Ölümə məhkum olmuş cani türmədə evləndi

Ölümə məhkum olmuş cani türmədə evləndi

10 Aprel 2012 15:08
Bəyəndim (0) Bəyənmədim (0)
O, insanları vəhşicəsinə zorlayaraq qətlə yetirirdi

"ÖLÜMDƏN" SONRA TOY

1996-cı ilin 3 oktyabr günü ABŞ tarixində qəribə bir hadisə baş verdi. Belə ki, ölüm hökmünə məhkum olunmuş silsilə qatilin toy mərasimi təntənəli surətdə qeyd edildi. Sen Kventin həbsxanasına gəlmiş keşiş Dorin Lioy adlı xanımla Rikardo Ramires adlı cani arasında nikah bağladı. Onu da qeyd edim ki, Dorin Lioy filologiya üzrə bakalavr elmi dərəcəsinə malikdir. Onun qatı cinayətkara qarşı sevgisi hələ 1985-ci ilə təsadüf edir. O vaxtlar törətdiyi çoxsaylı qətl hadisələrinə görə ölüm hökmünə məhkum olunmuş Rikardo Ramires çoxları kimi Dorin Lioyun da qəlbini fəth edə bilmişdi. Təkcə o faktı qeyd etmək kifayətdir ki, Rikardo Ramiresi indiki həyat yoldaşından əlavə 40 qadın da sevirdi. Lakin tale təkcə Dorin Lioyun üzünə güldü və onun gözlədiyi an nəhayət ki, yetişdi. Xoşbəxt cütlük nikah mərasimindən sonra qol-qola girib, həbsxananın qapılarından eşiyə çıxdı. Onları burada çoxsaylı jurnalist ordusu gözləyirdi. Sevinci yerə-göyə sığmayan gəlin fikirlərini belə səsləndirdi: "Mən tamamilə xoşbəxtəm, çünki həyatımdakı ən böyük arzum yerinə yetdi." Müxbirlərdən birinin verdiyi, "xanım, siz nə üçün özünüzə qızıl, bəyə isə platin üzük almışsınız" sualı gözlənilməz şəkildə cavablandırıldı: "Ona görə ki, şeytanlar qızıl taxmırlar!"

QANİÇƏN ŞEYTAN

Arvadının "şeytan" adlandırdığı Rikardo Ramires ilk cinayətini 1984-cü ilin 28 iyun gecəsi həyata keçirmişdi. Onun qurbanı 79 yaşlı qarı olmuşdu. Belə ki, həmin gecə qarının yatdığı otağın pəncərəsi açıq qalmışdı. Gözlənilmədən içəri soxulan Rikardo Ramires onu zorladıqdan sonra boğazını kəsərək öldürdü. İkinci cinayət isə 1985-ci ilin 17 mart günü baş verdi. Bu dəfə caninin qurbanı 21 yaşlı Ancela Barrios adlı qız oldu. O, maşınını qaraja çəkərkən arxadan Rikardo Ramires tərəfindən itələnərək, içəri salındı. Cani silahını qurbanına tuşlayıb, qolundan yaraladı. Qız aldığı zərbədən divara çırpılsa da, özünü itirmədi. Cani ilə əlbəyaxa olub, mənzilə doğru qaça bildi. Onu orada rəfiqəsi gözləməli idi. Lakin Ancela Barrios içəri girərkən, rəfiqəsinin qanlı cəsədi ilə qarşılaşdı. Təbii ki, bundan sonra onun da aradan çıxmağa heç bir şansı qalmamışdı.

GECƏLƏRİN KABUSU

Həmin ilin 27 mart günü Piter Zazara adlı şəxs Vittier şəhərciyinə (Los-Anceles şəhərinin yaxınlığında yerləşir) valideynlərini görməyə gəlmişdi. O, zəngi dayanmadan bassa da, qapını açan olmadı. Piter məcburiyyət qarşısında qalıb qapının kilidini qırdı və içəri keçdi. Gördüyü mənzərədən dəhşətə gələn gəncin polisə məlumat verməkdən başqa çıxış yolu qalmadı. Belə ki, atası gicgahından aldığı güllə yarasından yerindəcə canını tapşırmış, anası isə çılpaq vəziyyətdə çarpayıya sərilmişdi. Hələ bu azmış kimi cani qadının gözlərini çıxarmış, bir növ meyitlə məzələnmişdi. Ümumiyyətlə, Rikardo Ramiresin vicdanında 14 qətl, çoxsaylı qarət və zorlama hadisələri var. Bütün bu cinayətlər xüsusi amansızlıqla müşayiət olunmuşdu. Artıq Los-Anceles və ona yaxın ərazilər təşviş içərisində idi. Kütləvi informasiya vasitələri gecə-gündüz manyakın növbəti qurbanları barədə məlumatlar yayırdı. Hətta bu adamı Drakula, Antixrest və Satanist (şeytana qulluq edən) adlandıranlar da tapılırdı. Buna səbəb möcüzəvi şəkildə sağ qalmış 83 yaşlı qarının ifadəsi olmuşdu. O bildirirdi ki, cani tərəfindən bir neçə dəfə zorlandıqdan sonra diz üstünə çökdürüldü. Arıq cüssəli, uzun saçlı, hündür boylu latın-amerikalı cinayətkar onu məcbur etdi ki, Şeytanın şəninə dualar oxusun. Sonra isə evdə pul və zinət əşyalarının olub-olmaması barədə Şeytana and içdirdi. Təbii ki, qadın bütün əmrləri yerinə yetirməsəydi, daha dəqiq desək, guya satanist olduğunu nümayiş etdirməsəydi, sağ qalacağı sual altına alınacaqdı. Bu sensasiyon ifadədən sonra Los-Ancelesdə təşviş son həddə gəlib çatdı. Deyilənə görə, o zamanlar alarmların, cangüdənlərin, qoruyucu itlərin qiyməti fantastik ölçülərdə artmışdı. Buna səbəb isə gecə manyakının yaratdığı xof idi.

ÖLÜMDƏN QURTULAN CƏLLAD

Bütün ştat üzrə axtarışda olduğundan duyuq düşən Rikardo Ramires Los Ancelesdən San-Fransiskoya köç etdi. O, burada da boş oturmadı. Adəti üzrə yaşlı ər-arvadın evlərinə soxularaq, onları odlu silahla qətlə yetirdi. Sonra isə mərhumların qanı ilə divarda şeytanı simvolizə edən işarələr yazıb, hadisə yerindən uzaqlaşdı. Məhz bu amil onun Los-Anceles manyakı ilə uyğunluğundan xəbər verirdi. San-Fransisko şəhərinin meri dərhal fəaliyyətə başladı. O, təhlükəli cani barədə veriləcək istənilən xəbəri 10 min dollar məbləğində mükafatlandıracağını bildirdi. Həmin ilin 24 avqust gecəsi San-Fransiskodan 50 mil şimalda analoji cinayət hadisəsi baş verdi. Evin kişisini qətlə yetirən Rikardo Ramires onun xanımını zorlayaraq, "mən şeytanı çox sevirəm!" deməyə məcbur etdi. Xoşbəxtlikdən qadın nitqini inandırıcı səsləndirə bilmişdi. Cani hadisə yerindən uzaqlaşarkən, o, pəncərədən aşağı boylanıb, narıncı rəngli "Toyota" markalı maşının nömrəsini yadında saxladı. Cəmi iki gündən sonra həmin maşın dayanacaqların birindən tapıldı. Müstəntiqlər salondakı əl izlərini müəyyən edib, kompüterdə yoxladılar. Məlum oldu ki, bu izlər federal informasiya bankında qeydiyyatda olan Rikardo Ramiresə məxsusdur. Silsilə cinayətlər müəllifi kütləvi informasiya vasitələrinin bir nömrəli "qəhrəman"ına çevrildi. Onun şəkilləri qəzet-jurnal və yerli telekanallar vasitəsilə cəmiyyətə nümayiş etdirildi. Məhz bundan sonra onun tutulması bir qədər asanlaşdı. Heç təsadüfi deyil ki, yenidən Los-Ancelesə qayıdan cani səhər saat səkkiz radələrində əhali tərəfindən dövrəyə alındı. O, qaçıb canını qurtarmağa çalışdı. Piyada təxminən 4 km məsafəni qət etdikdən sonra ələ keçdi. Hələ polis hadisə yerinə gəlməmiş insanlar onu döyməyə başladılar. Elə buna görə də qarşısında hüquq mühafizəçilərini görən Rikardo Ramires ağlayaraq, onlara təşəkkürünü bildirdi. 50 nəfər polisin müşayiəti ilə o, şöbəyə gətirildi. Törətdiyi 20 qətli etiraf edən cani, "mən elektrik stuluna istəyirəm", deyərək törətdiyi əməllərə bəraət qazandırmağa çalışdı: "çünki can verən adamlara baxmaqdan həzz alıram. Ümumiyyətlə, qanın rəngini və ətrini çox xoşlayıram!"

İki il davam edən ilkin istintaqdan sonra, 1987-ci ilin 6 martında birinci məhkəmə iclası təşkil olundu. Bir neçə gün ərzində min nəfər şahid dindirildi, iyirmi min maddi sübut nəzərdən keçirildi. Rikardo Ramires isə həmişəki kimi soyuqqanlı görünürdü. O, barmaqları ilə stola döyəcləyərək, bir növ hər şeyə biganə yanaşdığını nümayiş etdirirdi. Buna səbəb isə əsas maddi sübut olan tapançanın itməsi idi. Rikardo Ramires ələ keçməzdən əvvəl onu suya ata bilmişdi. Məhz bu amil onun vəkilinə qətiyyətli olmağa imkan verirdi. Heç təsadüfi deyil ki, vəkil törədilmiş cinayətlərlə məhbus arasında hər hansı bir əlaqənin olduğunu inkar edirdi. Tapançanın axtarışı üçün hakim tərəfindən yüksək məbləğdə mükafat təyin olundu. Buna baxmayaraq, heç bir nəticə əldə edilmədi. Nəticədə, iş materiallar ilkin istintaqa qaytarıldı və məhkəmə daha iki il yubadıldı. Belə ki, artıq cani də əvvəlcə verdiyi ifadələri qətiyyətlə inkar edirdi. Qəribəsi odur ki, Rikardo Ramires hər bir iclasda, "eşq olsun şeytana!" deməkdən və ovcuna çəkdiyi şeytan simvollarını nümayiş etdirməkdən çəkinmirdi. Bəlkə də o, bununla özünü anlaqsız göstərməyə çalışırdı? Axı "mən şeytanın oğlu olduğum andan özümü idarə edə bilmirəm" cümləsi də ona aid idi. Hər halda sonda ədalət zəfər çaldı. Şahidlərin ifadələrini və maddi sübutları əsas götürən hakim 1989-cu ilin 20 sentyabr günü son hökmünü verdi: "cani ölüm hökmünə məhkum edilsin!" Çıxarılmış qərar nədənsə Rikardo Ramiresi məyus etmədi. Əksinə, o, ayağa qalxaraq bu sözləri qışqırdı: "mən ölməkdən qətiyyən qorxmuram, çünki o dünyada həmfikirlərimlə birlikdə şeytanın yanında olacağam. Bir sözlə, Disneylenddə görüşənədək." Bu cümlələrin ardınca Rikardo Ramires qəhqəhə ilə güldü. Məhkəmə zalından çıxarılarkən onu yüzlərlə pərəstişkarı qarşıladı. Onların arasında caninin gələcək arvadı Dorin Lioy da var idi. Deyilənə görə, qadınlar kumirlərini görmək üçün hətta əlbəyaxa mübahisələrə görməkdən belə çəkinməmişdilər.

DUSTAQ SEVGİSİ

Rikardo Ramires həbsxanaya yerləşdirildikdən sonra çoxsaylı pərəstişkar məktubu almağa başladı. Psixoloqlar bu amili belə bir faktla izah edirlər: "kütləvi informasiya vasitələrində bu cani seksual manyak kimi xarakterizə edilirdi, onun intim təcavüzləri çox vaxt şişirdilmiş şəkildə və xırdalıqlarına qədər göstərilirdi. Qadınlar həqiqi ləzzəti yaşamaq üçün ömürlərində heç olmasa bircə dəfə belələri ilə sevişmək arzusunda olurlar. Odur ki, onların bu adama qarşı marağı hədsiz dərəcədə böyükdür." Bir faktı demək kifayətdir ki, Dorin Lioy bakirə olduğu halda, Rikardo Ramires kimi manyaka könlünü verdi. Doğrudur, o, hələ də bakirəliyini qoruyub saxlayır. Belə ki, ABŞ qanunvericiliyinə görə dustaq həyat yoldaşı ilə görüşə bilər. Lakin bu, barələrində ölüm hökmü çıxarılmış dustaqlara aid deyil. Bununla belə, Dorin Lioy Rikardo Ramiresi ömrü boyu sevəcəyini etiraf edir.

MÜƏLLİFDƏN:

Bu da bir Amerika reallığı - cəmiyyət qatı cinayətkarı qəbul edir və sevir. Halbuki, həmin cinayətkar cəmiyyətin özünə qarşı ən böyük təhlükədir.

Mayıl İSMAYILOV

O.M.