Müdriklik və siyasi epoxanın salnaməsi, bəşərin Heydər Əliyev dühası

Müdriklik və siyasi epoxanın salnaməsi, bəşərin Heydər Əliyev dühası

16 May 11:27
4 580
Bəyəndim (1) Bəyənmədim (8)

Tarix elə tarix olaraq qalmır, o, tarixlərə qovuşaraq əsrlərlə yaşayır və yaddaşlara həkk olaraq tarixi bir epoxaya çevrilir. Elə tarixi şəxsiyyətlər, qüdrətli simalar var ki, onların təkcə tərcümeyi-halı ilə tarix yaranır. Məhz bu cür şəxsiyyətlər tarixin özünə də tarix yazaraq əbədiyyətə qovuşur, bəşəri düha olub daim xatırlanırlar. Bəşəriyyət üçün doğulanlar və bəşəri ideyalar uğrunda çalışanlar tarixi salnamələr yazıb yaddaşlara həkk olaraq ürəklərdə əbədi xatirəyə dönüb yaşayırlar. Dövlətinin və xalqının rifahı üçün çalışanlar xalqının qəhrəmanı, dövlətinin isə sərkərdəsidir. Tarixi şəxsiyyətlər və dahi insanlar bəşər varlıqları içərisində seçilmişlərdir. Onlar hər an doğulmur. Dahilər yüz ildə bir dünyaya gəlir, yaşayır, yaradır və sonda layiq olduqları uca məqama yetişib zirvəyə ucalırlar. Dahilik sonradan qazanılmır, onlar elə fitrən dünyaya dahi olaraq göz açırlar. Sadalanan bütün bu amillər birmənalı olaraq ulu öndər Heydər Əliyevin timsalında cəmlənən ifadələrdir. H. Əliyev tarixi şəxsiyyətlərin içərisində seçilmişlərin ən seçilmişidir desəm, fikrim daha doğru və düzgün olar. Çünki o, öz ömrünü əzəldən sonadək xalqı və dövləti üçün yaşadı. Yaşadı ki, xalqımızı, dövlət və dövlətçiliyimizi də yaşatsın. O xalq xoşbəxtdir ki, onun müdrik və uzaqgörən siyasətçisi olub və vardır. Ulu öndər H. Əliyev dövlətimizin tərəqqisi, xalqımızın rifahı naminə, bəşəri ideyalar, doğru amal və düzgün məqsəd yolunda sonadək yorulmadan çalışaraq bu yolda gördüyü bütün işləri uğurla həyata keçirdi. Tarixi şəxsiyyət, müdrik insan, uzaqgörən siyasətçi-bu müstəvidə danışarkən, təbii ki, ilk sözümüz Heydər Əliyevin adıyla başlanır. O, zülmət içində parlayan günəş olaraq xalqımızı qaranlıqdan aydınlığa çıxartdı. O, rahatlıqla hakimiyyətə gəlib rahat həyat yaşamadı. Heydər Əliyev xalqımızın ağrılı-acılı günlərində, respublikamızda parçalanmaq təhlükəsi yarandığı bir vaxtda xalqımızın israrlı təkidiylə dövlətimizin və xalqımızın xilaskarı olaraq hakimiyyətə gəldi. Xalq özü-öz xilaskarını vaxtında seçə bildi. Heydər Əliyev Tanrının lütfü ilə xalqımıza bəxş olunan əvəzolunmaz və dahi bir şəxsiyyət olaraq dünya durduqca qəlbimizdə daim yaşayacaq. Xalqının istiqlaliyyəti üçün doğulanlar elə xalqı üçün də yaşayırlar. Heydər Əliyev də xalqımızın və dövlətimizin simvolu olaraq doğuldu, öz ömrünü xalqımızın rifahı naminə xərcləyərək tarixə qovuşub şanlı tarixin və siyasi arenanın ən uca məqamına, ən uca zirvəsinə hakim oldu. Ulu öndər bəşər tarixinə ən böyük və silinməz imza ataraq xalqımız üçün özünün ən böyük şah əsəri olan Azərbaycan dövlətini qurub yaratdı. Heydər Əliyev hələ sağlığında tarixin və siyasət aləminin dahi siyasətçisi və canlı əfsanəsinə çevrildi. O, canlı olaraq yüz il yaşamadı, amma dövlətimizə və xalqımıza yüzilliklərin aydınlıq yolunu qoyub, tarixə qovuşdu.

Xalqının xilaskarı, dahiliyin uzaqgörən siyasəti

Yuxarıda qeyd etdiyim kimi Heydər Əliyev xalqımızın ağrılı-acılı günlərində hakimiyyətə gəlib min bir əzaba qatlaşaraq xalqımızın taleyönümlü ağır yükünü öz çiyinlərinə götürdü. Bu, o dövr idi ki, respublikamız param-parça olmaq təhlükəsində idi. Daxili çəkişmələr, xalqın qanına susayaraq hakimiyyət uğrunda gedən mübarizə qaraguruhlar arasında kəskin ziddiyyət yaratmışdı. Azərbaycan bu daxili qara qüvvələr arasında parçalanaraq ayrı-ayrı bölgələrə bölünmək təhlükəsini yaşayırdı. Məhz bu qara qüvvələr də həmin dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməyinə hər cürə mane olmağa çalışırdılar. Niyə? Səbəb aydın idi.

Çünki onlar xalqın yox, öz mənafelərini güdürdülər. Onlar siyasət aləmində naşı olduqlarından dahi və natiq siyasətçi qarşısında aciz olduqlarını yaxşı bilirdilər. Bu səbəbdən də öz çirkin əməllərini həyat keçirə bilməyəcəkdilər. Və yaxşı bilirdilər ki, Heydər Əliyev dövlətə və xalqa xəyanət edənləri bağışlamayacaq. Çünki Heydər Əliyev heç vaxt öz şəxsi prinsiplərini dövlət və xalqın prinsiplərindən üstün tutmayıbdır. Artıq qarşıdurmalar o həddə gəlib çatmışdı ki, ümumi respublikada xaos və qorxu xofu yaranmışdı. Azərbaycan dörd istiqamətdə-Şimal, Qərb, Cənub və Şərq istiqamətində bölgələrə parçalanmaq üzrə idi. Ölkə daxilində yaranan qarşıdurma, baş verən neqativ hallar, hərc-mərclilik, nizamsız ordu və orduda yaranan özbaşınalıq o zamankı ordu rəhbərliyinin və hakimiyyət dairələrinin səriştəsizliyi və boşluğundan irəli gəlirdi. Erməni qəsbkarlarının təcavüzü nəticəsində zəbt olunan torpaqlarımız, ard-arda işğal olunan rayonlarımızı geri qaytarmaq üçün həmrəy olmaq əvəzinə əksinə, daxili çəkişmələr o həddə çatmışdı ki, Cənubda və Qərbdə yaradılan daxili ordunun başında duranlar soydaşlarımıza ultimatum verib öz hökmranlıqlarını diktə edirdilər. Onlar siyasi avantaj yaradıb öz fikirlərinə pafoslu şüarlar və mürtəce epitetlərlə siyasi don geyindirərək spikuliyasiya etməyə çalışırdılar. De-fakto daxili dis-balansa görə paradoksallıq yaranmışdı. Hakimiyyətdə yuxarı postda oturanlar bu qarışıq və mürəkkəb vəziyyətdən çıxış yolu axtarırdılar. Lakin bu, heç də asan deyildi. Çünki hakimiyyətin devrilməsi üçün Gəncədən üzü Bakıya doğru tuşlanmış tankların qarşısında kimsə danışığa belə getməyə cürət etmirdi...

Haşiyə:

Tarix sanki təkrarlanırdı. Azərbaycan geoloji və coğrafi mövqeyinə görə tarixboyu xarici irticaçı qüvvələrin təsirinə məruz qalıb. Xarici missionerlərin məkrli siyasəti Azərbaycan daxilində vahid birliyin olmağına imkan vermirdi. XVIII əsrin ortaları və XIX əsrin əvvəlləri buna bariz nümunədir. Həmin vaxtda Azərbaycanda fəaliyyət göstərən feodal xanlıqlar heç cür bir araya gələ bilmirdi. Hər bir xanlıq öz tabeliyində olan bölgəni idarə edir, başqa bir xanlığa boyun əymək istəmirdi. Onların arasında vahid birlik olmadığından münaqişələr də qaçılmaz idi. Xanlıqlar arasındakı bu münaqişələrdən isə ən çox istifadə edən xarici qüvvələr idi. Çünki hər bir xanlıq özünü böyük və güclü sanırdı. Bu səbəbdən də Rus imperiyası onları ayrı-ayrılıqda zəiflədib sıradan çıxarda bildi. İndi nədənsə 1993-cü ilin əvvəllərində respublikamızda baş verən proseslər XVIII əsrdə Azərbaycanda fəaliyyət göstərən feodal xanlıqları mənə xatırlatdı. Məsələn, Əlikram Hümbətovun yaradacağı “Lənkəran xanlığı”, Sürət Hüseynovun yaradacağı “Gəncə xanlığı” və s.

...Bəli, 1993-cü ildə o vaxtkı hakimiyyətdə olan rəhbərliklərdən kimsə Gəncə danışıqlarına getməyə cürət etmirdi. Bu, gedən adamın həyatı bahasına da başa gələ bilərdi. Lakin Heydər Əliyev respublikanı dağılmağa qoymayıb xalqının xilaskarı olaraq həyatını riskə atıb çəkinmədən ordusuz və silah-sursatsız bir başa Gəncəyə gedib danışıqlar apardı. O zaman stratiplərdən təmizlənmək üçün daxili arınmaya böyük ehtiyac var idi. Bu səbəbdən də H. Əliyev yorulmadan gərgin iş fəaliyyətinə başladı. Ulu öndər müdrik və uzaqgörən siyasəti ilə yenidən dövlətimizin möhkəm və modern bir təməlini qurdu. Ömrünün hər gününü dövlətinə və xalqına sərf edərək Azərbaycan respublikasını sarsılmağa və parçalanmağa qoymadı. Əksinə, daha möhkəm və daha qüdrətli bir dövlət yaratdı. Heydər Əliyev dövlətinin və xalqının yolunda intəhasız fədakarlığı sayəsində böyük xariqələrə imza atdı. Uzaqgörən siyasəti, müdrik və çevik düşüncələri ilə gördüyü hər bir iş, həyata keçirdiyi bütün layihələr yüksək nəticələrə səbəb oldu. Heydər Əliyevin bütün mübarizələrə sinə gərərək dövlətçiliyimiz üçün çəkdiyi zəhmət bu gün də öz bəhrəsini verir və gələcək nəsillərə də verəcəkdir. Nə qədər Azərbaycan xalqı yaşayır Heydər Əliyev də qədirbilən xalqımız tərəfindən daim qəlblərdə yaşayacaq.

Son söz əvəzi:

Qloballaşan dünyada Azərbaycan hər bir sahədə dinamik sürətlə inkişaf edərək dünyaya inteqrasiya olur. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev bu yolu və inteqrasiyanı layiqincə və daha yüksək səviyyədə davam etdirir. Cənab İlham Əliyev ulu öndər Heydər Əliyev tərəfindən əsasları qoyulan və onun şah əsəri olan Azərbaycanı iqtisadi, siyasi, hərbi və digər sahələrdə dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirərək ölkəmizi dünyaya sivil və güclü dövlət olaraq tanıtdırmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin dövlət və dövlətçiliyimiz naminə apardığı uğurlu xarici və daxili siyasət sayəsində respublikamız öz sabitliyini qoruyub saxlamış, regionda lider dövlət olaraq böyük nüfuz sahibinə çevrilmişdir. Həmçinin, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva H. Əliyevin siyasi kursuna sadiq qalaraq dövlətimizin tərəqqisi və xalqımızın rifahı naminə çoxsaylı sosial layihələr həyata keçirməkdədir. İlham Əliyev və Mehriban xanım Əliyeva xalqla həmrəy və birlik yaradaraq H. Əliyev ənənələrini layiqincə yaşadıb davam etdirirlər.

İsa Rəvan

Oxuməni.az