Prezident İlham Əliyev Münhendə Ermənistanın yalanlarını ifşa elədi

Prezident İlham Əliyev Münhendə Ermənistanın yalanlarını ifşa elədi

22 Fevral 2020 12:24
Bəyəndim (1) Bəyənmədim (30)

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşkil olunan panel müzakirələri Beynəlxalq aləm tərəfindən Ermənstanın işğalçılıq siyasətinin ifşa olunmasına gətirib çıxarıb. Panel müzakirələrində çıxış edən Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı rayonlarda azərbaycanlılara qarşı etnik təmizləmələr aparıldığını, o cümlədən Xocalıda mülki əhalinin soyqırımına məruz qaldığını bildirib. İlham Əliyev xatırladıb ki, 1980-ci illərin sonunda Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, 300 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olundu: “Sonra Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində 1990-cı illərin əvvəlində bizim ərazilərimizin təxminən 20 faizi işğal altına düşdü və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Xalqımız etnik təmizləməyə məruz qalıb. 1992-ci ildə Ermənistanın əvvəlki rejimi müharibə cinayəti - Xocalı soyqırımını törətdi. Nəticədə aralarında 106 qadın, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs vəhşicəsinə öldürüldü. Xocalı soyqırımını 10-dan artıq ölkə tanıyır”.

Prezident İlham Əliyev həmçinin Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu tarixi faktlarla sübut edib. O qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bütün dünya tərəfindən tanındığını və Dağlıq Qarabağın ölkəmizin ayrılmaz tərkib hissəsi olduğunu xüsusi vurğulayıb. O tarixə müraciət edərək xatırladıb ki, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır və bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir: “Kürəkçay adlandırılan həmin sazişdə, - sazişin mətni internetdədir, - Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr - Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, Gürcüstan və Ermənistan da həmçinin. Beləliklə, bu, məsələnin tarixi tərəfidir. Daha sonra Rusiya imperiyasının süquta uğradığı, Gürcüstan və Azərbaycan Demokratik respublikaları yaradıldığı zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan biri Yerevanın Azərbaycandan Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı idi. Bu da, həmçinin tarixi faktdır. Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub. 1921-ci ildə Bolşevik partiyasının Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdi. Saxlanılması barədə qərar, bəzi erməni tarixçilərinin yazdığı kimi verilməsi barədə yox. Bu da, həmçinin tarixi faktdır. Digər tarixi fakt ondan ibarətdir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul etdi”.

Prezident İlham Əliyev həmçinin bildirib ki, ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər və Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur. Dövlət başçısı qeyd edib ki, Ermənistanın baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz şərh edir. O, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur.

Azərbaycan Prezidenti qəti şəkildə bəyan edib ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib, onların erməni dövləti var və ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!

Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən debatda Ermənistanın Baş naziri Nikol Paşinyanı məsxərəyə qoyub.

N.Paşinyan "Tiqranın zamanında regionda iki dövlət olub – Ermənistan və Gürcüstan" deyə bildirib.

İlham Əliyev isə onun bu fikrinə ironiya ilə yanaşıb və gülüşlə qarşılayıb. Prezident ironiya ilə Paşinyana“Ermənilər və ermənilər” deyərək onu lağa qoyub.

Prezidentlərin Münhendə panel görüşünü şərh edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Prezident İlham Əliyev tərəfindən Dağlıq Qarabağın tarixi ilə bağlı geniş bir arayış verildi. Onun sözlərinə görə, bu proses çərçivəsində ermənilərin Dağlıq Qarabağda maddi-mədəni irsinin olmaması, Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə, Xocalı soyqırımı və digər münaqişənin həlli prosesi ilə bağlı olan məqamlar barədə beynəlxalq ictimaiyyətə geniş məlumat verildi.

Hikmət Hacıyev vurğulayıb ki, Münhen Təhlükəsizlik Konfransı beynəlxalq gündəlikdə duran qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu vacib platformadır. Məhz dövlətimizin başçısı tərəfindən bu tezislər yəni münaqişənin həllini təşkil edən tutarlı arqumentlər, təhlillər Münhen Təhlükəsizlik Konfransı kimi mühüm platformada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı:

“Bunun fonunda isə biz bir daha Ermənistanın yalanlarının ifşasını görmüş olduq. Bu hər bir Azərbaycan vətəndaşının qürur duyacağı bir məqam idi. Prezidentimiz tərəfindən mühüm platformada Azərbaycan dövlətinin maraqları ləyaqətlə qorunur”.

Azərbaycan və Ermənistan prezidentləri arasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələri beynəlxalq aləmin də xüsusi diqqət mərkəzində olub.

Azərbaycan və Ermənistan prezidentlərinin dediklərini şərh edən Rusiya Federal İnformasiya Agentliyinin baş direktorunun müavini Andrey Petrov “Vestnik Kavkaza”-a verdiyi açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ haqqında faktları şərh edərkən həqiqi sənədlərə istinad edir, hazırda yaranmış vəziyyətin tarixi qaynaqlarını açır. Halbuki Nikol Paşinyan heç bir dəlillə əsaslandırılmamış miflərin və ağ yalanın köməyi ilə cavab verməyə çalışırdı. Çünki aydın məsələdir ki, onun sözlərini təsdiq edəcək heç bir sübut yoxdur.

O qeyd edib ki, Paşinyan artıq neçənci dəfədir, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun onun özünün artıq uzun illərdir təkzib etdiyi yanlış sitatına istinad edir.

“Yeri gəlmişkən, A.Mütəllibov bir gün əvvəl birbaşa Ermənistanın baş nazirinə müraciət edərək tələb edib ki, bu biabırçı yalanı onun adına yazmasınlar. Söhbət əsnasında iş o yerə gəlib çatıb ki, moderator və dinləyicilər açıq-aşkar Paşinyanı ələ salmağa başlayıblar. Xüsusən də Tiqranın zamanında Cənubi Qafqazda iki millətin – ermənilərin və ermənilərin olması barədə zarafat yaxşı idi”, - deyə ekspert vurğulayıb.

İlham Əliyevin opponentindən üstünlüyünün aşkar olduğunu qeyd edən A.Petrov daha sonra deyib: “Nəticədə müzakirələr açıq-aşkar İlham Əliyevin diplomatik qələbəsi ilə başa çatdı, Paşinyan isə Qarabağ məsələsində həm səriştəsiz olduğunu, həm də faktları görməzdən gəldiyini göstərdi”.

Azərbaycan və Ermənistan prezidnetlərinin görüşüzamanı söylənilən fikirlər Ermənistanda da xüsusi diqqət mərkəzində olub.

Prezident İlham Əliyevin 45 dəqiqəlik müzakirələr zamanı Paşinyandan daha arqumentli danışması, onun üzərində psixoloji üstünlük əldə etməsi Ermənistan mətbuatının hədəfinə çevrilib. Ermənistanın "Tert.am" nəşri görüşlə bağlı yazır ki, İlham Əliyevin özünü aparması, periodik olaraq Paşinyanın çıxışlarına təbəssümü, bəzən isə açıq şəkildə gülməsi müharibədə məğlub olan tərəfin biz olduğu təəssüratı yaradırdı: “Hətta Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Nikol Paşinyana güldü və bu nazirin hökumət rəhbərimizə, həm də dövlətimizə hörmət etmədiyinin göstəricisi idi. Əslimdə özü ilə bu cür davranmağa şərait yaradan Paşinyan bu vəziyyətə görə təqsirkardır.

İndi təsəvvür edirsiniz bağlı qapılar arxasında nələr baş verir? Münhendə hamı gördü ki, kulis arxasında kim diktə edir, kim isə baş əyir. Azərbaycan tərəfi ənənəvi arqumentlərini təkrarladı. Paşinyan görünür ki, buna hazır deyildi və mənasız “münaqişə hər üç xalqın :Azərbaycan, Ermənistan və Qarabağ maraqlarına cavab verməlidir” tezisindən başqa heç nə deyə bilmədi”.

Beləliklə Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik konfransı çərçivəsində keçirilən panel görüşlərində erməni yalanlarını dünyada ifşa edərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bir daha dünya ictimaiyyətinə çatdırdı. Bununla da Paşinyanın simasında Ermənistan Azərbaycandan daha bir ağır zərbə almış oldu.

Emin Axund

Oxuməni.az