Avropa ABŞ olmadan öz təhlükəsizliyini təmin edə biləcəkmi?

Avropa ABŞ olmadan öz təhlükəsizliyini təmin edə biləcəkmi?

11 May 2020 07:43
Bəyəndim (1) Bəyənmədim (16)

Beynəlxalq aləmdə baş verən hadisələr və günümüzdə supergüc dövlətlər tərəfindən dünyanın müxtəlif bölgələrində təsir dairəsi uğrunda gedən mübarizə Avropanı çətin seçim qarşısında qoyub. Belə ki, son illərdə Avropanın təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayan ABŞ-la Fransa və Almaniya arasında qarşıdurma tərəfləri vəziyyətdən çıxış yolu axtarmağa məcbur etməkdədir. Təbii ki, bu da Avropanın lider ölkələri hesab edilən Fransa və Almaniya ilə ABŞ arasında münasibətlərdə özünü xoşagəlməz şəkildə hiss etdirəcək. Çünki heç kəsə sirr deyil ki, Avropa NATO və ABŞ-ın yardımı olmadan indiki vəziyyətdə özünün təhlükəsizliyini təmin edə bilmək iqtidarında deyil. Lakin Donald Tramp ABŞ prezidenti seçildikdən sonra məlum oldu ki, Avropanın təhlükəsiziliyinin təmini məsələsində ABŞ-a ümid etmək düzgün deyil. Məsələnin bu tərfinə diqqəti cəlb edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) tələbələri üçün videokonfrans formatında mühazirə zamanı deyib ki, ABŞ Avropada baş verənlərə görə məsuliyyəti o qədər də üzərinə götürməyəcək. “Regnum”un yazdığına görə, Lavrov bununla bağlı irəli sürdüyü tezislərdə hadisələrin belə bir istiqamətdə inkişafının Avropaya yaxşı heç nə vəd etmədiyini vurğulayıb. Lavrovun sözlərinə görə, Almaniya koronavirusun qızğın vaxtında Avropa əvəzinə Amerikanın bombardmançı təyyarələrini almağa məcbur olub. Bu isə Avropanın iri təyyarə şirkətlərinin on milyardlarla dollar itirməsi deməkdir. Buna paralel olaraq NATO-nun Rusiya sərhədləri yaxınlığında Şərq cinahında fəallaşması və hərbi təlimləri intensivləşdirməsi Avropada birmənalı qarşılanmır. Bəzi Avropa ölkələri, o cümlədən Rusiya ilə xoş münasibətlərdə maraqlı olan Fransada belə bir rəy formalaşıb ki, ABŞ Avropanın təhlükəsizliyi üçün məsuliyyətdən qaçır və bununla da onları çətin vəziyyətdə qoyur .

Həqiqətən də, ABŞ prezidenti Donald Trampın hərəkətləri avropalıları birgə müdafiənin necə qurulması barədə ciddi düşünməyə vadar edib. Bununla bağlı müzakirələrdə hətta Avropa üzərində mürəkkəb nüvə çətiri mövzusuna da toxunulub. Məsələ ilə bağlı hələ 2018-ci ilin avqustunda professor Kristian Hakke Almaniyanın atom bombasına malik olması barədə düşünməyi təklif etdi. Onun fikrincə, məsələ təkcə Donald Trampla əlaqəli deyil. Çünki əgər o, prezident postunda iki müddət qalsa və postunu tərk edəndən sonra onu daha ağıllı birisi əvəz etsə belə Avropanın öz təhlükəsizliyini təmin etməsi məsələsi gündəmdə vacib, həllini gözləyən problemlərdən biri kimi qalmaqda davam edəcək. Onun sözlərinə görə, Almaniya istənilən halda yaxın gələcəkdə ABŞ-la münasibətlərdə xüsusi statusdan məhrum olacaq. Amerikanın nüvə çətiri isə soyuq müharibə illərində olduğu kimi Avropanı etibarlı şəkildə müdafiə edə bilməyəcək. Almaniyanın ABŞ və Böyük Britaniyadakı sabiq səfiri Peter Ammon isə hesab edir ki, növbəti 15 il ərzində Almaniya ABŞ-ın nüvə qalxanından ona alternativ olmadan asılı olacaq. Bu baxımdan Almaniyanın Fransa və ya Böyük Britaniyanın nüvə silahlarını birgə maliyyələşdirməsi daha düzgün olardı. Belə olduğu halda bütün bunlar almanlar üçün təhlükəsizlik sahəsində birgə qərar vermək üçün daha çox imkanlar açardı. London sonda Aİ-dən çıxmaq üçün qəti kurs yürütdüyündən, meydanda yeganə oyunçu Paris olaraq qalıb.

Avropanın təhlükəsizliyini özü təmin etməsi məsələsinda Fransa daha çox canfəşanlıq edir. 2020-ci ilin əvvəlində Fransa prezidenti Emmanuel Makron bəyan etdi ki, bu gün biz nüvə məsələsi də daxil olmaqla, bunu istəyən bütün tərəfdaşlarla strateji dialoqa daxil olmalıyıq. Bundan bir neçə ay əvvəl isə o, "NATO-nun beyninin ölümü" ilə bağlı ABŞ-ı əsəbiləşdirən bəyanat vermişdi.

Makron: “Fransa Avropanın özünü müdafiə edə bilməsinə inanır və hesab edirəm ki, bu, çox vacib bir elementdir. Avropanın müdafiəsi çərçivəsində həyata keçiriləcək tədbirlər birliyin təhlükəsizliyinin təmin edilməsində yeni mərhələdir. Biz bununla eyni zamanda Avropanın müdafiəsini NATO ilə birgə, əlaqələ şəkildə həyata keçirməyi düşünürük”.

Almaniyanın Deutsche Velle radiostansiyası bu baxımdan Berlin və Paris arasında nüvə problemi ilə bağlı məsələlərdə daha da olduğunu bildirib. Bəzi məlumatlara görə ötən il Almaniya və Fransa tərəfindən imzalanan Aaxen müqaviləsinə uyğun şəkildə tərəflər arasında keçirilən gizli görüşdə nüvə silahı ilə bağlı adı çəkilən sənədə bəzi əlavələr edilməsi haqqında razılıq əldə edilib

Bununla yanaşı, Kerber Fondunun apardığı araşdırmaya görə, almanların 40% - i Fransa və ya Böyük Britaniyanın "nüvə çətiri" ni bəyənir., Halbuki bu məsələdə rəyi soruşulanların yalnız 22 faizi Amerikanı dəstəkləyir. Bu baxımdan Makronun son açıqlaması Avropanın yeni döyüş maşınlarının hazırlanması ilə birbaşa əlaqələdir. Çünki fransızlar özlərinin nüvə silahını daşıya biləcək səviyyədə təyyarələrin modernləşdirilməsini arzulayırlar. Buna görə də aprelin 21-də Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer tərəfindən Almaniyanın Pentaqondan 45 F-18 almaq niyyətində olması barədə səsləndirilən bəyanat Paris üçün xoşagəlməz sürpriz olub.

"Amerikalılar onlara imtina edə bilmədikləri təklifi irəli sürdülər",- deyə Fransanın portallarından biri Berlinin bu hərəkətinə münasibət bildirmiş, onu" Almaniyanın aviasiya sənayesi üçün əlverişsiz kompromis və "yankinin NATO-ya diktə etdiyi tələblər" adlandırmışdı. Almaniyanın metal emalı və elektrotexnika sənayesi müəssisələrinin əməkdaşlarının nüfuzlu Həmkarlar İttifaqı IG Metall və zavod şuraları da ABŞ-dan 45 F-18-in alınması barədə imzalanan müqaviləyə qarşı çıxıblar. Onlar Kramp-Karrenbauer, İqtisadiyyat və energetika naziri Peter Altmayerə və federal dəftərxana naziri Helge Braunun göndərdikləri məktubda F-18-in alınması üçün amerikalılara milyardlarla dollar xərclənməsini arzuedilməz hesab ediblər. Məktubda bunun Almaniyanın hərbi aviasiya kompleksinin gələcəyini təhlükə altına qoyacağı vurğulanıb. Adı çəkilən məsələdə maliyyə baxımından başqa geosiyasi məqamlar da var. Bir sıra fransalı deputatlar qeyd edirlər ki, Berlin Parislə antinüvə və Vaşinqtonla isə nüvə silahı tərəfdarı ölkədir. Burada isə Almaniyanın yalnız ABŞ-la həyata keçirməli olduğu hər hansı gizli razılaşmanı deyil, həm də Fransaya qarşı qısqanclığı rəhbər tutması istisna edilmir. Axı, əgər Lavrov dediyi kimi ABŞ-ın nüvə silahı Avropadan çıxarılarsa, fransızlar qitədə nüvə silahına malik əsas ölkəyə çevriləcək və bu səbəbdən də Avropanın müdafiəsində liderlik edə biləcəklər.

Bu da öz növbəsində Avropada hərbi prioritetlərin yenidən dəyişməsinə gətirib çıxaracaq. Bu, Avropaya sərfəlidirmi? Ümumiyyətlə, bəli. Paris Avropaya təhdidin cənub istiqamətindən gəldiyini bildirir və bunu çoxaylı faktorlarla əsaslandırır. Cənubda Yaxın Şərq, Afrika yerləşir və artıq bir neçə ildir ki, oradan Aİ-yə nəzarət edilməyən miqrant axını gəlir. Orada əsas silahlı münaqişələr, xüsusilə Liviya və Suriyada potensial qeyri-sabitlik və İŞİD (Rusiya Federasiyasında fəaliyyəti qadağan olunmuş təşkilat) amili də var. Parisin liderliyi və Fransanın Aİ üzərində nüvə çətiri qura bilməsi Avropanın müdafiə güclərinin Cənub istiqaməti ilə məşğul olacağı anlamına gəlir. Bu da NATO-nun Şərq cinahını silahsızlaşdırmağa imkan verəcək. Rusiya da buna qarşılıqlı şəkildə cavab verəcək. Əlbəttə, hadisələrin belə bir istiqamətdə inkişaf etməsi öz ərazisində amerikalıların hərbi qüdrətinin artırılmasına üstünlük verən Polşaya xoş gəlməyəcək. Lakin Polşa da buna öyrəşəcək, onlar ilk növbədə Qərb müttəfiqlərinin öz maraqlarını rəhbər tutmaları ilə hesablaşmalı olacaqlar.

Lakin Fransanın təkbaşına Avropanın təhlükəsizliyini təmin edə biləcək nüvə çətiri qurması və birliyə üzv ölkələr arasında liderliyi ələ alması çətin ki, Almaniyanı qane etsin. Almaniya özü də Avropada hegemon güc rolunda çıxış etmək niyyətindədir və Fransa ilə aralarında liderlik uğrunda gizli savaş gedir. Ona görə də öncədən Fransa tərəfindən Avropanın nüvə təhlükəsizliyini təmin etməsinə inanmaq çətindir və bu məsələnin illərlə vaxt apara biləcəyi ehtimal edilir.

Əziz Mustafa

Oxuməni.az