Münhen konfransı nə göstərdi?

Münhen konfransı nə göstərdi?

17 Fevral 11:23
7 064
Bəyəndim (3) Bəyənmədim (16)

Münhen konfransı təlükəsizlik məsələləri üzrə böyük dünya forumudur. Təəssüflər olsun ki, iyirmi birinci əsrin ikinci onilliyi dünya dövlətlərinin birgəyaşayış qaydalarının, sözün həqiqi mənasında, dağılmağa başladığı bir vaxta təsadüf edib. Geosiyasi dağıntıların daha ağrılı nöqtələrindən biri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ problemidir.

Ona görə də Münhendə əsas diqqət mərkəzində olan hadisələrdən biri bizim prezidentimiz İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında gedən danışıqlar və onun ardınca davam edən açıq diskussiya olmuşdur.

Təcavüzkarla danışmaq nə qədər ağır olsa da, hər şeydən əvvəl tərəflər arasında dialoq faktının özünü alqışlamaq lazımdır. Dialoq yaraları sağaldır. Ancaq uydurmalara və azad interpretasiyalara deyil, faktlara və beynəlxalq hüquq prinsiplərinə söykənən təmiz dialoqdan söhbət gedir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz qarşısındakını məhz faktlarla danışmağa çağırdı.

Prezident qısa giriş nitqində mövcud vəziyyəti çox aydın təqdim etdi: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, həmişə belə olub, indi də belədir və belə də olacaq. Dağlıq Qarabağın bütün tarixi, BMT Baş Assambleyasının çoxsaylı qətnamələri və başqa beynəlxalq hüquqi aktlar da məhz bunu göstərir. Dünyanın heç bir dövləti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımamış, bununla da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Prosesin siyasi tənzimlənməsi məhz bu mövqeydən, Azərbaycanın ərazi bütövlüyü mövqeyindən başlanmalıdır.

Erməni tərəfi belə dialoqa hazırdırmı? Ermənistanın baş nazirinin dolaşıq fikirlərdən ibarət nitqindən biz yeni bir şey eşitmədik. Nikol Paşinyan özünü yeni nəsil siyasətçisi hesab edir, ancaq təəssüf ki, yeni ifaçılar da tez-tez köhnə mahnılar, həm də açıq-aydın saxta notlarla oxuyurlar.

Qəribədir, mübahisədə Ermənistan tərəfi tutarlı arqumentlərindən biri kimi Azərbaycanın keçmiş Prezidenti Ayaz Mütəllibovun feyk müsahibəsini əsas götürür. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev dərhal bu təxribata cavab verərək dəqiq müəyyənləşdirdi ki, keçmiş Prezident Ayaz Mütəllibov dəfələrlə bu müsahibənin saxta olduğunu bəyan edib.

Bir tərəfdən biz çoxsaylı beynəlxalq qətnamələri, müstəqil müşahidəçilərin rəylərini görür, digər tərəfdən beynəlxalq hüquqi aktları, başqa bir tərəfdən isə “Arqumentı i faktı” qəzetində feyk müsahibəni. Neyləməli, bu görüş yalnız ona görə faydalı sayıla bilər ki, Prezident İlham Əliyev növbəti dəfə inandırıcı və qəti şəkildə beynəlxalq ictimaiyyətə göstərdi ki, həqiqət kimin tərəfindədir.

Münaqişədən necə çıxış yolu tapmalı? Ermənistanın baş nazirinin bir fikiri ilə razılaşmaq olar ki, çıxış yolu sülhlə olmalıdır. Lakin faktiki olaraq Paşinyan sülh təklif etmir, münaqişənin dondurulmasını təklif edir ki, bu da müntəzəm şəkildə erməni snayperlərinin atəşləri ilə pozulacaq. Öz-özlüyündə əlbəttə belə “həll yolu” da Azərbaycan xalqı tərəfindən heç vəchlə qəbul oluna bilməz.

Münhen görüşü çıxış nöqtəsi ola bilmədi. Lakin heç kim düşünmürdü ki, Ermənistan tərəfi on illərlə söylədiyi yalan və təxribatlardan sonra həqiqətin dili ilə danışa bilər. Mühüm nəticə isə ondan ibarətdir ki, Azərbaycan öz Prezidentinin səsi ilə beynəlxalq ictimaiyyətə işğal faktını unutmağa və onunla barışmağa imkan vermir. Dövlətin ərazi bütövlüyü prinsipi Beynəlxalq hüququn əsas dəyişməz prinsiplərindəndir. Bu prinsip mütləq bərpa olunacaq və Qarabağ evə, Azərbaycana qayıdacaq.

Ramil Kərimli

Oxuməni.az