Azərbaycanda sabitliyin pozulması düşmən güclərə sərfəlidir

Azərbaycanda sabitliyin pozulması düşmən güclərə sərfəlidir

25 Oktyabr 13:23
60
Bəyəndim (0) Bəyənmədim (0)

Son dönəmlərdə Azərbaycanda yenidən mitinq, siyasi aksiyalarına çağırışlar güclənib. İlk baxışdan bütün bu siyasi aksiyaların keçirilməsinə cəhdlər təbii qarşılana bilər.

Lakin bu məsələnin pərdəarxası məqamları mövcuddur və onun əsasında ölkəmizə düşmən güclərin hər vasitə ilə daxili sabitliyi pozmaq cəhdlərinin dayandığı şübhə doğurmur. İş orasındadır ki, özünü “müxalifət” adlandıran güclər Əli Kərimli başda olmaqla qanunla onlara təklif edilən yerdə, Qaradağ stadionunda mitinq keçirməkdən imtina edirlər. Əslində bunun səbəbləri də aydındır: Belə ki, müxalifət gücləri Qaradağda onlara təklif edilən yerdə keçirəcəkləri mitinqə adamların az gələcəyindən ehtiyat edirlər. İstənilən halda bu gün özünü müxalifət adlandıran güclərə də yaxşı məlumdur ki, onların xalq arasında dayaqları yoxdur və dəstəkçiləri azsaylı qohum-əqrəbaları, siyasətdən uzaq, naşı adamlardır. Məhz bunun da nəticəsidir ki, Əli Kərimli və onun azsaylı tərəfdarları xalq tərəfindən guya daha çox insan tərəfindən dəstəkləndiklərini nümayiş etdirmək məqsədi ilə ötən həftənin sonlarında paytaxtımızın mərkəzi hissəsi hesab edilən 28 May metrosu ətrafında qeyri-qanuni küçə yürüşü keçirmək cəhdlərinə baş vurublar. Lakin onların bu cəhdlərinin qarşısı alınıb. Əli Kərimlinin və onun azsaylı tərəfdarlarının ictimai asayişi pozmaq cəhdlərinin qarşısı alınarkən saxlanılanlar olub. Bu zaman Əli Kərimli polisə müqavimət göstərib və nəticədə başı avtobusun şüşəsinə dəyərək qanayıb. Ona lazımi tibbi yardım göstərilib və sonra sərbəst buraxılıb. Təəssüflər olsun ki, baş verən bu hadisədən xaricdəki bəzi düşmən güclər ölkəmiz əleyhinə gen-bol istifadə edirlər. Hadisələrin gedişi də göstərir ki, Azərbaycanda icitimai asayişin pozulmasına cəhd edən güclərin arxasında məhz xaricdəki ölkəmizə düşmən dairələr dayanır. Buna misal kimi müxalifət nümayəndələrindən hesab edilən Gültəkin Hacıbəylinin xaricdəki ağaları ilə telefon danışığında dediklərini göstərmək olar.

Real TV-də efirə gedən “Mir Şahin vaxtı” verilişində həftəsonu keçirilməsinə cəhd göstərilən qanunsuz aksiyanın dərhal ardından Milli Şura üzvü Gültəkin Hacıbəylinin daha bir məxfi zəngi barədə məlumat verilib.

G.Hacıbəyli müxalifəti xaricdən dəstəkləyən və onu istiqamətləndirən Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Danilidislə də əlaqə saxlayaraq ondan dəstək istəyib. O bildirib ki, Əli Kərimlini Nəsimidə saxlayırlar: “Biz çox narahatıq. Ora təcili tibbi yardım çağırıblar. Ola bilər ki, saxlanılanda xəsarət alıb. Ona görə ki, onu çox pis götürüblər. Zorla və kobud şəkildə. Bəli, mən sizdən xahiş edirəm. Sizə çox inanıram. Zəng vuracam”.

Mir Şahinin bildirdiyinə görə, Denislə Gültəkini daha sıx və səmimi münasibətlər birləşdirir. Onlar tez-tez görüşür və Azərbaycanla bağlı məsələləri müzakirə edirlər:

“Məsələn, Gültəkin Hacıbəyli Denisə deyir ki, hakimiyyət iqtisadiyyatı, siyasi sistemi Avropaya inteqrasiya etdirmək istəmir. Azad seçki keçirmək istəmir. Denis deyir ki, Avropa İttifaqının Ermənistan və Gürcüstanla imzaladığı deklorativ sazişi Azərbaycanla imzalaması alınmayacaq. Gültəkin soruşur ki, hakimiyyətə, yəni müstəqil Azərbaycan dövlətinin hakimiyyətinə onların təzyiq imkanı var? Denis cavab verir ki, yəqin biz çox yumşağıq. İndiyədək onlarla, yəni Azərbaycanla yumşağıq”.

Mir Şahin ABŞ səfirliyinin Azərbaycanın daxili işlərinə qarışdığını bildirərək, Azərbaycan hakimiyyətinə, hüquq-mühafizə orqanlarına bu məsələnin araşdırılması üçün müraciət edib. O vurğulayıb ki, Gültəkin Hacıbəyli də casus fəaliyyəti göstərib. Təbii ki, Gültəkin Hacıbəylinin Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Danilidislə telefon danışığı bir daha adını müxalifət qoyanların xaricdən dəstəkləndiklərini və bundan məqsədin Azərbaycandakı sabitliyi pozmaq olduğu aydın şəkildə nəzərə çarpır.

Azərbaycanda daxili sabitliyin pozulmasında ölkəmizə düşmən xarici güclərin maraqlı olduğunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Azərtac-a verdiyi açıqlaması da təsdiq etməkdədir. Avropa İttifaqının (Aİ) sözçüsünün oktyabrın 19-da Bakıda aksiyanın keçirilməsi cəhdi ilə bağlı açıqlamasına münasibət bildirən Leyla Abdullayeva digər dövlətlərdə olduğu kimi ölkəmizdə ictimai asayişin, qanun-qaydanın pozulmasının qarşısının qanun çərçivəsində alındığını vurğulayıb.

Bununla bağlı Leyla Abdullayeva deyib: “Təəssüflə qeyd etmək istərdim ki, Avropa İttifaqının sözçüsü tərəfindən verilən açıqlamada qeyd edilmir ki, bu aksiyanın keçirilməsi üçün Bakı şəhərinin digər ərazisində müvafiq yer ayrılmışdı. Aksiya iştirakçısı olan bir qrup şəxs isə icazəsiz şəkildə həftəsonu əhalinin istirahət etdiyi və sıx olduğu, mərkəzi küçələrə çıxmışdı. Bu qanunsuz aksiyaya görə 3 metro stansiyası və 14 avtobus xətti bağlanmış və şəhərdə insanların hərəkətinə maneələr yaranmışdır. Qeyd etmək istərdim ki, aksiya iştirakçılarına qarşı hər hansı zorakılıq tətbiq olunmamış və Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən yayılmış rəsmi açıqlamada qeyd edildiyi kimi, saxlanılan şəxslərin böyük əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra buraxılmışdır. Bakıdakı hadisələri yaxından izləyən Avropa İttifaqının yəqin ki, bu məlumatlardan xəbəri olmalı idi.

Qeyri-qanuni aksiyaların və hüquqazidd əməllərin qarşısının alınması hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycan Respublikasında da müvafiq hüquq-mühafizə qurumları tərəfindən təmin olunur. Aİ üzv ölkələrində baş verən qanunsuz aksiya iştirakçılarına münasibətdə görülən tədbirləri hamımız izləyirik və hesab edirik ki, bu məsələdə ikili standartlara yol verilməməlidir. Aİ sözçüsünə İttifaqın üzv ölkələri ərazisində son zamanlar kütləvi hal daşıyan iğtişaşlarda istifadə olunan güc və insan ölümü halları barədə, eləcə də bu ölkələrdə artmaqda olan islamofobiya, radikal millətçi, hətta faşist partiyalarının fəaliyyəti haqqında düşünməyi tövsiyə edirik. Qeyd olunan məsələlərlə bağlı Aİ-nin açıqlamalarının verilməsi digər ölkələr tərəfindən İttifaqın fərqli standartlara yol vermədiyinə inamı artıra bilərdi”.

Leyla Abdullayeva əlavə edib ki, Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin olunur və bu proses ölkənin ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyası, digər müvafiq qanunları, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti və beynəlxalq öhdəlikləri vasitəsilə tənzimlənir.

Ötən şənbə günü Bakıda qeyri-qanuni küçə yürüşü keçirmək, asayişi pozmaq, qarşıdurma yaratmaq cəhdləri və sosial şəbəkələr üzərindən anti-konstitusion çağırışları Yeni Azərbaycan Partiyası tərəfindən də pislənilib. Bununla bağlı Yeni Azərbaycan Partiyası tərəfindən verilən bəyanatda radikal müxalifətin xaricdəki havadarlarının yardımı və onlardan aldıqları göstərişlər əsasında ölkəmizdə sabitliyi pozmaq cəhdləri kəskin şəkildə pislənilib. Bəyanatda deyilir ki, oktyabr ayının 19-da bəzi destruktiv qruplar Bakı şəhərində razılaşdırılmamış küçə yürüşləri keçirməyə və asayişi kobud şəkildə pozmağa cəhd göstərmişdir. Hüquq-mühafizə orqanları tərəfindən bir neçə yüz nəfərin iştirak etdiyi qanunsuz yürüşün qarşısı alınmışdır.

Bəyanatda eyni zamanda destruktiv qrupların xaricdən dəstək aldıqlarına da diqqət cəlb edilib. Bildirilib ki, ölkə daxilindəki destruktiv qruplar və xaricdə sığınacaq tapmış anti-azərbaycan elementləri küçə yürüşünə cəhd zamanı və yürüşün qarşısı alındıqdan sonra sosial şəbəkələrdən istifadə edərək konstitusiyaya zidd çağırışlar etmiş, Azərbaycanın qanunlarını kobud surətdə pozmaq hallarına yol vermişlər.

Bəyanatda həm razılaşdırılmamış küçə yürüşlərinə cəhd göstərilməsi, həm də qanuni hakimiyyətin devrilməsinə dair çağırışları ölkənin konstitusion quruluşuna qəsd kimi qiymətləndirilir və qətiyyətlə pislənilir. O da xüsusi vurğulanıb ki, destruktiv və xaricdən qızışdırılan qrupların oktyabr ayının 19-da Bakı şəhərinin mərkəzində, insanların gur olduğu yerlərdə təxribatlar törətmək cəhdlərinin və antikonstitusion çağırışlarının əsl mahiyyəti ölkədə sabitliyi pozmaq, qarşıdurma yaratmaq, Azərbaycanı xaosa sürükləməkdən ibarətdir. Azərbaycanın inkişafından, dünyadakı rolunun artmasından narahat olan dairələrin ölkəmizə qarşı müxtəlif təxribatlar təşkil etməklə inkişafımızın qarşısını almağa, sabitliyi, əmin-amanlığı və insanların rahatlığını pozmağa cəhdlər göstərməsi əvvəldən məlumdur.

Bəyanatda həmçinin ölkə vətəndaşlarının təxribatçıların qanunsuz hərəkətlərinə və çağırışlarına etinasız yanaşdığı və destruktiv qrupların xalq tərəfindən dəstəklənməməsi də məmnunluqla vurğulanıb. O da qeyd edilib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası anti-Azərbaycan dairələrin əlində təhlükəli vasitəyə çevrilib.

Bəyanatda deyilir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının ölkədəki inkişafı, sabitliyi, əmin-amanlığı qətiyyətlə dəstəklədiyinə, Prezident İlham Əliyevin və onun yeritdiyi siyasətin ətrafında sıx birləşdiyinə dərindən inanır, bütün vətəndaşları xalqla iqtidarın birliyinin keşiyində sayıq durmağa səsləyir:

“Yeni Azərbaycan Partiyası və onun çoxminli üzvləri bəyan edir ki, bütün Azərbaycan xalqı kimi YAP ölkəmizin milli maraqlarının, inkişafın, sabitliyin və xalqın firəvan həyatının keşiyindədir, həmin dəyərlərə qarşı çevrilmiş istənilən təxribatlara və təxribatçılara qanun çərçivəsində cavab verməyə, dövlətçilik naminə birlik və əzəmətini nümayiş etdirməyə hazırdır”.

Öz növbəsində Baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov bildirib ki, küçə yürüşünün icazəsiz və adətən insanların gur olduğu yerlərdə keçirilməsi məqsədli şəkildə insanların rahatlığını pozmaq, onlarda narazılıq yaratmaq və bu zəmində ictimai sabitliyin üzərində kölgə salmaq niyyəti güdür:

"Diqqəti çəkən həm də odur ki, bütün bu qanunsuz hərəkətlər Prezident İlham Əliyevin Soçidə Valday beynəlxalq diskussiya klubunda və Aşqabadda MDB dövlət və hökumət başçılarının növbəti toplantısında Qarabağ münaqişəsilə bağlı insanlarda böyük ruh yüksəkliyi yaratmış çıxışlarından, habelə cari ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirədə daxili siyasətlə əlaqədar səsləndirdiyi ədalətli və sərt bəyanatlarından az sonraya təsadüf edir. Yəqin ki, Azərbaycanın inkişafını gözü götürməyənlər, xalqın ruh yüksəkliyinin artmasından xofa düşən xarici dairələr və daxildəki destruktiv qruplar birbaşa təxribat törətmək qərarına gəliblər".

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanda maraqlı dairələrin sifarişi ilə sabitliyi pozmaq, xaos yaratmaq niyyəti aydın görünür: "Destruktivlərə, onların açıq və gizli havadarlarına çirkin niyyətlərini həyata keçirməyə, ölkənin 1990-cı illərin əvvəllərində yaşadığımız müsibətləri yenidən yaşamasına imkan verilə bilməz və verilməməlidir”.

Əli Əhmədov qeyd edib ki, xalq destruktivləri və onların yerinə yetirmək istədikləri çirkin sifarişləri qətiyyətlə pisləyir: “İnsanlarımız ölkəmizdəki inkişafı və rahat həyatı yüksək qiymətləndirir. İndi hamının Prezident İlham Əliyevin ətrafında əvvəlkindən daha sıx birləşməsi zamanıdır. Təxribata və təxribatçılara ən tutarlı cavab bu ola bilər. Bütün vətəndaşları qətiyyətli olmağa, dövlətimizi və rahat həyatımızın keşiyində möhkəm dayanmağa səsləyirəm”.

Beləliklə hadisələrin gedişi göstərir ki, xaricdən istiqamətləndiirlən destruktiv güclərin səylərinə baxmayaraq xalq sabitliyin, əmin-amanlığın tərəfindədir və öz prezidentıni dəstəkləyir. Belə bir vəziyyətdə isə ölkəmizə düşmən güclərin ölkə daxilində sabitliyi pozma cəhdlərinin iflasa uğrayacağı heç kimdə, o cümlədən onların xaricdəki havadarlarında belə şübhə doğurmur.

Əziz Mustafa