Anastas Mikoyanın Ermənistana "xəyanət sənədi" - Bolşevik erməninin etirafları..

Anastas Mikoyanın Ermənistana "xəyanət sənədi" - Bolşevik erməninin etirafları..

6 Sentyabr 10:12
152
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az Moderator.az-a istinadən ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının erməni kommunist, hiyləgər siyasətçi Anastas Mikoyan haqqında Türkiyə türkcəsində qələmə aldığı "Anastas Mikoyan: Bolşevik erməninin etirafları" kitabının Azərbaycan dilinə tərcüməsinin növbəti hissəsini təqdim edir.

Əvvəlini buradan oxuya bilərsiniz: https://www.moderator.az/news/286140.html

"Xəyanət sənədi"

Erməni dilində mətbuat: "A.Mikoyan və S.Kasyanın anti-insani və anti- erməni səhifələri"

Bu sənəd 6 dekabr 1920-ci ildə Ermənistan Sovet Sosialist Respublikası İnqilab Komitəsinin sədri S.Kosyanın imzaladığı ilk sərəncamdır. Erməni tədqiqatçılar tərəfindən ortaya çıxarılan yeni bir sənəddir.

Bu sənədə Ermənistanda "xəyanət sənədi" adı verilib. Erməni mətbuatında "A.Mıkoyan və S.Kosyanın anti-insani və anti-erməni səhifələri" başlığı altında bəzi yazılar çap edilib.

Bu sərəncam ilə Ermənistanda fövqəladə komissiya təşkil edilib. İnqilab komissiyanın başına Ayvazyan, müavininə isə Amatuni adlı bolşevik gətirilib. Əsas məqsəd bundan əvvəlki Daşnak hakimiyyəti rəhbərlərinə divan tutmaq, onları siyasi səhnədən uzaqlaşdırmaq idi. Mərkəzdən gələn göstərişlə hərəkət edən Sarkis Kasyan Türkiyəyə qarşı düşmənçilik siyasətini yürütmüş 21 nəfəri həbsə atdırıb. Türklərlə Serdarabat müharibəsində qəhrəman hesab olunan Gorganyan və Hamazasp də daxil olmaqla 21 erməni siyasi və hərbi xadim həbs edilib. 29 noyabr 1920-ci ildə Azərbaycandan keçərək 11-ci Qızıl ordu ilə Ermənistana daxil olan Avis Nuricanyanın özü bu məhbusları döyür, onları alçaldırdı.

Bolşevik-Atatürkçü əməkdaşlığın əsasları qoyulurdu. İlk addımlar Xəlil Paşa (Menteşe) tərəfindən həyata keçirilmişdi. Bir başqa Paşa, Əli Fuad 1921-ci ilin fevralında ilk səfir kimi Moskvaya hərəkət etdi. 1919-cu ilin sonlarında Xəlil Paşa Mustafa Kamalın əmri ilə Bakıya gəldi və ardınca Moskvada Xarici İşlər naziri Çiçerin, sonra isə Karahanla bir araya gəldi. Türk vilayətlərində vəziyyətin təfərrüatlarını ruslara izah edərək ermənilərin və ingilislərin planlarından danışdı. Türklərin ingilis hökumətini yenmə əminliyini vurğuladı. Yeni hökumətin yaxın vaxtlarda qurulacağına bolşevikləri inandırdı. Əlaqələrin qurulmasının hər iki ölkə üçün faydalılığını vurğuladı və sovet ittifaqıı silah və sursat göndərməyə razı saldı.

Bakı Atatürkçülərin fəaliyyəti üçün bir mərkəz halına gəlmişdi. 20 iyul 1920-ci ildə Xəlil Paşa Moskvadan Bakıya qayıtdı və sovet rəsmiləri tərəfindən mərasimlə qarşılandı. Könüllülərin toplandığı Qusarda qeydiyyat işi, hərbi təhsil işləri sürətləndirildi. Yeni İslam ordusu dərhal təşkilatlandı. Sovet hakimiyyəti ordunun xərclərini, paltarlarını, silah və sursatlarını qarşılayaraq Xəlil Paşaya dəstək verdi. Ordunun başındakı şəxs sovet zabiti idi. Rusiyanın müxtəlif bölgələrindən müsəlmanlar, Krım, Kazan, Ufa və Türküstandan gələn könüllü müsəlman qruplar orduya qoşuldular Xəlil Paşa Sibirdən qayıdan türk əsirləri də ordusuna qəbul edirdi. Hərbi birliklər sürətlə hazırlanırdı. Xəlil Paşa Qarabağ və Zəngəzuru keçərək Türkiyə sərhədinə çatacaqdı. Bolşeviklər belə bir ordunun qurulmasına yardım edirdilər. Bu işin içində Mikoyan da vardı.

Ermənistanda nəşr olunan "Lragir" adlı qəzetində Vahram Tokmaçyan ("Şüurlu Vətəndaş Cəmiyyəti") imzası ilə maraqlı bir yazı dərc etmişdir. Yazının başlığı belə idi: "A.Mikoyan və S.Kasyanın anti-insani və anti-erməni səhifələri".

"Ermənistanın siyasi təşkilatlarından olan "Yelk" (İnkişaf) blokunun müzakirəyə təqdim etdiyi bir təklif müzakirə edilir. Onlar paytaxt İrəvanda Kasyan, Mikoyan və Frunze küçələrinin adlarının dəyişdirilməsini təklif edirlər. Onların fikrincə, bu şəxslər küçə adı daşımağı haqq etmirlər. Onlara görə Kasyanın hansı anti-ermeni fəaliyyəti olmuşdu?!

1920-ci il 2 dekabr müqaviləsi ilə Ermənistandakı güc bolşeviklərə keçdi. Hökumətin real idarəetmə orqanı Sarkis Kasyanın başçılıq etdiyi Ermənistan İnqilab Komitəsi idi. Ermənistanda hakimiyyətə gəlməzdən əvvəl Kasyan ölkədən qaçmağı bacarmışdı və hökumət əleyhinə fəaliyyətlərinə görə Gürcüstanda iki dəfə saxlanılmışdı. Türk-erməni müharibəsi zamanı özü və digər bəzi erməni rəsmiləri Ermənistandakı bolşeviklərə bir məktub göndərmişdilər. Bu məktuba görə ermeni bolşeviklərin əsas vəzifəsi bundan ibarət olmalıydı:

"... Döyüşən erməni ordusunu hər hansı yolla olursa-olsun məhv etmək, yəni:

a) Ordunun süqutunu təşkil etmək və ordunun səfərbərliyinə hər hansı bir şəkildə mane olmaq;
b) Əsgərlərin cəbhələrdə bunu anlamasını təmin etmək: onlar irəliləyən türklərə atəş açmasınlar, mövqeləri tərk edərək arxa cəbhəyə qayıtsınlar.
c) komandirlərin əmrlərinə tabe olmasınlar və lazım gələrsə, onları məhv etsinlər.
Bütün bunlarla yanaşı daha vacib olan bir şey də vardı: Ermənistan Respublikasının əsgərlərinə bunu izah etmək lazım idi ki, "müzəffər Türk əsgəri inqilab əsgəridir, o, yalnız məğlubiyyətə uğramış ölkəyə qarşı hər hansı bir pis hərəkətə yol verməməklə yanaşı, eyni zamanda imperialist maşası Daşnaksütyundan xilas etmək üçün erməni millətini dəstəkləyəcək".

Bir daha və bir daha izah etmək lazımdır ki, Daşnaksütyunun suverenliyindən xilas edilməklə Ermənistan həmişə Rusiya ilə əlaqəli olacaq, müharibəyə əbədiyyən son tqoyulacaq, qıtlıq və davamlı münaqişələrdən dağıdılan ölkənin əli Rusiyanın çörəyinə çatacaq və dünya inqilabının böyük işinə bir töhfəsi olacaq.

Qeyd: Bu yazı məhdud bir toplantıda oxunmalı və oxunduqdan dərhal sonra yandırmalıdır.
Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri; S.Kasyan A.Mravyan, A.Nurijanyan, Ş.Amirhanyan, İ.Dovlatyan, A.Hovhannisyan.
No:218, Bakı, 1920, 20 sentyabr".

Burada erməniləri qəzəbləndirən bir məqam daha var. 2 dekabr tarixindən dərhal sonra müqavilə müddəalarına baxmadan Sarkis Kasyanın rəhbərlik etdiyi hökumət həbs əmrləri verdi. İrəvana çatdıqdan sonra bolşeviklər 11-ci Qızıl ordunun köməyi ilə dərhal kütləvi həbslərə başladılar. Bir çox keçmiş hökumət üzvünü həbsə atdılar. Təxminən 1.000 keçmiş hökumət üzvü və zabit həbs olundu. Yalnız 1921-ci ilin 24 yanvar tarixində sağ qalan, təxminən 1400 erməni zabiti geyimsiz, ya da ac vəziyyətdə Rusiyaya sürgün edildi. İnqilabi Komitənin fərmanı ilə İrəvan həbsxanasında bəzi erməni siyasi və hərbi liderlər güllələndi.

Müasir erməni düşüncəsinə görə, Anastas Mikoyan o illərdə xalqına "xəyanət" etmişdi. Hələ 1919-cu ildə Leninə yazdığı məktubla "erməni məsələsi"ni və "Erməni Birləşmiş Dövləti"nin problemini bağlamalarını tövsiyə edən Mikoyan xalqının ənənəvi iddialarından əl çəkmək ideyasını ortaya atmış, xalqın iradəsinə qarşı çıxmışdı. Ermənistanda indi bu fikirlərinə görə Mikoyan açıq şəkildə" Türk tərəfdarı" elan edilmişdi.

Ardı var...