Azərbaycan-Rusiya münasibətləri yeni inkişaf mərhələsinə qaldırılır

Azərbaycan-Rusiya münasibətləri yeni inkişaf mərhələsinə qaldırılır

29 Noyabr 2019 09:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Moskva münasibətlərinin yaxşılaşmasını istəməyən erməniyönümlü bəzi güclərin səylərinə baxmayaraq son illərdə Azərbaycan-Rusiya münasibətlərində yeni yaxınlaşma meylləri özünü bütün sahələrdə önəmli şəkildə hiss etdirməkdədir. Bu da təsadüfi deyil. Belə ki, müstəqilliyini əldə etdikdən, o cümlədən 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən ölkəmizi idarə etməyə başlamasından sonra Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoydu. Bu müstəvidə də Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən sonra xarici şirkətlərlə Xəzərin enerji ehtiyatlarından istifadəni nəzərdə tutan və “Əsrin müqaviləsi” adını alan anlaşmanın imzalanması, bunun ardınca Bakı-Ceyhan neft kəmərinin işə salınması tarixi hadisəyə çevrildi. Sonrakı illərdə isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşa edilməsi, o cümlədən günümüzdə Azərbaycan qazını Avropa bazarına çıxaracaq yeni qaz kəmərinin istifadəyə verilməsinin yekun mərhələsinə qədəm qoyması, nəhayət Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinin uğurla başa çatdırılması respublikamızın nəinki regionun, həm də dünyanın lider dövlətlərindən birinə çevrilməsinə yol açıb. Azərbaycanın qlobal təhlükəsizlik sisteminə yüksək səviyyədə öz töhfəsini verməsi, beynəlxalq aləmdə baş verən hadisələrə münasibətdə haqq və ədaləti müdafiə etməsi, bölgədə marağı olan supergüc dövlətlərə münasibətdə tarazlaşdırıcı siyasət yeritməsi ölkəmizin beynəlxalq imicinin daha da artmasına gətirib çıxarıb.

Azərbaycanın müstəqil, balanslaşdırılmış xarici siyasət yeritməsi isə təbii ki, bizə qonşu ölkə olan Rusiya tərəfindən də məmnunluqla qarşılanır. Təsadüfi deyil ki, Rusiyanın müxtəlif ali dairələrində özünə isti yuva salan ermənilərin müqavimətinə baxmayaraq Bakı-Moskva münasibətləri ildən-ilə daha yüksək səviyyədə inkişaf etdirilməkdədir. Bunu Azərbaycanın Birınci vitse-prezidenti Mehriban xanım Əliyevanın noyabrın 21-də Moskvaya işgüzar səfəri də bir daha təsdiq etdi. Mehriban xanım Əliyevanın Moskvaya səfəri çərçivsəində keçirdiyi görüşlər öz növbəsində Bakı-Moskva münasibətlərinin strateji tərəfdaşlığa çevrildiyinin daha bir parlaq nümayişinə çevrildi. Məsələnin məhz bu tərəfinə diqqəti cəlb edən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko APA-nın Moskva müxbirinə müsahibəsində deyib ki, Mehriban Əliyevanın səfəri əməkdaşlığımızın daha da genişlənməsinə güclü impuls verəcək:

“Prezident Vladimir Putin Mehriban Əliyevaya ünvanladığı təbrik məktubunda demişdi: "Siz Rusiyanın böyük dostusunuz". Mənə elə gəlir ki, bundan yaxşısını demək çətindir. Həqiqətən də, çox hörmətli Mehriban Əliyeva tutduğu bütün vəzifələrdə, fəaliyyətinin bütün sahələrində - bir vaxtlar parlamentdə, Heydər Əliyev Fondunun rəhbərliyində, Azərbaycanın Birinci vitse-prezidenti rolunda hər zaman ölkələrimiz arasında dostluğun möhkəmlənməsinə böyük diqqət ayırıb. O, xüsusi ilə mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün çox işlər görüb. Mehriban Əliyeva rus mədəniyyətini bilir, onu sevir, qiymətləndirir və bu hiss olunur.

Azərbaycan tez-tez böyük beynəlxalq tədbirlərin, hər zaman yüksək səviyyədə təşkil olunan görüşlərin məkanına çevrilir. Xanım Əliyevanın Azərbaycan xalqının mədəni irsinin beynəlxalq aləmdə təbliğində səylərini görür və qiymətləndiririk. Onun səfərini səbirsizliklə gözləyirik, çünki əminik ki, Mehriban Əliyevanın səfəri əməkdaşlığımızın bundan sonra daha da genişlənməsinə güclü impuls verəcək”.

Valentina Matviyenkonun Mehriban xanım Əliyevanın fəaliyyətinə belə yüksək səviyyədə dəyər verməsi isə iki ölkə münasibətlərinin sarsılmaz dostluq münasibətlərinə söykəndiyini göstərir. Təbii ki, Azərbaycanın Birinci vitse-prezidentinin Moskvaya səfəri iki ölkə münasibətlərində yaxınlaşmanın yeni siyasi müstəviyə keçirildiyini növbəti dəfə təsdiq etməkdədir. Çünki Mehriban xanım Əliyeva Azərbaycan-Rusiya münasibətlərinin hərtərəfli inkişafına öz töhfəsini verən və uğurlu, xalqlarımızın strateji maraqlarına cavab verən siyasəti davam etdirməkdə olan dövlət xadimidir. Azərbaycanın Birinci vitse-prezidenti özü də dəfələrlə qeyd edib ki, Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin durmadan inkişaf etdirilməsi hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Mehriban xanım Əliyeva Moskvaya səfəri ilə bağlı keçirdiyi rəsmi görüşlər zamanı da iki ölkə münasibətlərinin strateji xarakter daşıdığını xüsusi qeyd edərək deyib ki, dostluğumuz mehriban qonşuluq siyasətinə əsaslanır:

“Rusiya ilə Azərbaycan arasında münasibətlər qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Bu gün biz öz münasibətlərimizi strateji tərəfdaşlıq adlandırırıq. Fürsətdən istifadə edib, məni Rusiyaya rəsmi səfərə dəvət etdiyinə və məni “Dostluq” ordeni ilə təltif etdiyinə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkürümü bildirmək istəyirəm. Bu ordeni almaq mənim üçün böyük şərəfdir və mən bu mükafatı Rusiya-Azərbaycan dostluq münasibətlərinin daha bir təsdiqi kimi qəbul edirəm”.

Yeri gəlmişkən onu da deyək ki, iqtisadi sahədə iki ölkə arasında əlaqələr intensiv şəkildə inkişaf etdirilir. Belə ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi ötən il 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub. Bu ildə də analoji artım özünü yüksək səviyyədə göstərməkdədir. Son məlumatlara görə, bu ilin ilk 9 ayı ərzində iki ölkə arasındakı ticarət münasibətlərində 26 faizlik artım qeydə alınıb.

Bundan əlavə Rusiyanın iş adamları tərəfindən Azərbaycana sərmayə axını da artmaqda davam edir. Ötən müddət ərzində rusiyalı iş adamları tərəfindən Azərbaycana 4.9 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da 1 milyard dollardan çoxu qeyri-neft sektorunun payına düşür.

Öz növbəsində Azərbaycan da Rusiyada müxtəlif sahələrə sərmayə qoyub. Bu günə kimi Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar həcmində sərmayə yatırıb.

Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində bu günə kimi 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş imzalanıb ki, bu da qarşılıqlı ticarət münasibətlərinin davamlı şəkildə inkişaf etdirilməsində önəmli rol oynamaqda davam edir. Azərbaycanla Rusiya arasında iqtisadi sahədə əməkdaşlıq yaxın illərdə də davam etdiriləcək. Buna misal kimi ötən il ölkələrimiz arasında 2024-cü ilə kimi dövrü əhatə edən Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə imzalanan proqram sənədini göstərmək olar. Bu sənəd özündə 5 “yol xəritəsi”ni ehtiva edir. Sənəddə ölkələrimiz arasında ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılması, nəqliyyat potensialının inkişafı, birgə müəssisələrin yaradılması, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsi, həmçinin humanitar sahədə əlaqələrin daha da inkişaf etdirilməsi nəzərdə tutulub. Şübhəsiz ki, Azərbaycanın Birinci vitse-prezidentinin Rusiyaya səfəri də Bakı-Moskva münasibətlərinin inkişaf etdirilməsi sahəsində yeni bir mərhələnin başlaması demək olacaq və ölkələrimiz arasında önəmli hadisələrdən birinə çevriləcək.

Rusiyanın tanınmış siyasi müşahidəçiləri də Mehriban xanım Əliyevanın Moskvaya səfərinin dostluq və qardaşlığımızın möhkəmlənməsində önəmli rol oynayacağını xüsusi qeyd edirlər. Məsələn, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib ki, Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri çox böyük ictimai-siyasi əhəmiyyət daşıyır. Rusiyanın ali rəhbərliyi ilə keçirilən görüşlər bunun əyani sübutudur. Bu çox vacib məqamdır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya ilk rəsmi səfərinin yekunlarını qiymətləndirən politoloqun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında münasibətlər inkişaf etdirilir:

"İki ölkənin prezidentləri arasındakı şəxsi münasibətlər hər kəsə məlumdur. Rusiyada Mehriban Əliyevaya da böyük hörmət bəsləyirlər. Bizim ölkədə Mehriban Əliyeva həm Birinci vitse-prezident, həm də böyük ictimai-siyasi xadim kimi sevilir. O, Azərbaycan və Rusiya arasında nəhəng humanitar layihələrə imza atıb. Fikrimcə, Mehriban Əliyevanın bu səfərinin məqsədi həm də onun iki ölkə arasında həyata keçirdiyi humanitar layihələrə yeni təkan verməkdir. Bu səfərin əhəmiyyəti həm də iki ölkə rəhbərliyinin sistemli işinin nəticəsindən ibarətdir və iki ölkə arasında bütün sahələrdə münasibətlərin dərinləşdirilməsinə istiqamətlənib".

Liberal Demokrat Partiyasından olan deputat Dmitri Savelyev bildirib ki, Mehriban Əliyevanın Moskvaya rəsmi səfəri Azərbaycanın Rusiya üçün nə qədər əhəmiyyətli ölkə olduğunu göstərdi:

"Rusiyada yaxşı anlayırlar ki, Azərbaycan Qafqazda ən etibarlı qardaş və tərəfdaş ölkədir. Mehriban Əliyevanın səfəri bu tezisi bir daha təsdiqlədi. Azərbaycanın Birinci vitse-prezidentinin Rusiya-Azərbaycan regionlararası forumunda iştirakı isə bu tədbirin çəkisini daha da qaldırdı. Bu onu göstərir ki, regionlararası forum artıq yeni səviyyəyə qalxıb. Foruma Azərbaycanın Birinci vitse-prezidentinin gəlməsi Rusiya üçün böyük fəxr və böyük məsuliyyət idi. Bütün bunlar Rusiya-Azərbaycan münasibətlərinin hansı səviyyəyə çatdığını nümayiş etdirdi".

X Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak edən Federasiya Şurasının beynəlxalq məsələlər Komitəsinin sədri Konstantin Kosaçev isə deyib ki, Azərbaycan Rusiya ilə münasibətlərini maksimum dərəcədə inkişaf etdirmək niyyətindəki səmimiliyə şübhə etmək üçün heç vaxt heç bir əsas verməyib. Kosaçev belə hesab edir ki, Azərbaycanda rus dilinə, rusdilli əhaliyə və ortaq keçmişə xoş münasibət əlaqələrimizin inkişaf etdirilməsində önəmli rol oynayır:

“Bu mənada Azərbaycan postsovet məkanında hər bir dövlət üçün nümunə ola bilər. Bu, bütün digər sahələrdə irəliləmək üçün zəruri olan mənəvi və əxlaqi əsaslar yaradır”.

Mehriban xanım Əliyevanın Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində önəmli rol oynaması rəsmi səviyyədə də yüksək qiymətləndirilir. Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edilməsi də təsdiq edir. Beləliklə, Mehriban xanım Əliyevanın Moskva səfəri göstərdi ki, Azərbaycanla Rusiya arasında hərtərəfli əlaqələr bundan sonra da ən yüksək inkişaf etdiriləcək və heç bir düşmən qüvvə ölkələrimizin dostluq münasibətlərinə mane ola bilməyəcək.

Əziz Mustafa

Oxuməni.az