Liviyaya dair Berlin konfransı: Sülh, yoxsa Həftəri dəstəkləmə siyasəti?

Liviyaya dair Berlin konfransı: Sülh, yoxsa Həftəri dəstəkləmə siyasəti?

25 Yanvar 19:26
9 211
Bəyəndim (2) Bəyənmədim (1)

Ötən bazar günü Almaniyanın paytaxtı Berlin şəhərində Liviyaya dair beynəlxalq konfrans keçirilib.

BMT Baş Katibi Antoniu Quterriş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş Naziri Boris Conson, ABŞ Dövlət katibi Maykl Pompeo, Əlcəzair, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Çin nümayəndələri, həmçinin Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərrac və Liviya Milli Ordusunun komandanı Xəlifə Həftərin də dəvət edildiyi konfransda Liviyanın gələcəyi və bölgədə sülhə nail olunması yolları müzakirə edilib. Gözlənildiyi kimi konfransda müzakirələr heç də asan keçməyib. Buna da səbəb konfrans iştirakçılarının daha çox Türkiyənin Liviyaya hərbi qüvvə göndərməsinə mane olmaq və buna imkan verməmək cəhdləri olub. Bu da öncədən aydın idi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Berlin konfransına yola düşməzdən əvvəl mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, Qərbin yadına Liviyada sülhə nail olmaq arzusu yalnız biz qanuni hökumətin xahişi ilə oraya hərbi qüvvə göndərmək barədə qərar qəbul edəndən sonra düşdü: “Berlin sülh konfransının qiyamçı Xəlifə Həftərin əmri ilə qanuni Liviya hökumətinin nəzarət etdiyi ərazilərə hücumdan 4 aydan sonra başlaması düşündürücüdür”.

Türkiyə prezidenti deyib ki, İŞİD və “Əl-Qaidə” kimi terror təşkilatları üçün Liviyada yenidən zəmin yarandığı müşahidə olunur: “Xəlifə Həftərin hücumları Aralıq dənizi hövzəsini təhdid edir. Təəssüf ki, Xəlifə Həftərin hücumları qarşısında beynəlxalq ictimaiyyət lazımi reaksiya verməyib”.

Ərdoğan Türkiyənin Liviyada sülh üçün açar ölkə olduğunu vurğulayıb: “Türkiyə beynəlxalq aləm tərəfindən tanınan Liviya hökumətilə qanuni sazişlər imzalayıb. Bu sazişlər Türkiyənin Aralıq dənizindəki hüququnu təmin edib, Liviyada atəşkəs üçün zəmin yaradıb ”.

Qeyd edək ki, Berlin konfransı ərəfəsində Türkiyənin təkidi və Rusiyanın birbaşa dəstəyi ilə Moskvada Liviyada qarşı duran tərəflərin yüksək səviyyəli rəsmilərinin də iştirakı ilə görüş keçirilmişdi. 6 saatdan artıq davam edən görüşdə Rusiya və Türkiyə tərəfindən bölgəyə sülh gətirəcək atəşkəs haqqındakı sənədi Liviya Mili Razılıq Hökumətinin rəhbəri Fayez Sərrac imzalamışdı. Lakin general Həftər sənədi imzalamaq üçün ertəsi günə kimi vaxt istəmişdi. O ertəsi gün səhər tezdən isə sənədi imzalamadan Moskvanı tərk etmişdi. General Liviyaya geri dönər-dönməz bölgədə döyüşlər yenidən qızışmışdı. Liviyaya döndükdən sonra Həftər açıqlama verərək bildirmişdi ki, sənədi imzalamamasına səbəb orada ondan Tripoli ətrafındakı əraziləri azad etməsi şərtinin olması olub. Öz növbəsində Türkiyənin Baş naziri Mövlud Çavuşoğlu Liviya məsələsi ilə bağlı hazırlanan atəşkəs çağırışının qiyamçı general Həftər tərəfindən imzalanmamasından danışarkən bildirmişdi ki, belə davam edərsə, Berlin toplantısının heç bir əhəmiyyəti olmayacaq: “Razılaşmanın mətni hər iki tərəfin razılaşması ilə tamamlanmışdı. İmzalamaq mərhələsi çatanda ruslar: “Həftər sabaha qədər möhlət istəyir”, - dedilər. Sonda isə Həftər atəşkəs razılaşmasını imzalamaqdan imtina elədi”.

Bununla belə Berlində Liviyaya dair keçirilən beynəlxalq konfransda bölgədə atəşkəsin əldə edilməsi barədə birgə bəyanat qəbul edilməsi mümkün oldu. Bəyanatı imzalayan ölkələr

Liviyada qarşıduran tərəfləri bütün hərbi toqquşmaları dayandırmağa çağırıblar. Konfrans iştirakçıları həmçinin tərəflərə qarşılıqlı etimadı gücləndirməyə imkan yaradan, o cümlədən əsirlərin dəyişdirilməsi kimi tədbirləri həyata keçirməyi təklif ediblər.

Berlində keçirilən Liviya ilə bağlı konfransın iştirakçısı olan ölkələr münaqişə tərəflərinə silah tədarükü ilə bağlı embarqo, habelə belə bir qərarın icrasına nəzarətin gücləndirilməsi barədə razılığa gəliblər.

Konfransdan sonra keçirilən mətbuat konfransında Almaniya kansleri Angela Merkel deyib ki, Liviya münaqişəsinə dair toplantı məhsuldar keçdi. Liviyada sabitliyin bərpası üçün geniş planın tətbiq olunması barədə razılığa gəldik.

O bildirib ki, bütün tərəflər məsələnin həlli üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bəyan edib. Merkel qeyd edib ki, Liviyaya BMT-nin nəzarəti altında silah embarqosu tətbiq edilib:

”Silah embarqosuna və atəşkəsin davam etdirilməsinə tərəflər əməl etməlidir. Yalnız bu halda Liviyada sabitliyi bərpa etmək mümkün olacaq”.

Merkelin fikrincə, bu münaqişə yalnız siyasi yolla həll edilə bilər. O, danışıqların ciddi və gərgin keçdiyini qeyd edib.

Konfransda iştirak edən BMT-nin Baş Katibi Antoniu Quterreş Berlində Liviyaya dair beynəlxalq konfransdan sonra keçirilən mətbuat konfransında bildirib ki, yaxın günlərdə Cenevrədə Liviya tərəfinin iştirakı ilə hərbi komitə toplanacaq. O qeyd edib ki, bu nizamlanmanın ikinci pilləsi olan hərbi məsələlər komitəsidir: “Berlindəki konfrans sayəsində Liviyadakı beş hərbiləşmiş tərəfin razılığını aldıq. İndi yaxın günlərdə Cenevrədə hərbi komitənin iclasını keçirə bilərik”.

Öz növbəsində Rəcəb Tayyib Ərdoğan türk jurnalistlərinə açıqlamasında deyib ki, Türkiyə hazırda Liviyaya yalnız hərbi məsləhətçi və təlimatçılarını göndərib: “Hazırda oraya hərbi qüvvə göndərmirik. Biz yalnız hərbi məsləhətçi və təlimatçı ştatını göndərmişik”.

Prezidentin fikrincə, Rusiya və Türkiyə liderlərinin Liviyada atəşkəs rejiminə riayət edilməsi çağırışı yeni siyasi həll imkanlarını açacaq: “Siyasi həll yolunda səylərimizin bir hissəsi olaraq Berlində Liviya ilə bağlı sammitdə iştirak etdik. 55 bənddən ibarət sammitin bəyannaməsini qəbul etdik. Atəşkəsə əməl olunarsa, siyasi proses üçün fürsət açılacaq”.

Bununla yanaşı, Ərdoğan Liviya Milli Ordusunun (LMO) komandanı Xəlifə Həftəri “terrorçu” hesab etdiyi üçün onunla danışıqlar masası arxasında oturmasının mümkünsüz olduğunu bildirib.

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu isə deyib ki, Liviya probleminin həlli ilə bağlı Berlindəki görüşdən ciddi nəticə çıxmadı: ”Berlindəki görüşə Liviya probleminin həllindəki iki əsas dövlətin – Türkiyə və Rusiyanın liderləri də qatılmışdılar. Ancaq BMT və Avropa Berlin toplantısı vasitəsilə “biz də varıq” demək istəyirdilər. Berlinə qarşıduran tərəflər –Tripolidəki mərkəzi hökumətin başçısı Sərrac və müxalif general Həftər konfransın özünə dəvət olunmamışdılar. Onlar Berlində idilər, müxtəlif liderlərlə konfransdan kənarda görüşürdülər”.

Elxan Şahinoğlunun fikrincə, Berlin görüşünün nəticəsi Türkiyənin Liviyada rolunun azaldılmasına yönəldimişdi:

“Çünki əgər qarşıduran tərəflərə hərbi dəstək verilməsin deyilirsə, bu o deməkdir ki, Avropa Türkiyənin hərbi qüvvələrinin Tripoliyə göndərilməsinin əleyhinədir. Digər tərəfdən Berlin konfransının nəticəsinə görə Liviya probleminin həlli ilə bundan sonra BMT Təhlükəsizlik Şurası məşğul olmalıdır. Türkiyə isə Təhlükəsizlik Şurasının üzvü deyil. Deməli, bu yolla Türkiyəni Liviya probleminin həllindən kənarda saxlamaq istəyirlər. Buna baxmayaraq, Türkiyə və Rusiya Liviyada əsas oyunçu olaraq qalacaqlar.

Liviya faktiki 2014-cü ildən iki hissəyə bölünüb. Tripolidə bir hökumət, Benqazidə başqa hökumət fəaliyyət göstərir. Benqazini bir qrup ölkə, Tripolidəkini isə digər qrup ölkə dəstəkləyir. Belə vəziyyətdə atəşkəsi Liviyada qorumaq çətin olacaq. Suriyada bu alınmadı”.

Ekspert hesab edir ki, Berlində atəşkəslə bağlı ümumi razılıq əldə olundu:

“O da qeyd edildi ki, Liviyada qarşıduran tərəflərə silah və hərbi texnika verilməsin. Yəni Liviyadakı bütün tərəflərə yönəlik silah embaroqusu tətbiq edilsin.

Bunları reallaşdırmaq çətindir. Birincisi, Liviyada yüzlərlə aşirət yaşayır, hamısı da silahlıdır, kim zəmanət verəcək ki, onlar atəşkəsə riayət edəcəklər? İkincisi, Liviyanın qonşu Misirlə minlərlə kilometr nəzarətsiz sərhədi var. Misir isə general Həftəri dəstəkləyir. Elə Birləşmiş Ərəb Əmirlikləri də Həftərə tonlarla silah və hərbİ texnika göndərib və göndərir. Liviyanın müxtəlif dövlətlərlə uzun məsafəli sərhəddini necə monitorinq altında saxlamaq olar ki, Misir və ya digər dövlətlər general Həftərə silah və hərbi texnika ötürməsin?”.

Beləliklə Liviyada atəşkəs elan edilməsi ilə bağlı Berlində birgə bəyanat qəbul edilməsinə baxmayaraq bölgədə uzunmüddətli sülhün əldə ediləcəyi inandırıcı görünmür .

Əziz Mustafa

Oxuməni.az