Özbəkistan yenidən Avrasiya İqtisadi İttifaqına üz tutur?

Özbəkistan yenidən Avrasiya İqtisadi İttifaqına üz tutur?

21 Mart 2020 12:44
Bəyəndim (1) Bəyənmədim (28)

Son10-15 ildə MDB məkanında və beynəlxalq aləmdə baş verən hadisələrə münasibətdə dəfələrlə mövqeyini dəyişən və reallığa uyğun şəkildə hərəkət edən Özbəkistan çoxları üçün gözlənilməz hesab edilə biləcək bir qərar qəbul edib. Belə ki, Özbəkistan hökuməti respublikanın Avrasiya İqtisadi İttifaqına müşahidəçi kimi qoşulması barədə qərar qəbul edib. Hələlik Özbəkistan rəhbərliyinin bu qərarı qəbul etməsinə hansı amilin təsir etdiyini söyləmək çətindir. Çünki, onsuz da Avrasiya İqtisadi İttifaqı daxilində mərkəzdənqaçma meylləri hiss edilir. Bunu Avrasiya İqtisadi İttifaqının əsas üzvlərindən biri olan Belarusla Rusiya arasında davam etməkdə olan iqtisadi və siyasi böhran da bir daha təsdiq etməkdədir. Bir iqtisadi ittifaqda birləşmələrinə baxmayaraq Rusiya hər vasitə ilə Belarusu küncə sıxışdıraraq özünə qardaş hesab etdiyi bu ölkəyə qarşı iqtisadi, siyasi və hərbi şantaja əl atmaqda davam edir. Eyni sızləri Aİİ-nin əsas üzvlərindən biri olan Qazaxıstanla Rusiya arasında iqtisadi sahədə ara-sıra ortaya çıxan ziddiyyətlərdə və qarşıdurmalarda da aydın görmək olar. Məhz bu baxımdan Özbəkistanın Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusu almaq barədə qərar qəbul etməsi müəyyən qədər anlaşılmaz hesab edilə bilər. Əlbəttə neftin qiymətinin sürətlə aşağı düşməsi nəticəsində Rusiyanın çətin günləri yaşadığını nəzərə alanda Daşkənd tərəfindən qəbul edilən bu qərar Moskva üçün arzu edilən olub. Əlbəttə, Rusiya üçün Özbəkistanın Aİİ-yə tamhüquqlu üzv olması daha məqsəduyğun ola bilərdi. Ancaq Özbəkistan hələkim adıçəkilən quruma tamhüquqlu üzv olma məsələsində tələsmir. Məsələnin digər tərəfinə gəlincə, Özbəkistanın Aİİ-də müşahidəşi statusu almaq barədə qəbul etdiyi belə bir qərarı düşünmədən qəbul etdiyini də söyləmək düzgün olmazdı.

Aİİ-də müşahidəçi statusu almaq barədə qərarın qəbul edilməsindən əvvəl Özbəkistan hökuməti məsələyə son dərəcə ciddi yanaşdı. Məsələ ilə bağlı müstəqil konsaltinq şirkətləri və ekspertləri, o cümlədən xarici elmi-tədqiqat müəssisələri Aİİ-yə inteqrasiya, həmçinin sənaye, tarif siyasəti və xarici ticarət, sanitar və Fitosanitar Nəzarət və s.kontekstində iqtisadiyyatın iri sahələri tərəfindən verilən rəylər ciddi şəkildə öyrənilib. Bundan əlavə Avropa İttifaqı və Beynəxalq Ticarət Təşkilatı ilə əməkdaşlıq məsələləri də analiz edilib. Buna uyğun da olaraq müvafiq qurumlar prezident Şavkat Mirziyeyevin tapşırığı ilə ölkənin hər iki təşkilatla əməkdaşlığı nəzərə alınmaqla xarici ticarət və inteqrasiya əməkdaşlığı strategiyasını hazırlayacaqlar.

Xatırladaq ki, son illərdə Aİİ iİran və Vyetnam ilə azad ticarət zonaları yaradılıb. Ötən il Serbiya və Sinqapurla da analoji anlaşma imzalanıb. Yeri gəlmişkən onu da deyək ki, hazırda Aİİ-də Moldova müşahidəçi statusu ilə iştirak edir. Bəs müşahidəçi statusu nədir? Müşahidəçi dövlət Avrasiya İqtisadi İttifaqının qərar qəbul edilməsində iştirak etmək hüququ olmadan iclaslarında iştirak edə, qəbul etdiyi sənədləri ala bilər. Müşahidəçi İttifaqın bütövlükdə mənafeyinə və ittifaqda iştirak edən dövlətlərə ziyan vuran hər hansı hərəkətlərdən çəkinməyi öhdəsinə götürür.

Amma Özbəkistan kimə zərər verə bilər? Aydındır ki, Aİİ -də ən böyük marağı Rusiya təşkil edir. Rusiya qurumda həm əsas hərbi-siyasi, həm də ticarət-investisiya ilə təmsil olunur. Ötən il Özbəkistanla ittifaq dövlətləri arasında xarici ticarət dövriyyəsi, demək olar ki, 19% artıb və 11 mlrd.dolları ötüb ki, bunun da 7 mlrd. dolları Rusiyanın payına düşür. Moskva və Daşkənd qarşılıqlı ticarəti $10 mlrd. - a çatdırmaq niyyətindədir ki, bu da tamamilə realdır. Özbəkistanda Rusiya məhsullarına tələbat var. Bunlar qara və əlvan metallardır; ağac, sellüloz-kağız, kimyəvi məhsullardır. Rusiya isə özbək pambığına, tekstil, kənd təsərrüfatı xammalı, qiymətli metallar da daxil olmaqla metallar və bir çox başqa şeylərə ehtiyac duyur.. Tərəflər təhsil sahəsində də yaxşı əməkdaşlıq edirlər: 20 mindən çox özbək tələbə Rusiya Federasiyasının ali məktəblərində təhsil alır. Daşkənddə Moskva Dövlət Universiteti, MDBMİ, MEPHI daxil olmaqla, Rusiya ali təhsil müəssisələrinin 10 filialı fəaliyyət göstərir. Bundan başqa, tərəflər atom energetikası sahəsində də qarşılıqlı fəaliyyət göstərirlər. Yeri gəlmişkən, Rusiya Özbəkistanda AES tikir

Bir sözlə, hazırda Özbəkistanın Aİİ-yə daxil olması əslində bir o qdər də zəruri görünmür. Çünki İttifaqın ən böyük iqtisadiyyatı ilə Daşkənd arasında sıx münasibətlər qurulub. Qeyd edək ki, blokda üzvlük Özbəkistana nəqliyyat potensialını artırmaq və onun üçün bir sıra ölkələrlə azad ticarət zonalarının yaradılması və onun vahid bazarına sərbəst çıxış imkanı yarada bilər. Amma yəqin ki, Mirziyayev "lehinə" və "əleyhinə"hər şeyi dəqiq ölçüb-biçib. Birincisi, fövqəlmilli strukturlara həddindən artıq bağlılıq Daşkənd üçün zərərli ola bilər — onun siyasi və iqtisadi suverenliyi üçün müəyyən təhlükə var.

Bunu Moskva ilə Minsk arasındakı münasibətlərin gərginləşməsindəd aydın görmək olar.

Özbəkistanın Avrasiya İttifaqı ilə daha da yaxınlaşması, yəni onun bu ittifaqa daxil olması isə böyük ölçüdə Rusiyanın davranış modelindən və siyasi və iqtisadi qüvvələrin dünya düzənindən asılı olacaqdır. Özbəkistan indi Rusiya, Çin və ABŞ-ın diqqət mərkəzindədir. . Respublika mühüm geosiyasi mövqeyə malikdir — Əfqanıstanla və regionun bütün dövlətləri ilə qonşudur; yaxşı tranzit potensialına və böyük bazara malikdir. O, Mərkəzi Asiyada ən sıx məskunlaşmış, gənclərin üstünlük təşkil etdiyi 30 milyondan çox əhaliyə malikdir.. Üstəlik, Özbəkistan neytral dövlətdir və bu, nüfuz iddiasında olan dövlətlərin "iştahasını"daha da artırır.

Bir sözlə, Daşkənd Avrasiya İttifaqı və xüsusilə də Rusiya üçün olduqca vacib ölkədir. Lakin hələlik Moskva Özbəkistanın bu qurumda müşahidəçi statusu ilə kifayətlənməli olacaq. Ümumiyyətlə, mümkündür ki, Özbəkistan parlamentinə hələ təsdiq edilməli olan bu status ittifaqa daxil olmadan əvvəl "baş məşq" də ola bilər. Çünki heç kəs, yəqin ki, "yuxarıda nə var, nə var" bilə bilməz və müvafiq sahələr hansı mülahizələrə əsaslanırlar hələ məlum deyil.İndi Özbəkistana onun Aİİ-yə "cəlb edilməsi" kontekstində yalnız Mirziyeyevin ayıq zəkasına və siyasi dözümlülüyünə arxalanmaq qalır. Axı Moskva ilə uzunmüddətli ittifaq müxtəlif öhdəliklər, eləcə də onunla bölüşdürmə risklidir.

Özbəkistanda ümumiyyətlə Rusiyaya və Avrasiya İqtisadi İttifaqına, həmçinin Kremlin nəzarəti altında olan Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatına (KTMT) münasibətdə ehtiyatlı mövqedən çıxış etmək siyasəti özünü göstərir. Özbəkistan 1992-ci ildə KTMT-yə üzv olsa da 1999-cu ildə bu qurumla müqvilənin vaxtını uzatmaqdan imtina etdi. 2005-ci ilin yazında Əndicanda baş verən hadisələrdən sonra Özbəkistan mövqeyini dəyişdi və 2006-cı ildə yenidən onun sıralarına daxil oldu. 2012-ci ildə isə Özbəkistan obyektiv və subyektiv səbəblər nəticəsində yenidən KTMT-nı tərk etdi.

Günümüzdə bu məsələ, yəni Özbəkistanın yenidən KTMT-yə qayıtması məsələsi Rusiya tərəfindən gündəmə gətirilsə də, Daşkənd təmkinli mövqe nümayiş etdirir. Özbək hərbçiləri və diplomatları bildirirlər ki, KTMT-nin sıralarına qayıtmağa tələsməyəcəklər. Onlar belə hesab edirlər ki, Rusiya ilə ikitərəfli təmaslarda praktiki olaraq bütün məsələlərin həllinə nail olurlar. Ona görə də təşkilatın digər iştirakçıları ilə əməkdaşlıq isə onlar üçün daha az maraqlıdır. Onların fikrincə, əsas məsələlər Rusiyanın region dövlətləri arasında obyektiv hərbi və hərbi-texniki lider kimi mövqeyindən asılıdır.

Hazırda isə Özbəkistan KTMT-yə və qeyd etdiyimiz kimi Rusiyanın xüsusi nəzarəti altında qurumlara, o cümlədən Aİİ-yə münasibətdə müşahidəçi mövqeyindən çıxış etməyə daha çox üstünlük verir. Belə birvəziyyətdə isə Özbəkistanın Aİİ-yə tamhüquqlu üzv ola biləcəyinə inanmaq çətindir.

Əziz Mustafa

Oxuməni.az