Türkiyə Suriyada  çətin sınaq qarşısında: Geriyə yol yoxdur...

Türkiyə Suriyada çətin sınaq qarşısında: Geriyə yol yoxdur...

25 Oktyabr 2019 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyada baş verən son hadisələr, o cümlədən Türkiyənin adı çəkilən ölkədə başlatdığı “Sülh çeşməsi” əməliyyatının 120 saatlığa dayandırılması gözlənildiyi kimi arzuedilən nəticəni verməyib. ABŞ həmişəki kimi bu dəfə də Suriyanın şimalında təhlükəsiz bölgə yaradılması məsələsinə münasibətdə verdiyi sözün üstündə durmayıb. “Sülh çeşməsi” əməliyyatının başa çatması ərəfəsində isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edərək Soçidə həmkarı Vladimir Putinlə görüşüb. Görüşdə əsas müzakirə hədəfi gözlənildiyi kimi Suriyanın şimalında təhlükəsiz zona yaradılması və PKK terror təşkilatının yerli qolu olan YPG-nin tərksilah edilməsi məsələsi olub. İki ölkə prezidentləri arasında 6 saat davam edən görüşdə əldə edilən razılığa əsasən Suriyadakı bütün YPG silahlıları Türkiyə ilə sərhəddən 30 kilometr zona hüdudlarından çıxarılmalıdır. Bu barədə görüşdən sonra mətbuata açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, biz tarixi razılaşmaya imza atdıq: “Biz sabahdan başlayaraq, layihəmizi həyata keçirəcəyik. 150 saat ərzində YPG terrorçuları və ağır silahlar 30 kilometr geri çəkiləcək və ləğv ediləcək. Bizim birgə patrullarımız 10 kilometr dərinlik boyunca xidmət həyata keçirəcək. YPG-nin bütün terrorçuları bu ərazidən çıxarılacaq. Hər iki dövlət terrorçuların əraziyə girməməsi üçün bütün lazımi tədbirləri görəcək və sıx əlaqəli şəkildə işləyəcəklər. Eyni zamanda Tel Rıfat və Münbiçdəki bütün YPG terrorçuları da silahları ilə birlikdə bölgədən çıxarılacaq”.

Razılaşmaya əsasən, Rəsulayn və Tel-Abyadı da əhatə edən "Sülh çeşməsi" hərəkatının ərazisi mühafizə ediləcək. Tərəflər arasında əldə edilən razılaşmada qeyd edilir ki, 150 saat ərzində PKK-nın qolu olan YPG tərksilah edilməli və bölgədən çıxarılmalıdır.

Vladimir Putin isə öz növbəsində Suriyada separatçılıq əhval-ruhiyyəsinin artmasına görə narahatlığını ifadə edib. O bildirib ki, regionda terrorçuluq təhlükəsinin artması və bu regionda etnokonfessional ziddiyyətlərin artması ilə əlaqədar Türkiyə tərəfinin narahatlığını bölüşürük.

Rusiya lideri qeyd edib ki, bu ziddiyyətlər və separatçılıq əhval-ruhiyyələri son zamanlar kənardan süni şəkildə qızışdırılır.

Əlbəttə ilk baxışdan iki ölkə liderləri arasında əldə edilən razılıq Türkiyə üçün məqbul hesab edilə bilər. Çünki razılığa əsasən YPG terrorçuları tərksilah ediləcək və təhlükəsiz zonadan çıxarılacaq. Lakin bu məsələdə qarşı tərəfin, yəni Rusiyanın verdiyi vədə sona kimi əməl edib-etməyəcəyi məlum deyil. Digər tərəfdən də Türkiyə ilə Rusiya arasında əldə edilən razılığa görə türk qoşunları hazırda əllərində olan bölgə ilə kifayətlənməli olacaqlar və onlar artıq istənilən şəkildə təhlükəsiz bölgə qura bilməyəcəklər. Bu isə başda ABŞ olmaqla onun Qərbdəki müttəfiqlərinin arzularına tamamilə uyğundur. Eyni zamanda hadisələrin gedişi göstərir ki, YPG terrorçularına nəzarət ABŞ-dan Rusiyanın əlinə keçir. Bütün hallarda belə başa düşmək olar ki, YPG terorçuları ilə bağlı məsələ tam şəkildə həll edilməyəcək və bu problem dondurulmuş şəkildə saxlanılacaq. Bundan da məqsəd lazım gələcəyi təqdirdə YPG amilindən gələcəkdə Türkiyəyə qarşı şantaj və təzyiq vasitəsi kimi istifadə etməkdir.

Xatırladaq ki, oktyabrın 17-də Türkiyə ABŞ prezidenti Donald Trampın xüsusi məktubu əsasında Suriyada başlatdığı “Sülh çeşməsi” adlı hərbi əməliyyatı 120 saat ərzində dayandırdığını bəyan etdi. O vaxt tərəflər arasında əldə edilən razılığa əsasən bu müddət ərzində PKK-nın bölgədəki qolu olan YPG terror dəstələri Türkiyənin maraq dairəsinə daxil olan təhlükəsizlik bölgəsini tərk etməli idilər.

Türkiyə Prezident Administrasiyası tərəfindən açıqlanan 13 maddəlik razılaşmada qeyd edilirdi ki, ABŞ Türkiyənin cənub sərhədlərinə dair qanuni təhlükəsizlik qayğılarını anlayır.

Sənəddə həmçinin vurğulanırdı ki, Türkiyə və ABŞ Suriyanın şimal-şərqi başda olmaq üzrə meydandakı inkişafların ortaq maraqlar əsasında daha yaxın koordinasiya gərəkdirdiyini qəbul edir:

Türkiyə və ABŞ “hamımız birimiz, birimiz hamımız üçün” anlayışıyla NATO torpaqlarını və xalqlarını bütün təhdidlərə qarşı qorumaq öhdəliklərinə mühafizə edir, hər iki ölkə insan həyatı, insan haqları ilə dini və etnik topluluqların qorunmasına yönələn öhdəlikləri təkrarlayır.

Türkiyə və ABŞ Suriyanın şimal-şərqində İŞİD-lə mübarizə fəaliyyətlərinin davam etdirilməsində qərarlıdır.

Türkiyə və ABŞ terrorla mübarizə hərəkatlarının yalnız terror ünsürləri ilə bu ünsürlərə aid sığınacaq, silah, avtomobil vasitələrini hədəf alması gərəkdiyinə dair razılaşır.

Türkiyə öz qüvvələri tərəfindən nəzarət edilən təhlükəsiz bölgədəki bütün yaşayış sahələrinin sakinlərinin təhlükəsizliyini təşkil edəcəyini öhdəsinə götürür, mülki şəxslərin və mülki infrastrukturun zərər görməməsi üçün maksimum diqqət göstərəcəyini vurğulayırdı.

Hər iki ölkə Suriyanın siyasi birliyi ilə ərazi bütövlüyünə və Suriya konfliktini BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun şəkildə sonlandırmağı hədəfləyən, BMT liderliyindəki siyasi prosesə olan bağlılıqlarını təkrarlayırlar.

Sənəddə həmçinin Türkiyə YPG ağır silahlarının toplanması və YPG döyüş mövqelərinin istifadə edilməz hala gətirilməsi daxil, milli təhlükəsizlik qayğılarının aradan qaldırılmasını təmin edən bir təhlükəsiz bölgə qurulmasının davam edən önəmi vurğulanırdı.

Bundan əlavə razılaşmaya əsasın Təhlükəsiz bölgə ilk növbədə Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olacaq.

Razılaşmaya əsasən 120 saat ərzində YPG bölgəni tərk etməli idi. Bu baş verməyəcəyi təqdirdə isə Türkiyə hərbi əməliyyatları qaldığı yerdən davam etdirməli idi. Bütün bunların əvəzində isə ABŞ Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırırdı.

ABŞ-la Türkiyə arasında Suriyada təhlükəsiz zona ilə bağlı əldə edilən razılıq nüfuzlu “Nyu-York Tayms” qəzeti tərəfindən Ankaranın zəfəri kimi dəyərləndirilmişdi. “Türkiyə savaşı dayandırmağı qəbul elədi, lakin qoşunlarını Suriyanın şimal-şərqindən çıxarmayacaq” başlıqlı məqalədə deyilirdi:

“Razılaşma bir çox cəhətdən Türkiyə üçün zəfərdir. Türkiyəyə istədiyinin bir çoxu verildi və Trampın iqtisadi sanksiyalarının da qarşısı alındı”.

Nəşr həmçinin razılaşmaya tənqidi yanaşanların sözügedən sənədi “Trampın Ərdoğan tərəfindən bir gündən qısa müddət ərzində ikinci dəfə alçaldılması” kimi qəbul etdiyini qeyd edib.

Bu mənada ilk “alçaldılma” kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Trampın ona yazdığı məktubu cırıb atması göstərilib.

Əlbəttə razılaşma bölgədə sülhün əldə edilməsi üçün olduqca vacib idi. Lakin sənəddə nəzərdə tutulanların yerinə yetiriləcəyi ilk günlərdən şübhə doğururdu. Çünki Tramp administrasiyası buna kimi dəfələrlə Türkiyə ilə Suriyada təhlükəsiz bölgə yaradılması YPC terrorçularının bölgədən çıxarılması barədə razılığa gəlsə də, buna əməl etməmişdi.

Məhz bu amil Türkiyə rəhbərliyinin də diqqətindən yayınmamışdı. ABŞ-ın yenə də əldə edilən razılaşmaya əməl etməyəcəyindən narahat olan Türkiyə prezidenti öz növbəsində qarşı tərəfə öncədən xəbərdarlıq mesajı göndərmişdi. Mesajda deyilirdi:

“Razılaşmaya əməl edilməzsə, 120 saatın tamamlandığı an hərəkat qaldığı yerdən başladılacaq. Təhlükəsizlik bölgəsini mühafizə edəcəyik. Planlarımız, layihələrimiz hazırdır. Buna görə addımlar atırıq”.

Ərdoğan həmçinin bir daha qeyd edib ki, Türkiyənin heç bir ölkənin torpaqlarında, heç bir cəmiyyətin azadlığında gözü yoxdur.

Türkiyənin Suriyada hərbi əməliyyatları dayandırdığı bir vaxtda Vaşinqtondakı bəzi güclər tərəfindən Ankaraya terrorçularla təhlükəsiz zona məsələsində danışıqlar masası arxasında oturmaq və məsələni müzakirə etmək barədə çağırışlar eşidilib. Belə çağırşılar isə Ankarada rəsmi şəkildə əsəbiliklə qarşılanıb. Məsələyə münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT World Forum”dakı çıxışında deyib ki, terrorçularla bir masaya başqaları otura bilər: “Bu, bizi maraqlandırmır. Biz terror qruplaşması ilə masaya oturmadıq və oturmayacağıq. Başqaları otura bilər, ancaq bu bizi maraqlandırmır. Bir tərəfdən terrorçulara qarşı mübarizə deyəcəklər, digər tərəfdən də terrorçuları ərköyünləşdirəcəklər”.

Ərdoğan həmçinin ABŞ başda olmaqla Qərb dövlətlərinin terrorçu kürd qruplaşmalarını dəstəklədiklərini və YPG-yə silah-sursat dolu 30 min TİR göndərildiyini xatırladıb. O deyib ki, beynəlxalq ictimaiyyətdən iqtisadi, siyasi və sosial dəstək gözlədiyimiz halda, bu addımı atmadılar: “Terrora qarşı mübarizənin bizimlə bitəcəyini iddia edənlər yanılırlar. Bu, bir gün onların da qapısında olacaq. Avropa İttifaqı ölkələri, NATO üzvləri terror qruplaşmasını müdafiə etdilər. Odur ki, terrora qarşı olanlar bunu açıq şəkildə əməli olaraq göstərməlidir”.

Öz növbəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib ki, “Sülh çeşməsi ilə bağlı ölkəsinin ünvanına Qərbdə səsləndirilən iftira və böhtanların həqiqəti əks etdirmədiyini bildirib:

“Sülh çeşməsi” əməliyyatı başladığı gündən bu yana həqiqəti əks etdirməyən ittihamlar və qara piar aparıldığını görürük. Sadəcə terrorçuları hədəf aldıq, dinc əhalini qoruduq. Məqsədimiz terrorçuları məhv etməkdir. Biz kürdlərə deyil, terror qruplaşmasına qarşıyıq”.

Hadisələrin gedişi göstərdi ki, ABŞ bu dəfə də Suriyanın şimalında təhlükəsiz zonanın yaradılması barədə Türkiyə ilə əldə etdiyi razılaşmaya əməl etmək niyyətində deyildi. Bunu Türkiyənin bölgədə hərbi əməliyyatların dayandırılması barədə elan etdiyi 120 saatlıq atəşkəs müddəti bitən gün ABŞ Dövlət katibi Mayk Pompeonun Türkiyənin hədələnməsi anlamına gələn bəyanat verməsi də bir daha təsdiq etdi. Pompeo bəyan etdi ki, ABŞ gərəkli olduğu halda Suriyadakı əməliyyatından dolayı Türkiyəyə hərbi müdaxilə edə bilər.

O, Ankaranın məhz hansı addımlarının hərbi əməliyyat üçün əsas yaradacağını açıqlamayıb:

“Sülhü müharibədən üstün tuturuq. Lakin bilməlisiniz ki, hərbi hərəkata ehtiyac olarsa, Prezident Tramp daim hazırdır”.

Pompeonun bu açıqlaması bir daha göstərdi ki, Vaşinqton əvvəlki kimi Ankaraya münasibətdə hədə və şantaj taktikasından əl çəkmək niyyətində deyil və terrorçuları dəstəkləməkdə davam edəcək.

Bununla belə Türkiyə və Rusiya liderləri arasında Soçidə əldə edilən razılıq göstərdi ki, istənilən halda Ankaranın Suriyanın şimalındakı maraqları nəzərə alınıb. Bundan sonra isə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi iki ölkə liderləri arasında əldə edilən razılığın yerinə yetirilib-yetirilməməsindən asılı olacaq.

Emin Axund