Həm alman kəşfiyyatına, həm də KQB-yə işləyən şəxs

Həm alman kəşfiyyatına, həm də KQB-yə işləyən şəxs

7 Sentyabr 16:46
19
Bəyəndim (0) Bəyənmədim (0)

Herman Kastner keçmiş Almaniya Demokratik Respublikası (ADR) Baş nazirinin müavini vəzifəsində çalışıb. Moskvada onu ADR-in növbəti baş nazirliyinə real namizəd kimi qəbul ediblər. Amma Kastner SSRİ və ADR-ə məxsus dövlət sirlərin Qərb kəşfiyyatının əlinə keçməsində mühüm rol oynayıb. 1956-cı ildə Almaniya Federativ Respublikasının kəşfiyyat xidməti (BND) onu Şərqi Almaniyadan Qərbi Almaniyaya qaçırmağa müvəffəq olub.

Oxuməni.az Teleqraf.com-a istinadən Kastnerin dosyesini təqdim edir:

Herman Kastner 1886-cı ilin 25 oktyabrında Berlində müəllim ailəsində doğulub. Berlində əvvəlcə monastırda təhsil alıb, daha sonra Berlin universitetində hüquq və iqtisadi elmlər üzrə təhsil alıb.

Jena Universitetində doktorluq dissertasiyası müdafiə edib. Berlin, Liktenburq və Köln şəhər rəhbərliyində təlim keçib. Birinci Dünya müharibəsi zamanı professor seçilib. 1920-ci ildə Drezden şəhərinə gələrək Saksoniyanın iqtisadi problemləri ilə məşğul olmağa başlayıb. Bu illərdə Almaniya Demokratik Partiyasına qoşulub, qısa müddətdə Şərqi Saksoniyada partiya sədri seçilib. 1922-1933-cü illərə qədər Saksoniya şəhər deputatı kimi fəaliyyət göstərib.

Adolf Hitler hakimiyyətə gəldikdən sonra Kastner siyasi fəaliyyətinə son qoyaraq Drezdəndə vəkil kimi işə başlayır. Məhkəmə proseslərində tez-tez anti-faşistləri müdafiə edib. Bu zaman nasist rejiminə müqavimət göstərən qruplarla, ələlxüsus Rayner Feçera qrupu ilə yüksək əlaqələri olub.

1945-ci ildə II Dünya Müharibəsindən sonra Kastner Saksoniya Vəkillər Kollegiyasını və Notariat Palatasının sədri təyin olunub.

1945-ci ilin 6 iyulunda Almaniya Demokratik Partiyasının bərpa olunması təşəbbüskarlarından biri də Kastner olub. Avqustun 15-də partiya Almaniya Liberal Demokratik Partiyası adı ilə bərpa edilib və Kastner 1947-ci ilə qədər partiyanın Saksoniya üzrə sədri olub. O, partiyyada aktiv siyasi fəallığı ilə seçilib, hətta Saksoniyada öndə gedən 70 nəfərlik Məşvərət Məclisinin üzvlərindən biri olub.

Müharibədən sonra Fridirixin Saksoniya hökumətində Kastner ədliyyə naziri postuna gətirilib. 1948-ci ilin martında Berlində Alman İqtisadi Komissiyasına daxil olmaq məqsədilə nazir postundan istefa verib. Bununla paralel olaraq maliyyə, poçt və rabitə katibliyinə rəhbərlik edib. O, eyni zamanda partiyanın 4 sədr mavinindən biri idi.

Az sonra Kastner partiyanı Alman Xalq Şurasında təmsil edib və Almaniya Demokratik Respublikasının kosntitusiyasının hazırlanmasında fəal iştirak edib. 1949-cu ildə Eyzenax şəhərində keçirilən qurultayda partiyanın sədri postuna yiyələnib. Elə həmin il Kastner ADR hökumətində baş nazirin müavini vəzifəsinə gəlib.

Amma 1950-ci ilin iyununda vəzifəsindən gedib. ADR parlamentinə seçkilərdə vahid seçki siyahısının tətbiqinə qarşı çıxıb və buna görə həm partiyada sədrlik postunu itirib, həm də təşkilatdan xaric edilib.

1951-ci ildə Kastnerə qarşı irəli sürülən korrupsiya ittihamları rədd edilib və bəlli olub ki, baş nazirin müavini və maliyyə proseslərinə kurasiya etdiyi dövrdə heç bir nöqsana yol verməyib. Buna baxmayaraq Kastner siyasi fəaliyyətini davam etdirmək niyyətindən vaz keçib. Bir müddət Təşviqat Komitəsinə sədrlik edib, amma bu post Kastnerə əhəmiyyətsiz görünüb.

1956-cı ilin sentyabrında ADR hökumətinin xəbəri olmadan Herman Kastner qərb kəşfiyyatının (BND) adını “Payız havası” qoyulan əməliyyat sayəsində Berlindən çıxarılıb və Münhenə gətirlib.

Məhz bu zaman Moskva və Berlində hakimiyyətdə olan kommunistlər anlayıb ki, Kastner BND və ya Mərkəzi Kəşfiyyat İdarəsinin casusu imiş.

Bundan sonra aydın olub ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Kastnerə tor quraraq onu Almaniya Federativ Respublikasının kəşfiyyat xidmətinə informasiya ötürməyə razı sala bilib. Bu məqsədlə Kastnerə Meissin yepiskopu Henrix Vinken yaxınlaşıb və təklif edib ki, dövlətin daxili durumu, qəbul edilən qərarlar, Moskvadan gələn təlimatlar haqqında qərb kəşfiyyatına informasiya ötürsün. Bu informasiya axını Mərkəzi Kəşfiyyat İdarəsinin Qərbi Berlindəki nümayəndəsi slovakiyalı Karol Tarnaya vasitəsilə həyata keçirilsin.

Buna razılıq verən Kastner sovet işğalı altında olan ADR-in hökumət strukturu, qəbul edilən qərar və protokolların sürətləri, ölkədə fəaliyyət göstərən təşkilatlar haqqında müfəssəl informasiyaları qərb kəşfiyyatına ötürür.

Kastner ADR-in ilk hökumətinin protokollarının sürətini çıxarır, xanımı ərinin hazırladığı nüsxələri Qərbi Berlinə daxil olmağa xüsusi icazəsi olan avtomobillə daşıyır.

1953-cü ilin 17 iyununda ADR-də xalqın kütləvi tətilə çıxmasından sonra Qərb kəşfiyyatı sovet strukturlarındakı agenti vasitəsilə öyrənir ki, sosialist Almaniyasında qərb casuslarına qarşı həbs dalğasına üstünlük veriləcək. 1955-ci ildə qərbə işləyən agentlərin ifşası və həbsi üçün addımlar atılmağa başlanır. Buna qarşı Almaniya Federativ Respublikasının kəşfiyyat xidməti general Reynxed Qelenin hazırladığı “Payız havası” əməliyyatına start verir.

Əməliyyatın əsas məqsədi ADR-də olan və qərb kəşfiyyatı üçün işləyən casusların həyatına yaranan təhlükəsizliyin qarşısını almaq, onların sağlam şəklildə Qərbi Almaniyaya keçidini təmin etmək olur. Bu zaman ona yaranan bütün təhlükələrə baxmayaraq Kastner Qərbi Almaniyaya qaçmaq təklifini qəti rədd edir. O, Almaniya Federativ Respublikasının kansleri Konrad Adenauerin ona siyasi post təklif etməsini gözlədiyini ifadə edirdi. AFR-in xüsusi xidmət orqanları ilk olaraq Kastnerin xanımını sovet nəzarətində olan Berlindən çıxarır.

1956-cı ilin sentyabrın 5-dən 6-na keçən gecə isə BND agentləri Kastneri qatara əyləşdirərək SSRİ-nin nəzarətində olan torpaqdan çıxarmağı bacardılar. Onu sovet Berlinindən çıxarmaq üçün gələn agentlər Kastnerə ilk öncə kansler Adenauerin salam mesajını çatdırırlar.

Sonradan qərb kəşfiyyatı Herman Kastnerin onlara ikili agent olduğunu, KQB və STASİ-nin agenti kimi qəfil situasiyada - Almaniyanın birləşməsi durumunda baş nazir vəzifəsi rolunu veriləcəyi haqda etiraf edib.

Ancaq buna qədər Almaniya Federal Təhlükəsizlik Xidmətinə məlum idi ki, Kastner ikitərəfli agentdir. Çünki 1950-ci illərin əvvəllərində kəşfiyyat Sovet Ali Komissiyasındakı nümayəndəsi vasitəsilə Kastnerin ADR-də sovet rəhbərliyi ilə sıx əlaqədə olduğundan məlumatlı idi. Üstəlik 1950-ci illərdə “Helvig” ləqəbli informatorun olduğu və bunun Kastner ola biləcəyinə dair müəyyən məlumatlar kəşfiyyatın əlinə keçmişdi.

BND bu məlumatları qorumaq qərarını verir. Çünki Kastnerin qərb kəşfiyyatına ötürdüyü informasiyaların dəyəri əvəzsiz idi.

Kastner Qərbi Almaniyaya qaçdıqdan sonra Münhendə yaşamalı olub və 1957-ci ildə 70 yaşında vəfat edib.

Yeri gəlmişkən qeyd edək ki, Herman Kastner az saylı yüksək post tutan şəxslərdəndir ki, kəşfiyyat casusu kimi işləməli olub. Bu sıraya Kastnerdən savayı İsrailin energi və infrastruktur naziri Qonen Seqev aid etmək olar. O, İrana casusu kimi işləyib. Britaniya rabitə və telekomunikasiya naziri Con Stoynxausun KQB-yə işlədiyi bəlli olsa da, bunu nə Mİ5, nə də məhkəmə sübut edə bilib.

Fransız Şarl Moris de Taleyran isə konkret bir ölkənin casusu olmasa da, öz ölkəsinin sirlərini və maraqlarını satdığına görə öz dövrü üçün ağlasığmız qədər, 15 milyon frank pul əldə edib. Siyasi intriqaların ustadı vəfat edəndə isə Parisdə insanların “Taleyran ölüb? Buna görə ona nə qədər pul vəd edilib” zarafatı sonralar lətifəyə çevrilib.