Hulusi Kılıç: "Biz qəhrəmanlarımızı tanımalıyıq"

Hulusi Kılıç: "Biz qəhrəmanlarımızı tanımalıyıq"

3 Mart 2012 21:10
Bəyəndim (0) Bəyənmədim (0)
O gün Türkiyə səfirliyində bir daha türk olmağımızın qürurunu yaşadıq

Həyatda elə gəlişigözəl sözlər var ki, pafoslu nitqin bir hissəsi olmaqdan başqa heç nəyə yaramır. Lakin elə kəlmələr də var ki, illərin, əsrlərin süzgəcindən axıb gəlir və millətin qan yaddaşında damla-damla toplanır. Ulu Öndər M.K.Atatürkün səsləndirdiyi "Azərbaycanın sevinci bizim sevincimizdir, dərdi bizim dərdimizdir" ifadəsi, milli liderimiz Heydər Əliyevin dilə gətirdiyi "Biz bir millət, iki dövlətik" şüarı atalar sözü qədər millətimizə əziz və doğmadır. Bəli, biz eyni millətin - rəşadətli Türk ulusunun nümayəndələriyik. Bu danılmaz həqiqət iyirmi ilə yaxındır dostluq etdiyim Halil Kanın, onun ailəsinin timsalında bir daha öz təsdiqini tapır. Onunla aramızda olan qırılmaz dostluq telləri işbirliyinə qədər yüksəlmişdir. Yediyimiz halal çörək də, udduğumuz təmiz hava da damarlarımızda axan saf türk qanı kimi eynidir.

Bir gün "Mətbuat" firmasının nümayəndələri qismində Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinə dəvət almışdıq. Fövqəladə və Səlahiyyətli səfir cənab Hulusi Kılıç bizi tanışlıq görüşünə dəvət etmişdi. Özümüzü rahat hiss etdiyimiz qədər də həyəcanlı idik. Belə ki, ilk görüş olduqca böyük məsuliyyət tələb edirdi. Digər tərəfdən, biz Türkiyə Respublikasının vətəndaşı Halil Kan və Azərbaycan Respublikasının vətəndaşı Natiq Qocaman olaraq həm Azərbaycanı, Həm də Türkiyəni təmsil edirdik. Bizi olduqca səmimi qarşılayan böyük elçi cənab Hulusi Kılıç və səfirliyin mətbuat katibi cənab Habib Kaya həyəcanımıza son qoydu. Onların bizə qarşı isti münasibəti, ibrətamiz kəlamları, tövsiyə xarakterli sözləri qısa zamanda doğmalıq mühitinin yaranmasına səbəb oldu. Özümüzü rəsmilərin yanında deyil, sanki qohumlarımızın, böyüklərimizin yanında hiss edirdik. Cənab səfirin ortaq tariximiz haqda dediyi dəyərli sözlər, qəhrəmanlarımız barədə səsləndirdiyi şirin xatirələr bizi duyğulandırdı. Şair ruhlu bu insanın dərin zəkasından süzülən hər kəlmə asanlıqla qəlbimizə yol tapırdı. Hətta əvvəlcədən nəzərdə tutulan müsahibəyə də ehtiyac qalmadı. Çay süfrəsi arxasında baş tutan səmimi söhbətimiz bizə ikram olunan dadlı türk şokoladı qədər şirin idi. Atatürk rəsmi, şanlı türk bayrağı, Türkiyə-Azərbaycan qardaşlığını simvolizə edən atributlar, bir sözlə, Azərbaycanın qəlbində döyünən Türkiyə səfirliyinin hər daşı, divarı səmimiyyətimizə şahidlik edirdi. Bu yerdə Şair Hulusi Kılıçın "İnsan Olmak" şeirini xatırlamamaq mümkün deyil.

Ne kadar güzel!

Ölesiye dost, ölesiye can olmak,

İyi günleri paylaşmak birlikde

Zorlukları omuz omuza aşmak...

Ne kadar güzel!

Bütün engellere, çarpıklığa,

Haksızlığa ve ölüme rağmen;

Herşeyden önce insan olmak!..

O görüşdə biz Xəzərdən Qara dənizədək dalğalanan duyğu selində türk mənliyinin su qədər saf olduğunu, dalğa qədər möhtəşəm olduğunu bir daha anladıq. Sevinci-dərdi bir olan, iki müstəqil dövlətdə yaşayan eyni millətin nümayəndəsi olmağın qürurunu yaşadıq. Sözün əsl mənasında, yaşadıq. Yaşadıq ki, bu ülvi hissləri əbədiyyətə qədər paklığı ilə qoruyub saxlayaq, gələcək nəsillərə ötürək. Qoy hər kəs anlasın və bilsin ki, kaloritli türk ruhu insani dəyərlər palitrasında ən parlaq rənglərə malikdir. Biz bu gözəllikləri bayraqlarımızda dalğalanan qırmızı rəngdə, qan yaddaşımızda qoruyub saxlayırıq. Ay-ulduzda, yəni qaranlıq gecələrdən işıqlı sabahlara qədər yaşadırıq.

Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Hulusi Kılıçdan qucaq dolusu xatirələrlə, bir daha görüşmək ümidi ilə ayrıldıq. Daha sonra səfirliyin basın danışmanı cənab Habib Kayanın qonağı olduq. İşgüzar xarakterli səmimi söhbətimizi axarı ilə davam etdirdik. Bir çox mövzulara toxunduq, Azərbaycan-Türkiyə mətbuatları arasında əlaqələrin yüksələn xətlə inkişafının prioritet olduğunu vurğuladıq. Bu taleyüklü məsələni geniş müzakirə edərək, üzərimizə düşəcək vəzifəni müəyyən etdik. Qərara aldıq ki, fəaliyyətimizi türk birliyinin gücləndirilməsi strategiyası üzərində quraq.

Beləcə, ilk görüşün unudulmaz təəssüratı ilə Türkiyə səfirliyinin binasını tərk etdik. Halil Kan və Natiq Qocaman olaraq öz gündəlik həyatımıza qayıtdıq. O həyata ki, bizi ortaq dəyərlər, maraqlar, dostluqlar və qan qardaşlığı birləşdirir...

Natiq Qocaman

O.M.