Yəməndə sülh axtarışları davam edir

Yəməndə sülh axtarışları davam edir

17 Aprel 2020 11:35
Bəyəndim (1) Bəyənmədim (23)

Günümüzdə yeni koronavirusun özü ilə gətirdiyi və çoxsaylı ölümlərə yol açan qorxulu bəlanın tüğyan etməsinə baxmayaraq, dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr davam etməkdədir. Bu baxımdan Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilər arasında qanlı toqquşmalar səngimək bilmir. Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilər arasında toqquşmalar 6 il əvvəl başladı. Belə ki, 2014-cü ildə İran tərəfindən açıq şəkildə dəstəklənən husilərin (şiə üsyançıları) ölkənin beynəlxalq aləm tərəfindən tanınmış hökumətini devirdikdən sonra Yəmən münaqişəsinə qoşuldu. Ər-Riyadda əmindirlər ki, “Ansar Allah” (husilər) hərəkatı İrandan dəstək alır və buna səbəb Yəməndə şiə dövləti qurmaqdır İran bu məqsədlə husiləri silahlandıraraq regionda hibrid müharibəsinə başlayıb. Səudiyyə Ərəbistanının bunun qarşısını almaq və İranın məkrli planlarını pozmaq üçün münaqişəyə müdaxiləsi Yəməndə qarşıdurmanı daha da gərginləşdirdi. Ər-Riyadın “Qətiyyət fırtınası” adı almış əməliyyatı Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənib. Sonra Misir, İordaniya, Mərakeş, Pakistan və Sudan də Səudiyyə Ərəbistanını dəstəklədilər.

İlk mərhələdə Səudiyyənin aviazərbələri hökumət qüvvələrinə qiyamçıları sıxışdırmağa kömək etdi, amma onları paytaxtdan çıxarmaq mümkün olmadı. Səudiyyə Ərəbistanının koalisiya üzrə baş müttəfiqi BƏƏ keçən il hərbi əməliyyatlarda iştirakdan imtina edib. Bundan başqa, husilər Krallığın ərazisini raket atəşinə tutaraq, onun neft obyektlərinə hücum etməyə başlayıblar. Buna paralel olaraq yeni koronovirusun bölgədə sürətlə artması Səudiyyə Ərəbistanını vəziyyətdən çıxış yolu axtarmağa və hərbi əməliyyatları dayandırmağa məcbur edib. Şübhəsiz ki, Səudiyyə Ərəbistanının regiondakı hərbi əməliyyatları dayandırmaq qərarı heç də Yəməndə sülhün bərqərar olacağı anlamına gəlmir. Əksinə, beynəlxalq dəstəkdən məhrum olan yerli hökumət qüvvələri qiyamçılar üçün daha asan hədəf olacaq.

“Al Riyadh” qəzetinin ötən həftə yazdığına görə, atəşkəs elan edildikdən sonra “Ansar Allah” hərəkatı Marib və Hodeyd şəhərlərinə raket zərbələri endirdi, həmçinin əl-Jauf əyalətindəki hərbi düşərgəni ələ keçirməyə cəhd etdi. Neft-qaz mərkəzi olan Husilər Marib üzərində nəzarəti ələ keçirsələr bu, hökumət qüvvələri və onların tərəfində çıxış edən tayfalar üçün də böyük strateji itki olacaq. Eyni zamanda “Ansar Allah” sülh danışıqlarından imtina etmir, lakin Yəmən ərazisindən bütün xarici qoşunların çıxarılmasını təkid edir. Husilərin hərbi məqsədləri daim dəyişir, amma aydındır ki, qiyamçılar ən azı hakim koalisiyanın bir hissəsi olmaq istəyirlər və güman ki, ölkənin bütün şimalına, o cümlədən Sanaya iddia edirlər. Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Cənub Keçid Şurası (TQDK) Cənubi Yəmənin müstəqilliyində təkid edir. Öz növbəsində, Səudiyyə hökumətinin Prezident əbd Rabbo Mənsur Hadiyə loyal olan qüvvələr istəyirlər ki, onların lideri Birləşmiş Yəməndə rəhbər kimi hakimiyyətə qayıtsın. Regionda fəal şəkildə fəaliyyət göstərən “Əl-Qaidə” və “İslam Dövləti” terrorçuları (hər iki təşkilat Rusiyada qadağan olunub), həmçinin ayrı-ayrı silahlı tayfalar vəziyyəti mürəkkəbləşdirir. Bütün müharibə edən tərəflər arasında hazırkı barışığa nail olmaq praktiki olaraq mümkünsüz görünür.

Səudiyyə Ərəbistanı Yəməndəki kampaniyaya 2015-ci ildə başlayan zaman sürətli hücumla qələbə çalacağını gözləyirdi. Ər-Riyadda gözlənilmirdi ki, o, müharibə illərlə uzanacaq və bu, krallığın beynəlxalq imicinə ciddi təsir göstərəcək. Onu da deyək ki, mətbuat və hüquq müdafiəçiləri Səudiyyə Ərəbistanının dağıdıcı müharibə üsullarına əl atdığını dəfələrlə qeyd ediblər.

“Birləşmiş Ərəb Əmirlikləri kimi, Səudiyyə Əərəbistanı da bu müharibənin dünya üçün bitdiyini bəyan etmək istəyir”, - deyə AFP-a regionda Ər-Riyadın planları ilə tanış olan Qərb məmurlarından biri bildirib. Amma yerlərdə vəziyyət çox mürəkkəbdir. Səudiyyə Ərəbistanı indi müharibəni qurtaracaqsa, bu, krallığın boş yerə əməliyyata milyardlarla dollar xərcləməsi və döyüşçülərinin həyatını heç nədən nahaq ölümə atması demək olacaq. Ər-Riyadın husilərlə gizli razılaşmaları isə Səudiyyəni bu dalandan çıxa bilər. Tərəflər arasında qeyri-rəsmi rabitə kanalının olması 2019-cu ilin noyabr ayında bildirilmişdi. Kampaniyanı hazırkı şəraitdə davam etdirmək uzun müddət mümkün olmayacaq. Koronavirusa görə, neftə tələbatın dünya səviyyəsində azalması ölkə büdcəsinə ciddi zərbə vurdu. Bundan başqa, pandemiyanın fonunda Britaniyanın “BAE Systems” müdafiə şirkətinin Səudiyyə bombardmançılarına xidmət edən əməkdaşları ölkəni tərk edib. Bu, krallığın havadan zərbələri davam etdirmək imkanını kəskin şəkildə azaldıb.

İqtisadi vəziyyətin ağırlığı Səudiyyə Ərəbistanının ölkəni modernləşdirmək planlarını uzun müddətə təxirə salır. Pul vəsaitlərinin çatışmazlığı şahzadə Məhəmməd bin Salmanın “Vision 2030” proqramının həyata keçirilməsini sual altına qoyur. Proqramda, Krallığın neft iqtisadiyyatının şaxələndirilməsini, səhiyyə, təhsil, infrastruktur islahatını, eləcə də vətəndaşların həyat səviyyəsinin yüksəldilməsini nəzərdə tutur. Hazırda ər-Riyadın gəlirlərinin 80% - i neftdən asılıdır. Xammalın qiymətinin bir barel üçün 30 dollardan dan bir qədər yüksək olduğunu nəzərə alaraq, Səudiyyə Ərəbistanı dövlət xərclərini azaldacağını bildirib. Çünki pandemiya səbəbindən ölkə üzrə müəssisələrin bağlanması fonunda iqtisadiyyatı qorumaq üçün krallıq xarici ehtiyatlarından istifadə edir.

Belə bir şəraitdə Yəməndə müharibənin davam etdirilməsi üçün yenidən vəsait xərclənməsi və hərbçilərin mənasız ölümə göndərilməsi faydasız iş kimi görünür. Bunu Uilson Analitik Mərkəzinin araşdırmaları da sübut edir. Analitik mərkəzin ekspertlərinin araşdırmalarına görə, Yəməndə hava, yerüstü və dəniz əməliyyatlarının davam etdiirlməsi Səudiyyə Ərəbistanına gündə 200 milyon dollara başa gələ bilər. “Ər-Riyad gözəl başa düşür ki, onun qəfil gedişindən sonra Yəmənə nəzarət İranın əlinə keçəcək”,- deyə Ottava Analitik Mərkəzinin Universitetinin dosenti Tomas Cuno bildirib.

Eyni zamanda, Səudiyyə Ərəbistanı Yəməndə davam edən müharibədə öz müdaxilə xərclərini azaltmaq istəyir. Onlar üçün aydındır ki, bu gün hərbi əməliyyata çəkilən cari maliyyə xərcləri qəbuledilməzdir. Lakin Yəməndə sülhün əldə edilməsi yalnız Səudiyyə Ərəbistanından asılı deyil. Bu məsələdə İran da qan tökülməsinə son qoymaq üçün husiləri silahlandırmaqdan əl çəkməli və oradan husi gücləri altında döyüşən hərb qüvvələrini çıxarmalıdır. Əks halda Yəməndə sülhə nail olmaq mümkün olmayacaq.

Əziz Mustafa

Oxuməni.az