Filippin ABŞ hərbi bazalarını ölkədən çıxarır

Filippin ABŞ hərbi bazalarını ölkədən çıxarır

22 Fevral 2020 16:05
Bəyəndim (1) Bəyənmədim (30)

ABŞ prezidenti Donald Trampın xarici siyasətdə sanksiya amilini önə çıxarması və ondan təzyiq vasitəsi kimi istifadə etməsi beynəlxalq aləmdə ciddi narazılıqlara gətirib çıxarmaqda davam edir. Necə deyərlər, Trampın sanksiya siyasəti get-gedə ABŞ-ın özünə qarşı çevrilməkdədir. İş o yerə çatıb ki, ABŞ-ın ən yaxın müttəfiqlərindən biri hesab edilən Filippin belə Trampın düşünülməmiş xarici siyasətindən narazılığını açıq şəkildə bəyan edərək Vaşinqtona sərt üzünü göstərməyə başlayıb. Buna da səbəb ötən ay ABŞ-ın filippinli senatora sanksiya tətbiq edərək ona viza verməkdən imtina etməsi olub. ABŞ-ın belə bir addımı isə Filippin rəhbərliyi tərəfindən ciddi narazılığa səbəb olub. Filippin Prezidenti Rodriqo Duterte öz növbəsində filippinli senatorun ABŞ-a buraxılmamasına cavab olaraq əlaqədar müvafiq strukturlara iki ölkə arasında mövcud olan təhlükəsizlik paktının (Visiting Forces Agreement -VFA) ləğvi barədə göstəriş verib. Məsələni araşdıran Filippin Xarici işlər naziri Teddi Loksin prezidentin göstərişinə uyğun şəkildə ABŞ tərəfini iki ölkə arasında mövcud olan təhlükəsizlik paktının ləğvi barədə xəbərdar edib. Bununla bağlı Teddi Loksin Tvitterində yazıb: “ABŞ-ın Filippindəki səfirinin müavininə ölkədəki xarici silahlı qüvvələrlə bağlı paktın qüvvədən düşməsi barədə rəsmi məktub təqdim edilib. Diplomatik qanun-qaydalara uyğun şəkildə məsələ bağlı gələcəkdə hər hansı izahat verilməsi nəzərdə tutulmayıb”.

Məktubda qeyd edilir ki, razılaşma həmin xəbərdarlıqdan 180 gün sonra qüvvədən düşmüş hesab ediləcək. Xatırladaq ki, həmin pakt ABŞ hərbçilərinə bu ölkəni ziyarət etmək hüququ verir. Onu da deyək ki, soyuq müharibə illərində Filippində yerləşdirilmiş ABŞ qoşunları sonradan tamamilə bu ölkədən çıxarılıb. Bundan sonra ABŞ qoşunları yalnız birgə hərbi təlimlərdə iştirak etmək üçün Filippinə gəliblər. Hərbi ekspertlərin fikrincə, paktın qüvvədən düşməsi Pekinin Cənubi Çin dənizində fəallaşması ilə əlaqədar iki ölkənin təşkil etdiyi birgə hərbi təlimlərin təşkilinə də mənfi təsirini göstərəcək. Məsələ ilə bağlı onu da qeyd edək ki, ABŞ-la Filippin arasında VFA anlaşması (Visiting Forces Agreement) 1999-cu ildə imzalanıb. Anlaşmaya əsasən iki ölkə arasında mütəmadi olaraq birgə hərbi təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu müstəvidə də hərbi təlimlər zamanı ABŞ hərbçilərinin müəyyən hissəsi Filippinə gəlir. Amma anlaşmada Filippini qane etməyən bəzi məqamlar da əksini tapıb. Belə ki, VFA-da Filippin ərazisində cinayət törədən ABŞ hərbi qulluqçularının yerli hakimiyyət orqanları tərəfindən məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmayıb. Bu hüquq ABŞ-ın müvafiq qurumlarına həvalə edilib. Bu isə Filippində istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə narazılıqlarla müşahidə edilməkdə idi. VFA anlaşmasında həmçinin ABŞ-ın quru, hava və dəniz güclərinə Filippin ərazisinə sərbəst şəkildə daxil olmaq və hərəkət etmək hüququ verilib. Təbii ki, bütün bunlar da Çinlə bölgədə təsir dairəsi uğrunda mübarizə aparan ABŞ üçün olduqca böyük əhəmiyyət kəsb edirdi. Lakin qeyd etdiyimiz kimi ABŞ-ın Filippinin daxili işlərinə kobud şəkildə müdaxilə etməkdə davam etməsi iki ölkə arasında siyasi böhrana gətirib çıxarıb. ABŞ-la Filippin arasındakı böhrana səbəb isə Tramp rejiminin Ağ Evin digər ölkələrin daxili işlərinə müdaxilə etmək və onları təzyiq altında saxlamaq üçün insan hüquqlarının müdafiəsi bəhanəsindən istifadə etməsi oldu. Belə ki, bu ilin yanvar ayının sonunda Vaşinqton filippinli senator Ronaldu dela Roseyə ölkə ərazisinə daxil olmaq üçün viza verməkdən imtina etdi. İmtinaya səbəb kimi isə ABŞ Dövlət Departamenti ölkənin keçmiş ədliyyə naziri, hazırda müxalifətdə olan Leylo de Lima üzərində qurulan məhkəmə prosesində bəzi filippinli çinovniklərin, o cümlədən Ronaldu dela Rosenin də iştirak etməsini göstərib. Xatırladaq ki, de Lima 2010-2015-ci illərdə Filippində Ədliyyə naziri funksiyasını həyata keçirib. 2017-ci ildə de Lima nazir işləyərkən narkobaronlardan rüşvət alması ittihamı ilə həbs edilib. ABŞ öz növbəsində vəzifəsindən çıxarıldıqdan sonra müxalifətə keçərək ona rəhbərlik edən de Limanın həbsini siyasi motivlərlə, o cümlədən insan hüquqlarının pozulması ilə əlaqələndirərək eks nazirin üzərində qurulan məhkəmədə fəal iştirak edən filippinli çinovniklərə qarşı sanksiya tətbiq etdi. Tramp administrasiyasının belə bir addımı isə Filippin prezidenti Rodriqo Duterte tərəfindən ölkəsinin daxili işlərinə kobud şəkildə müdaxilə edilməsi kimi dəyərləndirildi. Duterte ABŞ-a sanksiya tətbiq edilən çinovniklərlə bağlı məsələyə yenidən baxılması üçün bir ay vaxt verdi. Eyni zamanda o, Nazirlər kabinetinin üzvlərinə ABŞ-a səfər etməyi qadağan etdi. Filippin prezidentinin özü də həmçinin ASEAN sammiti çərçivəsində ABŞ-da keçiriləcək tədbirdə iştirakdan imtina etdi. Bütün bunlara paralel olaraq Duterte filippinli senatorlara qarşı sanksiya tələbini irəli sürən ABŞ-lı senatorların da Filippinə girişini qadağan edərək onların adlarını qara siyahıya saldı. Dutertenin ABŞ-dan çəkinməyərək ona qarşı sərt addımlar atması ekspertlər tərəfindən onun heç kimdən asılı olmayan müstəqil siyasət yeritmək niyyəti ilə əlaqələndirilir . Məsələyə münasibət bildirən rusiyalı politoloq, Moskva Dövlət Universitetinin beynəlxalq təşkilatlar və dünya siyasi prosesləri kafedrasının rəhbəri Andrey Sidorvun fikrincə, Duterte hər vasitə ilə Filippini ABŞ-ın vassal asılılğından xilas etməyə çalışır və bundan sonra Vaşinqtonun diktəsi ilə hərəkət etmək istəmir. O eyni zamanda bölgə ölkələrinin də ABŞ-ın vassal asılılığından xilas edilməsinə çalışır. Lakin Dutertenin ABŞ-a qarşı sərt addımlar atması ölkəsinə yaxşı heç nə vəd etmir. Çünki Filippin iqtisadi baxımdan ABŞ-dan önəmli dərəcədə asılıdır. Əgər Dutertenin son addımlarına cavab olaraq Tramp administrasiyası Filippinə qarşı iqtisadi sanksiyalar tətbiq etsə, onda ölkə iqtisadiyyatı bir an içində çökəcək. Ümumiyətlə götürdükdə isə Duterte xarakter etibarı ilə müstəqil hərəkət etməyi sevən bir prezident kimi dəyərləndirilir. 2016-cı ildə Filippin prezidenti seçilən Rodriqo Duterte ilk günlərdən ABŞ-ın bölgə ölkələrinə münasibətdə yeritdiyi vassal dövlətlər siyasətini kəskin şəkildə tənqid etməyə başladı. Bu isə Vaşinqtonda Dutertenin simasında etibarsız müttəfiq rəyinin formalaşmasına səbəb oldu.

ABŞ-ın vassal asılılığından xilas olmaq niyyətində olduğunu Duterte ötən ayın sonlarında RT telekanalına verdiyi müsahibəsində də xüsusi qeyd etmişdi: “50 ildən artıq müddətdir ki, ABŞ bizə özünün nəzarəti altinda olan və diqtəsi ilə hərəkət edən vassal dövlət kimi baxmaqda davam edir”.

Duterte eyni zamanda bölgədə təsir dairəsi uğrunda ABŞ-la mübarizə aparan Rusiya və Çinin Filippinə münasibətinin daha səmimi və ədalətli olduğunu xüsusi vurğulayıb. O deyib ki, Filippin ona görə də ABŞ-ın deyil, Rusiya və Çinin bölgə ölkələrinə münasibətdə ədalətli siyasətinin davam edəcəyinə ümid edir:

“Rusiya və Çin Filippinin suverenliyinə hörmət etdikləri halda, ABŞ bizi vassal dövlət kimi qəbul edir. Bu, ABŞ tərəfindən yalnız bizə qarşı deyil, digər bölgə dövlətlərinə münasibətdə də özünü göstərir. Ağ Ev faktiki olaraq bölgə dövlətlərinin müstəqilliyini qəbul etmır və onlarla diqtə ilə danışmağa üstünlük verir”.

Təbii ki, Filippinin açıq şəkildə ABŞ-a meydan oxumasının Vaşinqtonun bölgə siyasətinə ağır zərbə vuracağı istisna edilmir. Üstəlik Filippin-ABŞ münasibətlərinin gərginləşmsə ASEAN sammiti ərəfəsinə təsadüf edir. Bütün bunlar isə ABŞ-ın ASEAN ölkələrindən Çinə qarşı istifadə etmək planlarının iflasa uğramasına yol aça bilər. Qeyd edək ki, ABŞ-ın geosiyasi planlarında Sakit okean hövzəsi ölkələri xüsusi yer tutur. ABŞ-ın Milli Təhükəsizlik Strategiyasında da qeyd edilib ki, Hind-Sakit okean hövzəsi ölkələri və Hindistanla birgə dövlətlər birliyini yaratmaq niyyətindədirlər. Bundan da məqsəd qeyd etdiyimiz kimi bölgə dövlətlərini birləşdirməklə onlardan Çinə qarşı sipər yaratmaqdır. ABŞ bu yolla Çinin bölgədə güclənməsinin qarşısını almağa və özünün təsir dairəsini qoruyub saxlamağa ümid edir. Ona görə də Filippinin ABŞ-ın vassalı olmaq istəməməsi və sanksiyalara sanksiya ilə cavab verməsi digər bölgə dövlətlərini də analoji addım atmağa məcbur edə bilər. Bütün bunlar isə ABŞ-a yaxşı heç nə vəd etmir.

Əziz Mustafa

Oxuməni.az