Tacikistan və Türkmənistanda koronavirus müəmması davam edir

Tacikistan və Türkmənistanda koronavirus müəmması davam edir

2 May 09:06
8 435
Bəyəndim (0) Bəyənmədim (11)

Dünyanın hər yerində yeni koronavirusun tuğyan etdiyi bir vaxtda Mərkəzi Asiyanın iki ölkəsi-Türkmənistan və Tacikistan sanki bu bəladan özlərini sığortalamış kimi görünürlər. Bütün hallarda bu günə kimi adıçəkilən hər iki ölkədə yeni koronavirusun olub-olmaması müəmma olaraq qalmaqda davam edir. Faktiki olaraq koronavirusun Tacikistan və Türkmənistana nüfuz edib-etməməsi yalnız onların prezidentlərinə və həkimlərinə məlumdur. Bununla belə Aşqabad və Düşənbədə pandemiyadan qorxur və ona hazırlaşırlar. Halbuki rəsmi məlumata görə, COVİD-19-la xəstələnmə hallarına nə Tacikistanda, nə də Türkmənistanda rast gəlinməyib. Qeyri-rəsmi məlumatlara görə, prezidentlər Emoməli Rəhmon və Qurbanqulu Berdiməhəmmədovun açıqlamalarından fərqli olaraq hər iki ölkədə koronavirus olması gizlədilir. Analoji bir ehtimal ABŞ-ın Türkəmnistandakı səfirliyi tərəfindən vurğulanıb. Belə ki, ABŞ-ın Türkmənistandakı səfirliyi bu ölkənin hakimiyyətinin infeksiya barədə məlumatları gizlədə biləcəyini bəyan edib. Qeyd edək ki, Türkmənistanda xəstəliyin kütləvi xarakter almaması müəyyən amillərlə izah edilə bilər. Az sayda koronavirusa yoluxmanın gizlədilməsini isə Türkmənistanın son dərəcə qapalı olması və insanların repressiya rejimi qarşısında qorxması səbəbindən izah etmək olar.

Tacikistanda isə vəziyyət Türkmənistandakından fərqlidir və ümumiyyətlə, pandemiyanın fonunda orada "nəfəs almaq" bir qədər asandır. Lakin bu iki respublikada koronavirusun "olmamasına" baxmayaraq, onun qarşısının alınması və aşkar edilməsi üçün tədbirlər görülür. Tacikistanda sağlam düşüncə Türkmənistandan daha çox müşahidə olunur. Reallığı müqayisə edək. Hələlik təsdiqini tapmayan məlumatlara görə, Tacikistanda COVİD-19-a yoluxan ən azı üç xəstə var. Tacikistan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, dünyada pandemiya başlayandan bəri ölkəyə gələn hər bir şəxs koronavirus üçün müayinədən keçib. Xəstəxanalarda karantində hazırda 1523 nəfər var və daha 6 min nəfər testdən uğurla keçib. Maraqlı məqamsa ondan ibarətdir ki, Tacikistanda koronavirusun olmamasına baxmayaraq bu ölkədə pnevmoniyadan ölümlə nəticələnən hallar daha çoxdur. Səhiyyə nazirinin müavini Şodixon Cəmşid bunu hava şəraitinin əlverişsiz olması ilə izah edib. O deyir ki, bu, tamamilə normal mövsümi bir fenomendir.

Bununla belə Prezident Emoməli Rəhmon koronavirusun dəhşətli bir bəla olduğunu etiraf edib. Ölkədə COVİD-19 xəstələrinin olmamasına baxmayaraq, o, bu bəlaya qarşı hazırlıq görüldüyünü bildirib. Hakimiyyət bu vəziyyətin ağırlaşa biləcəyini nəzərə alaraq fövqəladə hallara qarşı tədbirlər proqramı hazırlayıb. Düşənbə məsələ ilə bağlı beynəlxalq donor təşkilatlarına maliyyə yardımı üçün müraciət edib. Artıq Özbəkistandan un, antiseptik və dezinfeksiya vasitələri ilə dolu 18 vaqon, tibbi maskalar, respiratorlar, qoruyucu eynəklər gətirilmişdir. ABŞ pandemiyaya qarşı mübarizə üçün Tacikistana 869 min dollar yardım edib. Avropa İttifaqı isə bu müstəvidə Tacikistana 48 milyon avro ayırıb. BVF də öz növbəsində pandemiyaya görə bir sıra ölkələrin borc yükünü qismən yüngülləşdirdi və Tacikistanı da onların sırasına daxil elədi.

Xatırladaq ki, əvvəllər Dünya Bankı Düşənbə üçün pandemiya şəraitində iqtisadiyyatı dəstəkləmək üçün 11 milyon dollar ayırıb. Yerli biznes də dövlətə yardıma başlayıb. Düşənbənin Səhiyyə İdarəsi bu yardımlar sayəsində COVİD-19, IVL aparatları, həkimlər üçün qoruyucu geyimlər xəstəliyi aşkar etmək üçün böyük bir test avadanlıqları alıb.

Hakimiyyət Qətərin iştirakı ilə 100 milyon dollardan artıq sərmayə qoyulan və regionun ən böyük məscidinin açılış mərasimindən də imtina edib. Eyni zamanda aprel ayının 18-dən etibarən Tacikistan Uləmalar Şurası məscidlərdə birgə duaları qadağan edib. Bundan başqa, respublikada ənənəvi olaraq paytaxt gününün qeyd olunması, digər kütləvi tədbirlər təxirə salınıb.

Ümumiyyətlə, Prezident Emoməli Rəhmon türkmən həmkarından fərqli olaraq, COVİD-19 probleminin, ümumiyyətlə, mövcud olmadığını iddia etmir. O, xəstəliyin baş verməsinin qarşısını almaq üçün ölkədə sanitariya-gigiyena tədbirlərinin gücləndirilməsini və hər bir ailə üçün qida məhsullarının ikiillik tədarükünü təmin etməyi tapşırıb. Amma əhalini təəccübləndirən hakimiyyətin bütün bunların fonunda yaz tətillərini uzatmaması ölkədə orta məktəblər, ali məktəblər və uşaq bağçalarının işləməsidir. Taciklərin onların arasında koronavirus xəstələri olmadıqlarına əminliyi yoxdur.

Türkmənistana gəlincə, burada vəziyyətt daha fərqlidir. Əgər Tacikistanda koronavirus haqqında danışmağı qadağan etmirlərsə, dünyanın ən çiçəklənən və xoşbəxt ölkəsində bu söz dilə gətirilmir. Ölkənin tibb müəssisələrində mütəmadi olaraq yeni virusun müzakirə olunması qadağan edilən toplantılar keçirilir. Bununla yanaşı, "Türkmənistanın xronikaları" nın məlumatına görə, Türkmənabad şəhərinin karantin zonasında COVİD-19-a yoluxmuş yeddi nəfər var. Bunu digər müstəqil KİV-lər də təsdiq edir. Həmçinin bildirilir ki, təhsil müəssisələrində və uşaq bağçalarında koronavirusun olmamasını sübut etmək üçün kütləvi testləşdirmə tətbiq olunur.

Buna paralel olaraq gizli şəkildə ölkədə yeni xəstəxanalar kütləvi şəkildə xəstəliyə yoluxanları qəbul etmək hazırlanır .Qeyri-rəsmi məlumatlara görə, Türkməmistanda karantin poliqonu Əfqanıstanla sərhəddəki Kuşka şəhərində yerləşir. Yenə də təsdiqlənməmiş məlumatlara görə, karantin zonaları çərçivəsində Aşqabad və Balkanabadda yeni infeksion xəstəxanalar inşa edilib.

Ümumiyyətlə, Türkmənistan ikili həyat həyat yaşayır. Birincisi, o, hər halda, pandemiyaya hazırlaşır və hələ də ölkədə koronaviruslu xəstələrin olduğunu gizlədir. Buna paralel olaraq prezident Berdıməhəmmədovun son izdihamlı tədbirlər-veloyürüşlər zamanı geniş kütlələrdən ayrı gəzdiyi diqqəti cəlb edib. Eyni zamanda hakimiyyət orqanları toylarda qonaqların sayının 200 nəfərdən çox olmasını qadağan edib . Türkmənistana xaricdən yardım göstərilməsinə gəlincə, türkmənlər qürurlu və zəngin xalqdır. Onlar xaricdən yardım almağı sevmirlər. Məhz bu məqam Avropa İttifaqının respublikanı COVİD-19 epidemiyası ilə əlaqədar maliyyə dəstəyi alan ölkələr sırasına daxil etməməsinə səbəb olub. Qeyd edilib ki, Türkmənistanda adambaşına düşən gəirlərin səviyyyəsi yüksəkdir. Dünya Bankının (DB) kriteriyalarına görə, dövlətlərə yardımlar ÜDM-in səviyyyəsi 4086 dollar olanlara düşür. Türkmənistanda isə müvafiq göstərici 7065 dollara bərabərdir.

"Türkmənistan xronikası" nın yazdığına görə, DB öz hesablamalarına görə 1ABŞ dolları 3,5 manat təşkil edir. Bu kurs beş ildir dəyişmir. 2016 - cı ildən etibarən fiziki şəxslər üçün valyuta mübadiləsi qadağan edilib. Bu da "qara" valyuta bazarının inkişafına gətirib çıxarmışdır. Xatırladaq ki, türkmənlərin əsas kütləsi az qala ac qalır və "çiçəklənən" ölkənin vətəndaşlarına elmlə deyil, təbii bitkilərlə müalicə olunmaq məsləhət görülür. Türkmənistanda, hətta koronavirusun yayılmasına necə müqavimət göstərəcəyini bilirlər və sadəcə,onu dağdağanla, üzərrik tüstüsü ilə müalicə etməyi tövsiyə edirlər. Ən ağır xəstələrə xaş yedirir və bu yolla onun sağalacağına inanırlar.

Amma Türkmənistana xarici yardıma qayıdaq. ABŞ Aşqabada koronavirusa qarşı mübarizə üçün 920 min dollar ayırıb. Bu zaman mədəni şəkildə xatırladıblar ki, son 20 ildə onlar Türkmənistana 200 milyon dollardan artıq sərmayə yatırıblar. Bunun da 21 milyonu səhiyyə ehtiyacları üçün nəzərdə tutulub. Aşqabadda buna sərt reaksiya veriblər. Türkmənistan XİN ABŞ tərəfindən iqtisadi yardım göstərilməsi barədə məlumatı dərhal təkzib edib. Belə başa düşmək olar ki, Türkmənistan təkbaşına koronavirusla mübarizəyə hazırdır. Buna isə inanmaq olduqca çətindir...

Emin Axund

Oxuməni.az