Dövlət siyasətində xalq-iqtidar vəhdəti

Dövlət siyasətində xalq-iqtidar vəhdəti

2 Oktyabr 2019 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev: "Mən xalqın dəstəyinə arxalanıram, xalqa güvənirəm"

Ölkə Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu son 16 il müddətində daima xalqla birbaşa təmasda olub. İstər xarici siyasətlə bağlı fəaliyyətdə, istərsə də daxili idarəetmədə Prezident İlham Əliyev sadə vətəndaşlara söykənir: "Mən bütün azərbaycanlıların prezidentiyəm" şüarını gerçəyə çevirir.

Bütün bunlar, bir daha sübut edir ki, Azərbaycan dövləti və Prezidenti daim onların yanındadır. Çünki Cənab İlham Əliyevin 16 illik Prezidentlik fəaliyyətində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub.

Əsl siyasət konkret real iş görməkdən ibarətdir

Bəli, bu, həqiqətən də, belədir. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir.

Onu da, vurğulamaq lazımdır ki, 16 il ərzində, insanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycanın siması yeniləşir. Dəyişən təkcə Azərbaycanın gözlə görünən reallıqları deyil, eyni zamanda, insanların düşüncələri də dəyişib. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan da daha böyük uğurlar əldə edəcəyinə inanır. Bu inam, hər il görülən daha böyük uğurların nəticələrini gördükcə, sabaha daha böyük bağlılıqla inanır.

"İndi Bakı dünyanın ən gözəl şəhərlərindən biridir"

Bu yerdə Prezident İlham Əliyev bu günlərdə Bakının Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlığı zamanı sakinlərlə görüşündə bir daha xalqına arxalandığını və güvəndiyini vurğulaması deyilənlərin real sübutudur.

Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, paytaxtımızda icra olunan layihələr nəticəsində, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Paytaxt Bakı gündən-günə abadlaşır, müasirləşir və yenilənir. Bu baxımdan, yeni park və xiyabanların salınması, mövcudlarının yenidən qurulması, sosial obyektlərin inşası, ictimai yerlərin istifadəyə verilməsi xüsusi rol oynayır. Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkın əsaslı şəkildə yenidən qurulması da mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva parkda sakinlərlə görüşü zamanı bildirib ki, indi Bakı dünyanın ən gözəl şəhərlərindən biridir: "Baxın, son illərdə şəhərimizdə nə qədər park salınıb. İlk növbədə, bizim ən böyük parkımız bulvardır. Əvvəllər bulvarın uzunluğu 3 kilometr idi, indi 15 kilometrdir. Hər tərəf yaşıllıq, hər tərəf gözəl, hər tərəf abad. Heydər Əliyev Mərkəzinin və Konqres Mərkəzinin ətrafında 20 hektarı əhatə edən böyük bir park var. İndi uşaqlar və yaşlı nəsil orada istirahət edir. Yusif Səfərov küçəsindəki park. Orada da yöndəmsiz binalar var idi, infrastruktur dağılmışdı. Orada da park salındı. Yəni bu abadlıq-quruculuq işləri vətəndaşlar üçündür. Çünki vətəndaşlar ictimai yerlərdən istifadə etməlidirlər. Bu parkda da çox gözəl şərait yaradılıb.

Bakı şəhərinin problemlərinin həlli istiqamətində böyük işlər görülür. Bilirsiniz ki, bu yaxınlarda metronun "Koroğlu" stansiyasının yanında yeni Nəqliyyat-Mübadilə Mərkəzinin açılışını qeyd etdik. Yeni avtobuslar gətirilir.

Bu il 300 avtobus gətirilib, əvvəlki dövrlərdə gətirilib. Gələn il də, ən azı, 300 müasir avtobus gətiriləcək. Bakı o şəhərlərdəndir ki, metro tikintisi gedir. Deyə bilərəm ki, MDB məkanında yalnız Rusiyada və Azərbaycanda metro tikintisi davam etdirilir. Bu il 30 yeni vaqon gətirilib. Bu vaqonlarda həm kondisioner, həm də gözəl şərait var. Bütün bunlar vətəndaşların rahatlığı üçün edilir".

"Mənə də güc verən vətəndaşların dəstəyidir. Mən bu dəstəyə arxalanıram, güvənirəm"

Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri, bir daha yada salmaq istərdim: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm və söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ulu Öndər Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm."

Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, son 16 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı, bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.

Görüş zamanı Prezident İlham Əliyev bildirib ki, belə də olmalıdır: "Mənə də güc verən vətəndaşların dəstəyidir. Mən bu dəstəyə arxalanıram, güvənirəm. Bu, mənə güc verir".

"Azərbaycan dünya miqyasında sabitlik məkanıdır, inkişaf diyarıdır"

Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin edib. Prezident İlham Əliyev görüş zamanı ölkəmizidə ictimai-siyasi sabitliyin vacib olduğunu da vurğulayıb: "Bu gün Azərbaycan dünya miqyasında sabitlik məkanıdır, inkişaf diyarıdır. Bundan sonra da, biz ancaq yüksələn xətlə inkişaf edəcəyik, buna heç kimin şübhəsi olmasın".

Bəli, bu, həqiqətən də, belədir! Bu gün Cənab Prezidentin, hər zaman olduğu kimi, sözü ilə əməli tam üst-üstə düşür. Və ölkə Parezidenti İlham Əliyev Cənablarının dediyi kimi: "Hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə, haqlı olaraq, fəxr edə bilər".

Məhz xalqımız öz LİDERİNƏ arxalandığı üçün, öz Prezidenti ətrafında daha da sıx biləşərək, ölkənin inkişaf və tərəqqisinə doğru inamla irəliləyir.

RƏFİQƏ KAMALQIZI