Virtual məkanın uşaq və yeniyetmələr üçün təhlükəsi

Virtual məkanın uşaq və yeniyetmələr üçün təhlükəsi

8 Oktyabr 2019 16:50
Bəyəndim (0) Bəyənmədim (0)

BMT-də təqdim edilən məruzədə həyəcan təbili çalınır

BMT-nin Nyu-Yorkdakı Baş qərargahında virtual məkanın təhlükələri barədə yeni məruzənin təqdimatı olub. Məruzə kifayət qədər narahatedici məqamları ortaya qoyub. Belə ki, dünya ölkələrində valideynlərin 17 faizi uşaqlarının internetdə kibercinayətkarlığın qurbanı olduğunu bildirir. Bəzi ölkələrdə bu göstərici 37 faizə çatır. Dünyada 9 -17 yaşlı uşaq və yeniyetmələr arasında hər 5-ci uşaq virtual məkanda mövcud olan seksual xarakterli materiallarla qarşılaşır. Bu, problem istiqamətində mövzud statistikanın müəyyən bir qismidir.

Məruzənin təqdim olunması münasibətilə keçirilən tədbirdə uşaqların zorakılıqdan müdafiəsi üzrə Beynəlxalq Fonda uzun illər rəhbərlik edən İsveç kraliçası Silviya dünya ölkələrini bu vacib məsələyə xüsusi diqqətlə yanaşmağa çağırıb: "Bütün maraqlı tərəflər səyləri birləşdirməli və uşaqların internetdə istismarının hər hansı bir formasının, eləcə də onlara qarşı zorakılığın qarşısını almaq üçün tədbirlər görməlidirlər. Hökumətlər, elmi dairələr, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri uşaqların bu hadisələrdən qorunması mexanizmlərinin inkişafına sərmayə qoymalıdırlar".

Ekspertlər internetin təhsil və informasiya əldə etmək sahəsində uşaqların imkanlarını genişləndirdiyini və onların qarşısında onlayn əyləncə dünyasının sonsuz qapılarını açdığını vurğulayırlar. Vitual məkan, həm də uşaqlar üçün bir təhlükə mənbəyidir.

Belə ki internet uşaqların cinsi istismarı üçün vasitə ola bilər; onlayn rejimdə yeniyetmələrin radikallaşması və onların tez-tez ekstremistlər sırasına cəlb edilməsi baş verir, bəzi uşaqlarda video oyunlardan ciddi və təhlükəli asılılıq yaranır.

Uşaqları 21 ölkədə internetdə təcavüzlərdən qoruyan qanunlar var

Məruzədə verilən statistikaya görə, bu gün dünyada uşaq və yeniyetmələrin 71 faizə qədəri internetdən istifadə edir və yaxın illərdə inkişaf etməkdə olan ölkələrdə genişzolaqlı rabitənin yayılması ilə bu göstərici daha da artacaqdır. Bu baxımdan uşaqları təhlükədən qorumaq üçün beynəlxalq ictimaiyyətin tədbirlər görməsi mütləqdir. Qeyd olunur ki, dünyanın yalnız 21 ölkəsində uşaqları internetdə təcavüzlərdən qoruyan qanunlar var.
Ekspertlərin fikrincə, onlayn təhlükələrə qarşı mübarizədə valideynlər, müəllimlər və sosial işçilər mühüm rol oynayırlar. Onlar uşaqlara internetdə onları gözləyən təhlükələr barədə danışmalı, onlara bu və ya digər hallarda necə davranmağı izah etməlidirlər. Bunun üçün valideynlərin və müəllimlərin sərəncamında müasir texnologiyalar var. İnformasiyanın "filtrləşdirilməsi", müəyyən kontentin qarşısını almaq və uşaqların internetdə olma vaxtını məhdudlaşdırmağa imkan verən xüsusi proqramlar mövcuddur.

Oruc MUSTAFAYEV

Oxumeni.az