Rusiyada hökumət dəyişikliyi: Vladimir Putinin hakimiyyətini qoruyub saxlama siyasəti

Rusiyada hökumət dəyişikliyi: Vladimir Putinin hakimiyyətini qoruyub saxlama siyasəti

25 Yanvar 2020 19:08
Bəyəndim (1) Bəyənmədim (30)

Ötən həftənin ən önəmli və diqqəti cəlb edən hadisələrindən biri şübhəsiz ki, Rusiya prezidenti Vladimir Putinin gözlənilmədən Baş nazir Dmitri Medvedevin rəhbəri olduğu hökuməti istefaya göndərməsi oldu. Eyni zamanda Putin ölkə Konstitusiyasına dəyişikliklər ediləcəyini bəyan etdi. Putin hökuməti istfefaya göndərməsinin ardınca Mixail Mişustini Baş nazir vəzifəsinə namizəd göstərdi. Mişustinin namizədliyi isə Dövlət Duması tərəfindən təsdiqləndi. Hadisələrin gedişi göstərdi ki, Putin ən yaxın silahdaşlarından biri hesab edilən Vladimir Medvedevin fəaliyyətindən narazı idi. Bəzi məlumatlara görə, Putinin hökumətin istefaya göndərilməsi barədə qəbul etdiyi qərarı Medvedev üçün də gözlənilməz olub. Yeri gəlmişkən qeyd edək ki, son dövrlərdə Dmitri Medvedev Rusiyanın siyasi həyatında demək olar hər hansı bir fəallığı ilə gözə çarpmırdı və o, ölkənin ikinci adamı deyil, orta səviyyəli dövlət rəsmisi təsiri bağışlayırdı. Baş nazir kimi ölkənin iqtisadi həyatında da fəaliyyəti bir o qədər də diqqəti cəlb etməyən Dmitri Medvedevin başçılıq etdiyi hökumətin fəaliyyəti də əksər hallarda ciddi şəkildə tənqid edilməkdə idi. Düzdür, Rusiyada rəsmi səviyyədə Putinin razılığı olmadan hökumətin hər hansı bir qərar qəbul edə bilmədiyini nəzərə alanda Dmitri Medvedevin ölkənin iqtisadi inkişafı üçün sərbəst şəkildə qərar edə bilməməsi heç kəsə sir deyildi. Bütün hallarda Putinin hökuməti istefaya göndərməsi onun Dmitri Medvedevin fəaliyyətindən narazı olmasının təzahürü idi. Məsələnin bu tərəfinə diqqəti cəlb edən dünyanın məşhur “Forbes” jurnalı yazır ki, Putin bir sıra millli layihələrin icra edilməməsindən dolayı Dmitri Medvedyevin başçılıq etdiyi hökumətdən narazı idi. İddiaya görə, ötən ilin sonlarında Medvedev və Putin bu məsələni müzakirə edib və dövlət başçısı milli layihələrin milli hədəfə çatmasına yardım etməyəcəyi barədə məlumatlandırılıb.

“Bu, Putində olduqca emosional reaksiyaya səbəb olub”, - deyə məqalədə bildirilib. Bundan əlavə, adı açıqlanmayan rusiyalı məmurun bildirdiyinə görə, Putin Medvedyev hökumətinin istefası ilə bağlı şəxsən qərar qəbul edib. Qeyd edilir ki, sözügedən qərar hökumət üzvləri üçün də gözlənilməz olub. Rusiya daxilində də Putinin hökuməti istefaya göndərməsi müxtəlif ehtimalların ortaya çıxmasına səbəb olub. Məsələn, rusiyalı politoloq Mamuka Areşidzenin sözlərinə görə, Rusiya hökumətinin istefaya göndərilməsi prezident Vladimir Putinin piar-gedişi idi. Politoloqun fikrincə, Putin hökuməti sosial gərginliyi azaltmaq və konkret şəxsləri Rusiyanın dükar olduğu iqtisadi və sosial bəlalarda ittiham etmək üçün istefaya göndərib:

“Rusiya hökumətinin istefası proqnozlaşdırılan idi. Rusiyanın siyasi və hərbi aktivliyi sadə insanları düşünməyə məcbur edir ki, bu qədər resursu olan ölkə genişmiqyaslı fəaliyyət aparmaq imkanına sahib deyil. Belə ki, Rusiyanın ciddi sosial problemləri və iqtisadiyyatın həddən aşağı artım templəri var. Bu fonda Rusiya iqtisadiyyatının dayanaqlılığı həddən artıq ağırdır. Xüsusilə, pensiya yaşının artırılması və pensiyaların ixtisarından sonra sosial narazılıq səviyyəsi yüksəlir və bütün bunlar ona səbəb olur ki, prezidenti sosial narazılığı kəsmək üçün hökuməti istefaya göndərmək qərarı qəbul etməyə məcbur edir”.

Digər bir politoloq, Siyasi Texnologiyalar Mərkəzinin birinci vitse-prezidenti Rusiya Ali İqtisadiyyat Məktəbinin professoru Aleksey Makarkin isə Medvedevin istefaya göndərilməsini Çernomırdinin 1998-ci ilin martında vəzifəsindən azad edilməsinə bənzədib: “O zaman Yeltsin ona 2000-ci ilin seçkisinə siyasi hazırlıqla məşğul olmağı təklif etdi. Reallıqda bu, tam oyun idi”.

Əslində politoloqun da qeyd etdiyi kimi, Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərinə indidən hazırlaşır və bu müstəvidə də ona loyal olan, ancaq daha çevik bir fəaliyyət göstərməyə qadir Baş nazir axtarırdı. Belə başa düşmək olar ki, Putin Mixail Miçustinin simasında arzuladığı Baş naziri tapa bilib. Yeri gəlmişkən qeyd edək ki, Baş nazir vəzifəsinə təsdiq edilən Mişustin bir anda dünya mətbuatının gündəminə çevrildi və diqqətlər onun tərcümeyi-halına yönəldi. Moskvada anadan Mişustin Moskva Dövlət Texnologiya Universitetini avtomatlaşdırılmış layihələndirmə sistemləri ixtisası üzrə bitirib. Mişustin 1992-ci ildə bu universitetin aspiranturasında təhsilinə yekun vurub. Aspiranturanı bitirdikdən sonra Beynəlxalq Kompüter Klubunun rəhbəri kimi çalışıb. Klub Rusiyada Qərbin yüksək texnologiya şirkətlərinin sərgilərini təşkil edib. Mişustin bunun sayəsində Rusiya bazarlarına “İntel”, “Hewlett-Packard”, IBM, “Motorola”, “Apple” kimi şirkətlərin girişini təmin edə bilib.

1998-ci ildə isə o, Rusiya Dövlət Vergi Xidmətinin rəhbərinin vergi daxilolmalarına nəzarət və informasiya sistemləri üzrə köməkçisi vəzifəsinə gətirilib. Daha sonra isə vəzifəsi artırılaraq, nazir müavini səviyyəsinə yüksəldilib.

2008-ci ildə Mişustin yenidən biznesə qayıdıb. Bu dəfə o, investisiyalar sahəsini seçib. Cəmi bir il sonra Rusiya Prezidentinin kadr ehtiyatları siyahısına daxil edilib. Bunun da nəticəsi olaraq 2010-cu ilin aprelində Federal Vergi Xidmətinin rəhbəri təyin edilib. Buradakı fəaliyyəti dönəmində Mişustin daha çox rəhbəri olduğu qurumun müasir standartlara uyğun hala gətirilməsi, eləcə də yüksək texnologiyalarla təchizi ilə məşğul olub.

Ona qarşı tənqidlər də yetərli qədər olub. Belə ki, o, biznesmenlərə qarşı sərt davranışlarda və çoxlu sayda vergi yoxlamaları aparmaqda ittiham edilib. Mişustin adını Rusiya tarixinə həmçinin böyük yüksək texnologiya şirkətlərini vergi ödəməyə məcbur edən şəxs kimi yazdırıb.

Rusiyanın hakim dairələrində Mişustin daha çox sərt rəhbər kimi tanınır. Bununla bərabər onun yaxşı nitqinin olduğu və fokuslandığı auditoriyanı rahatlıqla ələ ala bildiyi də onu tanıyan şəxslər tərəfindən xüsusi olaraq vurğulanır.

Həyat yolundan da güründüyü kimi Mişustin faktiki olaraq bütün kriteriyalara görə, Putinin tələblərinə cavab verir və o şübhəsiz ki, adı çəkilən vəzifədə ölkənin iqtisadi inkişafında önəm daşıyan adımlar atılması üçün cəhdlərə baş vuracaq. Yenə də qeyd etmək yerinə düşər ki, Putinin son dəyişiklikdən əsas məqsədi özünün növbəti dəfə hakimiyyətdə qala bilməsini təmin etməkdir və o, bunun üçün müxtəlif variantları sınaqdan keçirir. Bu baxımdan Vladimir Putinin yanvarın 15-də Federal Məclisə növbəti müraciətində ölkədə köklü dəyişikliklərin anonsunu verməsini də təsadüfi hesab etmək olmaz. Rusiya lideri dövlət hakimiyyəti sisteminə əsaslı dəyişikliklər olunmasını təklif edib. Belə görünür ki, ölkədə prezidentin səlahiyyətləri azaldılacaq, əvəzində isə Federal Məclisin və Dövlət Şurasının səlahiyyətləri genişləndiriləcək. Məsələnin bu tərəfinə diqqəti cəlb edən politoloq Şahin Cəfərli deyib ki, Rusiya prezident respublikası olaraq qalır, amma ölkənin idarəetmə sistemində qanunverici orqanın rolu gücləndirilir. Bu məqsədlə Dövlət Duması və Federasiya Şurasının səlahiyyətləri artırılacaq. Hökuməti artıq prezident yox, parlament formalaşdıracaq, baş naziri də prezident təyin etməyəcək, parlament seçəcək. O bildirib ki, bu qərardan sonra Rusiyada da ABŞ-da olduğu kimi, bir şəxs yalnız iki dəfə prezident ola biləcək:

“Yəni 2 dəfə ardıcıl prezident vəzifəsini tutub, sonra növbəti müddət namizəd olmayıb, ondan sonra təkrar prezidentliyə namizəd olmağın önü kəsilir. Həmçinin, Konstitusiya Məhkəməsinin qanunvericilik prosesinə nəzarəti təmin ediləcək. Putinə inansaq, hazırda kağız üzərində mövcud olan federalizmin də idarəçilikdə real olaraq əksini tapması, ədəbi mərkəziyyətin (desentralizasiya) təmin olunaraq yerli hakimiyyətlərin (qubernatorlar, bələdiyyələr) səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur”.

Politoloq bildirib ki, referenduma çıxarılacaq bu təkliflərə “2024-cü il problemi” kontekstində yanaşmaq lazımdır:

“Bilirsiniz ki, 2024-cü ildə Putinin səlahiyyətləri başa çatır və o, prezidentliyə namizəd ola bilməyəcək. Putinin hakimiyyətdən tamamilə əl çəkib, təqaüdçü kimi öz köşəsinə çəkilməsini gözləmək sadəlövhlük olar. Kreml siyasi texnoloqları (Vayno – Kiriyenko) xeyli vaxt idi Putinin prezidentlikdən getsə də, hakimiyyətdə qalmasının formulunu axtarırdı. Belə görünür ki, tapıblar”.

Beləliklə, hadisələrin gedişi göstərir ki, Putinin son addımları faktiki olaraq Rusiyada Qazaxıstan variantının tətbiqinə və onun Nazarbayevsayağı hakimiyyətini qoruyub saxlamasına xidmət edir.

Emin Axund

Oxuməni.az