İranda etiraz aksiyaları: Sanksiyalar Tehran rejimini sarsıdıb

İranda etiraz aksiyaları: Sanksiyalar Tehran rejimini sarsıdıb

22 Noyabr 10:50
217
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın illərdir İrana tətbiq etdiyi iqtisadi sanksiyalar nəhayət ki, adıçəkilən ölkənin iqtisadiyyatına ağır təsirini göstərməyə başlayıb. Bütün hallarda ötən həftənin sonlarında, noyabr ayının 15-də İran hökuməti tərəfindən benzinin qiymətinin 50 faiz qaldırılması barədə qəbul etdiyi qərar ölkəni silkələyərək əhalinin küçələrə axışmasına səbəb olub. İran hökumətinin neftin bahalaşması barədə qərar qəbul etməsinə səbəb isə sanksiyalar nəticəsində dövlət büdcəsində böyük həcmdə kəsirin əmələ gəlməsi olub. Sanksiyaların təsiri altında iqtisadi böhran məngənəsində boğulan İran üçün ildən-ilə dövlət büdcəsində kəsirin artması öz növbəsində son illərdə ciddi problemə çevrilməkdə idi. Belə bir ağır vəziyyətdə isə hökumət üçün benzinin qiymətini qaldırmaqdan, ona ayrılan subsidiyaları aradan götürməkdən və yanacağın satışına məhdudiyyət qoymaqdan başqa çıxış yolu qalmadı.

Hökumət tərəfindən qəbul edilən qərara əsasən hər bir sürücü ayda 60 litr benzini 15 000 riala (0.13 dollara) ala bilər. Bundan sonra əlavə hər litr 30 000 riala satılacaq. Buna qədər sürücülər ayda 250 litrə qədər benzini 10 000 riala ala bilirdilər. Yeri gəlmişkən onu da deyək ki, İranda benzinin qiymətinin qaldırılmasına baxmayaraq adıçəkilən ölkədə yanacaq qiymətləri hələ də dünyada ən aşağı səviyyədə qalmaqda davam edir. Müqayisə üçün deyək ki, İranda benzinin qiymətinin 50 faiz artmasından sonra onun bir litri 15 min rial, yəni 13 sent olub. ABŞ-da isə benzinin bir litrinin qiyməti isə təxminən 68 sentdir. Dünyanın digər ölkələrində, o cümlədən İsraildə və Niderlandda benzinin 1 litrinin qiyməti 1.64, Danimarkada 1.57, Yunanıstanda, İtaliyada 1.62, İslandiyada 1.82, Fransada 1.45, Böyük Britaniyada 1.48, Norveçdə 1.79 Türkiyədə isə 1.44 dollardır.

Hökumət benzinin qiymətinin qaldırılmasına haqq qazandırmaq üçün iddia edib ki, yanacağa qoyulan subsidiyaların aradan qaldırılmasından əldə olunan gəlirlər aztəminatlı ailələrə xərclənəcək. Lakin hökumətin benzinin qiymətini qaldırması geniş kütlələr arasında güclü əks-səda verərək ölkənin müxtəlif yerlərində, o cümlədən iri şəhərlərdə əhalinin küçələrə axışmasına səbəb olub. Benzinin qiymətinin qaldırılmasına etiraz əlaməti olaraq ötən cümə axşamı İranın Sircan şəhərində etiraz aksiyası iştirakçıları yanacaq anbarına hücum edərək ona od vurmağa cəhd ediblər. Eyni zamanda İranın Məşhəd, Bircand, Əhvaz, Qaçsaran, Abadan, Xoramşəhr, Məhşəhr, Şiraz, Bəndər Abbas və digər şəhərlərində də əhali küçələrə axışaraq benzinin qiymətinin qaldırılmasına kəskin şəkildə öz etirazlarını bildiriblər. Bəzi yerlərdə etirazçılarla polis arasında toqquşmalar baş verib. “Fars” xəbər agentliyinin yaydığı məlumata görə, İranın paytaxtı Tehranda benzinin bahalaşmasından sonra baş qaldıran aksiyalar zamanı baş verən toqquşmalarda İslam İnqilabı Keşikçiləri Korpusu və milis qüvvələrinə mənsub 3 nəfər ölüb.

Məlumatda polislərin Mələrd rayonunda aksiyaçılarla baş verən insidentdə öldüyü bildirilir. Bundan başqa, Şirazda cümə günündən etibarən baş qaldıran iğtişaşlar zamanı 75 bank şöbəsi yandırılıb. Agentliyin yaydığı xəbərdə həmçinin qeyd edilir ki, başda Tehran olmaqla, Təbriz, Məşhəd, Əhvaz, İsfahan, Şiraz, Yəzd, Kirman və Kərəç şəhərlərində aksiyalar çərçivəsində yanacaqdoldurma məntəqələri, ictimai binalar və polis avtomobilləri məhv edilib.

İranda benzinin qiymətinin artırılmasına etiraz edən əhalinin küçələrə axışmasına isə İranın dini rəhbəri ayətullah Əli Xamaneyinin münasibəti özünəməxsus olub. O ölkəsində baş verən son hadisələrdə xarici gücləri günahlandırıb. Xamaneyi etiraz aksiyası iştirakçılarını əks-inqilabçılar və İranın xarici düşmənləri tərəfindən zorakılıq törətməyə təhrik edilən “quldurlar” adlandırıb. Əhalinin sosial şəbəkələr vasitəsi ilə xaricdəki bəzi güclər tərəfindən qızışdırılmasının qarşısını almaq üçün İranda internetə girişə qadağa qoyulub. Xameneyi eyni zamanda İranın keçmiş şahı Məhəmməd Rza Pəhləvinin tərəfdarlarını və mühacirətdəki “Mücahidin” Xalq Təşkilatını aksiya iştirakçılarını hökumətə qarşı çıxışlara təhrik etməkdə günahlandırıb. İranın sonuncu şahının əslən azərbaycanlı olan həyat yoldaşı, şahbanu Fərəh Pəhləvi Xameneyinin ittihamı ilə bağlı “Radio Farda”-ya müsahibəsində deyib ki, dini lider ölkəsində baş verən son hadisələrdə günahı özlərində axtarmalıdır. Qeyd edək ki, bundan əvvəl Fərəh Pəhləvi və oğlu Rza Pəhləvi İranda baş verən hadisələrdə etiraz aksiyası iştirakçılarını dəstəkləyən açıqlamalar vermişdilər.

Bu arada isə ABŞ dövlət katibi Mayk Pompeo İran hakimiyyətini ölkədə interneti bərpa etməyə çağırıb. İran hakimiyyətini öz xalqına qarşı zorakılıqlara son qoymağa çağıran Pompeo:

“İran hakimiyyəti öz xalqına zor tətbiq etməyə son qoymalı və interneti bərpa etməlidir", - deyib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi isə Pompeoya cavabında deyib ki, qoy o gedib öz ölkəsindəki acların dərdini çəksin:

"Onlar əgər çox narahatdırlarsa, Birləşmiş Ştatların müxtəlif bölgələrində ac olan onlarla milyon insanın, yoxsul və bomjların dərdini çəksin".

Musəvi qeyd edib ki, İran xalqı ağıllı, dərrakəli xalqdır və müxtəlif problemləri geridə qoyub, xalq bu mərhələni də keçəcək və öz problemlərini özü həll edəcək.

İranda baş verən son hadisələrdən Almaniya da narahat olduğunu bildirib. Məsələyə münasibət bildirən Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ulrike Demmer deyib ki, biz İran hökumətinin etirazçılarla dialoqa gedəcəyinə ümid edirik:

"Biz hadisələri, xüsusilə qurbanlar haqqında məlumatları narahatlıqla müşahidə edirik. Biz İran hökumətini sərbəst toplaşmaq və özünüifadə azadlığına hörmət göstərməyə çağırırıq".

İranda baş verən son hadisələr dünya mətbuatının da diqqət mərkəzində qalmaqda davam edir. Qərbin nüfuzlu “The Wall Street Journal” nəşri yazır ki, İran rejiminin pulu qurtarıb və nəticədə ölkəni etirazlar dalğası bürüyüb:

“İranda rejimə qarşı son etirazlar böyük siyasi hadisəyə oxşayır. Rejimin güclü və zorakı reaksiyasını nəzərə alsaq, bu fikirlə razılaşdığını görərik. Birləşmiş Ştatlarla Avropa siyasi sol və sağ cəbhələrinin İran xalqına dəstək naminə birləşməsinin məqamı çatıb”.

Təbii ki, xarici güclərin İran daxilində baş verənlərdən öz məqsədləri üçün istifadə etdikləri istisna edilmir. Lakin o da aydındır ki, istənilən halda rejimin xalq arasında dayaqları hələlik kifayət qədər möhkəmdir. Eyni zamanda rejimin asanlıqla hakimiyyətdən getməyəcəyi, lazım gələcəyi təqdirdə əhalinin etirazlarını yatırmaq üçün hərbi güc tətbiq edəcəyi də öncədən heç kimə sirr deyil.

İranda baş verən son etiraz aksiyalarına İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) da biganə qalmayacağını bildirib. Bununla əlaqədar SEPAH mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, ölkədə qeyri-sabitlik davam edəcəyi təqdirdə qətiyyətli addımlar atılacaq:

"Hər hansı bir təhlükəsizlik təhdidi və sabitliyi pozacaq hərəkətlər davam edərsə, qətiyyətli cavab veriləcək".

SEPAH rəhbərliyi xatırladıb ki, milli təhlükəsizliyə və dövlət daxilində vəziyyətin gərginləşməsinə təhdid olduğu halda, daxili işlərə müdaxilə etmək hüququna sahibdirlər.

İrandakı kütləvi etiraz aksiyaları Azərbaycanın tanınmış politoloqlarının da xüsusi diqqət mərkəzindədir. Bu da təsadüf deyil. İran Azərbaycana qonşudur və eyni zamanda adıçəkilən ölkədə 40 milyona yaxın soydaşımız yaşayır. Məsələ ilə bağlı Publika.az-a açıqlama verən politoloq Fikrət Sadıqov deyib ki, ABŞ İranda baş verənlərdən öz xeyri üçün istifadə etməyə çalışır:

"Çünki ABŞ İrana qarşı bir sıra sanksiyalar tətbiq edib. İranı nüvə silahı əldə etməkdə, uranı zənginləşdirməkdə günahlandırır. Təbii ki, bunun arxasında müəyyən motivlər var. Bu motivlər özü də ondan ibarətdir ki, İranın bir sıra ölkələrdə: Suriyada, Livanda "Hizbullah" vasitəsilə, "Həmas" vasitəsi ilə müxtəlif əməliyyatlar keçirməsi narahatçılıq doğurur və ABŞ tərəfindən tənqid olunur. ABŞ bu məsələdə mövqeyini artıq açıqlayıb və hesab edir ki, hakimiyyətə qarşı bir etiraz var, bu da mütləq hansısa müsbət nəticə ilə yekunlaşmalıdır".

Ekspertin sözlərinə görə, İran iqtisadiyyatına ABŞ-ın və bir sıra Avropa ölkələrinin sanksiyası mənfi təsir göstərib. Politoloq aksiyanın arxasında müəyyən daxili və xarici güclərin dayanması ilə bərabər bu işdə dövlətin də günahının az olmadığını vurğulayıb:

“Əgər etirazçılar neçə gündür küçələrə çıxıblarsa, etirazlarını bildirirlərsə, qan tökülməsinə baxmayaraq bu yolla getməkdə davam edirlərsə, deməli müəyyən məsələləri həll etmək lazımdır. Kimin təşkilatçı olmağından asılı olmayaraq məsələ həll olunmalıdır. Burada ola bilsin ki, kiminsə əli var, lap bəhanə kimi bu istifadə olunsa da görünür müəyyən ciddi səbəblər var. Çünki biz bilirik ki, bu etirazlar İranda birinci dəfə baş vermir. Artıq bundan əvvəl də etirazlar baş tutub. İranın iqtisadiyyatı çox zəifləyib və bundan bəzi dairələr istifadə edərək kütləni yönəldə, bundan öz məqsədləri üçün istifadə edə bilərlər".

Öz növbəsində hərbi ekspert Azad İsazadə ABŞ-ın İranda baş verən etiraz aksiyalarını siyasiləşdirməyə çalışdığını bildirib. Onun sözlərinə görə, ABŞ-ın belə bir addımı səhvdir. Çünki ABŞ-ın etiraz aksiyalarını siyasiləşdirməsindən İran rejimi öz xeyrinə istifadə edir:

“Proseslər onu göstərir ki, İrandakı hadisələrdən ABŞ-ın doğrudan da xəbəri yoxdur, çünki adətən hansısa xarici dövlətin təsiri altında aksiyalar təşkil ediləndə onlar bu barədə susurlar. İndiki məqamda ABŞ belə bəyanat verməklə aksiyaları siyasiləşdirməyə çalışır. Bununla da məsələnin xaricdən qızışdırıldığı barədə İran hökumətinə fürsət verirlər. Hökumət məsələnin xaricdən qızışdırıldığını bəhanə edərək aksiyaları polis gücü ilə yatırtmağa çalışırlar. Artıq aksiyalarda xeyli insanın öldüyü bildirilir”.

Beləliklə İranda benzinin qiymətinin qalxması fonunda baş verən etiraz aksiyaları göstərdi ki, ABŞ-ın sanksiyaları Tehran rejiminə ciddi şəkildə ağır zərbələr vuraraq onu olduqca çətin duruma salıb. Sanksiyaların davam etməsi isə İranın indiki rejiminə yaxşı heç nə vəd etmir və iqtisadi vəziyyətin ağırlığı istənilən an daha çox əhalinin rejimə qarşı küçələrə axışmasına və onun siyasiləşməsinə gətirib çıxara bilər...

Emin Axund

Oxuməni.az