İraq öz ərazisindən ABŞ hərbi bazalarının çıxarılmasına nail ola biləcəkmi?

İraq öz ərazisindən ABŞ hərbi bazalarının çıxarılmasına nail ola biləcəkmi?

20 Yanvar 21:30
11 242
Bəyəndim (0) Bəyənmədim (1)

Yaxın Şərqdə baş verən son hadisələr, o cümlədən İranın Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin Bağdad hava limanına endirilən zərbələr nəticəsində öldürülməsi ABŞ hərbi bazalarının ölkədən çıxarılması barədə məsələni gündəmə gətirmiş oldu. Generalın qətlindən az sonra təcili şəkildə iclas keçirən İraq parlamenti tərəfindən ABŞ hərbi bazalarının ölkədən çıxarılması barədə qərar qəbul edildi. ABŞ-ın da İraq parlamentinin bu qərarına cavabı özünü çox gözlətmədi. İraq parlamentinin adıçəkilən qərarına cavabında Donald Tramp bildirdi ki, ABŞ İraqın hərbi strukturunun formalaşdırılmasına milyardlarla dollar sərmayə qoyub: “Əgər Bağdad ABŞ bazalarının ölkədən çıxarılmasını tələb etsə, onda İraqın ABÇ banklarındakı hesabları dondurulacaq və nəticədə dövlət büdcəsi bir qəpiksiz qalacaq”.

Təbii ki, Trampın belə bir açıqlamasından sonra İraqdakı amerikapərəst rejim məsələnin ciddiləşməməsi üçün susmağa üstünlük verdi və bunun ardınca mətbuata parlamentin ABŞ bazalarının İraqdan çıxarılması barədəki qərarının həyata keçirilməsinin hökumət üçün məcburi olmadığı barədə məlumatlar sızdırıldı. Bununla da İraq hökuməti bazaların çıxarılması məsələsinə münasibətdə ABŞ-ı müəyyən qədər sakitləşdirmiş oldu. Əslində İraqa münasibətdə ABŞ-la İran arasında əmələ gələn gərginliyin artmasında hər iki ölkənin Bağdad rejimini öz tərəfinə çəkmək cəhdi son illərdə kəskinləşməkdə idi. ABŞ İraqdakı hökumətin Qərb tərəfindən maliyyələşdirildiyini idida edir və onu “özünkü” hesab edir. İran isə öz növbəsində Bağdadın indiki hakimiyyətini öz tərəfdarı kimi görür. Həqiqətən də İranla İraq arasında bütün sahələr üzrə yüksək əlaqələr mövcuddur və Bağdad Tehranın simasında özünün şiə qardaşını görməkdə davam edir. Bununla belə Bağdaddakı rejim eyni zamanda ABŞ-a münasibətdə də loyallığını qoruyub saxlamağa çalışır. Çünki istənilən halda indiki vəziyyətdə İraq rəhbərliyi ABŞ-dan asılıdır və onlar istər-istəməz Vaşinqtonun bölgədəki maraqlarını nəzərə almağa məcburdurlar. Günümüzdə heç kimə sirr deyil ki, de-fakto ABŞ-ın işğalı altında olan İraq və onun Vaşinqton tərəfindən idarə edilən rəhbərləri qarşı tərəfin maraqlarını nəzərə alaraq hərəkət edirlər. Buna paralel olaraq İraq rəhbərliyi İrana münasibətdə də analoji siyasət yeridərək tarazlığı qoruyub saxlamaq üçün bütün imkanlardan istifadə edirlər. Məsələ ilə bağlı onu da xüsusi qeyd edək ki, İraq ABŞ-ın işğalı altında olsa da, ölkə əhalisinin böyük əksəriyyəti İrana xüsusi rəğbət bəsləyərək Tehranın simasında öz müttəfiqlərini görürlər. Məhz bu baxımdan İraq ərazisindəki ABŞ hərbi bazalarının çıxarılması barədə parlamentin qəbul etdiyi son qərar Tehranda məmnunluqla qarşılanıb. Lakin İraqdakı ABŞ hərbi bazalarının çıxarılması məsələsi qeyd etdiyimiz kimi heç də asan iş deyil deyil. Digər tərəfdən də ABŞ rəsmi şəkildə bəyan edib ki, İraqdakı hərbi bazaları 2014-cü ildə İŞİD-ə qarşı mübarizə məqsədi ilə yaradılıb və günümüzdə də terrora qarşı mücadilə davam edir. İran isə İraqın təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasına münasibətdə fərqli mövqedən çıxış edir. Tehranda belə hesab edirlər ki, ABŞ-ın İraqdakı hərbi bazaları ölkə daxilində sabitliyin və təhlükəsizliyin təmin edilməsinə imkan vermir. Çünki işğalçı qoşunlar İraq daxilində qütbləşməyə səbəb olaraq, bir-birinə zidd mövqedə dayanan güclərin mübarizə meydanına çevrilib. Həqiqətən də İraqda hazırda ABŞ tərəfindən idarə edilən rejimi tanımayan və ona qarşı mübarizə aparan güclərlə mövcud rejimi dəstəkləyənlər arasında baş verən toqquşmalarda mülki əhali arasında çoxlu sayda insan həlak olub. İran isə İraqdakı belə bir vəziyyəti İslam Keşikçiləri Korpusu vasitəsi ilə nəzarətdə saxlamağa cəhd etməkdədir. Bu iş isə öldürülən general Qasım Süleymaniyə həvalə edilmişdi.

Əslində hadisələrin gedişi göstərir ki, İraq əhalisi İran və ABŞ-ın təzyiqləri altında əzilməkdən artıq təngə gəlib . Buna misal kimi ötən ilin oktyabr ayında Bağdadda küçələrə axışan əhalinin korrupsiyanı lənətləmələrini, mövcud rejimdən işsizliyə son qoymalarını tələb etmələrini, eyni zamanda həm İran, həm də ABŞ əleyhinə şüarlar səsləndirmələrini göstərmək olar. Etiraz aksiyası iştirakçıları hökumətdən ölkə daxilindəki İran və ABŞ-ın təsirinə son qoyulmasını tələb ediblər. Qeyd edək ki, aksiya iştirakçıları ölkədə ABŞ və İranın təsiri aradan qaldırılmadan iqtisadi vəziyyətin sabitləşməyəcəyini, korrupsiyaya son qoyulmayacağını bəyan ediblər. Onlar “ İraq da azad olacaq! Tehran rədd ol İraqdan “ şüarlarını dönə-dönə səsləndiriblər. Həmin vaxt aksiya iştirakçıları Süleymaninin şəkillərini ayaqlar altına ataraq onun üzərində rəqs etmişdilər. Öz növbəsində İran bu məsələdə ABŞ-ı günahlandırmışdı. Lakin İran öz iddiasını sübuta yetirmək üçün hər hansı bir fakt göstərə bilmədi. Ötən ilin dekabr ayının sonlarında isə ABŞ hərbi hava qüvvələrinin “Kataib Hezbolla” qruplaşmasının İraqdakı və Suriyadakı obyektlərinə zərbələr endirməsindən sonra bölgədə vəziyyət yenidən kəskinləşdi. ABŞ “Kataib Hezbolla”nı terrorçu qurum hesab etdiyini və onların obyektlərinə zərbələr endirdiyini bildirərək bunu dekabrın 27-də Kərkükdəki İraq hərbi bazasının atəşə tutulması ilə əlaqələndirib. Lakin “Kataib Hezbolla”nın mövqelərinin bombalanması əks nəticələr verdi. Baş verən hadisənin ertəsi gün “Kataib Hezbolla” tərəfdarları ABŞ-ın Bağdaddakı səfirliyinə hücum etməyə başladılar. Yalnız İraq hökumətinin və ABŞ-ın bölgədəki əlavə hərbi qüvvələrinin cəlb edilməsi nəticəsində səfirliyə hücumun qarşısını almaq mümkün oldu. Buna ABŞ yanvar ayının 3-də general Süleymaninin öldürülməsi ilə cavab verdi. Qeyd etdiyimiz kimi İraqın da cavabı parlament tərəfindən ABŞ hərbi bazalarının ölkə ərazisindən çıxarılması ilə bağlı qəbul edilən qərar oldu. İstənilən halda isə İraqda əmələ gələn indiki vəziyyətdə ABŞ hərbi bazalarının adı çəkilən ölkədən çıxarılması həlli olduqca çətin görünən bir problemə bənzəyir. Məsələyə münasibət bildirən Beynəlxalq əlaqələr üzrə Rusiya Şurasının Yaxın Şərq layihələrinin koordinatoru Ruslan Məmmədovun fikrincə, İraq ərazisindən ABŞ hərbi bazalarının çıxarılması Bağdad rejiminə sərf eləmir. Onun sözlərinə görə, ABŞ-ın İraqdakı hərbi bazalara görə kompensasiya tələb etməsi də ciddi əsaslara söykənmir: “ABŞ hərbi bazalarının İraqda yerləşdirilməsi ilə bağlı tərəflər arasında imzalanan anlaşmada qeyd edilib ki, Amerika qoşunları ölkədən çıxarılandan sonra onlar yerli hökumətin mülkiyyəti hesab ediləcək. Digər tərəfdən də İraqda hərbi bazaların olması ABŞ-a ölkədəki hansısa əraziyə zərbələr endirməsinə hüquq vermir”.

Politoloqun fikrincə, iraqlılar özləri də anlayırlar ki, amerikalıların yardımı olmadan onlar üçün yaşamaq çətin olacaq. Lakin Ruslan Məmmədov ABŞ-ın yardımı olmadan belə İraqın iqtisadi, siyasi və hərbi baxımdan yaşaya biləcəyini də istisna etmir. Konkret olaraq İraq ərazisindən ABŞ hərbi bazalarının çıxarılmasına gəlincə, belə başa düşmək olar ki, Bağdaddakı rejim bununla bağlı hər hansı cəhdə baş vurmayacaq.

ABŞ-ın İraqdakı hərbi bazalarının çıxarılmasının indiki vəziyyətdə inandırıcı görünmədiyini poltoloq Nurlan Qasımov da xüsusi qeyd edib. Onun sözlərinə görə, İraq dini baxımdan rəngarəng ölkədir və burada fərqli baxışlar və mövqelər mövcuddur: “İraqda Səddam Hüseyn rejiminin devrilməsindən sonra şiələr ön plana çıxarıldı. O vaxt ABŞ tərəfindən yaradılan İraq hərbi qüvvələrində şiələr həvəslə iştirk etməyə başladılar Çünki ölkəni idarə edən şiələr idilər. Məhz onların yardımı ilə İran İraqda təsir gücünü artıra bildi. Ona görə də İraqda ABŞ hərbi bazalarının mövcudluğu İranın ambisiyalarının qarşısının alınmasında önəmli rol oynayır. Bunu İraqı idarə edənlər də yaxşı başa düşürlər və adıçəkilən məsələdə ciddi addımlar atmaqdan çəkinirlər.

Beləliklə, İraqda hazırda yaranan vəziyyətdə ABŞ hərbi bazalarının ölkədən çıxarılması çətin ki, İraq rəhbərliyi tərəfindən məqsədəuyğun hesab edilsin.

Əziz Mustafa

Oxuməni.az