Terrorçu S.Asaxaranın qızı "Tanrının övladı" elan olunub

Terrorçu S.Asaxaranın qızı "Tanrının övladı" elan olunub

23 Mart 2012 14:50
Bəyəndim (0) Bəyənmədim (0)
Sən demə, 1999-2003-cü illərdə dünyanın sonu olacaqmış

QANLI 20 MART GÜNÜ

Yəqin ki, çoxlarınız 1995-ci ilin 20 mart günündə Tokio metrosunda baş vermiş terror hadisəsini xatırlayırsınız. O gün yüzlərlə günahsız insan tələf olmuşdu. Kimyəvi silahın, daha doğrusu, ölümcül sarin qazının təsirindən 5500 adam müxtəlif dərəcədə bədən xəsarəti almışdı. Xatırladaq ki, sarin qazı II Dünya müharibəsi zamanı faşistlər tərəfindən geniş istifadə olunan zəhərli maddədir. Bu maddə BMT tərəfindən qadağa qoyulmuş kimyəvi silahlar sırasına daxildir. Hadisədən dərhal sonra təşkilatçıların kimliyini müəyyən etmək üçün istintaq başlandı. Qısa zamanda məlum oldu ki, bu, "Aum Senrikö" adlı dini sektanın işidir. Təhqiqatçılar fakt üzrə araşdırma apardılar. Tezliklə cinayətkarlar, o cümlədən dini sektanın rəhbəri, özünü Tanrı elan edən Seko Asaxara həbsə alındı.

SEKO ASAXARA KİMDİR?!

"Aum Senrikö" dini sektasının rəhbəri Seko Asaxara 1955-ci ildə Kyusyu adasının kiçik bir kəndində həsirtoxuyan ailəsində dünyaya göz açmışdı. Onun əsl adı Çidzuo Matsimotodur. Təbii ki, həsir toxumaqla böyük bir ailəni dolandırmaq çətin idi. Odur ki, balaca Çidzuo da maddi sıxıntı içərisində böyüyürdü. Bu, onun psixikasının aqressiv şəkildə inkişafına şərait yaradırdı. Bəlkə elə ona görədir ki, gələcəkdə bu insan hamıdan güclü olduğunu iddia edəcək, dünyanın, insanların məhvini istəyəcək? Beləcə, maddi çatışmazlıq körpə Çidzuonun həyatında sağalmaz izlər buraxırdı. Uşaq yaşlarında o, möhkəm xəstələnmişdi. Nəticədə, onun gözləri ömürlük tutulmuşdu. Çidzuo təhsilini korlar üçün internatda davam etdirməli oldu. O, burada iynə-terapiyanın, şərq masajının, qədim mistikanın sirlərini mənimsədi. Məktəbi bitirdikdən dərhal sonra Çidzuo ailə quraraq, Çinin Funabaşi şəhərindəki apteklərin birində işə düzəldi. Hələ də qəlbində cəmiyyətə qarşı sonsuz nifrət daşıyan bu insan müştəriləri aldatmağa başladı. Onlara şəfaverici maddələr adı altında adi suları baha qiymətə satmaqla məşğul oldu. Fırıldağın üstü açıldıqda yerli məhkəmənin qərarı ilə onu bir il müddətinə azadlıqdan məhrum etdilər. 1979-cu ildə Çidzuo bütpərəstliyin və yoqanın sirlərini öyrənmək üçün Himalay dağına qalxdı. Səkkiz il orada təhsil aldıqdan sonra, 1987-ci ildə Yaponiyaya köçdü və dərhal adını dəyişərək Seko Asaxara qoydu. Bu adın mənası "Çətənə vadisində parlayan işıq" demək idi. Seko Asaxara vaxt itirmədən "Aum Senrikö" (tərcüməsi "dərketmənin həqiqi enerjisinə doğru aparan yol" deməkdir) dini sektasını təsis etdi.

TANRI OLMAQ İDDİASI

Xristianlıq, buddizm və daosizm nəzəriyyələrindən istifadə edən "Aum Senrikö" sektasının hər bir üzvü Seko Asaxaranı saf ruh kimi qiymətləndirməli, onu Budda və İsa Məsih qədər qiymətləndirməli idi. O, özünü sivilizasiyanın yaradıcısı, Şiva Tanrısının birinci nökəri hesab edirdi. Seko Asaxara qısa müddət ərzində bir neçə kitab yazdı. "Həqiqəti öyrənmək", "Maxayana sutra", "Təşəbbüskarlıq" adlı bu kitablarda "Aum Senrikö" təşkilatının ideologiyası təbliğ olunurdu. Təbii ki, yazıların hər birində dünyanın sonunun yaxınlaşdığı və nicatın məhz "Aum Senrikö" sektasında olduğu vurğulanırdı. Seko Asaxara dönə-dönə qeyd edirdi ki, 1999-2003-cü illər arasında Yaponiya ilə ABŞ arasında atom müharibəsi başlanacaq və ona inanmayanlar məhv olacaqlar. Qəribəsi odur ki, onun bu sərsəm ideyasına hay verənlər çox oldu. Qısa zaman ərzində minlərlə insan sektaya üz tutdu. Gələnlərin arasında tanınmış universitetlərin məzunları da var idi. Arzu edənlər anket dolduraraq, təşkilatın büdcəsinə 10 ABŞ dolları məbləğində rüsum ödəyirdi. Məhz bunun nəticəsində Seko Asaxara tezliklə varlandı. Bundan sonra vərəqələr paylanmağa başladı. Bu da öz təsirini vermiş oldu. Əldə etdiyi uğurdan daha da qızışan Seko Asaxara varlı üzvlər qarşısında yeni bir şərt qoydu: hər bir imkanlı adam sektanın büdcəsinə böyük məbləğdə ianə verməli idi. Elə də oldu. Aldadılmış insanlar onun sözünü Tanrı kəlamı kimi qiymətləndirib, deyilənləri canla-başla yerinə yetirdilər. Dünyanın sonu barədə verilən proqnozların vaxtı yaxınlaşdıqca ciddi tədbirlər görmək tələb olunurdu. Belə ki, bəzi üzvlər artıq deyilənlərin yalan olduğunu dərk etməyə başlamışdılar. Məhz bu anda Seko Asaxara təşkilatı özbaşına tərk etmiş insanları aradan götürmək barədə gizli sərəncam verdi. Belə bir şayiələr yarandı ki, müqəddəsliyə asi çıxanlar Tanrının qəzəbinə tuş gəliblər. Sektanın fəaliyyəti ildırım sürəti ilə genişləndi. Onun bir neçə ölkədə, o cümlədən ABŞ, Rusiya, Almaniya, Yaponiya kimi nəhəng ölkələrdə çoxsaylı filialları açıldı. Missionerlərin təbliğatı nəticəsində beş ilə təşkilata 30 min adam üzv yazıldı. Onlardan 10 mini Rusiya Federasiyasında yaşayırdı. Maraqlıdır ki, təşkilat 1993-cü ildə rəsmən Rusiya Ədliyyə Nazirliyinin qeydiyyatından keçmişdi.

DÜNYANIN SONU GÖRÜNMÜRDÜ

1999-cı il yaxınlaşdıqca hamının diqqəti sektaya yönəlirdi. Sadə insanlar proqnozların reallaşacağından ehtiyat edirdilər. Doğrusu, Seko Asaxara da narahat idi. Axı onun proqnozları reallaşmayacağı təqdirdə, yalanları ifşa ola bilərdi. "Aum Senrikö" təşkilatının rəhbərləri bir araya gələrək, təcili tədbir görmək barədə qərar çıxardılar. Bu qərardan sadə üzvlərin xəbəri yox idi. Hədəf kimi Tokio metrosu seçildi. Sektanın rəhbərliyi elə zənn edirdi ki, törədiləcək terror aktı ilə dünyanın sonunun yaxınlaşdığını sübuta yetirmək mümkün olacaq və bu hadisədən sonra hər kəs nicatı "Aum Senrikö"da axtaracaq. Lakin onlar yanılırdılar.

GÜNAHSIZ QURBANLAR

20 mart günü "pik saatı" vaxtı bir neçə adam cərrah maskasında Tokio metrosuna daxil oldu. Maye halında olan sarin qazı ilə dolu paketləri vaqonlarda gizlətdilər. Onlar getdikdən cəmi beş dəqiqə sonra vaqonlardakı sərnişinlər boğulmağa və görmə qabiliyyətini itirməyə başladılar. Bu, kimyəvi bombanın ilk fəsadları idi. Bir andaca qatarlarda təşviş yaşandı. Gizlədilmiş paketləri çıxarmağa çalışan iki metro əməkdaşı yerindəcə keçindi. Daha sonra 10 sərnişin dünyasını dəyişdi. Ümumiyyətlə isə 5500 adam müxtəlif dərəcədə xəsarət almış oldu. Hadisədən dərhal sonra sektanın rəhbəri və 400 əməkdaşı həbsə alındı. Onların böyük bir qismi sübut olmadığından azadlığa buraxıldı. Dəmir barmaqlıqlar arxasında yalnız rəhbər üzvlər qaldılar.

Hələ 1994-cü ildə "Aum Senrikö" sektasının bir neçə üzvü Matsumuto şəhərində yaşayan bir neçə hakimin həyətinə sarin maddəsini atmışdılar. Həmin hakimlər təşkilatı qeydiyyata almaqdan imtina edirdilər. Xoşbəxtlikdən o vaxt zərərçəkən olmadı. Məhz buna görə də təşkilat barəsində cinayət işi açılmadı və Seko Asaxara cəzasız qaldı.

İndi isə vəziyyət başqa cür idi. Minlərlə günahsız insan terrorun qurbanına çevrilmişdi. İlkin dindirilmə zamanı Seko Asaxara və müavinləri etiraf etdilər ki, onlar gizli laboratoriyalarda kimyəvi, bakterioloji və atom bombasının hazırlanması üzrə qızğın işlər aparırdılar. Təcrübələrə Seko Asaxaranın birinci müavini, tanınmış psixiatr olan doktor Sasaki başçılıq edirdi. Məhz onun təşəbbüsü ilə sektanın hər bir üzvünə psixoloji stimulyatorlar, hallusoqenlər və tiopental natrium maddələri verilirdi. Bu dərmanların köməyi ilə insanlar elektroşok keçirir, psixoloji cəhətdən asılı vəziyyətə düşür, yaddaşlarını və ehtiras hisslərini itirirdilər. Hətta təşkilata qəbul olmazdan əvvəl bu dərmanları qəbul etmək qanun halını almışdı. Deyilənə görə, doktor Sasaki bilərəkdən rəhbəri Seko Asaxaranı da həmin dərmanlara alışdırmışdı. 2000-2001-ci illərdə məhkəmənin qərarı ilə sektanın kimyaçılarına və psixiatrlarına ölüm hökmü çıxarıldı. Seko Asaxara ilə bağlı məhkəmə işi isə davam etdirildi. Belə ki, ona qarşı 17 cinayət üzrə ittiham irəli sürülmüşdü.

SEKTANIN SONU

Təşkilatın fəaliyyətinə bütün dünyada qadağa qoyuldu. Azadlıqda qalan üzvlər dərhal sektanın adını dəyişərək "Alef" qoydular. Onların məqsədi "mənəvi atalarını" xilas etmək idi. Heç təsadüfi deyil ki, rusiyalı missionerlər də fəaliyyətsiz qalmırdılar. Sektanın rusiyalı rəhbəri Dmitriy Siqaçov bu barədə konkret plan cızdı. O, Vyana şəhərində yaponiyalı həmkarı Niçiro İsii adlı şəxslə görüşdü və ondan əməliyyatı başlamaq üçün pul aldı. Daha sonra Moskvaya qayıdaraq, ətrafına tərəfdaşlar və silah toplamağa başladı. Onu da qeyd edək ki, "xilasedici" dəstə peşəkar hərbçilər və radio-texniklərdən təşkil olunmuşdu. Dəstə üzvləri 1999-cu ilin 4 dekabr günü Vladivostoka gəldilər. Dmitriy Siqaçov 2000-ci ilin 4 martında Yaponiyaya getdi. Əcnəbi həmkarları ilə mümkün terror aktlarını müzakirə edərək, yenidən Vladivostoka qayıtdı. Onların yeganə məqsədi terror vasitəsilə Yaponiya hökumətinə təsir etmək, Seko Asaxaranın azadlığına nail olaraq, onu Rusiyada gizlətmək idi. Lakin dəstə üzvlərinin planı həyata keçmədi. Belə ki, Rusiya kəşfiyyatçıları 31 iyun günü onları tərksilah etdilər. Məhkəmənin hökmü ilə Dmitriy Siqaçov 8 il, köməkçiləri isə bir qədər az cəza aldılar. Qəribəsi odur ki, son söz verilərkən Dmitriy Siqaçov cəzasını bitirdikdən sonra mütləq rəhbərini azad edəcəyinə söz vermişdi. Lakin onun arzusu ürəyində qaldı. Çünki 2006-cı ilin 16 sentyabr günü, nəhayət ki, Yaponiya Ali Məhkəməsi Seko Asaxara barəsində ölü hökmü çıxardı.

DÜŞÜNMƏK ÜÇÜN QEYD

"Aum Senrikö" dini sektasının ideologiyasında bildirilirdi ki, kişi ilə qadın arasında olan məhəbbət və doyunca qida qəbul etmək haramdır. Halbuki istintaq zamanı bir neçə fakt üzə çıxdı. Sən demə, sektanın Fudziyamadakı filialında Seko Asaxaranın 30 kənizdən ibarət olan hərəmxanası var idi. Bu hərəmxanaya 20 yaşlı rusiyalı sektant Nataşa başçılıq edirdi. O, Seko Asaxaradan dünyaya bir uşaq gətirmişdi. Ümumiyyətlə, hərəmxanadakı bütün qadınlar müqəddəs ruhla sevişdikləri üçün müqəddəs kənizlər sayılırdılar. O ki qaldı yeməyə, həkimlərin rəyinə əsaslanaraq əminliklə deyə bilərik ki, Seko Asaxara heç bir qidada özünə korluq vermirdi.

SON SÖZ ƏVƏZİ:

İllər ötəcək və Seko Asaxaranın Nataşadan olan övladı böyüyəcək. Çox güman ki, indi "Alef" adlanan "Aum Senrikö" sektasının üzvləri bu körpəni Tanrının uşağı elan edəcəklər. Hələliksə sektanın üzvləri Nataşanı və onun övladını göz bəbəyi kimi qoruyur, hüquq-mühafizə orqanlarından gizlədirlər.

Könül Aypara

O.M.