Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Seyid  Cəfər Pişəvəri 
2-ci yazı

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Seyid Cəfər Pişəvəri 2-ci yazı

7 Oktyabr 2019 16:33
Bəyəndim (0) Bəyənmədim (0)

Seyid Cəfər Pişəvəri yazırdı ki, Azərbaycan xalqı qanunların əsasını və kökünü böyük qurbanlar bahasına almışdır: “Mərkəzi Hökuməti özlərinin ata-babadan qalma irsi hesab edən xainlər onu əməldə silib, süpürüb gizlətmişlər. Bizim haqq və ixtiyarımızı təmin edən Əyalət və Vilayət Əncümənləri haqda qanundan illərdir ki, əsər-əlamət yoxdur. Bizə qanundan danışan ağadan tələbimizə cavab istəyirik. Onların boşboğazlıqdan başqa bir işləri yoxdur. Biz həqiqəti açıq-aydın xalqa çatdırırıq. Bizim xalqa müraciətmizdə meydana atdığımız şüarların əsasını da qanun təşkil edir”. Pişəvəri yazırdı ki, xalqın maariflənməsi çox vacibdir, çünki savadlı və sağlam cəmiyyət heç vaxt zülmün, təzyiqin altında yaşamaz. Onun fikrincə, insanlarla heyvanlar arasında olan böyük fərq də bundan ibarətdir: “İnsan ictimai bir varlıqdır. O, tək öz başına yaşamır və onun məqsədi fəqət şəxsi həyatını təmin etmək deyil. İnsan cəmiyyət üçün yaşayır. Ona görə hər bir kəs ictimai mənafeyi şəxsi mənafedən üstün tutmalıdır. Hər kəs öz başını saxlamaqdan ötrü yaşasaydı, onda dünyada böyük simalar, fədakar qəhrəmanlar, öz canlarını vətən və millət yolunda fəda edən rəşid insanlar tapılmazdı. Bu fədakarlıq fəqət bilik, maarif, təşkilat və əxlaq nəticəsində mümkündür. Biz gərək camaatın mənafeyini öz şəxsi mənfəəətlərmizdən üstün tutmağa adət edək. Yalnız bu vasitə ilə xalqımızı fəlakətdən xilas edə bilərik”. Ona görə, Azərbaycan xalqının əsas mənafeyi də odur ki, azadlıq mübarizəsindən bir addım da olsun geri çəkilməmək. O, yazırdı: “Azad və demokrat vətənimizin şanlı bayrağı altında xalqımız müqəddəs vəzifəsini – azadlıq mübarizəsini davam etdirəcəkdir. Azərbaycan Tehran ilə bir yerdə əsir Hindistan olmaqdansa, özü üçün azad İrlandiya olmağı üstün tutur. Tehran hərzə və sürüşkən gözəllər kimi hər gün bir lotunun qucağına atıla bilər. Azərbaycan isə namus və və heysiyyətinə əlaqəmənddir. O biganələrin alçaq nökəri olan Rza xanların boyunduruğu altına bir daha girməz və gündə bir lotuya təslim olmaz. Biz hər qiymətə olur-olsun, dünya hadisələrinin verdiyi imkandan istifadə edib, azadlığımızı təmin edəcəyik. Boşboğaz və xain çızmaqaraçıların cəfəngiyyatları bizi tutduğumuz yoldan geri qaytara bilməz”. O, çox doğru qeyd edirdi ki, qərinələr boyu mövcud olmuş bir xalqın milliyyətini 2-3 nəfərin xoşuna gəlməkdən ötrü inkar etmək insanlığa yaraşmaz. O, yazırdı: “Başladığımız böyük hərəkatın milli rəng və milli xasiyyətini dəyişdirmək istəyənlər xalqımızın silahını əlindən almağa çalışırlar. Bunların “azadlıq istəyən” maskaları bizi çaşdıra bilməz. Azadlıq istəyən adamlar bir millətin başqa bir millət üzərində hakim olmaq tələbini irəli sürməməlidir. Azadlıq istəyən insanlar gərək haqq və ədaləti inkar etməsinlər. Haqq və həqiqət isə azərbaycanlıların milli dil, adət-ənənə, milli əxlaq, milli istedad ilə hesablamağı tələb edir”. Qeyd edək ki, bütün bunlarla yanaşı Pişəvəri Azərbaycanın milli azadlığını “İran” dövlətindən tamamilə kənarda görmürdü. O açıq şəkildə ifadə edirdi ki, Azərbaycanın “İran”dan heç vəchlə ayrılmasının tərəfdarı deyildir: “Azərbaycanı İrandan ayırıb ayrı bir məmlkətə yapışdırmaq sözü fəqət firqəmizin düşmənləri tərəfindən ortaya gətirilmişdir. Biz bu şüarın yalan və mənasız olduğunu əməldə sübut edirik. Biz İranın istiqlaliyyət və ərazi bütövlüyünə tam tərəfdarıq”. Pişəvəri onu da deyirdi ki, ADF-nin bir tərəfdən xalqın öz hüququnu var qüvvəsi ilə müdafiə etməsi, digər tərəfdən “İran”ın istiqlalı və ərazi bütövlüyü ilə əlaqəli olmasında səmimidir: “Biz İran bayrağnı da dəyişmirik. Lakin biz öz milli muxtariyyətimizi tələb edirik. Milli muxtariyyət milli istiqlal ilə fərqlidir”. Hesab edirik ki, Pişəvərinin Azərbaycanda faktiki böyük ölçüdə hakimiyyəti ələ aldığı halda, Milli Muxtariyyatdan irəli gedib Milli istiqlal məsələsini ortaya qoya bilməməsində Sovet Rusiyasının xəyanətkar mövqeyi mühüm rol oynamışdır. Bunu, açıq şəkildə görən Pişəvəri Sovet Ruisyasının lideri İ.V.Stalinə məktub yazaraq Azərbaycan Milli hökumətini zərbə altında qoyduğuna görə, rəsmi Moskvaya öz etirazını bildirmişdir. Buna cavab olaraq Stalinin 1946-cı ilin mayında Pişəvəriyə göndərdiyi məktubdan da görmək mümkündür ki, bolşeviklər tərəfindən Azərbaycanın Milli istiqlal məsələsinin üstündən qalın xətt çəkilmişdir. Stalin həmin məktubunda açıq şəkildə yazırdı ki, bir tərəfdən Böyük Britaniya, ABŞ onların qarşısında məsələ qoyur ki, nə zaman SSRİ İrandan, Çindən qoşunları gerə çəkərsə, o zaman onlar da Misir, İndoneziya, Yunanıstan, Danimarka və başqa ölkələrdən ordularını çıxaracaqlar. Digər tərəfdən isə, İranın Qəvam hökuməti Sovet Rusiyası ilə dil tapmağa hazırdır və bu da, rəsmi Moskvanın maraqlarına cavab verir. Stalin yazırdı: “Bizə məlum olduğuna görə,Siz demişsiniz ki, biz əvvəlcə Sizi göylərə qaldırnmış, sonra isə uçuruma yuvarlamşıq və Sizi rüsvaq etmişik. əgər bu doğrudursa, onda bi bizdə təəccüb doğurur. Əslində isə nə baş vermişdir? Biz burada hər bir inqilabçıya məlum olan adi inqilabi fənd tətbiq etmişik. İrandakı şərait kimi şərait kimi belə bir vəziyyətdə özümüz üçün hərəkatın məlum minimim tələbini əldə etməyi təmin etməkdən ötrü hərəkatı irəli qaçırmaq, minimum tələblərdən irəli getmək və hökumət üçün təhlükə yaratmaq, həkumət tərəfindən ediləcək güzəştlər üçün imkan yaratmaq lazımdır. Daha irəli qaçmadan, Siz İranın indiki vəziyyətində hazırda Qəvam hökumətinin getməyə vadar olduğu tələblərə nail olmaq imkanına malik ola bilməzdiniz. İnqilabi hərəkatların qanunu belədir”. Bununla da, əslində Stalin açıq-aşkar şəkildə Azərbaycan Milli hökumətini Sovet Rusiyasının maraqları naminə zərbə altında qoyduğunu etiraf etmiş olurdu. Bunu, çox yaxşı dərk edən Pişəvəri də, artıq Tehran hökuməti ilə müəyyən bir razılığa gəlmək məcburiyyətində qalmış olurdu. Ona görə də, sözügedən məktubdan sonra onun yazılarında, çıxışlarında “İran istiqlaliyyəti”, “İranın bütövlüyü”, “iranlı” anlayışları tez-tez vurğulanırdı: “Azərbaycan hər nə istəmiş olsa, İran daxilində qalmaq şərtiylə istəyir. Xülasə, biz hər dil ilə danışmış olsaq, hər bir hədəfə doğru getsək də iranlı olmaq, İran hüdudunda qalmaq istəyirik. Bizim mərkəzi hökumətlə anlaşmamız möhkəmləndikcə xarici düşmənlərin təşviş və iztirabı şiddətlənir”. Buna səbəb o idi ki, irançı Tehran hökuməti Azərbaycan Milli Hökumətinə hədə-qorxunu artırarkən yalnız əvvəldən arxalandığı havadarları İngiltərə və ABŞ-a deyil, artıq Sovet Rusiyasına da arxalanırdı. Pişəvəri üçün əgər ABŞ və Böyük Britaniyanın iç üzü müharibə illərində meydana çıxmışdırsa, Sovet Rusiyasının əsil simasını Milli hökumət qurulduqdan az sonra “kəşf” etdi. Çox güman ki, Sovet Rusiyasının əsil simasının da ortaya çıxması ilə Pişəvəri də “İran istiqlaliyyəti”, iranlı təəssübkeşliyi bir az artdı və o, Qərb dövlətlərini, xüsusilə də ABŞ-ın tənqidi fonunda bunu ortaya qoydu:“Biz şərqlilər Amerika və onun mədəniyyətini bu müharibə başlanana qədər lazımınca tanıya bilməmişdik. Onların çağırılmamış “qonaqlar”dan ibarət hərbi şəxslərinin paytaxtda göstərdiyi yaramaz hərəkətləri və maliyyə idarələrimzidə onların maliyyə mütəxəssilərinin çirkin və alçaq əməlləri xalis maddi gəlir və ruhsuz mədəniyyətlərinin iç üzünü açıb bizə göstərdi. Amerika din xadimlərinin yarım əsr çəkdikləri zəhmət və apardıqları təbliğatı İran xalqının nəzərində sıfır dərəcəsinə endirmiş oldu. Şərqlilər, mənəviyyata daha artıq əhəmiyyət verdikləri üçün amerikalıların maddiyyat, xüsusən neft davalarını gördükdə onlardan tamam üz döndərməyə məcbur olurlar... Özümüz öz ölkəmizi min illərlə idarə etmişik və bundan sonra da edəcəyik heç bir xarici qüvvə bizi bu qanuni haqdan məhrum edə bilməz”. Artıq bu o anlama gəlirdi ki, Pişəvəri Sovet Rusiyasının xəyanətindən, ya da onların tələblərindən sonra Tehran hökuməti ilə müəyyən bir razılığa gəlməli idi. Pişəvəri onu da yaxşı anlayırdı ki, Tehran hökuməti ilə istənilən anlaşmanın axırı yoxdur. Ancaq bütün hallarda, bəlkə də bir ümid işığı olaraq Pişəvərinin başçılıq etdiyi Milli hökumətlə “İran”ın baş naziri Qəvamüssəltənə hökuməti arasında 15 maddəlik bir müqavilə bağlandı (13 iyun 1946-cı il). Həmin 15 maddəlik müqavilədən açıq-aşkar şəkildə görünürdü ki, Tehran hökuməti Azərbaycan üzərində ağalığını tam bərpa edir, xüsusilə də, Milli hökumətin ləğvi ilə milli muxtariyyətdən uzaqlaşaraq daha çox mədəni muxtariyyətə aid vədlər verilirdi. Hər halda valinin Tehran hökuməti tərəfindən göndərilməsi, Milli Məclisin Əyalət əncüməni olaraq qəbul edilməsi ona işarə idi ki, Tehran hökuməti milli muxtariyyəti tamamilə qəbul etmir, sadəcə olaraq ana dilinin tədrisi, Mili Universitetin saxlanılması, torpaqların kəndlilər arasında bölünməsi, yeni seçki qanunun yaradılması (Azərbaycanda dövlət məmurlarının xalq tərəfindən seçilməsi), qadınlara seçib seçilmək hüququnun verilməsi, Əyalət əncümənin qalması kimi vədlərlə vaxt qazanırdı. Pişəvəri ilk vaxtlar ümid edirdi, ya da Sovet Rusiyasının istəyi üzrə belə hərəkət edirdi ki, Qəvamüssəltənə başda olmaqla Tehran hökuməti Azərbaycan xalqına verdiyi vədləri yerinə yetirəcəkdir. Ancaq çox keçmədən buna inamının azaldığını deyən Pişəvəri deyirdi ki, onlar atalarının buraxdıqları yanlışlığı təkrarlamayacaqlar: “Azərbaycanlı şirin sözlər çox eşitmişdir və onlardan acı təcrübələr daha çox almışdır. Qoy mürətcelər və azadlıq düşmənləri açıq surətdə öz təkliflərini düşünüb anlasınlar ki, bu qara o qaradan deyil. Azərbaycan fəqət öz azadlığını təmin etmək sayəsində İranın istiqlal və İran camaatının azadlığının zamini ola bilər. Atalarımız məşrutəni alıb, müstəbidlərin əlinə tapşırdılar, ya imkan verdilər müstəbidlər məşrutəni onların əllərindən alsınlar. Biz bu acı təcrübədən ibrət dərsi almışıq. Azadlığı təmin etmək, cürbəcür rənglər və növbənöv niqablar altında qabağa çıxan mürtəcelərin burnunu əzmək üçün əsaslı bir səngər vücuda gətirib kəskin bir silah təhiyyə etməyə müvəffəq olmuşuq. O da qanlı və yorulmaz mübarizə meydanında böyüyüb gündən-günə yüksəlməkdə olan firqəmizdən ibarətdir”.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

Faiq Ələkbərli (Qəzənfəroğlu)

Oxuməni.az