Rusiya niyə “Yalta-2” konfransının çağırılmasını istəyir ?

Rusiya niyə “Yalta-2” konfransının çağırılmasını istəyir ?

2 Fevral 12:52
7 205
Bəyəndim (1) Bəyənmədim (2)

Krımı işğal edərək özünü beynəlxalq aləmdə olduqca pis vəziyyətdə qoyan Rusiya prezidenti Vladimir Putin bununla da faktiki olaraq Qərbə qarşı ”soyuq müharibə”ni yenidən başlatmış oldu.

Ukraynaya münasibətdə təcavüzkarlıq siyasətini davam etdirdiyinə görə Qərb tərəfindən iqtisadi sankasiyalara məruz qalan Rusiya bununla belə hər vasitə ilə yenidən supergüc dövlət rolunu oynamaq cəhdlərini davam etdirməkdədir . Bu baxımdan Vladimir Putinin İsraildə Xolokostun xatirəsinə həsr olunmuş tədbirdə çıxışı zamanı dedikləri beynəlxalq aləmdə qızğın müzakirələrə səbəb olub. Belə ki, Putin həmin çıxışında Hitler Almaniyası üzərində qələbədə özünəməxsus rol oynayan Yalta konfransının nümunəsində yeni "Yalta-2" konfransının çağırılmasını təklif edib. Rusiya prezidenti yeni “Yalta-2” konfransının çağırılmasına səbəb kimi II Dünya müharibəsinin başa çatmasının 75 illiyini göstərib. Əlbəttə, Putinin yeni təşəbbüsünün boş yerdən yarandığını güman etmək ciddi səhv ola bilər. Hər halda Putin kifayət qədər təcrübəli bir siyasətçidir və onun istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə baş verən hadisələrə münasibətdə atdığı addımlar zərgər dəqiqliyi ilə hesablanır. Belə başa düşmək olar ki, əgər Putin yeni “Yalta-2” konfransının çağırılması təşəbbüsü ilə çıxış edibsə, deməli bunun arxasında Rusiyanın beynəlxalq aləmdə daha da güclənməsinə xidmət edən hansısa planlarını reallaşdırmaq cəhdləri dayanır.

Yeri gəlmişkən xatırlaq ki, 1945-ci ilin fevralında, Almaniya üzərində qələbə məsələsi faktiki olaraq həll ediləndə Yaltada antihitler koalisiyası üzrə müttəfiqlərin konfransı keçirildi. SSRİ, ABŞ və Böyük Britaniyanın rəhbərləri — Stalin, Ruzvelt və Çörçill müharibədən sonrakı quruluşa və Avropada təsir dairələrinin bölüşdürülməsinə dair razılığa gəliblər. O zaman böyük dövlətlər Avropada və dünyada milyonlarla insanın taleyinə qərar verdilər. Kiçik və orta ölkələr və xalqlar supergüc dövlətlərin dünya ağalığı siyasətinin girovuna çevrildilər. İş orasındadır ki, o dövrdə Yaltada keçirilən konfransda SSRİ, ABŞ və Böyük Britaniyanın rəhbərləri — Stalin, Ruzvelt və Çörçill arasında faktiki olaraq dünya yenidən bölüşdürüldü. Adları çəkilən ölkələr, o cümlədən sonralar onlara qoşulan Fransa və Çin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzv olmaq barədə razılığa gələrək de-fakto dünyanın yeni ağaları funksiyasını həyata keçirməyə başladılar. Buna paralel olaraq BMT TŞ-nin 5 üzvü arasında beynəlxalq aləmdə yeni siyasi təsir dairələrinin əldə edilməsi uğrunda dünyanın müxtəlif bölgələrində qızğın mübarizə başladı və bu, tarixə “soyuq müharibə” adı ilə düşdü. Amma "soyuq müharibə"də qalib gələn tərəf Qərb dövlətləri oldu və SSRİ adlı imperiya dağılaraq tarixə qovuşdu. Buna paralel olaraq Şərqi Avropanın bir sıra ölkələrində baş vermiş inqilablar, onların Varşava Müqaviləsi Təşkilatından çıxması, iki Almaniyanın birləşməsi baş verdi. Məsələyə münasibət bildirən rusiyalı politoloq Aleksandr Jelenin yazır:

“Rusiya, SSRİ-nin varisi olaraq, kiçik bir Kosovadan başqa, Avropada demək olar ki, bütün yeni dövlətləri və yeni sərhədləri tanıdı. Belə ki, 1989-1991-ci illərdən sonra Avropada sərhədlərin dəyişilməsi Yalta konfransında qəbul edilənlərin əhəmiyyətini itirdiyini göstərdi”.

Artıq qeyd etdiyimiz kimi 1989-1991-ci illərdə Sovetlər İttifaqının və Yuqoslaviyanın dağılması nəticəsində beynəlxalq aləm tərəfindən tanınan yeni müstəqil dövlətlər əmələ gəldi. Bu isə o demək idi ki, faktiki olaraq Yalta konfransından sonra dünya yeni bir mərhələyə qədəm qoyub.

Rusiyaya gəlincə, Moskva postsovet məkanı ölkələrini yenidən imperiya tərkibinə daxil etmək üçün iki yol seçdi. Onlardan birincisi keçmiş ittifaq respublikalarının bir hissəsindən ibarət Müstəqil Dövlətlər Birliyi yaradıldı. Buna paralel olaraq Moskva imperiyanı yeni ad altında bərpa etmək üçün qurum daxilində etnik münaqişələri körükləyərək onlara qarşı hərbi, siyasi və iqtisadi təzyiqləri işə saldı. Lakin Moskva bu yolla da arzusuna çata bilmədi. 2000-ci ilin əvvəllərində Putin hakimiyyətə gəldikdən sonra onun tərəfindən imperiyanı bərpa etmək üçün çoxsaylı cəhdlərə baş vurulmaqdadır. Buna misal kimi 2008-ci ilin avqust ayında Rusiya tərəfindən Gürcüstana müdaxiləni və Moskvanın adıçəkilən ölkənin ərazisindəki qondarma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasını göstərmək olar. 2014-cü ildə isə Rusiya de- fakto Krımı işğal etdi. Bunun ardınca Rusiya Ukraynaya aid Donbas və Luqanksda separatizmi dəstəkləyərək oraya əlavə hərbi qüvvələr yerləşdirdi. Bütün bunlar isə Rusiyaya qarşı Qərb tərəfindən iqtisadi sanksiyaların tətbiq edilməsinə gətirib çıxardı. Rusiyanın dəfələrlə müxtəlif cəhdlərə baş vurmasına, o cümlədən Avropa İttifaqını daxildən parçalamaq və NATO-nu dağıtmaq üçün çoxsaylı cəhdlərə baş vurmasına baxmayaraq Putin rejimi hələlik istəyinə nail ola bilməyib. Bununla belə Avropa İttifaqının aparıcı dövlətlərindən olan Fransa və Almaniya tərəfindən Rusiyaya münasibətdə istiləşmə meyllərinin özünü göstərməsi Vladimir Putini Yalta konfransından sonra beynəlxalq aləmdə əmələ gələn vəziyyətə yenidən baxılmasına nail olmağa həvəsləndirib. Bütün hallarda Vladimir Putinin yeni “Yalta2”konfransını çağırmaq təşəbbüsü ilə çıxış etməsinin arxasında da məhz bu amilin dayana biləcəyi istisna edilmir. Necə deyərlər, məhz 2014-cü ildən sonra təkcə Yalta sistemi deyil, həm də müharibədən sonrakı beynəlxalq münasibətlər sistemi böyük dərəcədə dağıdılmışdır. Əgər 1991-ci ildə beynəlxalq aləmdə mövcud olan çoxqütblü dünya tarixə qovuşmuşdusa və dünya ağalığı ABŞ-ın əlinə keçmişdisə, indi vəziyyət dəyişib. Belə ki, hazırda ABŞ-la bərabər Rusiya və Çin də dünyanın siyasi sistemində supergüc dövlətlər kimi meydana çıxıb. Düzdür, Rusiya iqtisadi inkişaf baxımından əksər dövlətlərdən geri qalaraq Ümumdaxili məhsulun həcminə görə 11-ci yerdədir. Lakin Rusiyanın nüvə silahına malik olması və bundan digər ölkələrə şantaj vasitəsi kimi istifadə etməyə cəhd etməsi onun supergüc kimi dünya siyasətində gündəmə gəlməsinə səbəb olub. Yəni de-fakto Rusiya dünya siyasətində yalnız nüvə silahının hesabına üçüncü güc olub və sərhədləri yenidən dəyişdirməyə, istənilən münaqişələri güclə həll etməyə hazırdır. Rusiyanın məhz nüvə silahından təzyiq vasitəsi kimi istifadə etməyə cəhd etməsi ilə bağlı politoloq Aleksandr Jelenin yazır ki, Böyük Britaniya və Fransa isə Rusiyadan ÜDM-ə görə üstün olmalarına və nüvə silahı dövləti kimi tanınmalarına baxmayaraq supergüc dövlət deyillər. Putin onları "yeni Yaltaya" ona görə dəvət etdi, o, siyasətdə ənənəviliyə üstünlük verir və xarakter etibarı ilə mühafizəkardır. Bundan əlavə Putin 2014-cü ildən sonra dünyada yaranmış status-kvodan istifadə edərək beynəlxalq aləmdə Rusiyanı daha da möhkəmlətmək istəyir.

Putinin yeni “Yalta-2” təşəbbüsünə Fransa prezidenti Emmanuel Makron müsbət cavab verib. Çin də Rusiyanın adıçəkilən təklifini dəstəkləyib. Halbuki Çin 1945-ci ildə keçirilən Yalta konfransında iştirak etməyib.

Lakin BMT TŞ-nin digər daimi üzvləri isə hələ ki, Putinin təklifinə münasibət bildirməyiblər. Onlar, daha dəqiq desək ABŞ və Böyük Britaniya Putinin bu təklifindən imtina etsələr, onda onlar faktiki olaraq İkinci Dünya müharibəsinin nəticələrini tanımadıqlarını nümayiş etdirmiş olacaqlar. Bu da Krımı işğal edən Rusiyanın öz hərəkətlərinə haqq qazandırması demək olacaq. Onlar Putinin təklifini qəbul edəcəkləri təqdirdə isə Rusiyanın simasında faşizmlə mübarizə üzrə sülhsevər dövlət imici formalaşdırılmış olacaqlar.

Hələlik ABŞ və Böyük Britaniyanın Putinin təklifini qəbul edib-etməyəcəkləri məlum deyil. Lakin indidən aydındır ki, Putin “Yalta-2” konfransının çağırılması təkilfini irəli sürməklə güclü siyasi gediş edib. Yəni faktiki olaraq Vaşinqton və Londonun Putinin təklifini qəbul edib-etməmələrindən asılı olmayaraq hər iki variant Rusiyanın maraqlarına tam şəkildə cavab verir.

Emin Axund

Oxuməni.az