"Xaç atası" həyatda da bu rolu oynayırdı

"Xaç atası" həyatda da bu rolu oynayırdı

2 Aprel 2012 13:49
Bəyəndim (0) Bəyənmədim (0)
Aktyor Marlon Brandonun külü Sakit okean sularına qərq edildi

XAÇ ATASI

Yəqin ki, çoxlarınız "Xaç atası" filmindəki Don Karleone obrazını tanıyırsınız. İki dəfə "Oskar" mükafatına layiq görülmüş Marlon Brando təzadlarla dolu olan mafiya başçısı obrazını son dərəcə təbii yaratmışdı. Çoxları bunu aktyorluq məharətinin təzahürü kimi qiymətləndirsə də, Marlon Brandonu tanıyanlar onun öz obrazına girdiyini söyləyirdilər. Belə ki, aktyor həyatda da mafiya qaydaları ilə yaşayırdı. Onun keçdiyi qalmaqallı ömür yolu bu gün də müzakirə mövzusudur. Bəli, kasıb ailədə həyata gəlmiş Marlon Brando ölənədək taleyi ilə mübarizə apardı. Onun doğuşu da ölümü qədər müəmmalı oldu.

NƏ ƏKƏRSƏN, ONU DA BİÇƏRSƏN

Söz vaxtına çəkər, deyib atalarımız. Məhz 1924-cü ilin 3 aprel günü Nebraska ştatının Omaxa şəhərciyində dünyaya cılız bir uşaq gəldi. Valideynləri spirtli içki düşkünü olan bu körpə özünü tanıyandan bəri problemlərlə üzləşməyə başladı. Atası inşaat materiallarının alveri ilə məşğul olsa da, işləri yaxşı gətirmədiyindən evdə tez-tez söz-söhbət düşürdü. Buna Marlonun anasının xəyanətləri də təkan verirdi. Valideynlər arasında bəzən əlbəyaxa qarşıdurmalar da yaşanırdı. Hətta balaca Marlon da bu səbəbdən döyülür, ata-anasının qəzəbindən yayına bilmirdi. Sözsüz ki, bu, onun körpə psixikasına mənfi təsir göstərməyə bilməzdi. Marlon böyüdükcə onun valideynlərinə və acı taleyinə qarşı duyduğu nifrəti də böyüyürdü. Çox sonralar o, memuarlarında yazacaqdı: "Anamı uşaqları elə də maraqlandırmırdı. Onu ancaq yeyib-içmək, tüfeyli həyat cəlb edirdi. Atamsa büsbütün alkoqol, testosteron, adrenalin və nifrət hissindən təşkil olunmuşdu. Onunla söhbət etmək üçün adam özü boyda əziyyət çəkməli idi." Göründüyü kimi, Marlon nəinki valideyn nəvazişindən məhrum olunmuşdu, hətta vaxtaşırı onların qəzəbinə də tuş gəlirdi. Bu isə onun aqressiv yetişməsinə şərait yaradırdı.

HƏYATIN BAŞ ROLU

Heç təsadüfi deyil ki, Marlon Brando təhsil aldığı məktəbi yarımçıq buraxıb, böyük bacısının yanına - Nyu-York şəhərinə yollandı. Orada əvvəlcə yükdaşıyan kimi çalışmağa başladı. Bir qədər böyüdükdən sonra isə sürücü və limonad satıcısı işində çalışdı. Lakin taleyinə qarşı duyduğu daxili nifrəti, cəmiyyətdən qisas almaq istəyi Marlonu tezliklə teatr məktəbinə gətirdi. O, yaxşı bilirdi ki, cəmiyyətdə nüfuz sahibinə çevrilmək olduqca çətindir. Bunun üçün maliyyə dəstəyi və ciddi təhsil lazımdır. Digər tərəfdən, taleyin acı sınağı ona aktyorluq qabiliyyətini bəxş etmişdi. Marlon dərk edirdi ki, bu dünyada nəyəsə nail olmaq üçün mütləq maskalanmaq, rola girmək lazımdır. Bundan başqa onun əlindən heç bir şey gəlməyəcəkdi. Özünü şirindil, müdiriyyətə yaxın göstərən Marlon Brando tezliklə ikinci dərəcəli rollar aldı. Məhz bu andan etibarən o, məzlumluqdan zalımlığa doğru addım-addım irəliləməyə başladı.

MASKA

Marlon Brando güclülərə yaltaqlandığı kimi zəifləri də əzməyi bacarırdı. Onun bu aqressivliyi çox vaxt qarşıdurmalara səbəb olurdu. Fiziki cəhətdən güclü olan bu gənc çox vaxt əlbəyaxa döyüşlərə şərait yaradırdı. Belə döyüşlərin birində onu dövrəyə alaraq döydülər. Nəticədə, aktyorun burnu sındı. Artıq onun daxili aqressiyası xarici görkəmində də təzahür edirdi. Marlon Brando zahirən davakar, zalım bir adama oxşayırdı. Əslində, onun sürdüyü tüfeyli həyat tərzi də daxili və xarici vəziyyətinə uyğun gəlirdi. Belə ki, spirtli içki düşkünü olan Marlon boş vaxtlarında qızlarla əylənməyi, özünə eyş-işrət məclisləri təşkil etməyi, bu yolla cəmiyyətdən qisas almağı xoşlayırdı. Bununla belə, müdiriyyət qarşısında maskalanmağı da bacarırdı. Onların gözündə zəhmətkeş, məsləhət dinləyən, tərbiyəli, ağıllı bir insan kimi görünürdü. O, bu qabiliyyətinin hesabına uğura doğru sürət götürmüşdü. Dalbadal çəkilən filmlərdə əsas obrazlar məhz ona tapşırılırdı. İnsafən qeyd edək ki, Marlon Brando da qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlirdi. Bəlkə də o, yaratdığı mənfi obrazlarda özünü canlandırdığı üçün hər şey təbii alınırdı. Bəlkə də o, gözə girməyə çalışırdı. Hər halda, uğur qaçılmaz idi. "Portda" adlı film ona ilk "Oskar" mükafatını gətirmişdi.

SINIQ EVİN DİRƏYİ

Marlon Brando məsum qızları aldatmağı, onlarla əylənməyi çox sevirdi. Qəribə də olsa, o, bu sözləri deməkdən çəkinmirdi: "Qadının bir gözəlliyi var, o da məlum yerindədir." Həyat təcrübələri olmayan qızlar bir-birinin ardınca Marlon Brandonun caynağına keçirdilər. Onlardan biri də Anna Kaşfi adlı katolik məktəbin məzunu idi. Zavallı qız aktrisa olmaq arzusu ilə Hollivuda gəlmişdi. Onun uzun və qara saçları, ecazkar bədən quruluşu, məsum baxışları azğın Marlonu ilk andan özünə cəlb etdi. Tanınmış aktyor bu qızı yoldan çıxarıb, günlərin birində zorladı. Qız xəstəxanaya düşdü. Məcburiyyət qarşısında qalan Marlon onunla rəsmi nikaha girməli oldu. 1958-ci ilin 11 may günü onların Kristian adlı oğlanları dünyaya gəldi. Tüfeyli həyat tərzi sürməyə adət etmiş Marlon arvadını ev dustağına çevirmişdi. O, qapının kilidini günlərlə bağlı saxlayaraq, ailəsini evdə qoymaqdan çəkinmirdi. Özü isə başqa-başqa qadınlarla görüşürdü. Buna görə də tezliklə Anna Kaşfinin psixikası pozuldu. O, spirtli içkiyə və narkotikə qurşandı. Göründüyü kimi, Kristian da atası kimi aqressiv mühitdə böyüyürdü. Onun dayəsi öldükdən sonra uşaq anasından bu evi tərk etməyi xahiş etdi. Anna Kaşfi uşağını da götürüb birdəfəlik getdi. Məhkəmənin qərarı qadının xeyrinə olsa da, Marlon Brando onları buraxmaq fikrində deyildi. O, oğlunu görməyə gələrkən keçmiş arvadı ilə mübahisə etməkdən bir növ zövq alırdı. Hətta utanmadan görüşə yad qızlarla da gəlirdi. Bu isə Anna Kaşfini özündən çıxarmaya bilməzdi. Axı uşağın tərbiyəsi pozula bilərdi. Belə mübahisələrin birində Marlon Annanı uşağının gözü qarşısında döydü. Qadın özünü qorumaq üçün bıçağa əl atdı. Bu, azğınlaşmış ərin əsəbini daha da artırmış oldu. Marlon keçmiş arvadının sifətini təpikləməyə başladı. Söhbət məhkəməyədək böyüdü. Lakin tanınmış aktyorun nüfuzu və pulları məsələni onun xeyrinə həll etdi. Nəticədə, qadının psixi cəhətdən xəstə olduğu və onun məcburi surətdə müalicə alması qərara alındı. Anna Kaşfi övladı ilə altı aylıq ayrılığa dözmək istəmədiyi üçün intihara cəhd göstərdi. Xoşbəxtlikdən həkimlər onun həyatının xilas edə bildilər. Marlon Brando isə oğlunu özü ilə apardı.

"UŞAQ SEVGİSİ"

O, yenə də iyrənc həyat tərzi sürməkdə davam edirdi. Hətta oğlunun gözü qarşısında qadınlarla sevişməkdən belə çəkinmirdi. Qəribədir ki, Marlon Brando bütün hamilə qalmış qadınlara körpələrini saxlamağı təklif edirdi. Demək olmaz ki, o, qanunla cəzalanacağından qorxurdu, əsla. Tanınmış aktyor heç kimdən və heç nədən çəkinmirdi. Sadəcə, uşaqları sevdiyini və xeyirxah adam olduğunu özünə sübut etməyə çalışırdı. Çox sonralar o deyəcəkdi: "Mən pis adam olmamışam, həmişə uşaqları sevmişəm. Mənim yeganə düşmənim pul üzərində qurulmuş cəmiyyət olub".

Göründüyü kimi, bu, caninin özünə bəraət qazandırmaq istəyindən başqa bir şey deyil. Necə deyərlər, insan özünü qıraqdan görmədiyi üçün tanıya bilməz. Ümumiyyətlə, Marlon Brandonun müxtəlif nikahlardan 25 uşağı dünyaya gəlmişdi. Qəribəsi budur ki, o, yenə də oğlu Kristianı anasına vermək istəmirdi.

SINMIŞ TALE

Bir neçə dəfə ailə quran Marlon Brando növbəti sevgilisi üçün 20 milyon dollara ada almışdı. O, burada bütün uşaqlarını bir yerə toplamaq fikrində idi. Balaca Kristian da bibisinin ümidinə qalmışdı. Nəzərinizə çatdıraq ki, həmin bibi toy günü Anna Kaşfiyə yaylıq verərək, "ömür boyu ağlayacaqsan" - demişdi. Elə də oldu. Anna Kaşfinin həyatı qara əskiyə büründü. Oğlu Kristian isə zalım bibinin və ögey ananın ümidinə qaldı. Xoşbəxtlikdən Marlon Brandonun başı yeni eşq macərasına qarışmışdı. Fürsəti əldən verməyən ana məhkəmə yolu ilə uşağı qaytara bildi. Hadisələri qabaqlayaraq qeyd ki, Kristian böyüyəndən sonra onu anası da atacaqdı.

İLLƏR ÖTDÜ

1990-cı ilin 16 may günü aktyor polis idarəsinə zəng vuraraq, oğlu Kristianın adam öldürdüyünü bildirdi. İstintaq başlandı. Məlum oldu ki, o, ögey bacısı Şenin nişanlısını güllələyib. Deyilənə görə, qətli məhz Marlon Brando özü törətmişdi və cinayətdən sonra evdəki mebellərin yerini dəyişərək, dava səhnəsini yaratmışdı. O da məlumdur ki, aktyor 8 aylıq hamilə olan qızının döyülməsinə dözə bilmirdi. Məhkəmənin hökmü ilə Kristiana 10 il cəza verdilər. Lakin Marlon Brando ətək-ətək pul tökərək, oğlunu altı ilə buraxdırdı. Bu, ona şəxsi adasını satmaq hesabına başa gəldi. Daha sonra Kristian məşuqəsini öldürərək, yenidən həbsxanaya düşdü. Marlon Brandonun qızı Şenin aqibəti qardaşından da acınacaqlı oldu. Günlərin birində qız özünü asaraq, intihar etdi.

CANLI ÖLÜ

"Xaç atası" filmindəki Don Karleone obrazı Marlon Brandoya ikinci "Oskar"ı qazandırdı. Doğrudur, o, siyasi baxışlarını bəhanə gətirərək, mükafatdan boyun qaçırdı. Lakin bir şeyi demək olar ki, bu, onun oynadığı axırıncı baş rol oldu. "Parisin sonuncu tanqosu" filmində aktyor rejissorların bütün ümidlərini puça çıxardı. Nəticədə, səhnələrdən birdəfəlik silindi. Buna onun xarici görkəmi də təkan vermiş oldu. O, artıq əyyaş, səfil və özünə fikir verməyən tüfeyliyə çevrilmişdi.

SÖNƏN ULDUZ

Tanınmış aktyor Marlon Brandonun ölümü də həyatı qədər müəmmalı oldu. Ürək xəstəliyindən vəfat edən mərhumun vəsiyyətinə görə, meyiti külə çevrilib Sakit okeanın sularına qərq edildi. Hətta onunla vidalaşmağa aktyor yoldaşları da buraxılmadı. Sadəcə, yaxın qohumları onu son mənzilə yola saldılar. Vəsiyyətə görə, mərhumun 21,6 milyon dollarlıq mal varlığı yalnız övladları arasında bölündü. Hərçənd, Marlon Brando sağlığında müflis olduğunu demişdi.

SON SÖZ ƏVƏZİ

Bu da növbəti Amerika reallığı. Sevgi nəticəsində doğulan uşaqlar dünyaya qarşı duyduqları nifrəti qəlblərində böyüdürlər. Onların övladları da, nəvələri də bu yolu gedir. Və qisası həyat missiyasına çevirən nəsillər yaranır. Bəlkə elə buna görədir ki, Amerika cəmiyyəti müharibələri bu qədər sevir. Əgər elə olmasaydı, dünyanın müxtəlif yerlərində minlərlə günahsız insanın qanı axıdılmazdı...

Natiq Qocaman

O.M.