M.Monronu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi öldürüb

M.Monronu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi öldürüb

13 Mart 2012 10:43
Bəyəndim (0) Bəyənmədim (0)
Sən demə, kinoulduz eyni zamanda prezident, baş prokuror və mafiya başçısının məşuqəsi imiş

SİRLİ QADIN

Dünya kino tarixinin ən gözəl xanımı sayılan Merilin Monro son dərəcə sirli bir xanım olmuşdur. Onun ölümü də həyatı qədər müəmmalarla dolu idi. Belə ki, rəsmi versiyaya görə, o, dərmandan zəhərləndiyi üçün dünyasını dəyişmişdi. Guya çoxlu sayda yuxu dərmanı içməklə intihar etmişdi. Əslində isə, onun öldürüldüyünü sübut edən bir çox dəlillər mövcuddur. Sadəcə, bu dəlilləri üzə çıxarmaq həm onda, həm də indi çoxlarının maraqlarına xidmət etmir. Ona görə də istintaq zamanı bir neçə maddi sübut yoxa çıxarılmışdı. Nəticədə, intihar versiyası üzərində dayanılmışdı. Həmin hadisədən 50 il ötsə də, hələ də bir çox suallara cavab tapılmayıb. Bu suallardan biri də odur ki, tanınmış sənətçinin ölümü kimə gərək idi? Gəlin biz də bu barədə müstəqil jurnalist təhqiqatı aparaq və məsələnin mahiyyətinə varmaq üçün ötən illərə qayıdaq.

QANLI BAZAR GÜNÜ

1962-ci ilin 5 avqust tarixində, yəni bazar günü bütün dünya eşitdi ki, Merilin Monro əbədiyyətə qovuşub. Onun çılpaq cismi bir çox ölkələrin teleekranlarında nümayiş etdirildi. Mərhumə üzüstə çarpayıda uzanmışdı, əlində isə telefonun dəstəyi sallanırdı. Yaxınlıqdakı stolun üstündə təxminən 8-10 ədəd boş dərman qabı var idi. Bu isə müstəntiqlərə onu deməyə əsas verirdi ki, mərhumə özünə qəsd edib. Belə ki, o, bu hadisədən əvvəl də bir neçə dəfə intihara cəhd etmişdi. Lakin xoşbəxtlikdən hər dəfə onun cəhdləri boşa çıxırdı.

CAVABSIZ SUALLAR

Ölüm xəbərini ilk olaraq səhər saat 04:25 radələrində polis əldə etmişdi. Hadisə yerinə gələn serjant Cek Klemmons ətrafı nəzərdən keçirməyə başladı. Onun ilkin versiyası belə oldu ki, mövcud halda kinoulduz özünə qəsd etməyib. Ən azı ona görə ki, o, hadisə yerində olarkən usta mərhumənin yataq otağında pəncərəni təmir edirdi. Evin xidmətçisi isə iri qutuları eşiyə çıxarıb, həyətdəki maşının yük yerinə doldururdu. Digər tərəfdən, paltaryuyan maşın da nədənsə işləyirdi. Bir sözlə, evdəkilər heç nə olmayıbmış kimi davranırdılar. Sanki evdə dərindən təmizlik izləri aparılırdı. Bu hal serjantı şübhələndirməyə bilməzdi. Axı açıq-aydın görünürdü ki, kimsə cinayətin izini itirməyə çalışır. O, dərhal şahidləri sorğu-suala tutdu. Elə ilkin dindirilmə zamanı məlum oldu ki, hamının cavabları eynidir. Elə bil hər kəs deyəcəyi şablon ifadələri əvvəlcədən əzbərləmişdi. Tezliklə bir şübhəli fakt da üzə çıxdı. Sən demə, xidmətçi və evdə olan iki həkim hadisədən yalnız 4 saat keçdikdən sonra polisə məlumat vermişdilər. Görünür, intihar versiyası üçün əvvəlcədən hazırlıq görülürdü.

SUİ-QƏSD VERSİYASI

Böyük Britaniya tibbi ekspertizasının baş eksperti Keyt Simpsonun fikrincə, mərhumənin qanında və böyrəklərində aşkar edilmiş barbiturat (zəhərli maddə) onun mədəsində də tapılmalı idi. Halbuki, meyit üzərində aparılan araşdırmalar bunun tam əksini göstərirdi. Onu da qeyd edək ki, meyitin bədənində hər hansı bir iynənin izi də aşkar edilməmişdi. Deməli, barbiturat maddəsi mərhumənin bədəninə imsal (klizma) yolu ilə yeridilmişdi. Bu isə sui-qəsd versiyasının real olduğundan xəbər verirdi.

KRİMİNAL ALƏM

Ümumiyyətlə, Merilin Monro həyatı boyu bir çox tanınmış simalarla "dostluq" etmişdi. Onların arasında səhnə ulduzları ilə bərabər siyasi xadimlər də var idi. Ötən əsrin 50-ci illərinin sonunda Merilin Monro yazıçı Artur Millerdən ayrıldı. Daha sonra dahi caz ulduzu Frenk Sinatra ilə romanı başladı. Cazmen narkotik düşkünü olduğundan onun dostları əsasən narkobaronlar, mafiya nümayəndələri və kriminal avtoritetlər idilər. Onlar Taxo gölünün sahilində yerləşən "Kel Niva Loc" adlı əyləncə mərkəzində toplaşırdılar. Bu mərkəz şəxsən Frenk Sinatraya məxsus idi. "Kel Niva Loc" kompleksi Kaliforniya və Nevada ştatlarının sərhədində yerləşdiyindən oraya əsasən yerli qanqsterlər yığışırdılar. Çikaqo mafiyasının başçısı Sem Qianzana da tez-tez buraya gəlirdi. Onu da qeyd edək ki, bu adam Kennedi ailəsi ilə yaxından dostluq edirdi. ABŞ prezidenti Con Kennedi onun ən yaxın dostlarından sayılırdı. Hətta onların məşuqələri də çox vaxt eyni adamlar olurdu. Deyilənə görə, Con Kennedini prezident kürsüsünə gətirən və sonradan onun ölümünü sifariş edən mafiya başçılarından biri də məhz Sem Qianzana olmuşdu. Bu, başqa bir araşdırmanın mövzusudur. Hələliksə mövcud məqaləyə qayıdaq.

QƏRİBƏ MANEVR

Əyləncə mərkəzinə tez-tez gələn Merilin Monro burada Sem Qianzana ilə "yaxından" tanış oldu. Onlar bir müddət görüşdülər. Sonra Sem onu yaxın dostu olan Con Kennedi ilə tanış etdi. O isə yeni məşuqəsini qardaşı Robert Kennedi ilə bölüşməyə başladı. Nə qədər qəribə səslənsə də, reallıq belə idi. Merilin Monro eyni zamanda mafiya başçısı və iki qardaşla "görüşürdü". Bu isə o demək idi ki, kinoaktrisa hər tərəfdən nəzarət altına götürülüb. Zarafat deyildi, o, ABŞ prezidenti Con Kennedi və baş prokuror Robert Kennedi ilə sıx əlaqələr qurmuşdu. Deməli, Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosunun hədəfinə çevrilməli idi.

ŞANTAJ

Merilin Monronu bir məşuq kimi Robert Kennedi daha çox qane edirdi. Tezliklə ehtiraslı əlaqələr qarşılıqlı məhəbbətə çevrildi. Baş prokuror vaxtının çox hissəsini sevimli qadınına həsr etməyə başladı. İş o yerə çatmışdı ki, o, arvadından boşanıb, Merilinlə evlənmək qərarına gəlmişdi. Lakin qardaşı Con və atası Co bu əlaqənin kəsilməsini ondan tələb edirdilər. Con Kennedi dərk edirdi ki, Robert baş prokuror kimi bu addımı atsa, onun da prezidentliyinin sonu gələcək. Odur ki, nə yolla olursa olsun, Roberti bu yoldan çəkindirməyə çalışırdılar. Baş prokuror iki yol ayrıcında qalmışdı - ya ailəsini, vəzifəsini və nüfuzunu itirməli, ya da sevimli məşuqəsindən ayrılmalı idi. Nəhayət, o, qəti qərarını verdi və məşuqəsini bu barədə məlumatlandırdı. Merilin Monro hiddətləndi. Necə ola bilərdi ki, Robert ona verdiyi sözə əməl etməsin?! Axı aktrisa onun barəsində kifayət qədər kompromata (ifşaedici məlumata) malik idi. Məhz bu fakta arxayın olan Merilin dəfələrlə "Ağ Ev"ə telefon açdı. Ancaq Robert onun çağırışlarına cavab vermədi. Çıxılmaz vəziyyətə düşən gözəlçə sonda məşuquna belə bir ismarış göndərdi: "Əgər mənimlə əlaqə saxlamasan, 6 avqust səhər saat 11:00-da geniş tərkibdə mətbuat konfransı keçirəcəyəm. Orada səni biabır edəcəyəm. Hər kəsə bəyan edəcəyəm ki, səndən hamilə qalmışdım və uşağı sənin tələbinlə tələf etdirmişəm. Bundan başqa, qardaşın Conla aramızda olan sevgi macəralarını da açıb tökəcəyəm. Hələ bu harasıdır? Mərkəzi Kəşfiyyat İdarəsinin Kuba prezidentinə qarşı hazırladığı sui-qəsd planını da açıqlayacağam. Hamı biləcək ki, bunu mənə sən demisən. Təhlükənin nə qədər ciddi olduğunu yəqin ki, başa düşdün."

HƏRC-MƏRCLİK

ABŞ-ın baş prokuroru Robert Kennedi şantaj xarakterli bu ismarışa dərhal cavab verdi. Avqustun 4-ü günü axşama yaxın o, Merilinin evinə gəldi. Qadından gündəlik yazdığı xatirə kitabçasını və birlikdə çəkdirdikləri foto-şəkilləri tələb etdi. Sözsüz ki, gözəlçə buna razılıq vermədi. Əksinə, onu yalançılıqda ittiham edib, evlənmədiklərinə görə qınadı. Sevgililər arasında son görüş konfliktlə nəticələndi. Robert qapını çırparaq, çıxıb getdi. Merilinin isə bir neçə saatdan sonra meyiti tapıldı. İlk baxışdan bu hadisənin Robert Kennedi tərəfindən təşkil olunduğunu düşünmək olardı. Lakin hadisələrin sonrakı inkişafına nəzər saldıqda, görürük ki, məsələnin daha dərin kökləri var. Başqa sözlə desək, 1963-cü ilin noyabrında Con Kennedinin qətli, 1968-ci ildə Robert Kennedinin öldürülməsi, 1975-ci ildə Sem Qianzananın fiziki məhvi bizi başqa cür düşünməyə vadar edir. Daha dəqiq desək, Mərkəzi Kəşfiyyat İdarəsindən şübhələnməyə əsas verir. Onu da qeyd edək ki, bu idarə Kennedi ailəsinə qarşı barışmaz mövqedə dayanırdı. Buna səbəb əsasən "Kuba hadisələri" olmuşdu. Belə ki, Con Kennedi 1961-ci ilin aprel ayında Kubaya daxil olan ABŞ qoşunlarını gözlənilmədən geri çağırtdırmışdı. Nəticədə, 1500 nəfər amerikalı kommunist rejiminə əsir düşmüşdü. Digər tərəfdən, Con Kennedinin atası Co mafiya ilə sıx əlaqələri ilə tanınırdı. O, ölkədə qeyri-qanuni yolla spirtli içkilərin istehsalını və satışını təşkil etməklə məşğul olurdu. Bu isə ölkənin imicinə və iqtisadiyyatına ciddi zərbə vururdu. Belə demək mümkündürsə, ABŞ-ı o dövrdə tamamilə mafiya idarə edirdi. Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosu təbii ki, bu vəziyyətlə razılaşa bilməzdi. Ölkə rəhbərliyinin əxlaqsız hərəkətləri bir yana, mafiyanın geniş vüsət alması sadə xalqda haqlı narazılığa səbəb olurdu. Bu isə sosial gərginliyi hədsiz dərəcədə artırırdı.

QƏTLİN SİFARİŞÇİSİ - MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ

Göründüyü kimi, kino ulduzun müəmmalı ölümü zəncirvarı qətllər siyahısının kiçik bir hissəsidir. Heç təsadüfi deyil ki, Metyu Smit adlı şəxs bu barədə böyük bir kitab yazmışdır. "Merilini öldürən adamlar" adlı həmin kitabda qətlin sifarişçisi qismində Mərkəzi Kəşfiyyat İdarəsi göstərilir. Müəllif hadisənin bu ardıcıllıqla baş verdiyini iddia edir: "Onlar Merilinin yataq otağına daxil olub, aktrisanı bihuşedici dərmanla yatızdırdılar. Sonra onu qonaq otağına gətirdilər. Barbiturat maddəsini suda həll edib, klizma ilə onun bədəninə yeritdilər. Merilin oyanmadan keçindi. Daha sonra onu yataq otağına qaytarıb, intihar səhnəsini yaratdılar." Yazılanların bədii təxəyyül məhsulu olduğunu demək olardı. Ancaq bir məqam bizi düşünməyə vadar edir. Məsələ burasındadır ki, mərhum Merilinin gündəliyi və Kennedi qardaşları ilə çəkdirdiyi bir neçə şəkil əvvəlcə müstəntiqin əlinə düşsə də, sonradan izsiz-tozsuz yoxa çıxdı. Onun "Ağ Ev"lə telefon danışıqlarının lent yazıları da nədənsə silindi. Daha dəqiq desək, Federal Təhqiqatlar Bürosunun 2 əməkdaşı Brentvuda gələrək, telefon rabitəsi şöbəsindən bütün məxfi sənədləri götürərək, harasa apardı. Bu sənədlərin günümüzədək üzə çıxarılmaması onların məhv edildiyindən xəbər verir.

SON SÖZ ƏVƏZİ:

İncəsənət gözəllik və mədəniyyət deməkdir. Onun hər hansı bir nümayəndəsinə təcavüz edən cəmiyyət çirkin və mədəniyyətsiz sayılmalıdır. Bu baxımdan bizim ölkəni digərlərinə nümunə kimi göstərmək olar. Sənətkarlar və sənət dövlət tərəfindən hərtərəfli qayğı və nəvazişlə əhatə olunub. Halbuki, bizə vəhşi qərbin mədəniyyətini yeritmək istəyənlər çoxdur...

Natiq Qocaman

O.M.