Rusiya - Türkiyə münasibətləri gərginləşir

Rusiya - Türkiyə münasibətləri gərginləşir

8 Fevral 10:10
4 348
Bəyəndim (1) Bəyənmədim (1)

Rusiya ilə Türkiyə arasında son illərdə özünü göstərən isti münasibətlər tədricən yeni qarşıdurma ilə əvəz olunmaqdadır. Bunu son günlərdə Suriyada Türkiyə ilə Rusiya tərəfindən dəstəklənən Əsəd rejimi arasında qızğın döyüşlərin getməsi də təsdiq etməkdədir. Əsəd rejiminə məxsus güclərin Rusiyanın birbaşa hərbi dəstəyi ilə İdlibdəki Türkiyə hərbçilərinə açdığı top atəşi nəticəsində 8 türk əsgəri şəhid olub, 11-i isə yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Türkiyə hərbçiləri də düşmənə cavab atəşi açıb.

Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, türk hərbçiləri İdlibdə döyüşlərin qarşısını almaq məqsədilə göndərilib: “Hərbçilərimizin yerləşəcəyi ərazi öncədən koordinasiya edilməsinə baxmayaraq, rejim qüvvələri tərəfindən güclü top atəşinə tutulublar. Bölgədə təyin edilən hədəflər dərhal cavab atəşinə tutularaq məhv edilib. Hazırda vəziyyət nəzarət altındadır”.

Məsələ ilə bağlı Türkiyə qəti tədbirlər görəcəyini bildirsə də, Əsədə məxsus güclər həftənin əvvəllərindən başlayaraq İdlibə zərbələr endirməkdə davam edirlər.

İdlibdə əmələ gələn son gərginliklə bağlı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb. Hələlik telefon söhbətinin təfərrüatı barədə məlumat verilməsə də, nazirlər arasında İdlibdəki vəziyyətin müzakirə edildiyi istisna eilmir. Telefon danışıqlarının təfərrüatı haqqında məlumat verilməməsi isə göstərir ki, nazirlərin İdlibdə baş verən son hadisələrə münasibətdə mövqeləri üst-üstə düşməyib…

Bu arada isə Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın İdlib vilayətinə endirilən raket zərbələri nəticəsində Suriya prezidenti Bəşər Əsədə məxsus ordu qüvvələrinin 76 hərbçisi zərərsizləşdirilib. Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın sözlərinə görə, 54 hədəfə zərbələr endirilib: “Müxtəlif mənbələrə görə, hazırda 76 suriyalı hərbçi zərərsizləşdirilib”.

Bölgədə əmələ gələn gərginliyə görə isə Türkiyə açıq şəkildə Rusiyanı günahlandırır. Məsələ ilə bağlı açıqlama verən Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, Suriya rejiminin düşmənçilik hərəkətlərinə yol verilməyəcək. Rusiya rejimi idarə edə bilmirsə, tədbir görməkdən çəkinməyəcəyik.

İdlibdə gərginliyin artması öz növbəsində Türkiyənin səbrini artıq tükəndirib və Ankara zərbəyə zərbə ilə cavab verəcəyini rəsmi şəkildə bəyan edib. İdlibdəki son gərginliklə bağlı Ukraynada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, ölkəsi artıq səbr etmək niyyətində deyil:

“İdlibdə hər keçən gün vəziyyət daha da ağırlaşır. Çox səbr etdik. Təəsüf ki, Rusiyanın da görməməzliyi bu problemi daha da pisləşdirir. Bu sabah Suriya rejiminin hücumları nəticəsində 8 şəhid verdik”.

Ərdoğan deyib ki, bu hücumlar Türkiyə sərhədinə köç axınını gün-gündən artırır: “Bir milyona yaxın köç də gəlməkdədir. Biz bu insanları harada yerləşdirə bilərik? Məlumdur ki, sərhədə yaxın ərazidə zəlzələ təbii fəlakətini yaşadıq, çox itkilərimiz, dağıntılarımız oldu. Həm də qış mövsümüdür. Biz İdlibdən gələnləri yerləşdirmək qayğısındayıq, rejim də bizə hücumlar etməkdədir”.

Astana və Soçi razılaşmalarını xatırladan Ərdioğan “Bu razılaşmalar çərçivəsində hər bir tərəf öz məsuliyyətini anlamalıdır”, - deyə bildirib.

Mətbuat konfransında Ukrayna Prezidenti Vladimir Zelenski Suriyada şəhid olan Türkiyə vətəndaşları ilə əlaqədar başsağlığı verib.

İdlibdəki son hadisələr politoloqların da diqqət mərkəzindədir. İdlibdəki gərginliklə bağlı mətbuata açıqlamasında politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyə mövqelərinə hücum zamanı Əsəd qüvvələrinə Rusiya aviasiyası kömək edib. Onun sözlərinə görə, baş verən hadisə artıq Türkiyə ilə Suriya arasında münaqişədən xəbər verir:

“Əsəd rejiminə bağlı qüvvələr Rusiya aviasiyasının köməyi ilə İdlibdə nəzarəti ələ almaq istəyir. Düzdür, tərəflər İdlibdə daha öncə atəşkəslə bağlı şifahi razılaşmaya gəlsələr də, Rusiya bu məsələdə elə də ciddi addım atmadı. Çünki Rusiya özü də istəyir ki, Əsəd rejimi İdlibi ələ keçirsin. Türkiyə İdlibin təhlükəsizliyi üçün vaxti ilə İdlib ətrafında nəzarət məntəqələri yaratmışdı. Türkiyə bu addımla Əsəd rejimini İdlibdən uzaq tuta biləcəyini düşünürdü. Lakin bu, elə də uğurlu plan deyildi. Vəziyyət elə bir həddədir ki, Əsəd Türkiyənin İdlibdə varlığını bilə-bilə hücum edir, hətta Türkiyə əsgəri ilə toqquşmağı belə gözə alır”.

Politoloq qeyd edib ki, Əsədə İran və Rusiya hələ də dəstək verir:

“Düşünürəm ki, növbəti addımı Türkiyə atacaq. Lakin bu, düşünülmüş bir addım olmalıdır. Çünki Türkiyə-Suriya münaqişəsi heç kəsin maraqlarına uyğun gəlmir. Əsəd müəyyən bir gücə arxalanmasa, türk əsgərlərinə hücum edə bilməzdi. Aydın məsələdir ki, İran və Rusiya Əsədi dəstəkləyir. Ümumiyyətlə, bu iki ölkənin dəstəyi olmasa, Əsəd çoxdan hakimiyyətini itirə bilərdi”.

Rusiyalı politoloq Sergey Markov isə Axar.az-a açıqlamasında deyib ki, Türkiyə İdlibi qorumaq üçün mütləq bir plan hazırlayacaq. Lakin bu plan çərçivəsində belə Suriya ordusu ilə toqquşma qaçılmazdır. Bu da eyni zamanda iki dövlət arasında müharibə riskini artıra bilər”.

Markovun iddiasına görə,Türkiyə və Rusiya İdlibin bölüşdürülməsi haqda çoxdan razılığa gəlib.

Politoloq belə hesab edir ki, formal və ya qeyri-formal olmasından asılı olmayaraq, tərəflər bu mövzuda anlaşıblar:

“Bəşər Əsədin rəhbərlik etdiyi Suriya ordusu İdlibin bir sıra əraziləri üzərindəki nəzarəti ələ keçirəcək. Bu, əsasən İdlibin Hələblə Latakiyanı və Dəməşqi birləşdirən strateji M4-M5 magistral yollarını əhatə edəcək.

Ehtimal edirəm ki, İdlibdə də, Suriyanın şimalında YPG ilə türklər arasında olduğu kimi, deeskalasiya zonası yaradılacaq. Türkiyə tərəfinin də razılığı əsasında yaradılacaq bu təhlükəsizlik xətti 30 kilometri əhatə edəcək”.

Qeyd etdiyimiz kimi Rusiya ilə Türkiyə arasında İdlibdə əmələ gələn gərginlik Ukraynaya səfəri zamanı Ərdoğanın verdiyi açıqlamalarda da özünü kəskin şəkildə hiss etdirib.

Rəcəb Tayyib Ərdoğan çıxışında Ukraynanın ərazi bütövlüyünü müdafiəyə davam edəcəklərini, Krımın qanunsuz ilhaqını tanımadıqlarını və bundan sonra da tanımayacaqlarını bildirib. Bununla da Türkiyə Krım məsələsində Ukraynanı dəstəklədiyini sərt şəkildə bəyan etməklə İdlibdə baş verən hadisələrə görə Rusiyanı bağışlaya bilməyəcəyini nümayiş etdirib.

Türkiyənin İdlibə görə, Rusiyaya verdiyi digər cavab Ukrayna və Türkiyə arasında hərbi yardım və “AN-178” təyyarələrinin tədarükü barədə saziş imzalaması olub.

Lakin bütün bunlar hələ iki ölkə münasibətlərində kəskin qarşıdurma demək deyil. Rusiyalı politoloq Qriqori Trofimçukin sözlərinə görə, Rusiya-Türkiyə münasibətləri elə xüsusi bir beynəlxalq əməkdaşlıq çərçivəsində qurulub ki, bunun pozulması asanlıqla mümkün deyil. O qeyd edib ki, bu cür bəyanatları təkcə Türkiyə tərəfi deyil, həm də rəsmi Moskva verib:

“2016-cı ildə rus KİV-ləri Türkiyənin ziddinə kəskin bəyanatlar səsləndirirdi. Eyni hal Türkiyədə də baş verirdi. Türkiyə Prezidenti hər zamankı kimi öz çıxışı zamanı səmimi idi. Ümumiyyətlə, rəsmi Ankara yaydığı bütün bəyanatlarda səmimi olur. Lakin bu çıxışın rəsmi Moskvaya ötürülən mesaj kimi qəbul olunması düzgün olmaz. Türkiyə Prezidentinin bu çıxışı çoxlarının iddia etdiyi kimi Rusiya-Türkiyə münasibətlərinə təsir etməyəcək. Çünki artıq çoxları, o cümlədən, Rusiya Ərdoğanın tərzinə bələddir. Onun emosional çıxışları hər zaman ən kəskin, ən aktual və ən təhlükəli münasibətləri tarazlaşdırmağı bacarır. Məsələn, ABŞ–Rusiya, Rusiya-Ukrayna məsələlərində olduğu kimi”.

Bununla belə, hadisələrin gedişi göstərir ki, istənilən halda indiki vəziyyətdə Rusiya və Türkiyə münasibətlərində çatlar əmələ gəlməyə başlayıb və bunun nəticələri hər iki ölkə üçün ağır ola bilər.

Emin Axund

Oxuməni.az