Abxaziyada “rus oyunu” davam edir

Abxaziyada “rus oyunu” davam edir

19 Yanvar 19:50
10 929
Bəyəndim (1) Bəyənmədim (7)

Beynəlxalq aləm tərəfindən tanınmayan və de-fakto Rusiyanın özünə ilhaq etdiyi qondarma Abxaziya respublikasında baş verən son hadisələr diqqət mərkəzində qalmaqda davam edir. Buna da səbəb Abxaziyada hakimiyyət uğrunda çəkişmələrin gözlənilmədən kəskinləşməsi olub. Belə ki, gərginliyə səbəb yanvar ayının 9-da qondarma rejimin paytaxtı Süxumidə yerli müxalifətin ölkənin fəaliyyətdə olan prezidenti Raul Xacimbanın istefası tələbi ilə küçələrə çıxması olub. Etiraz aksiyası iştirakçıları prezident administrasiyası və ölkə parlamentini ələ keçirərək Xacimbanın dərhal istefaya getməsini tələb ediblər. Qondarma respublikada etiraz aksiyalarının arxasında isə son prezident seçkilərində ölkənin prezidenti Raul Xacimbanın cüzi səs çoxluğu (47,3 faiz) ilə rəqibi Alxas Kvitsiniya üzərində qələbə çaldığını elan etməsi olub. Lakin ölkənin digər 9 partiyası Xacimbanın seçkilərdə saxtakarlıq etdiyini irəli sürərək buna qarşı çıxıblar. Müxalifət Xacimbadan dərhal səsvermənin nəticələrini ləğv etməyi və istefaya getməsini tələb edib. Doqquz müxalifət partiyası seçkilərin nəticələrinə yenidən baxılması üçün məhkəmə qarşısında vəsatət qaldırıb və bunun ardınca parlamenti və prezident administrasiyasını ələ keçirib. Yanvar ayının 10-da isə məhkəmə müxalifətin vəsatətini təmin edərək seçkilərin nəticələrinin ləğv edildiyini bildirib və yeni seçkilərin keçirilməsi barədə qərar qəbul edib. Lakin Xacimba məhkəmənin onun haqqında çıxardığı qərarla hesablaşmayaraq hakimiyyətdən getmək niyyətində olmadığını sərt şəkildə ortaya qoydu. Hətta o lazım gələcəyi halda özünün istefasını tələb edən aksiya iştirakçılarına qarşı hərbi gücdən istifadə edə biləcəyi barədə xəbərdarlıq belə etdi. Bir müddət Süxumidəki bağ evində gizlənən Raul Xacimba təbii ki, Rusiyanın ali orqanları tərəfindən dəstəklənəcəyini gözləyirdi. Çünki Raul Xacimba prezidentliyi dövründə Abxaziyanın Rusiya tərəfindən de-fakto ilhaqına imkan verən siyasəti həyata keçirmiş və bununla da ötən müddət ərzində prezident kürsüsünü qoruyub saxlaya bilmişdi. Məhz onun hakimiyyəti illərində Abxaziyanın Rusiyanın bölgədəki yeni platsdarmına çevrilməsi prosesi daha sürətlə getdi və ölkə vətəndaşlarının böyük hissəsi Rusiya vətəndaşlığına qəbul edildi. Yeri gəlmişkən xatırladaq ki, Abxaziya 1994-cü ildə Rusiyanın hərbi yardımı ilə “müstəqilliyini” elan edib və adıçəkilən ölkə faktiki olaraq Kremlin nəzarəti altına keçib. 2008-ci ilin avqust ayında Rusiya ilə Gürcüstan arasında baş verən qısamüddətli müharibədən sonra Rusiya sözdə Abxaziyanın “müstəqilliyini” tanıyıb. Lakin beynəlxalq aləm Abxaziyanın müstəqilliyini tanımır və Rusiyadan Gürcüstan ərazilərinin ilhaqına son qoymağı tələb edir. Buna baxmayaraq Putin administrasiyası tərəfindən Abxaziyanın ilhaqı prosesi ildən-ilə dərinləşməkdədir. Rusiya faktiki olaraq Raul Xacimbanı dəstəkləsə də, istəsə də, istəməsə də bölgədəki reallığı nəzər almağa məcburdur. Bu müstəvidə də hadisələrin gedişi göstərdi ki, Raul Xacimbanın hakimiyyətdə artıq bundan sonra da qalması Rusiya üçün məqsədəuyğun deyil. Çünki indiki vəziyyətdə Raul Xacimbanın bundan sonra da hakimiyyətdə qalması etiraz aksiyasının Rusiyanın əleyhinə çevrilməsinə səbəb olar bilər. Bütün hallarda prezident Putinin bölgədə baş verən son hadisələrdən narahat olaraq Federasiya Şurası Təhlükəsizlik katibinin müavini Rəşid Nurqaliyevi Abxaziyaya göndərməsini təsadüfi hesab etmək olmaz. Eyni zamanda Nurqaliyevlə bərabər Prezident Vladımir Putin öz köməkçisi Vladislav Surkovu Xacımba ilə danışıqlar aparmaq üçün xüsusi tapşırıqla Abxaziyaya ezam etmişdi.

Məhz Rəşid Nurqaliyevin və Vladislav Surkovun bölgəyə gəlməsi və bağ evində olan Raul Xacimba ilə apardığı danışıqlardan sonra sonuncu istefa verdiyini elan edib. Belə başa düşmək olar ki, Moskva bölgədə vəziyyətin daha da gərginləşməməsi üçün Raul Xacimbaya istefaya getməyi məsləhət görüb. Yeri gəlmişkən qeyd edək ki, müxalifətin lideri Aslan Bjaniya məsələnin bu tərəfinə toxunaraq qeyd edib ki, məhz Nurqaliyev və Surkovun Abxaziyaya gəlişindən və Xacimba ilə apardığı danışıqlardan sonra ölkədəki böhranı aradan qaldırmaq mümkün olub.

İstefa verməyə məcbur olan Xacimba aksiya iştirakçılarına müraciət edib. Müraciətdə Xacimba bildirib ki, ölkədə sabitliyi qoruyub saxlamaq naminə istefaya gedirəm. Xacimbanın istefasından sonra onun yerinə ölkəni müvəqqəti olaraq parlamentin rəhbəri Valeri Kvarçiya və ya baş nazirin idarə edəcəyi gözlənilir. Qeyd edək ki, Xacimbanın istefası onun rəqibi Alxas Kvitsiniya tərəfindən də mənunluqla qarşılanıb. O deyib ki, Xacimbanın istefası ölkədə sabitliyi bərpa etməyə imkan verib. Digər tərəfdən də Abxaziyada faktiki olaraq kimin hakimiyyətdə olmasının Moskva üçün ciddi bir əhəmiyyəti də yoxdur. Çünki istənilən halda Abxaziyanı idarə edəcək hər hansı şəxs Moskvadan aldığı tapşırıqlar əsasında hərəkət edəcək və Rusiyanın bölgədəki siyasətinə dəstək verəcək kukla rolunu həyata keçirəcək. Çünki həm Xacimba, həm də Alxas Kvitsiniya Gürcüstana qarşı Abxaziyada həyata keçirilən separatçı müharibədə fəal iştirak ediblər və özlərini ölkədə “müstəqillik” uğrunda aparılan mübarizənin qəhrəmanı hesab edirlər.

Abxaziyada baş verən son hadisələrlə bağlı onu da deyək ki, Raul Xacımba özü də hakimiyyətə çevriliş vasitəsi ilə gəlmişdi. 2014-cü ildə Xacımba Süxumi küçələrinə tərəfdarlarını çıxararaq mövcud rejimi istefaya çağırmışdı. O vaxt Abxaziyanı prezident Aleksandr Ankvaba idarə edirdi. Aleksandr Ankvabanın hakimiyyətdən devrilməsi ilə bağlı keçirilən etiraz aksiyalarına isə Raul Xacimba rəhbərlik edirdi. Onda istəyinə nail olan Raul Xacimba Ankvabanın istefaya getməsinə nail olaraq ölkənin yeni prezidenti seçildi. İndi də oxşar hadisələr Raul Xacimbanın başına gəldi və o da müxalifətin təzyiqləri, eyni zamanda Moskvanın göstərişi ilə istefaya getməyə məcbur oldu. Xacimbanın rəsmi şəkildə istefa verməsindən sonra isə Abxaziyada növbədənkənar prezident seçkilərinin mart ayının 22-də keçirilməsi barədə qərar qəbul edilib.

Əlbəttə, Abxaziyada son 20 ildə prezident kürsüsü uğrunda kəskin mübarizənin getməsinin arxasında müəyyən maraqlar dayanır. Bu da ilk növbədə prezidentliyə namizədlər arasında Rusiya tərəfindən Abxaziyaya ayrılan maliyyə vəsaitinin mənimsənilməsi, ondan daha çox pay almaq uğrunda mübarizənin getməsi ilə bağlıdır. Rusiya mətbuatının yazdığına görə, Kreml tərəfindən Abxaziyaya ayrılan maliyyə vəsaiti qondarma rejiminin ümumi büdcəsinin 70 faizini təşkil edir. Bu vəsaitdən daha çox pay almaq istəyən qruplar arasında isə gedən qızğın mübarizə ölkədə mütəmadi olaraq hakimiyyət dəyişikliyi ilə müşahidə olunmaqdadır. Xatırladaq ki, son 10 ildə Rusiya Abxaziyaya 40 milyard rubl maliyyə vəsaiti ayırıb. Bu isə 1 milyard dollar deməkdir. Həmin vəsaitin hakimiyyət uğrunda mübarizə aparan və ya daha dəqiq desək ölkəni idarə edən qruplar tərəfindən mənimsənilməsi nəticəsində əhali olduqca kasıb vəziyyətdə yaşayır. 240 min nəfər əhalisi olan Abxaziyada işsizlik ən yüksək səviyyədədir və bu da ölkə vətəndaşlarının böyük hissəsinin bir tikə çörək qazanmaq üçün Rusiyanın müxtəlif bölgələrinə köç etməsinə gətirib çıxarıb. Belə bir vəziyyət Rusiyanın bölgəni ilhaq siyasətinə və orada daha da möhkəmlənmək siyasətinə də cavab verir. Çünki istənilən halda abxazların bölgəni tərk edərək Rusiyanın müxtəlif bölgələrinə iş dalınca axışması onların gələcəkdə asanlıqla assimilyasiya edilməsinə və ruslaşdırılmasına imkan verəcək. Məhz ona görə də Rusiya Abxaziyanı idarə edənlər tərəfindən qondarma rejim üçün ayrılan vəsaitin mənimsənilməsinə göz yummaqdadır. Yeri gəlmişkən onu da xatırladaq ki, hələ 2010-cu ildə Rusiyanın müvafiq qurumları tərəfindən Abxaziyaya ayrlan maliyyə vəsaitinin ölkəni idarə edənlər tərəfindən mənimsənilməsi faktı ilə məsələni araşdırmağa başlamışdılar. Məsələ ilə bağlı Rusiya Hesablama Palatası tərəfindən Abxaziyaya ayrılan maliyyə vəsaitinin mənimsənilməsi ilə bağlı kifayət qədər faktlar ortaya çıxsa da, Moskva tərəfindən Abxaziyada heç bir günahkar cəzalandırılmadı. Bütün bunlar isə faktiki olaraq Abxaziyadkı belə bir vəziyyətin Kremlə sərf etdiyini ehtimal etməyə imkan verir. Qarşıdan gələn iki ildə isə Moskva tərəfindən Abxaziyaya daha 5 milyard rubl ayrılması gözlənilir. Abxaziyada hakimiyyət uğrunda gedən son mübarizənin də məhz bu vəsaitin mənimsənilməsinə xidmət etdiyi istisna edilmir. Necə deyərlər, Abxaziyada faktiki olaraq “rus oyunu” davam edir. Bütün bunlar isə Abxaziyaya yaxşı heç nə vəd etmir.

Emin Axund

Oxuməni.az