Qədirbilən insanların anası - Tereza ana

Qədirbilən insanların anası - Tereza ana

13 Aprel 2012 15:22
Bəyəndim (0) Bəyənmədim (0)
Qəlbi gözəl olan hər bir şeyi gözəl görür

TANRININ SINAĞI

Kəlküttə şəhər xəstəxanasının həyətində zavallı bir xəstə uzanmışdı. Onun sifəti və əlləri qotur idi, irinli bədəni isə üfunət iyi verirdi. O, son ümidini xəstəxanaya bağlamışdı və tibb işçilərinin mərhəmətinə güvənirdi. Lakin heç kim ona kömək etmək istəmirdi. Yanından ötən hər kəs burnunu tutaraq, sürətini artırırdı. Zavallı qadın ac olduğundan danışmağa heyi də yox idi. İnsanlar ona qarşı laqeydlik nümayiş etdirirdilər. Belə ki, bu şəhərdə onun kimi səfil həyat tərzi sürənlər az deyildi. Ümumiyyətlə, Hindistanda zibillikdə doğulub, zibillikdə ölənlərin sayı on minlərlədir. Məhz bu səbəbdən onlar cəmiyyət üçün adiləşiblər. Xəstə qadın bir neçə saat torpağın üzərində qaldı. Nəhayət, küçənin sonunda bəstə boylu bir qadın göründü. Göy zolaqlı ağ sari geyinmiş rahibə iti addımlarla xəstəyə yaxınlaşdı. Onun ölümcül olduğunu görüb, xəstəxanaya daxil oldu. Lakin həkimlər rahibənin sözlərini qulaqardına vurub, təmənnasız işləməyəcəklərini bildirdilər. Bundan sonra rahibə xəstəyə təkbaşına kömək etmək qərarına gəldi. Lakin ətrafa saçan üfunət bir anlıq onu fikrindən daşındırdı. Rahibə çıxıb getmək istəsə də, ayaqları yerindən tərpənmədi. O, gördüklərinə etinasız qala bilməyəcəyini anlayıb, əllərini göyə qaldıraraq, dua etməyə başladı: "Müqəddəs Məryəm! Elə et ki, İsa Məsihə məhəbbətlə dolu olan ürəyim bu insanı da sevə bilsin! Kömək et, mən bu xəstə bədəndə İsa Məsihi görüm". Rahibənin duası səssiz qalmadı. Sanki göylərdən ona güc və dözüm verildi. O, xəstəni evinə aparıb, çimizdirdi, saçını daradı, yemək və su verdi. Bir sözlə, nəvaziş göstərdi və xəstə onun qolları arasında təbəssümlə dünyasını dəyişdi. Tanımadığı adama qayğı göstərən rahibə sonralar dünyada məşhur olacaq Tereza Ana idi. İllər ötəcək və keçmişi xatırlayan Tereza Ana öz hisslərini bu cür ifadə edəcək: "Mən o xəstəyə kömək edərkən anladım ki, Tanrının bizlərə qarşı məhəbbəti və mənim ona olan sevgim mənə böyük qüvvə verir." O vaxtlar Tereza Ananın 38 yaşı vardı. O, həyatının tən yarısını müəllimlik sənətinə həsr etmişdi. "Loret Ordeni" adlı məktəblərdə hindli qızlara tarix və təbiətşünaslıqdan təhsil verirdi. Tereza Ana əmin idi ki, savadlı ölkədə səfalət və aclıq hökm sürə bilməz. O, asudə vaxtlarını ibadət etməklə keçirir və Tanrıya dualar edirdi. Ümumiyyətlə, Tereza Ana Tanrını sevdiyi üçün onun yaratdığı hər şeyi, o cümlədən insanları sevirdi. İllər sonra jurnalistlərdən biri ona deyəcək: "Şəxsən mənə milyon dollar versələr də, o xəstəyə toxunmazdım." Tereza Ana isə təbəssümlə cavab verəcək: "Şəxsən mən də milyon dollar müqabilində ona kömək etməzdim. Ancaq Tanrıya olan məhəbbətim məni bu addımı atmağa sövq etdi."

UZUN YOLÇULUQ

Tereza Ananın əsl adı Aqnes Qonca Boyaciudur. O, 1910-cü ilin 26 avqust günü Makedoniyanın paytaxtı yaxınlığında yerləşən Skopye qəsəbəsində anadan olmuşdu. Üç uşağın sonbeşiyi olan Aqnes milliyyətcə alban olsa da, müsəlman deyildi. Onun valideynləri katolik dininə sitayiş edirdilər. Uşaqlıqda o, müxtəlif peşələrə yiyələnmək arzusu ilə yaşayırdı. Gah müəllimə olmaq, gah həkim olmaq, gah da musiqiçi olmaq istəyirdi. Lakin İlahinin hökmü ilə o, xeyriyyəçi rahibə olacaqdı. Bir gün anası Aqnesdən xahiş etdi ki, kilsənin xorunda oxusun. Gözəl səsə malik olan qızcığaz anasına etiraz etmədi. O, gündən onun taleyi kilsə ilə sıx bağlanmış oldu. İllər ötdü. Günlərin bir günü 18 yaşlı Aqnes anasına bildirdi ki, rahibə olmaq istəyir və məqsədi Hindistana yollanıb, məzlumlara kömək etməklə Tanrıya ibadət etməkdir. Sözsüz ki, ana dəhşətə gəldi. Aqnesi fikrindən daşındırmağa və ibadət etməyin ev şəraitində də mümkün olduğuna inandırmağa çalışdı. Lakin qızcığazın qərarı qəti idi. O, anasının xeyir-duasını aldıqdan sonra 1928-ci ilin 27 sentyabr günü Zaqrebə yola düzəldi. Oradan da Dublin şəhərinə yollandı. "Loreto Ordeni" kilsəsində təhsil almağa başlayan Aqnes bir ildən sonra Kəlküttəyə köçdü. O, hərbi akademiyada təhsil alan böyük qardaşı ilə məktublaşırdı. Belə məktubların birində Aqnes yazırdı: "Sən mənim addımımı qiymətləndirirsən. Buna görə təşəkkür edirəm. Özün də zabit olub, iki milyonluq əshabəsi olan şaha xidmət etməkdən qürur duyursan. Çox gözəl. Mən isə dünyanın şahına xidmət etməkdən qürur duyuram."

TANRI YOLUNDA

Aqnes Kəlküttə şəhərindəki "Müqəddəs Tereza" İnstitutunda müəllim işləməyə başladı. Tezliklə o, direktor vəzifəsinədək yüksəldi. 1931-ci ildə Aqnes rahibə olduğu barədə rəsmən and içdi. Bundan sonra ona Tereza adını verdilər. Tereza 1927-ci ildə kilsə tərəfindən övliya elan edilmiş fransız rahibəsi idi. O, xeyriyyəçi kimi ad çıxarmışdı.

Yeni Terezanın işləri qaydasında gedirdi. Tələbələr və müəllimlər onu çox sevirdilər. O da işlərini uğurla aparırdı. Lakin 1946-cı ildə Terezaya göydən səda gəldi. Bundan sonra o, Kəlküttə viranəliyində yaşayan insanlara kömək etmək qərarını verdi və İnstitutu birdəfəlik tərk edib, oraya yollandı. Alfred Qomes adlı şəxs yerli kilsə xadimlərinin xahişi ilə onu evinin ikinci mərtəbəsində yerləşdirdi. Otaq bomboş idi. Tereza quru yerdə yatmaq məcburiyyətində qalırdı. Məhz burada ilk yetimlər məktəbi təşkil olundu. Sonralar bu məktəb genişlənərək, "Mərhəmət Ordeni" təşkilatının uşaq evlərinin mərkəzinə çevrildi. Mərkəzin rəhbəri olan Tereza 11 şəfqət bacısının köməyi ilə küçə uşaqlarını toplamağa və onları nəvazişlə əhatə etməyə başladı. Rahibələr uşaqlara təhsil verməklə yanaşı onlara yaşamaq üçün normal həyat tərzi yaratmışdılar. Çox sonralar Tereza aborta qarşı çıxaraq, bunları söyləyəcək: "Əgər körpələriniz sizə lazım deyilsə, onları böyütməyə imkanınız yoxdursa, mənə verin, ancaq öldürməyin." Terezanın mərhəməti Kəlküttə şəhər rəhbərliyinin rəğbətinə səbəb oldu. 1952-ci ildə ona böyük bir tövlənin ərazisində yer verdilər. O, burada ölümcül xəstələr üçün şəfa evini yaratdı. Qəribədir ki, əməkdaşlar xəstələrə əlcəksiz xidmət edirdilər. Bununla belə, yoluxucu xəstəliklərə tutulmurdular. Görünür, Tanrı onları hifz edirmiş. Adı dillər əzbərinə çevrilən Tereza qısa zamanda bu cür şəfa evlərini Hindistanın hər yerində təşkil etməyə müvəffəq oldu. Onun bank hesablarına maliyyə axını başladı. O, çoxsaylı xəstəxanalar, uşaq evləri və məktəblər tikdirdi. Tanrı xeyriyyəçi Terezanın üzünə bütün qapıları açırdı. Rahibə hətta çıxılmaz vəziyyətlərdən belə asanlıqla çıxış yolu tapırdı. Məsələn, atılmış körpələrlə dolu olan Aqra şəhərində uşaq evi tikdirmək lazım idi. Lakin maliyyə vəsaiti çatışmırdı. Tereza imkanlı adamların qapısını döysə də, ona kömək edən tapılmırdı. Artıq hamıya məlum idi ki, uşaq evi tikilməyəcək. Məhz bu anda Terezaya xoş bir xəbər gəldi. Sən demə, Filippin təşkilatlarının biri onu mükafatlandırmışdı. Rahibə aldığı pulun hamısını uşaq evinin inşasına xərclədi.

TANRI NAMİNƏ

Cüzam xəstəliyi Hindistanın milli bəlası sayılır. Təkcə Benqaliya ştatında yarım milyondan artıq insan bu xəstəliyin daşıyıcısıdır. Yerli inanclara görə, insan günaha batıbsa, Tanrı onu cüzamla cəzalandırır. Məhz buna görə də elələri cəmiyyət tərəfindən təqib olunur. Onlara nəinki kömək edən olur, kömək etməyə cəhd göstərənlər belə insanlar tərəfindən nifrətlə qarşılanır. Bu cür çətin şəraitdə Tereza böyük bir şücaət göstərib cüzam xəstəxanasını açdı. Yerli əhali onun bu addımını lənətləməklə yanaşı, xəstəxananı daşa basmağa başladı. Lakin Tereza öz yolundan dönmədi. Onun həmfikirləri əhali arasında təbliğat və təşviqat işləri apardılar. Tezliklə bu, öz bəhrəsini verdi. İnsanlar anladılar ki, cüzam Tanrının lənəti deyil, müalicə olunası xəstəlikdir. Terezanın təklifi ilə hökumət cüzamlılar üçün xüsusi kəndlər, qəsəbələr saldı. Xəstələr ölənədək və ya sağalanadək ailələri ilə birlikdə burada yaşayırdılar. Bundan əlavə, hərəkətdə olan, ölkəni dolaşan poliklinikalar fəaliyyət göstərməyə başladı. 1979-cu ildə Tereza Ana Nobel mükafatına layiq görüldü.

ALLAH ŞƏFA VERSİN!

1985-ci ildə Tereza Ana Nyu-yorka gəlib, bir neçə həbsxananı ziyarət etdi. O, burada üç QİÇS xəstəsi ilə görüşdü. Onlarla söhbətdən sonra rahibə birbaş merin yanına yollandı. Nəticədə, həmin dustaqlar vaxtından əvvəl azadlığa buraxıldılar. Milad bayramı ərəfəsində Manhettenin Qriniç-Villic küçəsində QİÇS xəstələri üçün ilk şəfa ocağı açıldı. Xəstəxananı "Məhəbbətin hədiyyəsi" adlandırdılar. Azadlığa buraxılmış xəstələri də ora yerləşdirdilər. Həmin ərəfədə Tereza Ana televiziya ilə çıxış edərək, insanlara səsləndi: "QİÇS - qəlbində mərhəmət hissi olmayan kəslərə Tanrının xəbərdarlığıdır!" O, nitqini bu cümlələrlə bitirdi: "Bir-birinizə ürək açın, bir-birinizi sevin!" Tereza Ananın ibrətamiz çıxışı hər kəsin qəlbinə yol tapdı. Vətəndaşların bu cür xəstələrə qarşı mövqeyi tamamilə dəyişdi.

CANLI ƏFSANƏ

Ümumiyyətlə, Tereza Ananın fədakarlığını saymaqla qurtarmaq olmur. Buna bir məqalə deyil, bir ömür də yetməz. Təkcə onu qeyd etmək kifayətdir ki, İsrail-Fələstin müharibəsində Tereza Ana cəbhə xəttinin yaxınlığında uşaq evi qurmuşdu. Onun şəxsi xahişi ilə müvəqqəti atəşkəs elan olundu və dağıntılar altında qalan 37 körpə bu uşaq evinə yerləşdirildi.

Görüşlərin birində Roma papası ona "Limuzin kontinental" bağışladı. Tereza Ana bu maşını auksionda sataraq, əldə etdiyi pulları imkansızlara payladı.

MÜQƏDDƏS İNSAN

Tereza Ana 1997-ci ildə 87 yaşında dünyasını dəyişdi. 2003-cü ilin oktyabrında isə Katolik kilsə onu müqəddəs elan etdi. Sağlığında heç kəsi tənqid etməyən bu insan həmişə bir şüarla yaşayıb: "Hər bir şeyi, hətta ən xırda işi belə böyük məhəbbətlə görmək lazımdır." Bütün həyatını Tanrıya həsr etmiş bu insan onun sifətlərini adi adamlarda görməyə çalışırdı. Odur ki, Tanrı eşqinə hər kəsi sevirdi. Bizim hər birimizi sevən Tereza Ana xoş məramı və xeyriyyəçiliyi ilə qəlblərimizdə taxt qurmağı bacarıb. Onun yaratdığı "Mərhəmət Ordeni" təşkilatının 111 ölkədə 400-dən artıq filialı və 120 ölkədə 700 mərhəmət evi fəaliyyət göstərir. Bu insan o qədər müqəddəsdir ki, məzarı üstünə qoyulan gülər də 15 gün solmadı.

YERİ GƏLMİŞKƏN

Deyilənə görə, xərçəng xəstəliyinə tutulmuş bir qadın gecədən səhərədək kilsədə olmuş, mərhum Tereza Ananın şəkli qarşısında ibadət etmişdi. Birdən onun gözünə şəkildən parlayan şüalar sataşdı. Bu şüalar qadının qəlbinə hərarət gətirdi. O, qorxudan özündən getdi. Səhər ayıldıqda, özünü nisbətən gümrah hiss etməyə başladı. Tibbi müayinədən sonra məlum oldu ki, onun şişi tamamilə çəkilib.

SON SÖZ ƏVƏZİ:

İnsanın Tanrıya ibadət etməsi onun özünə lazımdır. Belə ki, Tanrının mədhiyyələrə ehtiyacı yoxdur. Məncə, biz insanlar onda mömin sayıla bilərik ki, sözdə deyil, əməldə Tanrıya olan məhəbbətimizi sübuta yetirə bilək. Daha dəqiq desək, Tanrının yaratdığı hər bir varlığa qayğı ilə, nəvazişlə, məhəbbətlə yanaşaq, eynən Tereza Ana kimi.

Natiq Qocaman

O.M.