DİQQƏT: İstənilən pəhriz insanı öldürə bilər

DİQQƏT: İstənilən pəhriz insanı öldürə bilər

1 Mart 2012 22:58
2 142
Bəyəndim (0) Bəyənmədim (0)
Son tibbi araşdırmalara görə, arıq olmaq orqanizm üçün daha təhlükəlidir

Bildiyiniz kimi, artıq çəki problemi bu gün dünyada hər kəsi narahat edir. İnsanlar arıqlamaq üçün müxtəlif növ pəhrizlərə üz tuturlar, idman zallarında tər tökürlər, hətta tibbi preparatlardan istifadə edirlər. Teleekranlarda və qəzet səhifələrində reklam olunan cihazlar, xüsusi geyimlər də məhz artıq çəkidən azad olmaq istəyənlər üçün nəzərdə tutulub. Bəli, nə qədər acınacaqlı olsa da, dünya əhalisinin təxminən 60 faizi bu problemlə mübarizə aparır. Ölkəmizdə də bu məsələ aktuallığını qoruyub saxlayır. Vətəndaşlarımızın təxminən 65 faizi izafi çəkidən əziyyət çəkir. Heç kimə sirr deyil ki, artıq kilolar sağlamlıq baxımından da orqanizmə zərərlidir. Qan-damar sisteminin normadan artıq işləməsi təzyiqin və ümumən orqanizmin funksiyasının pozulmasına gətirib çıxarır. Digər tərəfdən, qara ciyərin piyləşməsi nəticəsində vaxtından əvvəl sıradan çıxması təhlükəsi yaranır. Ağ ciyərin effektiv işləməsinə mane törədilir və insan təngnəfəslik problemi ilə qarşılaşır. Bütün bunlara kök adamın əsəbi stress altında yaşadığını, yuxusuzluğu əlavə etsək, mənzərənin son dərəcə acınacaqlı olduğunu görə bilərik.

Rəsmi statistikaya görə, kök adamlar arıqlara nisbətən 6-7 il az yaşayırlar. Bir anlıq təsəvvür edin ki, hər gün sizə normal çəkinizdən əlavə olaraq 20-30 kilo ağır yük daşıdırlar. Sizcə, bu sınağa bədəniniz dözə bilərmi? Cavab birmənalıdır, insan hər an normadan artıq çəki daşımaq məcburiyyətində qalarsa, orqanizm əvvəl-axır yorulub, sıradan çıxacaq. Deməli, kök olmaq hər cəhətdən zərərlidir və estetik görünmür. Lakin son illərin araşdırmaları yeni bir təhlükəli tendensiyanı üzə çıxarmışdır. Sən demə, kökəlmək təhlükəsi qarşısında özlərini arıqladan gənclər daha qorxulu olan arıqlıq problemi ilə üz-üzə qalıblar. Araşdırmalardan o da məlum olub ki, etalon sayılan 90-60-90 ölçüləri normal göstəricilər deyil. Başqa sözlə desək, sağlam bədənə aid deyil. Bu xəstəlik tibbi dildə "anoreksiya" adlanır. Heç təsadüfi deyil ki, bu il Çində keçiriləcək payız-yaz paltarlarının dəfiləsində fransız manikenlərin çıxışına qadağa qoyulub. Ölkənin səhiyyə nazirliyi bu addımını manikenlərin qeyri-sağlam bədən ölçülərinə malik olduqları ilə izah edib.

Dünyaca məşhur olan fotoqraf Olivero Toskani son zamanlar bu problem üzərində çalışmağa başlayıb. O, 1982-ci ildən 2000-ci ilədək "Colors (Rənglər)" jurnalının rəhbərlərindən biri olub və bu jurnal vasitəsilə "Benetton" markalı prezirvativləri reklam edib. Son dərəcə kəskin süjetlərdən istifadə edən fotoqraf reklam çəkilişlərində ağlagəlməz kompozisiyalardan istifadə etməklə tezliklə tanınıb. Bu əsərlərin birində SPİD-dən ölüm yatağına düşmüş adamın qohumları qarşısında can verməsi səhnəsi təsvir olunub. Digərində öpüşən rahibələr göstərilib. Bir başqasında isə heyvanların kütləvi sevişmə səhnəsi yer alıb. O vaxtlar Olivero Toskaninin işi çoxsaylı tənqidlərə məruz qalsa da, Benetton şirkətinə böyük uğur gətirə bildi. İtaliyalı fotoqraf bir müddət ictimai işlərdən uzaq qaldı və yalnız bu il yenidən fəaliyyətə başladı. 21 yaşlı braziliyalı model Anna Reston anoreksiya xəstəliyindən dünyasını dəyişdikdən sonra Olivero Toskani bu xəstəliyə qarşı ümumdünya mübarizə kampaniyasına qoşuldu. O, Milan şəhərində ənənəvi təşkil olunan həftəlik moda dəfiləsi ərəfəsində 23 yaşlı fransız İzabel Karonun çılpaq şəkillərini ictimaiyyətə təqdim etdi. Fransalı maniken 13 yaşından bəri bu xəstəlikdən əziyyət çəkirdi. O, "Vanitu Fair" qəzetinə müsahibəsi zamanı bunları söyləmişdi: "Mən həmişə öz bədənimi gizlətmişəm. İndi qorxmadan göstərirəm. Çünki mənim çəkdiyim əzabı görən hər kəs arıqlamaq tələsindən qurtula biləcək, necə ki, mən çalışıram." Qadının "La Republika" qəzetində nəşr olunan çılpaq görüntüləri əvvəlcədən İtaliyanın səhiyyə naziri ilə razılaşdırılmışdı. Belə ki, təkcə bu ölkədə iki milyon gənc qız anoreksiya xəstəliyindən əziyyət çəkir. Şəklə qarşı münasibət birmənalı olmadı. Anoreksiyanı araşdıran bir çox alimlər bu addımın mənasız və xəstələrin psixikasını zədələyəcəyini söylədilər.

Çoxları iddia edir ki, ən arıq qadın ən qəşəng xanımdır. Amma bu fikri dilə gətirənlər özləri də başqa cür düşünürlər. Razılaşın ki, norma daxilində ətli-canlı olan qadınlar daha gözəgəlimli olurlar. Ən azı ona görə ki, arıq qadın bədən quruluşuna görə kişidən çox az seçilir. Bu yerdə rusların atalar sözü yadıma düşdü: "Gözəl qadın çox olmalıdır." Bu, o deməkdir ki, gözəl qadın ətli-canlı qadın sayılır. Təkcə qadınmı? Əlbəttə, yox. Hətta kişilərin də ətli-canlı olmaları onların gücündən, nüfuzundan, zəngin yaşam tərzindən xəbər verir. Təbii ki, ölçülər normadan çox uzaq düşmədikdə...

İsa Rəvan

O.M.

Şəkildə: anoreksiya xəstəsi İzabel Karo