Prezidentliyə namizəd  cinsi təcavüzdə ittiham edilir

Prezidentliyə namizəd cinsi təcavüzdə ittiham edilir

17 Aprel 2020 11:16
Bəyəndim (0) Bəyənmədim (23)

ABŞ-da prezidentliyə namizədlər arasında mübarizə özünün yeni qarşılıqlı ittihamlar dövrünə qədəm qoyub. Bu baxımdan son dövrlərdə prezidentliyə namizəd Co Baydenin müxtəlif ştatlarda keçirilən seçkilərdə qalib gəlməsi rəqibləri tərəfindən onun əleyhinə müxtəlif ittihamların irəli sürülməsinə gətirib çıxarıb. Özü də Baydenin əleyhdarları ona qarşı mübarizədə keçmiş köməkçisi xanım Tara Rid kartını işə salıblar. Tara Rid nə üçünsə üstündən 27 il ötəndən sonra Baydenin ona cinsi təcavüz etdiyini yadına salıb. Məsələ ilə bağlı polisə şikayət ərizəsi ilə müraciət edən Tara Rid iddia edib ki, Co Bayden senator olduğu dövrdə, 1993-cü ildə ona qarşı seksual xarakterli hərəkət edib. Onun polisə müraciət etdiyi şikayət ərizəsi isə hansı yollarlasa mətbuatın əlinə düşüb və bu, Baydenə qarşı ittihamların artmasına gətirib çıxarıb. Baydenə qarşı qaldırdığı şikayətinin arxasında kimlərinsə dayandığını ört-basdır etmək üçün xanım Rid Respublika Partiyasının nümayəndələrindən iddiadan Baydenə qarşı siyasi mübarizə məqsədi ilə istifadə etməməyi xahiş edib: “Respublikaçılar, xahiş edirəm, irəli sürdüyüm ittihamlardan siyasi məqsədlərlə üçün istifadə etməyin”.

Eyni zamanda xanım Rid mətbuatı demokratlara işləməkdə günahlandırıb. O, iddia edib ki, Rid və tərəfdarları, daha dəqiq desək, Demokratlar Partiyası daim mətbuatı öz təsiri altında saxlayır və onlar Baydeni müdafiə edirlər. Tara Rid Co Baydenlə bağlı polisə şikayət etdikdən sonra ona qarşı təcavüzə məruz qalan digər qadınlar tərəfindən də çoxsaylı şikayətlərin olacağına ümid etdiyini, lakin bu gözləntilərinin özünü doğrultmadığını söyləyib. Əslində xanım Tara Rid özünün şikayətindən sonra guya Bayden tərəfindən “təcavüzə” məruz qalan çoxsaylı qadınların da ondan nümunə götürəcəyini gözlədiyini, lakin bu ümidlərinin özünün doğrultmadığını söyləməklə kimlərinsə əlində keçmiş şefinə qarşı oyuncaq olduğunu dolayısı ilə büruzə vermiş olub. Tara Ridin Baydenin ünvanına səsləndirdiyi ittihamlara onun seçkiqabağı qərargahın rəhbərinin müavini və ictimaiyyətlə əlaqələr üzrə direktor Keyt Binengfield də reaksiya verib. Onun sözlərinə görə, Ridin iddiaları yalandır və həqiqətə uyğun deyil.

“Bu, doğru deyil”, - deyə Bineqfield bildirib: “Belə ittihamlar müstəqil mətbuat tərəfindən diqqətlə yoxlanılmalıdır”. O, həmçinin qeyd edib ki, keçmiş vitse-prezident fəaliyyəti dövründə öz işini qadınlara qarşı zorakılıq ilə bağlı qanunvericiliyin və bu sahədə vəziyyətin dəyişməsinə həsr edib. Onun sözlərinə görə, Bayden əmindir ki, qadınların öz hüquqlarnı müdafiə etmək haqqı var.

Qeyd edək ki, bu, Co Baydenə qarşı ilk ittiham deyil. Bir il əvvəl iki amerikalı qadın sabiq vitse-prezidenti pis davranışda ittiham etmişdilər.

Belə ki, 2019-cu ilin aprel ayının əvvəlində Konnektikut ştatının sakini Emi Lappo bu cür bəyanatlarla çıxış edib. Onun sözlərinə görə, 2009-cu ildə Qrinviç şəhərində Demokrat Partiyasına dəstək keçirilən tədbir zamanı Bayden ona qeyri-adi şəkildə toxunub. Bu barədə o, regional “Hartford Courant” qəzetinə məlumat verib. Elə həmin il martın sonlarında isə Nevada ştatı Assambleyasının sabiq üzvü Lüsi Flores iddia edib ki, guya Bayden 2014-cü ildə razılığı olmadan onu öpüb.

Məsələ ilə bağlı əksər politoloqlar qeyd edirlər ki, Demokratlar vaxtı ilə eyni mübarizə üsulundan Trampa qarşı istifadə etmişdilər və indi bu fakt onların özlərinə qarşı çevrilib. Belə bir fikir vurğulanır ki, demokratlar Trampı cinsi təcavüzdə necə günahlandırmışdılarsa, indi onların özləri də analoji hücuma məruz qalmaqdadırlar və bu da Baydenə yaxşı heç nə vəd etmir.

Xatırladaq ki, əvvəllər ən azı 20 qadın Trampı onlara münasibətdə pis davranışda ittiham edirdi, lakin bu iddiaları məhkəmədə sübut etmək mümkün olmadı. 2016-cı ilin oktyabrında porno aktrisa Jessica Dreyk 2006-cı ildə Donald Trampın seks üçün ona 10 min dollar təklif etdiyini söyləmişdi, lakin sonra sözlərini geri götürdü. O vaxt Trampın seçkiqabağı qərargahında bu ittihamları Hillari Klintonun qurduğu yalan adlandırmışdılar.

Trampın seçkidə qalib gəlməsindən sonra “Namizəd” teleşousunun keçmiş iştirakçısı Sammer Zervos onu 2007-ci ildə özünə qarşı təcavüzdə ittiham edib və məhkəməyə verib. Müdafiə tərəfi isə bu ittihamın siyasi motivli olduğunu bildirmişdi. “Xanım Zervos və onun vəkili oyun oynadıqlarını açıq şəkildə etiraf ediblər, hətta onlar bu ittihamdan əslində siyasi məqsədlər üçün istifadə etmək istədikləri barədə lovğalanıblar. Onlar bu ittihamdan impiçment məsələsinə dair dinləmələrdə diqqəti yayındıra biləcək geniş müzakirəyə başlamaq üçün bəhanə kimi istifadə etmək istəyiblər”, - deyə “The International Business Times” qəzeti yazıb.

İndi də respublikaçılar Baydeni elə demokratların öz silahı ilə vurmaq istəyirlər.

Rusiyalı politoloq Dmitri Yevstafayevin fikrincə Bayden ətrafında yeni qalmaqal Respublikaçılar tərəfindən hazırlana bilər. Onun fikrincə bu ola bilsin ki, hələ pandemiyanın yayılmasından əvvəl baş verib və hazırda diqqəti koronavirusdan yayındırmaq üçün istifadə edilir.

Əlbəttə ortada digər faktlar da var. Belə ki, Bayden faktiki olaraq Demokratlar tərəfindən yeganə namizəd olaraq qalıb. Lakin Baydenin yaşı, psixi sağlamlıq problemləri var və onunla müşayiət olunan qalmaqallar prezident seçkisində qələbə şanslarını ciddi şəkildə aşağı salır. Belə bir vəziyyətdə Co Baydenin Tramp ilə mübarizə aparması çox çətin olacaq. Bu amili Demokratlar da yaxşı dərk edirlər və onlar arasında növbəti qurultayda başqa birinin prezidentliyə namizəd irəli sürülməsini istəyənlər də var. Lakin yeni qalmaqalın Bayden üçün hər hansı xoşagəlməz nəticələrə gətirib çıxaracağı da bir o qədər inandırıcı görünmür.

Emin Axund