Milyonları güldürən Çarli Çaplinin gözləri gülmürdü

Milyonları güldürən Çarli Çaplinin gözləri gülmürdü

10 Mart 2012 19:03
Bəyəndim (0) Bəyənmədim (0)
Sən demə, ağlayarkən güldürmək də olarmış

QƏLBLƏRDƏ TAXT QURMUŞ ADAM

Yəqin ki, hamınız balacaboy, ağbəniz, qəribə bığlı, şlyapalı və çəlikli kişini tanıyırsınız. Bəli, bu, qeyri-adi hərəkətləri ilə milyonları güldürən Çarli Çaplindir. O Çarli ki, hamımıza sevinc bəxş edib, bir anlıq da olsa, qəlblərə gülüş məlhəmi qoyub. Razılaşın ki, insanları ağlatmaq güldürməkdən qat-qat çətindir. O isə özü ağlaya-ağlaya bizləri güldürməyə müvəffəq olub. Bu baxımdan Çarlz Spenser Çaplin dünyanın ən xoşbəxt, eyni zamanda bədbəxt insanı sayıla bilər. Bir anlıq onun obrazını xatırlamağa çalışın. Görəcəksiniz ki, Çarli Çaplinin gözləri heç zaman gülməyib.

ZÜLMƏTDƏ DOĞAN ULDUZ

1889-cu ilin 16 aprel günü İngiltərə üçün olduqca önəmlidir. Çünki həmin tarixdə dünyaya ən böyük şəxsiyyətlərdən biri olan Çarlz Spenser Çaplin gəlib. Milyonlarla insanlara gülüş bəxş edəcək bu adamın həyata gəlişi heç nə ilə yadda qalmasa da, uzun illər sonra o, hər kəsin sevimlisinə çevriləcəkdi. Taleyin qisməti ilə Çarlz Spenser Çaplin kasıb bir ailədə göz açmışdı. Onun valideynləri səyyar teatrın aktyorları idilər. Həyatlarını səyahətə həsr edən bu insanlar aldıqları cüzi məvaciblə ailələrini güclə dolandırırdılar. Onların içki düşkünü olmasını nəzərə alsaq, balaca Çarlinin keçirdiyi mənəvi sarsıntıları anlamış olarıq.

KÜÇƏ UŞAĞI

Ümumiyyətlə, Çarlinin həyat yolu müəmmalarla doludur. Valideynləri bir yerdə qərar tutmadıqları üçün bu şəxsin doğum tarixini və yerini dəqiqliklə bilən yoxdur. Tədqiqatçılar təxmin edirlər ki, o, məhz 1889-cu ilin 16 aprel tarixində doğulub. Belə ki, Qoç bürcünün bütün keyfiyyətləri onda sezilirdi. Çarli inadkar, mübariz, əməksevər və dözümlü olduğu üçün tale həmişə onu çətin sınaqlara çəkirdi. Onun ana tərəfdən olan əyyaş nənəsi küçədə keçinmişdi. Valideynləri isə əyyaşlıqdan əl çəkmirdilər. Demək olar ki, Çarli xeyirxah insanların ümidinə qalmışdı. O, ac-susuz küçələrdə böyüyürdü. Bəlkə elə buna görədir ki, gələcəkdə onun çəkəcəyi filmlər həyatın eybəcərliklərini gülüş hədəfinə çevirəcəkdi?

ATALI YETİM

Çarlz Spenser Çaplinin aktyorluq debütü 5 yaşına təsadüf edir. Bir gün anası çalışdığı kabaçoka getməli idi. Axşam olduğundan uşaq ağlayaraq, evdə tək qalmaqdan qorxduğunu söylədi. Xanna onu özü ilə aparmalı oldu. Kabaçoka gələn balaca Çarli müştərilərin əl-ayağına dolaşmağa başladı. Əsəbiləşən müdir çıxış yolu tapmadıqda, onu səhnəyə buraxdı. Çarli özünü itirmədi. Əksinə, oxuduğu məzəli mahnı ilə müştərilərin rəğbətini qazandı. Onun qabağına dəmir pullar töküldü. Çarli ikinci mahnısını yarımçıq qoyub, yerdəki qəpikləri yığdı. Sonra ifasına davam etdi. Çoxbilmiş uşağın bu hərəkəti hamının gülüşünə səbəb oldu. Beləcə, ilk çıxış uğurla nəticələndi. Lakin cəmi bir ildən sonra Xanna ağır xəstəliyə düçar olub, dünyasını dəyişdi. Onları çoxdan bəri tərk etmiş atası uşağını taleyin ixtiyarına buraxıb bir daha onunla maraqlanmadı. Çarlini uşaqların əməyə cəlb olunduğu xüsusi priyuta yerləşdirdilər. Bir il yarımdan sonra o, dözülməz şəraitdən təngə gəlib, evlərinə qaçdı.

ÜFÜQDƏ GÖRÜNƏN GÜNƏŞ

1906-cı ilin 26 may günü nəhayət ki, həyat onun üzünə güldü. Qardaşı onun əvəzinə teatrların biri ilə müqavilə bağladı. Həmin ilin payızında Çarli Parisi fəth etmək üçün oraya yollandı. Bu hadisədən bir il keçmiş Fransa mətbuatı onun haqqında "parlayan ulduz" proqnozunu verdi. Onlar yanılmadılar. Birinci Dünya Müharibəsi ərəfəsində, daha doğrusu, 1913-cü ildə Çarli ABŞ-a getdi. Orada onun ilk kinofilmi ekrana çıxdı. Bu filmin adı "Dolanışıq üçün pul qazanmaq" oldu. Artıq onun uğuru qaçılmaz idi. İnadkar Çarli tamaşaçıların rəğbətini qazana bilmişdi. 1914-cü ildə o, qrim otağında oturarkən təsadüfən gözünə qəribə libas sataşdı. Bu, Çarlz Spenser Çaplinin məşhur qara kostyumu və şlyapası idi.

PUL ƏL ÇİRKİDİR

1914-cü ilin yayında onun yeni obrazı bütün İngiltərəni fəth etdi. Belə ki, Avropada qızğın müharibə getsə də, insanlar dərdlərini unutmaq üçün bu filmləri sevə-sevə seyr edirdilər. Tezliklə "Çaplinomaniya" bütün dünyaya yayıldı. Sözsüz ki, uğur özü ilə maddi vəsait də gətirirdi. Bir zamanlar çörəyə möhtac olan 26 yaşlı Çarli ilə 670 min dollar pul qazanırdı. Lakin var-dövlət çoxları kimi onun başını gicəlləndirmədi. O, dönə-dönə etiraf edirdi ki, xoşbəxtlik pulda deyil, səhnədədir. Milyoner Çarli həmişə olduğu kimi yenə də xoşbəxtlik axtarışında idi. Onun bu axtarışları bir neçə uğursuz nikahla nəticələndi. Çarlz Spenser Çaplin bu məsələyə də özünəməxsus tərzdə, yarızarafat-yarıciddi formada yanaşırdı. O deyirdi: "mən evlənmək istəyəndə pulum yox idi, indi isə pulum var, istəyim yoxdur. Uşaq olanda valideynlərimin qayğısından məhrum olmuşdum. İstəmərəm ki, uşaqlarım da bu aqibəti yaşasınlar. Başa düşün, özünü səhnəyə həsr etmiş bir adam balalarına istədiyi qədər vaxt ayıra bilməz."


YERİ GƏLMİŞKƏN

Çarli Çaplin obrazı tamaşaçılar tərəfindən sevildikdən sonra onun məşhurluğu durmadan artırdı. İncəsənət aləmində bu obraz brendə çevrilmişdi. Bir gün İngiltərədə "Çarli Çaplin oxşarları" adında müsabiqə keçirildi. Aktyor özü də heç kimə məlumat vermədən bu yarışmaya qoşuldu. Nə qədər qəribə səslənsə də, Çarli Çaplin oxşarları arasında cəmi beşinci yerə seçilə bildi. Bu isə o demək idi ki, münsiflər milyonlarla tamaşaçının qəlbini fəth etmiş komik bir obrazın gözlərindəki kədəri sezə bilməmişdilər.


SON SÖZ ƏVƏZİ:

Çarlz Spenser Çaplin 88 il ömür sürdü. Bu illərin səksənini o, sənətə həsr etdi. Onu tanıyanlar bilirdilər ki, Çarli özünə qapılan və daxilən dərdli insan idi. Təsadüfi deyil ki, o, həmişə bu sözləri təkrarlayırdı: "Durğunluq ölüm deməkdir. Həyat mübarizə olduğu üçün daim çalışıb-vuruşmalısan. Bu zaman insanlara yalnız və yalnız sevinc bəxş etməyə çalışmalısan." Əziz oxucular, bu, heç də gəlişigözəl sözlər deyil. Odur ki, gəlin dahi bir şəxsin dediklərindən ibrət götürək. Ağlamağı bacardığımız kimi gülməyi və güldürməyi də bacaraq. Necə deyərlər, sevinc paylaşanda artır, dərd isə bölüşəndə azalır.

Natiq Qocaman

O.M.