ABŞ-Baltikyanı ölkələrində hərbi mövqelərini möhkəmləndirir

ABŞ-Baltikyanı ölkələrində hərbi mövqelərini möhkəmləndirir

9 May 2020 12:14
Bəyəndim (1) Bəyənmədim (14)

Koronavirusun dünyada tuğyan etməsinə və bu qorxulu xəstəliyin hər gün minlərlə adamı ölümə aparmasına baxmayaraq beynəlxalq aləmdə siyasi gərginlik səngimək bilmir. Xüsusi ilə Rusiya ilə ABŞ arasında Pribaltika, Ukrayna və digər postsovetməkanı ölkələrində təsir dairəsi uğrunda gedən mübarizə daha da genişlənməkdə davam edir. Hazırda Moskva ilə Vaşinqton arasında ən çox qarşıdurma yaranan bölgələrdən biri Pribaltika ölkələridir. Rusiyanın Ukrayna ərazisi olan Krımı işğal etməsindən sonra Avropada sülh və təhlükəsizliyin təmin edilməsinə yenidən ciddi təhlükə yaranması öz növbəsində ABŞ və onun müttəfiqlərinin yenidən diqqətinin Rusiyaya cəlb edilməsinə yol açdı. Rusiyanın təcavüzkarlıq siyasətini genişləndirərək Krımı işğal etməsi və Ukraynanın çərqində Donbas və Luqanskda qondarma rejimləri yaradaraq separatizmi açıq şəkildə körükləməsi Moskva tərəfindən xüsusi hərbi-strateji önəm daşıyan Pribaltikanın da işğalı təhlükəsini gündəmə gətirdi. Məhz ona görə də hazırda başda ABŞ olmaqla onun müttəfiqlərinin əsas vəzifələrindən biri Pribaltika ölkələrinin təhlükəsizliyini təmin etməkdir. Tramp administrasiyası məhz bu amili nəzərə alaraq hər il Pribaltika ölkələrinin təhlükəsizliyinin təmin edilməsinə yönələn tədbirlər həyata keçirməkdə, müdafiə təyinatlı yeni hərbi strateji obyektlərin tikintisini genişləndirməkdədir. Bu müstəvidə də ABŞ bu il tikinti, eləcə də hərbi obyektlərin təmiri və ya bərpası üçün Baltikyanı ölkələrdə layihə işlərinə 49 milyon dollar ayırmağı planlaşdırır. Bu barədə ABŞ-ın Avropadakı Quru Qoşunlarının mühəndislik korpusunun məlumatında deyilir.

Sənədə əsasən, Amerika korpusu Pribaltika dövlətləri olan Estoniya, Latviya və Litvada müdafiə əməliyyatlarını dəstəkləmək üçün ABŞ Müdafiə Nazirliyinin və qoşunların olduğu ölkənin ərazisində yerləşən federal agentliklərin strukturlarında tikinti və təmir işləri aparaılması üçün Pentaqonla ən azı üç müqavilə bağlamaq niyyətindədir.

Sənəddə qeyd edilir ki, bundan məqsəd Rusiyadan Avropaya gələn təhlükənin qarşısının alınması çərçivəsində Latviya, Litva və Estoniyada həyata keçirilən ABŞ Quru Qoşunları Mühəndislik korpusunun cari və gələcək missiyalarının fəaliyyətinin dəstəklənməsidir.

Putin rejimindən Avropaya gələn təhlükənin qarşısının alınması proqramı çərçivəsində Rusiya ilə həmsərhəd olan Avropa ölkələrində NATO-nun texnika və avadanlıqla təchiz edilmiş bir neçə min hərbçisinin yerləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı qeyd edilir ki, həyata keçirilən hərbi-strateji tədbirlər Rusiyanın təcavüzkar hərəkətlərinə verilən cavabdır.

Amerika mühəndis korpusunun planına əsasən həyata keçiriləcək tədbirlər çərçivəsində Baltikyanı ölkələrdə müdafiə təyinatlı aerodromlar, dəmir yolu yolları, yanacaq anbarları və yanacaq-sürtkü materialları anbarları (QSM), döyüş sursatı və partlayıcı materiallar anbarları, kazarmalar, hərbçilərin ailələri üçün yaşayış binaları, mühəndis-texniki qurğular, tibbi bloklar, inzibati binalar, emalatxana xidməti və səyyar vasitələrin təmiri, istismar obyektləri və təlim kompleksləri, əməliyyat-kəşfiyyat, kəşfiyyat kompleksləri, ABŞ Silahlı Qüvvələrinin hərbi poliqonları və digər obyektləri inşa ediləcək.

Bundan başqa, podratçılar tərəfindən təbiəti mühafizə sənədlərinin hazırlanması və bu məqsədlə yerili qurumlardan müxtəlif icazələrin alınması, mühəndis-geoloji araşdırmaların aparılması və topoqrafik xəritələrin tərtib edilməsi də daxil olmaqla əlavə işlərin həyata keçiriləcəyi də istisna edilmir.

Mühəndis korpusu tərəfindən yayılan məlumatda o da vurğulanır ki, tikinti işlərini həyata keçirəcək podratçı şirkətin kimliyinə bu ilin sentybar ayında aydınlıq gətiriləcək. ABŞ-ın mövcud qanunlarına əsasən tikinti-təmir işlərini aparacaq şirkət yalnız yerli firma və ya ev sahibi ölkə ilə birgə yaradılan müəssisə ola bilər. ABŞ tərəfindən Pribaltika ölkələrində yeni hərbi-mühəndis qurğularının inşa edilməsi Rusiya tərəfindən birmənalı qarşılanmayıb. Bununla bağlı hərbi ekspert polkovnik Viktor Litovkin RT ilə söhbətində bildirib ki, Birləşmiş Ştatlar növbəti dəfə vergi ödəyicilərinin pulları hesabına Pribaltika ölkələrində Amerikanın hərbi-strateji maraqlarını dəstəkləyərək Rusiyanı qorxutmaq istəyir.

"Bu, ABŞ siyasətinin davamıdır. Baltikyanı ölkələrin ərazisində artıq Amerika obyektləri, poliqonlar, anbarlar çoxdur. Bu, Rusiyanın qorxudulmasına, silahlanma yarışına cəlb edilməsinə yönəlib. Aydındır ki, Rusiya heç kimə hücum etmir, amma qorxu yaratmaq cəhdləri davam edir. Doğrudur, biz heç kimdən qorxmuruq və silahlanma yarışına cəlb olunmayacağıq", -deyə ekspert vurğulayıb.

Xatırladaq ki, 2017-ci ildə NATO tərəfindən Estoniya, Latviya, Litva və Polşada Böyük Britaniya, Kanada, Almaniya və ABŞ tərəfindən rəhbərlik edən dörd çoxmillətli döyüş qrupu yerləşdirilib.

Ötən il ABŞ və Litva 2024-cü ilə qədər müdafiə əməkdaşlığı planı imzalamışlar ki, bu da "Baltik dənizi regionunda təhlükəsizlik və qorunmanın qarşısının alınması" sahəsində birgə fəaliyyəti, təlimlərin keçirilməsi və kəşfiyyat məlumatlarının mübadiləsinin yaxşılaşdırılmasını nəzərdə tutur.

Litva Prezidenti Gitanas Nauseda NATO qoşunlarının, o cümlədən Amerika hərbçilərinin Litva ərazisində və Baltik bölgəsində yerləşdirilməsinin Rusiyadan gələn təcavüzkarlıq və işğal siyasəti təhlükəsinin qarşının alınmasında önəmli rol oynayacağnı vurğulayıb.

Bundan başqa, Litva ərazisində yarım il ərzində 2019-cu ilin payızından 2020-ci ilin yazına qədər ABŞ ordusunun 1 -ci alayının 1-ci tank batalyonu yerləşdirilib. Hərbi obyekt Belarus ilə sərhəddən 10 km məsafədə Pabrade şəhəri yaxınlığında yerləşir.

Estoniya XİN rəhbəri Urmas Reynsala da ABŞ-la müdafiə sahəsində əməkdaşlığı gücləndirmək istədiyini bildirib.

Hərbi ekspert Aleksey Leonovun qeyd etdiyi kimi, infrastrukturun genişlənməsi ABŞ-ın Rusiya ilə sərhədlərdə potensial münaqişə üçün platsdarm yaratdığını göstərə bilər.

"Baltikyanı ölkələrdə texnika və resursların müəyyən şəkildə yığılması gedir. Fövqəladə vəziyyət yaranacağı təqdirdə ABŞ-a sadəcə olaraq canlı hərbi qüvvəsini oprerativ şəkildə bölgədə yerləşdirmək qalacaq. Birləşmiş Ştatlar nədənsə Baltikyanı dövlətin müdafiə üçün ön tərəf olduğunu düşünür... Rusiya bütün bunları görür və müvafiq addımlar atır", - deyə ekspert RT ilə söhbətində qeyd edib.

Moskva qoşun və texnikanın yerləşdirilməsindən, eləcə də NATO ölkələrinin Rusiya sərhədlərinə yaxın təlimlərindən dəfələrlə narahat olduğunu bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Rusiya sərhədlərində NATO-nun potensialının artırılması gərginliyin artmasına gətirib çıxarır.

"Biz Rusiyanın sərhədlərinə yaxın NATO-nun hərbi potensialının artırılmasından narahat olduğumuzu bildirmişik. Alyansın hazırlanma miqyası özünümüdafiə tələblərindən çox kənara çıxır və bu xətt gərginliyin artmasına və etimad çatışmazlığının daha da dərinləşməsinə gətirib çıxarır", - deyə Lavrov bildirib.

Əlbəttə Rusiya rəsmiləri ABŞ-ın Pribaltika ölkələrində, o cümlədən Polşa və Ukraynada hərbi cəhətdən möhkəmlənməsinin günahını ABŞ və NATO-nun üzərinə qoymağa can atırlar. Lakin Rusiyanın yüksək səviyyəli rəsmilərinə, eləcə də Xarici işlər naziri Sergey Lavrova da yaxşı aydındır ki, başda ABŞ olmaqla NATO ölkələri, eləcə də Avropa İttifaqı ilə münasibətlərin gərginləşməsinə səbəb prezident Putin tərəfindən imperiyanı bərpa cəhdləridir. Bu müstəvidə də Rusiya tərfindən Gürcüstana əraziləri olan Abxaziya və Cənubi Osetiyanın, o cümlədən Ukraynaya məxsus Krımın işğal edilməsi, Donbasda və Luqanskda separatismi körükləməsi Avropanın gələcəyi üçün böyük təhlükə əmələ gətirib. Yəni bu gün Rusiya təcavüzkarlıq siyasətini, imperiya ambisiyalarını davam etdirməklə Avropanı cavab addımları atmağa məcbur edir. Ona görə də yaxşı olardı ki, ABŞ-ın və NATO-nun Rusiya ilə həmsərhəd bölgələrində hərbi qüvvə və böyük həcmdə hərbi texnika yerləşdirməsinin günahını Rusiya rəsmiləri özlərində axtarsınlar.

Emin Axund

Oxuməni.az