Oleq Krapivinin övladının toyunda olmayan “ insident” barədə səs-küy qaldırmaq kimə sərf edir?

Oleq Krapivinin övladının toyunda olmayan “ insident” barədə səs-küy qaldırmaq kimə sərf edir?

24 Oktyabr 16:07
81
Bəyəndim (0) Bəyənmədim (0)

Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, sərbəst güləş üzrə Azərbaycan çempionu, beynəlxalq yarışların dəfələrlə qalibi, veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə Dünya çempionu, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin övladının oktyabr ayının 12-də toyu keçirilib. Kiyevdəki “Fairmont Qrand Hotel”də baş tutan toyda Azərbaycandan gələn nümayəndə heyəti, o cümlədən Ukrayna, Rusiya və bir çox ölkələrdən gələn şəxslər, məşhur idmançılar, tanınmış müğənnilər iştirak edirdilər. Təbii ki, bir çox yüksək səviyyəli rəsmilərin də iştirak etdiyi toyda təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təmin edilmişdi. Qeyd etdiyimiz kimi toya Azərbaycanın tanınmış müğənniləri də dəvət edilmişdilər. Bu toy da daha çox Azərbaycan adət-ənələrinə uyğun şəkildə keçirildi və süfrədə Azərbaycan mətbəxi yeməklərindən də istifadə edildi. Həmin toyda mən də iştirak edirdim və toy mərasiminin həqiqətən də yüksək səviyyədə təşkil olunduğunun bir daha şahidi oldum. Necə deyərlər, toyda hər hansı bir insident yaşanmadı və yaşana da bilməzdi. Təəssüflər olsun ki, toydan 2-3 gün sonra O. Krapivinin övladının toyunda guya “insident” baş verməsi barədə Azərbaycan saytlarında çoxlu sayda məlumatlar yayılmağa başladı. Bu xəbərləri yayan saytların bəziləri Ukrayna və Rusiya KİV-lərində gedən materiallara istinad etdiklərini vurğulasalar da onlarda yalan, böhtan və qərəz aydın hiss edilirdi. Amma nə qədər qəribə də olsa Azərbaycan xalqını sevməyənlər xaricdəki diasporumuzun fəaliyyətinin üzərinə kölgə salmaq, onu ləkələmək istəyən düşmən güclər baş verən “insidenti” hörmətli həmvətənimiz Oleq Krapivinin övladının toyu ilə əlaqələndirməyə cəhd ediblər.

Bütün bu yazılanlar isə mənim heyrətimə və təəccübümə səbəb oldu. Çünki həmin toyda iştirak edən qonaq kimi əlimi bir daha vicdanımın üzərinə qoyaraq əmin edirəm ki, Oleq Krapivinin övladının toyunda hər hansı insident baş verməyib və baş verə də bilməzdi. Çünki toyda təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil edilmişdi. Bunu istənilən saytın əməkdaşları toyda iştirak edən Azərbaycandan olan qonaqlardan, məşhur idmançılardan, o cümlədən azərbaycanlı müğənnilərdən soruşa bilərlər. Təəssüflər olsun ki, heç bir saytın əməkdaşı məsələnin əsl məğzini araşdırmadan və dəqiqləşdirmədən O.Krapivinin övladının toyunda guya “insident” baş verdiyi barədə gen-bol məlumat yayıblar. Halbuki Oleq Krapivin Azərbaycanı sevən şəxslərdən, Azərbaycan Prezidenti tərəfindən yüksək dövlət mükafatı alan və eyni zamanda Kiyev azərbaycanlıları konqresinin sədri olan hörmətli şəxslərdən biridir. Onun adının hansısa xoşagəlməz hadisədə hallandırılması Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətinə, onun rəhbərinə və eləcə də birbaşa Azərbaycan xalqına atılan böhtandan və iftiradan başqa bir şey deyil. Nəhayət heç kəsə sirr deyil ki, ölkəmizə düşmən müxtəlif qruplar hər vasitə ilə ölkə daxilindəki və xaricdəki bəzi gücləri, o cümlədən KİV-ləri pulla ələ alaraq Azərbaycanı gözdən salmağa xidmət edən iftira və böhtanla məşğul olurlar. Ölkəmiz əleyhinə yayılan, onu hörmətdən salmağa xidmət edən bu cür məlumatlara isə yaxşı olardı ki, bütün KİV-lər ciddi yanaşsınlar və onun arxasında Azərbaycana düşmən güclərin və onların pulla ələ aldıqları bir çox mətbu orqanların, bəzi dövlət rəsmilərinin məkrli planlarının dayana bildiyini yaddan çıxartmasınlar. Sonda onu da qeyd edim ki, ola bilsin toy keçirilən “Fairmont Qrand Hotel”in hansısa mərtəbəsində hər hansı bir hadisə baş verib. Lakin həmin “insidenti” O.Krapvinin övladının toyu ilə əlaqələndirmək ən azından bu məşhur həmyerlimizi, diasporamızın hörmətli nümayəndəsi və rəhbərlərindən birini gözdən salmağa xidmət edərək ölkəmizin üzərinə atılan iftira və böhtandan başqa bir şey deyil. Amma atalarda bir məsəl var: Yalan ayaq tutar, ancaq yeriməz. O.Krapivin Azərbaycan xalqını ürəkdən, candan sevən, haqq işimizi dünyada təbliğ edən vicdanlı, qeyrətli, əsl vətəndaşdır. Ölkəmizdə və onun xaricində soydaşlarımız tərəfindən O.Krapivin çox sevilir və sevilməkdə də davam edəcək. O.Krapivinin Azərbaycana olan sonsuz sevgisinin üstünə kölgə salmaq istəyənlərin arzusu isə həmişə olduğu kimi yenə də gözlərində qalacaq. Heç bir qüvvə O.Krapivinin Azərbaycana, xalqımızın isə O.Krapivinə olan sevgi və məhəbbətinin üzərinə kölgə sala bilməz və bilməyəcək də...



Emin Axund