Maykl Blumberq Donald Tramp üçün təhlükəli rəqibə çevrilir - Təhlil

Maykl Blumberq Donald Tramp üçün təhlükəli rəqibə çevrilir - Təhlil

29 Noyabr 09:10
117
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-da gələn il keçiriləcək növbəti prezident seçkilərinin vaxtı yaxınlaşdıqca ölkənin siyasi həyatında gərginlik də yeni mərhələyə qədəm qoyur. Bunu ötən bazar günü məşhur mediamaqnat, Nyu-York şəhərinin eks meri Maykl Blumberqin prezidentliyə namizədliyini irəli sürəcəyini bəyan etməsi də təsdiq etməkdədir. Dünyanın ən varlı adamları siyahısında 50, 5 milyard dollarlıq sərvətlə 11-ci yerdə qərarlaşan Maykl Blumberq siyasi baxımdan nisbətən ziddiyyətli şəxslərdən biri hesab edilir. Blumberq 2001-ci ilə kimi Demokratlar Partiyasının üzvü olub. Lakin sonra Respublikaçılar Partiyasına keçərək bir müddət orada siyasi fəaliyyətini davam etdirib. 3 dəfə Nyu-York meri seçilən Blumberq vəzifədə olduğu vaxt yoxsulluğun aradan qaldırılması, işsizliyin ləğv edilməsi sahəsində önəmli tədbirlər həyata keçirib. Mer vəzifəsindən ayrılandan sonra bir müddət siyası sahədə ciddi fəallığı hiss edilməyən Maykl Blumberq Tramp prezident seçiləndən sonra siyasi fəaliyyətini davam etdirmək qərarına gələrək yenidən Demokratlar Partiyasına üzv olub. Mənşəcə yəhudi olan Blumberq prezidentliyə namizədliyini verməsinə əsas səbəblərdən biri kimi ölkənin indiki rəhbəri Donald Trampa qarşı mübarizə aparmaq və onu taxtdan salmaq olduğunu bildirib. Blumberq bununla əlaqədar mətbuata verdiyi rəsmi açıqlamada: “Donald Tramp üzərində qələbə çalmaq və Amerikanı yenidən bərpa etmək həyatımızın ən vacib və təxirəsalınmaz vəzifələrindən biridir. Mən özümü istənilən problemi sözdə deyil, praktiki baxımdan həll etməyə qadir olan insanlardan biri hesab edirəm. Mən ağır mübarizəyə girməyi və qələbə çalmağı bacaran insanlardan biriyəm”.

O, prezident kürsüsü uğrundakı siyasi mübarizədə özünü Donald Tramp üçün təhlükəli rəqiblərdən biri hesab edir. Blumberq belə hesab edir ki, vaxtı ilə Nyu-York meri vəzifəsində çalışarkən xalq üçün böyük işlər görə bilib və bunu seçiciləri unutmayıb. O yenidən prezident seçiləcəyi təqdirdə də əhalinin yoxsul təbəqəsinin vəziyyətinin yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması və buna paralel olaraq Tramp tərəfindən şərəfinə xələl gətirilən ABŞ-ın iqtisadi və siyasi imicinin yenidən bərpası üçün bütün imkanlardan istifadə edəcəyini bəyan edib. Blumberqin gözlənilmədən qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürdüyünü bəyan etməsi Demokratlar Partiyası daxilində qızğın müzakirələrə səbəb olub. Belə ki, o, seçkiqabağı mübarizəyə kifayət qədər yüksək məbləğ xərcləməyə hazır olduğunu öncədən bəyan edib. Məsələn, mediamaqnat özünün təbliğat roliklərinin nümayiş etdirilməsi üçün 35 milyon dollar ayıracağını söyləyib. Bu isə Blumberqlə müqayisədə maddi baxımdan imkanları zəif olan digər prezidentliyə namizədləri qorxuya salıb. Belə ki, Blumberqin təkcə efir vaxtı üçün xərcləyəcəyi 35 milyon dollar prezidentliyə digər namizədlərin hamısının birgə seçkilərə xərcləyəcəyi vəsaitdən çoxdur.

Xatırladaq ki, Blumberq vaxtı ilə Nyu-York meri vəzifəsinə seçkilərdə iştirak edərkən rekord həcmdə 73-74 milyon dollar xərcləmişdi.

Maykl Blumberqin prezident seçkilərinə böyük həcmdə maliyyə vəsaiti xərcləməyə hazır olduğunu bəyan etməsi prezidentliyə digər namizəd Berni Sanders tərəfindən narahatlıqla qarşılanıb. Blumberqi seçiciləri ələ almağa hazırlaşmaqda ittiham edən Sanders onu problemlər simptomu adlandıraraq deyib ki, varlı adamlar ABŞ hökumətinə güclü şəkildə təsir göstərirlər.

Lakin onun belə bir ittihamı çətin ki, Blumberqi prezident kürsüsü uğrunda mübarizədən çəkindirə bilsin. Artıq mediamaqnat ilk təbliğat video-roliki ilə efirdə varlı adamlara müraciət edərək onları əhalinin maddi səviyyəsinin yüksəldilməsi üçün daha çox vergi ödəməyə çağırıb. Bu isə seçicilərin rəğbətinin qazanılması baxımından Blumberq üçün önəmli faktorlardan birinə çevrilə bilər.

Blumberqin Demokratlar Partiyasından namizədliyini irəli sürməsi öz növbəsində adıçəkilən partiyadan prezidentliyə iddialı olan keçmiş vitse-prezident Cozef Bayden və Saut-Bendin meri Piy Butticik üçün ciddi problem ola bilər. Belə ki, Bayden və Butticik Blumberqlə praymerizi uduza bilərlər. Çünki onların əhali arasında təbliğat aparmaq üçün Blumberqinki qədər maddi imkanları yoxdur. Amma siyasi baxımdan Blumberqlə Bayden arasında ciddi fərqlər mövcud deyil. Bayden də Blumberq kimi Trampı hakimiyyətdən salmaq və ölkənin imicinə onun tərəfindən vurulan zərbəni aradan qaldırmaq niyyətindədir.

Blumberqə gəlincə onun reklam roliklərində orta səviyyəli ailədən olduğu və həyatda bütün uğurlarına öz zəhməti ilə nail olduğu vurğulanır. Məsələ ilə bağlı Blumberqin məsləhətçilərindən birinin dediyinə görə, şefinin prezident kürsüsü uğrunda aparacağı təbliğat mübarizəsinin əsasında iqlimin dəyişməsinə qarşı mübarizə, silahlanma üzərində nəzarət, iqtisadi vəziyyətin yaxşılaşdırılması, səhiyyə xidmətinin bütün əhali təbəqələri üçün əl çatan edilməsi, yoxsulluğa qarşı mübarizə və digərləri dayanacaq.

Siyasi mübarizə baxımından Blumberq mərkəzçi hesab edilsə də o Sanders və Elizabet Uorren kimi anti Vaşinqton mövqedən çıxış edir. Nyu-Yorkun eks meri deyib ki, mən Vaşinqtonu içəridən söküb dağıdan nüfuzlu korporasiyalarla necə mübarizə aparılmasını çox yaxşı bilirəm. Rod-Aylendin qubernatoru, Demokrat-qubernatorlar Assosiasiyasının rəhbəri Cina Raymondo mətbuata açıqlamasında deyib ki, bu yaxınlarda Blumberqlə görüşərək onunla qarşıdan gələn prezident seçkiləri ilə bağlı söhbət edib. Xanım Raymondonun sözlərinə görə, Blumberq prezidentliyə güclü namizədlərdən biridir. Raymondo belə hesab edir ki, Nyu-Yorkun keçmiş meri başa düşür ki, praymerizdə güclər hələlik qeyri-bərabərdir. Lakin Blumberq güclü şəxsiyyətdir və Trampın hakimiyyətini laxlada bilər: “Tramp əsl dələduz və fırıldaqçıdır, uğursuz biznesmendir, onun prezidentliyi Amerikanın nüfuzuna xələl gətirir. Belə hesab edirəm ki, Blumberq Trampla baş-başa mübarizə aparmağa və ona qalib gəlməyə qadirdir.

Blumberqin Demokratlar Partiyasından prezidentliyə namizəd göstərilməsi ilk növbədə onun milli azlıqları öz tərəfinə çəkə bilməsindən asılı olacaq. Hələlik Blumberqin milli azlıqları öz tərəfinə çəkə bilib-bilməməsi məlum deyil. Üstəlik praymerizdə onun əsas rəqibi olan Bayden kifayət qədər nüfuzlu siyasətçilərdən biri hesab edilir. Bütün bunları nəzərə alaraq Blumberq əsas diqqətini ölkə elektoratını öz tərəfinə çəkməyə yönəldib. Buna səbəb eks merin elektorat arasında siyasi baxımdan az tanınmasıdır. Məsələ ilə bağlı Blumberqin ən yaxın məsləhətçilərindən biri olan Hovard Vulfson deyib ki, elektorat arasında prezidentliyə digər namizədlərlə müqayisədə Blumberqi daha az tanıyırlar və onun seçki qərargahı bu çatışmazlığı aradan qaldırmaq üçün indidən hərəkətə keçib. Vulfsonun sözlərinə görə, Blumberq seçkiqabağı təbliğat üçün xərcləri öz şəxsi vəsaiti hesabından ödəyəcək və onun kimlərinsə ianəsinə ehtiyacı yoxdur: “ Maykl Blumberq Donald Trampı məğlub edə bilmək üçün seçkiqabağı təbliğata kifayət qədər böyük maliyyə vəsaiti xərcləməyi planlaşdırıb. O qələbə üçün bütün imkanlardan istifadə etmək, sona kimi getmək niyyətindədir” .

Qeyd edək ki, Blumberq hələ 2001-ci ildə Nyu-York meri seçildikdən sonra bir neçə dəfə prezidentliyə namizədliyini vermək istəsə də son anda öz fikrindən daşınıb. Buna səbəb isə ilk növbədə onun o dövrdə hər hansı siyasi partiyanın üzvü olmaması olub. 2007-ci ildə Blumberq müstəqil şəkildə prezidentliyə namizədliyini irəli sürsə də qalib gələ bilməyəcəyini bilirdi. Çünki, o həmin dövrdə hər hansı siyasi partiyanın üzvü deyildi. Sonra isə Maykl Respublikaçılar Partiyasına üzv olub. Trampın prezident seçilməsindən sonra onun yeritdiyi siyasətlə razılaşmayan Blumberq üzvü olduğu partiyanı tərk edərək Demokratlar Partiyasına daxil olub və Trampın əsas rəqibi olan xanım Klintona dəstək verib. 2018-ci ildə isə demokratların Nümayəndələr palatasında çoxluğu əldə edə bilməsi üçün mediamaqnat şəxsi hesabından 100 milyon dollar xərcləyib.

Blumberqin prezidentliyə namizədliyini irəli sürməsi demokratlar və eləcə Trampın özü üçün də gözlənilməz olub. Çünki hələ bu ilin qışında Blumberq demişdi ki, prezidentliyə namizədliyini irəli sürmək niyyətində deyil. Lakin Trampın ABŞ-ı uçuruma sürükləyən siyasəti və Demokratlar Partiyasından namizədliyini irəli sürən Baydenin Tramp üzərində qələbəçalma şanslarının arzu edilən səviyyədə yüksək olmaması Blumberqi seçki kompaniyasına qoşulmağa məcbur edən amillərdən biri hesab edilir. Bu ilin noyabr ayının əvvəllərində Arkanzas ştatına qısamüddətli səfərə gedən Blumberq orada prezidentliyə namizədliyi üçün sənədlərini müvafiq quruma təqdim edib.

Əgər Blumberq Demokratlar Partiyasından prezidentliyə namizədliyinin irəli sürülməsinə nail ola bilsə, onda o, Sanderslə birgə prezident kürsüsü uğrunda mübarizə aparacaq iki yəhudidən biri olacaq. O Trampa qalib gələcəyi təqdirdə isə ABŞ tarixində ilk yəhudi prezident olmaq şansı əldə etmiş olacaq.

Emin Axund

Oxuməni.az