezidenti Donald Tramp Almaniyada yerləşən amerikalı hərbçilərin sayını indiki 52 mindən 25 minə qədər azaltmağı planlaşdırdığını bildirib. Maraqlıdır ki, Pentaqonun qiymətləndirməsinə görə, Almaniyada 34-35 min Amerika hərbçisi yerləşdirilib. Ağ Ev başçısının bu bəyanatı Demokratlar və Respublikaçılar Partiyasının əksər nümayəndələri, həmçinin Avropanın bəzi siyasətçilər tərəfindən mənfi reaksiyaya səbəb olub.

Trampsa öz növbəsində iyunun 24-də Vaşinqtonda baş tutan Polşa prezidenti Andjey Dudu ilə görüşdə bu mövqeyi bir daha dilə gətirib. Mətbuat konfransı zamanı amerikalı lider Almaniyadan çıxarılacaq hərbi kontingentin bir hissəsinin Polşaya göndərilə biləcəyini söyləyib.

Öz planını şərh edən Tramp bildirib ki, ABŞ Almaniyada hərbi iştirakını azaltmaq niyyətindədir, çünki adı çəkilən ölkə NATO büdcəsinə ödənişlər üzrə öhdəlikləri yerinə yetirmir.

"Onların NATO-ya borcu milyardlarla hesablanır və bunu bilirlər"- deyə ABŞ prezidenti narazılığını bildirib.

Amerika liderinin bu qərarı ilə bağlı narahatlığını NATO-nun baş katibi Yens Stoltenberq də dilə gətirib. O, “Deutsche Vell”a müsahibəsində regionda ABŞ Silahlı Qüvvələrinin mövcudluğunun hər iki tərəf üçün əhəmiyyətli olduğunu vurğulayıb.

"Mən Prezident Trampla hələ Almaniyada Amerika qoşunlarının sayını 9,5 min azaltmaq niyyətini açıqlamamışdan əvvəl danışdım. Bu heç də yaxşı bir iş deyil”,-deyə NATO baş katibi bildirib.

Öz növbəsində, ABŞ-da Trampın siyasi rəqibləri prezidentin səsləndirdiyi planı həyata keçirməsinə imkan verməyəcəklərini bildiriblər. Belə ki, Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin sədri Eliot Engel və Senat Komitəsinin beynəlxalq münasibətlər üzrə üzvü Robert Menendez Trampın Almaniyadan qoşunlarını çıxarmağı qadağan edən qanun layihəsini Konqresə təqdim etmək niyyətində olduqlarını bildiriblər. Onların sözlərinə görə, Almaniyadan qoşunların çıxarılması ABŞ və Avropanı zəiflədəcək və Vladimir Putinin maraqlarına xidmət edəcək

Ekspertlər onu vurğulayırlar ki, Konqresin Aşağı Palatasının Silahlı Qüvvələri üzrə Komitəsi demokratlara nəzarət edir. Onlar dəfələrlə Trampın NATO-nu tənqidindən, bu və ya digər ölkələrdə hərbi mövcudluğun azaldılmasına dair bəyanatlardan narazılıqlarını bildiriblər.

Bütün hallarda Smit tərəfindən təklif olunan düzəlişlər göstərir ki, demokratlar Aİ ölkələrini ABŞ-dan hərbi, siyasi və iqtisadi baxımdan asılı olaraq görmək istəyirlər. Amma Trampın hərəkətləri buna mane olur. Məsələyə münasibət bildirən politoloqların çoxu belə hesab edir ki,

Demokratlar Trampın Avropaya qarşı siyasətini sevmirlər. Onlar Avropanın ABŞ-ın təsir dairəsində saxlanmasına tərəfdardırlar və Trampın son səylərinin reallaşdıra bilməsinə imkan verməməyə çalışırlar. Bununla yanaşı, o da aydındır ki, Avropa ölkələri özlərini müdafiə sahəsində ABŞ-dan çoxdandır asılı vəziyyətə salıblar.

Avropada da Trampın belə bir açıqlamasından narahatdırlar. Məsələn, Trampın ABŞ-ın Almaniyada hərbi mövcudluğunun azaldılmasına dair bəyanatından sonra Almaniya kansleri Angela Merkel bildirib ki, Birləşmiş Ştatlar dünya lideri mövqeyini itirə bilər.

"Biz ABŞ-ın dünya fövqəldövləti olmaq istədiyi ilə tərbiyə olunduq və bunu alqışladıq. Əgər ABŞ indi öz iradəsilə bu roldan imtina etməyi qərara alsa, biz bunun üzərində yaxşı düşünməli olacağıq", -deyə "The Guardian" Merkeldən sitat gətirir.

Avropanın əksər ekspertlərinin fikrincə bir sıra Avropa liderləri və NATO rəhbərliyi müəyyən dərəcədə Vaşinqtondakı hakimiyyəti dəyişməyi düşünür və onlar bu yolla ABŞ-ın xarici siyasətində əvvəlki mövqeyinə qayıdacağına ümid edirlər. Çünki, Tramp birbaşa NATO-nun maliyyə yükünün bölünməsini quruma üzv ölkələrə təklif edir. Ona görə də əksər Qərb ölkələri indi ümid edirlər ki, Tramp növbəti dəfə prezident seçilməyəcək və nəticədə Pentaqon əvvəlki kimi Avropada öz təsirini qoruyub saxlamağa üstünlük verəcək. Necə deyərlər Tramp prezident seçilməyəcəyi təqdirdə Avropa ölkələri rahat nəfəs ala biləcəklərinə və əvvəlki kimi Pentaqonun bölgədə Rusiya təhlükəsinə qarşı müttəfiqlərinin təhlükəsizliyinin təmin edilməsində önəmli funksiyanı həyata keçirəcəyinə ümid etməkdədirlər. Avropanın bu ümidlərinin özünü doğrulda bilib- bilməyəcəyini isə gələcək göstərəcək.

Emin Axund

Oxuməni.az